22 yaşlı gəncin mülahizələri: "Femin"istifadəçilik haqqında
Axşamçağı, qarşıma sosial medianın intəhasız insani boşluğunda hayqırmaqla məşğul olan bir yazı çıxır. Yazının bətnindən xilas olmağa çalışan instinktiv fikirlərin çırpınışı aydın sezilir.
Şüur iddia edir: Mən insan haqlarının tərəfdarıyam!
İnstinkt isə pıçıldayır: mən sevişmək istəyirəm...
Şüur tələb edir: qadın və kişi eyni hüquqlara malikdir, ayrı-seçkilik etmək olmaz!
İnstinkt isə vurnuxaraq çığırır: Mən şərab istəyirəm!...
İnstinkt, yoxsa şəxsiyyətin gerçəyi danışdığını müəyyənləşdirməyə cəhd edirəmsə də, çaşbaş qalıram. Tələbkarların hər ikisi bir “mən”-dirsə, hansının tələbatı daha səmimidir? Bərabərlik prinsipi..., şərab istəyi… Dayanın görüm, mən axı elə, “Bərabərçilik” adı nəzəriyyədən də xəbərdaram. O zaman, məlum ikiləşmiş “mən” nə üçün özünü bu qədər incidir? Məgər o bərabərçi ola bilməzdimi? Diqqətimi çəkən bu mövzu barədə internet saytlarında apardığım araşdırmalardan oxuyuram ki, əslində məsələ qəliz, qədim və qəddar subyektə köklənib. Feminist şəxslər iddia edir ki, bu nəzəriyyə, elə, bərabərliyin tərəfindədir, ancaq onlardan heç biri ümumi insan hüquqlarını qorumağa hesablanmış ( və ya belə iddia olunduğu) nəzəriyyənin niyə məhz “feminizm” adlandığını açıqlamırlar. Bu “femen” sözünün harasında gizlənir bərabərlik prinsipi? Hörmət və izzətli oxucular fikrimin aydınlaşması üçün (əgər oxumayıblarsa) məqaləni bitirdikdən sonra “Wikipedia”da feminizm yazaraq axtarış edib cərəyanın şəkilləndirilmiş halına daha yaxından baxa bilərlər. Anons verirmiş kimi çıxmasın, lakin həmin məlumatlarda kişilərin lazımsızlığını iddia edənlərdən tutmuş, dini feminizm cərəyanı yaradanlara qədər çeşidli, bol, ləzzətli növlərlə tanış olmaq mümkündür.
Keçirəm əsas məsələyə;
Mən, azərbaycanlı bir kişinin özünü feminist adlandırmasını qeyri-səmimi davranış hesab edirəm. Gəlin, sizi bu qənaətimin “çünki”ləri ilə tanış edim:
1 – Kişinin cinsi istəkləri onun əks-cinsin tələbatını tamamilə anlaya və hiss edə bilməyəcəyinin bariz dəlilidir. Yəni, məlum şəxs bəlkə, qadın zövqündən xəbərdardır, hərçənd, qadının sevdiyi kişidən hansı jesti gözlədiyi, yaxud necə kişilərdən iyrəndiyini, üstəlik, bu iyrənmə hissinin nədən qaynaqlandığı emosional əsaslarla açıqlaması gülün görünür (eyni prinsip xanımlar üçün də keçərlidir).
2 – Hər iki cins nümayəndəsinin özünəmxəsus instinkti olduğundan onların altşüuri dünyaları bir-birindən fərqlənir, beləliklə, kişinin qadın, qadının isə kişi duyğularını tamamilə hiss etməsi mümkünsüzləşir (Ağlımız Ştefan Svayqa getməsin) .
3 – İstənilən cəmiyyətdə sırf cinsi fərqlərdən dolayı yetərincə böyük çətinliklər yaşanırsa, xanımlar və cənablar(!)ın əvvəlcə öz şəxsi problemlərini aradan qaldırması daha məqsədəuyğundur. Yəni, bir saat evə gec gələrsə, həyat yoldaşının onu küçədə qoyacağını düşünüb tir-tir əsən bəylə, ərə getmək uğrunda yemək bişirməyi öyrənən xanım – səhərdən axşamacan bərabərlikdən dəm vurursa, onların hər ikisi eyni dərəcədə riyakardır.
