Şeir
Ay Allah
Ay Allah, kömək et mənə,
kömək et, ölümdən əvvəl,
Zuğulbayla
Şüvəlanın arasındakı
Sahilin əyrisini unudum.
Yadıma düşməsin
Moskva metrosundan
maya çıxmağım.
Unudum
atamla gəzdiyim hər yeri...
Kəsilsin
İçərişəhərdə eşitdiyim
qız toyunun qarmon səsi,
yox olsun gözlərimdən
öküzlərin
şaxtadan buxarlanan nəfəsi.
Ay Allah, kömək et mənə,
kömək et, ölümdən qabaq,
bir bulud da
papiros tüstüsünə, divə, Tolstoya,
bir də sənə oxşamasın göy üzündə.
Qoy ölümdən əvvəl
yadıma düşsün
Varşava hettosunda oxunan
mahnıların bilmədiyim sözləri.
Ay Allah, kömək et mənə,
Kömək et, ölümdən əvvəl...