Şeir
And
And
Gəl danışaq səninlə;
elə bu dənizin şahidliyində...
and içək
suyun bənizi önündə
yağış damlalarının şəhadətinə...
baş daşı kimi göyərən ağaclara
və təkrar yağan yarpaqlara...
yağış həqiqətin doğuluşudur --
and içək
bütün yağanların qurbanlığına...
Yağmaq bölüşməkdir.
Mərhəmət yağışıdır insan da...
hər damla təbəssümdür intiharın üzünə --
and içək
onların təbəssümünə...
son --
başlanğıcın
deyilməyən adıdır...
gələnlər --
gedənlərin izi...
And olsun
o izlərə,
mən səni sevmişdim...