Əşi, vallah sıxıldım belə rəsmiyyətdən. Qayıdıram öz ana-ata dilimizə.
İndi sizə 2-3 il əvvəl başıma gələn face-əhvalatı danışacam. Tez bitəcək, narahat olmayın. Deməli, o vaxt, kimsə adımı hansısa statusa etiketləmişdi. Statusda da məşhur bir feminist xanım yazmışdı ki, bəs kişilərin Y xromosomu qadınların X xromosomunun mutasiyaya uğramış halıdır deyə qadınlar kişilərdən üstündür.
Doğrusu, gülmüşdüm, ancaq statusda yetərincə dərin iddia gizlənmişdi – “Elm feministliyin tərəfindədir” - Bu, həqiqətdirmi?
Cinslərarası müharibənin ölkəmizə ayaq açması dəhşət deyil, bəs nədir? Özü də xromosom səviyyəsində! Düzdür, həmin statusda təkamülün mutasiyalarla işləmə mexanizmini əsas gətirib kişilərin inkişaf yolunda qadınları ötüb keçdiyini yaza bilərdim, fəqət feminizm elmi yox, sosial bir nəzəriyyədir deyə buna lüzum görmədim.
Elm praktika, metodikadır, onun hansısa “izm”sayaq fikirlərə bulaşmasına şərait yaratmamalıyıq. Yəqin, “parasetamol” preparatının qadın hüquq müdafiəçisi olduğunu düşünmürsünüz. Razıyam, dünyada əri tərəfindən şiddətə məruz qalmış xanımların sayı arvadının (bu kəlməyə nifrət edirəm) şillə-təpiyi altında əzişmiş, büzüşmüş, bir taxçaya düzülmüş kişilərdən az deyil, hətta çoxdur. Lakin əgər “X” adlı feminist deyirsə ki, “insan hüquqlarını qorumaq lazımdır, onların çətinliyini birlikdə həll etmək vacibdir”, o zaman, əzilənin Əlövsət, ya Tükəzban olmasının fərqi nədir? Bəlkə Tükəzban qadın olduğuna görə daha çox hörmətə layiqdir? Anladıq, qadınlara şiddət cinayətdir, (di gəl, həmin cümləni daha çox özünü humanist adlandıranlar səsləndirir) bəs gəlin, görək, dünya praktikasında az olubmu sırf cinsinə görə məhkəməni uduzan kişilər? Məgər müharibələrdə kişilərin daha çox ölümlə “görüşdüyü” hamımıza məlum deyilmi? Güya bilmirikmi, kişilər xərçəngə daha tez yoluxur və onların bu mənada müdafiəyə daha çox ehtiyacı var?
Xəbəriniz yoxdur ki, psixoloji problemli, şizofreniyaya yoluxmuş şəxslərin böyük qismi, yenə biz kişilərin payına düşür? Məgər həbs edilmişlərin əksərən kişi cinsi nümayəndələri olduğunun fərqində deyilsiniz? Yaxud xəyanətə böyük nisbətdə kişilərin məruz qaldığını xatırlayırsınızmı? Bəs intihar etmişlər? Doğru təxmin edirsiniz… Onların da çoxu bizdəndir...
Bayaq xərçəng xəstəsi bir bəyin ölümü barədə çoxlu statuslar oxudum. Hər kəs üzülür, buna görə ölümü qınayırdı. O yazıq oğlanı özünə kumir seçmiş şəxslər bilirsinizmi nə qədər idi? Yox, yox, belə şey olmayıb. Hətta xərçəng xəstəsi həmin bəy doğrudan da haqqın dərgahına qovuşsaydı, o adamın ölümü məxsusən kişi olduğundan dolayı “təbii ölümlər” cərgəsində yer alacaqdı. Gileylənmirəm haa, həqiqəti yazıram. Maskulin həqiqəti... Bəs Maskulinizm, (başqa deyişlə, maskulizm) nədir, bilirsinizmi, qardaşlar? Feministlər imkan versə, bilərdiniz..
.
Maskulinizm – Kişi hüquqlarının müdafiəsində dayanmaq, öz prinsiplərini müəyyənləşdirmək, həyat tərzinə məhz kişi olduğuna görə müdaxilə etməyə çalışanların qarısında dünyəvi duruş gətirmək, biz kişilərin çoxdan unutduğu (bəlkə heç xatırlanmayan) “KİŞİ HƏMRƏYLİYİ”
Elə, bu cərəyanın yaranmasında da bezgin kişilər yer alır. Nə qədər olar axı...?
Haşiyə - Xarakteristikasına zidd anlayışlarla mübarizə aparan insanlar cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanırsa, bu davranış, kütlədə həmin xarakteristikanın zəif olduğuna dair inamın göstəricisidir. Əks halda, bu cür mübarizə fövqəladə qarşılanmazdı. Yemək yeyən insanı alqışlayırsınızmı?
Əziz feminist xanımlar, əmin olun, siz o siqaret kötükləri ilə “selfie” çəkdirib bədəninizin müxtəlif guşələrini tattolara kirayə verdikdə qətiyyən müasir görünmür, biz kişilərlə eyni statusa sahib olmursunuz. Axı kim uydurub ki, şalvar geyinmək kişilik əlamətidir? Sizi kim inandırıb ki, siqaret çəkməyən qıza avropada “pis baxırlar”? Siz Allah, o yazını harda oxumusunuz ki, bir neçə partnyorla eyni ərəfədə eşq yaşamaq Avropaya inteqrasiyanın təməl prinsipidir? Mümkünsə, gətirin o prinsiplərin yazılmış olduğu sənəd-sünədi, qoyun qabağımıza, biz cahillər də oxuyub öyrənək ki, bəs sən demə, neçə əsrlərdir, biz o müasirliyi tuman altında gizlədirmişik! Və həmin müasirliyin həqiqətən cinslərlə bağlılığı sübut olunsa, mən, şəxsən öz ağız seliyimdən həmin müasirliyə bir ağız bəxşiş verəcəyəm. Bu məqalədə sezilən aqressiyanın səbəbi qadın düşmənliyi deyil, əksinə, hadisələrə obyektiv yanaşdığı, insan hüquqlarını müdafiə etdiyini iddia edən feministlərin təkcə özləri ilə bağlı ədalətsizliyi görməsidir. Doğrudan da feminizmin bərabərlik deyə vahid qayəsi olsaydı, dünyanın bir çox ölkəsində artıq bərabərliyin qismən təmin edildiyi halda, milyonlarla xanım kişilərdən üstün olmaq xülyasına qapılmazdı. Hazır olun, bir qisminizin inanmayacağı, bəzilərinizin güləcəyi, bir çoxunuzunsa təsdiq edəcəyi o məşhur həqiqəti mətnə çevirirəm:
Əsas məsələ – kişi olmaqdır. Yəni, 1, 2, 3, və sairinci dalğalarla gələn feminizmin qayəsi təbiətin dominantlıq zirvəsində dayanmış kişilik (idarəçilik, mərkəzçilik) qavramıdır. Əks halda, həmin feministlər saç kəsimindən yola çıxıb, şalvarlara keçməz, daha sonra kişilərin sahib olduğu postlara yiyələnmək arzusunda düşməz, içkidən sərxoş olub siqar dumanında həyat yolunu itirməyi bizdən tələb etməzdilər. Əks halda, həmin feministlər vəzifə sahibi bəyləri qınadıqları qədər əzilmiş, haqqı tapdalanan kişiləri də örnək götürər və məhz onların mövqeyindən çıxış edib deyərdilər ki, “əzizlərim, bəhmən kişinin hüququ tapdanır, biz insanıqsa, haqlarımızı qorumalıyıq! Əgər onun şəxsiyyəti sındırılırsa, mənim xoşbəxt yaşamağa haqqım yoxdur. Gəlin, bu kişiyə kömək edək, ayağa qaldıraq, qoymayaq ki, cəmiyyətin təpiyi altında rəhmətə getsin!” Bəs əslində necə olur? O cür olur ki, bu bədbəxt kişidirsə, demək, əl-ayağı var. Və əl-ayağı varsa, gedib işləməlidir, daha səhv edib zəif düşə bilməz. Həmin mühitdə, qeyri-iradi olaraq ağlıma belə bir sual gəlir:
Məgər çətin vəziyyətə düşmək ancaq qadınların haqqıdır? Niyə qadınların “əl-ayağı” olmur? Niyə bizim sosial statusumuzu qabartmağı sevir, lakin problemimiz olub, imkansızlıq bizi əldən salanda, “o kişidir” ifadəsindən istifadə edirsiniz? Ədalətlisinizsə, nə üçün kişiləri siqaretlə səhv salırsınız? Niyə sadiq kişiləri yox, xəyanətkar kişiləri örnək bilirsiz? (Məsələn, “Filankəsin dörd sevgilisi var, ancaq mənim yox. Haqqımı tələb edirəm, mənim də həmdəmim olsun! Dərdləşək, dəmləşək...”) Nə üçün oğraşlıq edən kişiciklər əvəzi, ailəsinə sahib çıxan kişiləri zorakı, qəddar hesab edir, onları qınayırsınız? Bu yazdıqlarım qətiyyən bəşəriyyəti humanizmə səsləyənlərə, öz hüquqlarını bilib onu qoruyanlara aid deyil. Mən riyakarcasına bir çarpayılıq intim həyat üçün insan hüquqlarına sığınanlardan iyrənirəm və cəmiyyətdə belələrinin bizə ailə dəyərləri, qadın-kişi hüquqlarından danışmasını özümüzə (Azərbaycan xalqına) rəva bilmirəm. Mənə xoş deyil, məzlum, günahsız qadının əri tərəfindən öldürülməsinə bədəninin ən mübhəm nöqtəsi kəpənək tatuajlı, gecəlikdə şərh verən, dördüncü partnyorunun evində canlı yayıma çıxıb qadın hüquqlarını müdafiə edən birinin yarıçılpaq sinəsini görmək!
Bərabərlik prinsipi gecə saat 12-dən sonra evə gəlmək deyil, azadlığın instinktivliklə birbaşa əlaqəsi yoxdur! Bu, siyasi-iqtisadi, bir o qədər də sosial qavramdır. Subyekti isə milyonların yataq məcrası və macərasından daha dərindir.
Bu məqalənin yazılma səbəbi feministləri öz düşüncələrindən yayındırmaq, qadınlara qarşı şiddəti müdafiə etmək, insan hüquq bərabərliyi prinsiplərini çeynəyib onu sərxoşların üzünə tüpürmək deyil. Məqalə Azərbaycanda Maskulinizm prinsiplərinə heç deyilsə, elementar səviyyədə diqqət çəkmək, həmin diqqət sayəsində, bəylərimizə onların hüquq və sosial prinsiplərini qoruyan dünya səviyyəli cərəyanın varlığını bəyan etməkdir. Yaxşı olardı ki, biz əvvəla, öz yerimizi müəyyənləşdirək. Çünki yerindən xəbərdar, öz hüquq və imtiyazlarından hali olan bəy qadınlara şiddət göstərib onları incitməz, cinsindən sui-istifadə edib şəxsiyyətini satmaz, sosial imic qazanmaqdan ötrü ruhi dünyasını məhv etməz və nəhayət qarşısındakı xanımı həyat oxunun mənfi dərəcəsində görməyə çalışmaz ki, sonra da məlum oxun üstündən xətt çəkmiş başqa bir xanım özünü feminist adlandırsın...
Şüur iddia edir: Mən insan haqlarının tərəfdarıyam!
İnstinkt isə pıçıldayır: mən sevişmək istəyirəm...
Şüur tələb edir: qadın və kişi eyni hüquqlara malikdir, ayrı-seçkilik etmək olmaz!
İnstinkt isə vurnuxaraq çığırır: Mən şərab istəyirəm!
Şüur soruşur: Bizim aramızdakı fərq nədir?
İnstinkt gülümsər halda cavablayır: Mən sənin riyakarlığınam… Sən isə mənim alətim...
Fövqəl-qeyd: Bu məqalənin müəllif hüquqları sizin vicdanınız tərəfindən qorunur.
2019:09:24
12:05