Bağban
“Qırmızı yuxu” kitabımdan
Kəndimizdə Dərgah adlı qoca bir kişi tək-tənha balaca bir evdə ömrünü illərə calayıb, həyat sürürdü. Dərgah kişi heç kəslə belə bir kəlmə də kəsməzdi. Hamı onu “sirli bağban” deyə işarə edərdi. Bəlkə də kənd camaatı onun sirrini bilmədiyi üçün belə adlandırırdı. Halbuki bəzi adamların sirri danışdıqları sözlərdə yox, danışmadıqları susqunluqda gizlənir. Dərgah kişi də elə adamlardan idi. O, susurdu, amma susduqca ətrafındakı dünya onun yerinə danışırdı. Çünki Dərgah kənddə yeganə bağban idi ki, ilin dörd fəsli hər gün saldığı bağlarda işləyirdi. Amma heç kəs onun saldığı bağların da yerini bilmirdi. Kənd camaatının bildiyi bircə o idi ki, Dərgah kişi qonşu kənddə varlı bir iş adamının bağında şəxsi bağban kimi işləyir. Deyirdilər ki, qəşəng pul qazanır. Qaz vurub qazan doldurur. Amma ilk dəfə onu görəndə özüm məəttəl qaldım. Üst-başından az qala cin ürkə. Hətta yazığım da gəlmişdi ki, əmimə deyəm köhnə paltarlarından versin ona qışda geyinsin. Nəysə söhbəti çox uzatmayıb, birbaşa keçirəm mətləbə.
Bu hadisə mənim kiçik yaşlarımda vaqeyə olub. Xatıratımda qalanını da siz oxucularımla bölüşmək istədim. Mən nə qədər can atsam da Dərgah babaya salam verib, kəlmə kəsəm, amma bütün cəhtlərim boşa çıxmışdır. Günbəgün bu qocanın həyatı, tək yaşaması, kənddə hamının onu sirli bağban kimi tanıması məni heyrətləndirirdi. Necə olur olsun mən bu sirli qocanı öyrənməliydim... Artıq saatını belə əzbərləmişdim. Hər səhər sübh azanından sonra əlində bel, o biri əlində ağac budaqları doğrayan qayçı qapımızın yanından asta-asta addımlarla ötüb keçirdi. Bu sirlə dolu Dərgah baba haqqında cəmi üç şey bilirdim. Tək yaşayır, adı Dərgahdır və bağbandır. İndi düşünürəm ki, insan haqqında bildiyimiz şeylərin sayı onun həqiqətdə kim olduğunu göstərmir. Bəzən bir adam haqqında üç şey bilirsən, amma həmin üç şeyin arxasında bütöv bir ömür dayanır. O vaxt isə mən hələ bunu bilmirdim. Mənə elə gəlirdi ki, insanın sirrini onun arxasınca getməklə tapmaq olar. Sonralar anladım ki, bəzi adamların ardınca getdikcə onların izinə yox, öz içimizdə bilmədiyimiz bir yerə çıxırıq. Elə kənd cammatı da mən bildiklərimdən savayı heç nə bilmirdilər. Beləcə bir müddət kəndin məscidindən azan verilən kimi cəld gecə paltarımda həyətin başına qaçıb, qurumuş böyürtkən kollarının arasında gizlənmiş, çay daşları ilə insan boyundan bir qarış yuxarı qalxmış hasara dırmaşdım və Dərgah babanın bu yoldan keçməsini gözlədim. Eyni saatda dəqiqəsini belə ötürmədən qoca bağban gəlib, həmin yoldan keçirdi. Bir dəfə də hasardan astaca “sabahın xeyir, babacan”-demişdim. Amma qoca başını qaldırıb mənə baxsa da cavab vermədən təkrar yoluna davam etmişdir. O vaxt mən bunu lovğalıq hesab etmişdim. Uşaq ağlımla düşünürdüm ki, salamı almamaq insanın qarşısındakını kiçiltməsidir. İllər sonra başa düşdüm ki, bəzən insan salamı eşitmir; çünki qulağından daha dərin bir yerdə eşitdiyi başqa bir səs var. Dərgah kişinin susqunluğunda da mənim eşitmədiyim bir səs yaşayırmış.
Günlərin bir günü yayın isti qovuran saatları-günorta olardı. Evimizlə üzbəüz köhnə, istifadəsi dayandırılmış bir poçt məntəqəsi var idi. Kəndin tənbəl kişiləri bütün günü o poçtun qarşısında sal daşlardan özləri üçün stullar düzəldib, orada otururdular. Yoldan gəlib keçənlərə baxıb, onların qeybətini qırar, olmayanın qulpunu yapışdırardılar. Elə həmin gün də mən təsadüfən həmin poçtun yanında məftildən düzəltdiyim yük kamazımla oynayırdım. Baxmayaraq ki, 13 yaşım var idi bu dəbli məftil kamaz az qala bizim kənddə bığ yeri təzəcə tərləmiş cavanlarda da var idi. Kəndin ən dəbli uşaqları bu cür məftillərdən özünə yük maşınları düzəldib, bir-birinə acıq verərək: “Mənim maşınım səninkindən daha yekədir”-deyər, axşam gün batanadək poçtun binasını dövrə vurardı. Mən də dəstədən geri qalmayım deyə hərdən orada öz yük kamazımla olardım. Bu ara Dərgah baba həmişəki kimi bir əlində bel, o biri əlində ağac budaqlarını budayan qayçı asta addımlarla yolun ortası ilə keçdi. Özü də Dərgah babada diqqətimi çəkən daha bir maraq isə onun yerişi idi. Astagəl. Ayaqları dizindən aşağıya əyri idi. Dərgah kişidən iraq elə bil ayı pəncələri idi. Rəhmətlik nənəm həmişə deyərdi ki, uşağı körpəlikdə parçanın arasına qoyub bələməsən böyüdükcə ayaqları əyri olacaq. Yəqin Dərgah babanın da anası körpəlikdə onu parçada bələməyib. Elə ona görə də ayaqları əyri idi. Anam hətta bu cür yeriyən adamlara “sama qılça” deyərdi. Bizə çatan sirli bağban yanımızdan salamsız-kalamsız ötüb keçdi. Mən həmişəki heyranlıqla qocanın arxasıyca boylanmağa başladım. Elə bil qoca bu heyranlığımı hiss etdi. Çönüb geri - mənə baxdı və azacıq təbəssüm edib, yenidən önünə çevrilərək yoluna davam etdi. Elə bu vədə poçtun qabağında oturan tənbəl kişilər donquldanmağa başladı:
-“Bəxtəvərə bax, qonşu kənddə varlılar məhləsi var. Orada bir nəfər fermerin həyətində xüsusi bağban işləyir”
-“Heç kəsi də yoxdur. Qazandığı pulları da hara xərcləyir bilmirsən”
-“Geyimindən də cin ürkür. Hələ bir bizi də saymır”
-“Saymağı bir kənara. Heç salam da vermir”
-“Qudurub də. Pul onu qudurdub. Mən də xüsusi bağban olsaydım belə edərdim”
Dəhşət idi. Saqqallarına, ağaran tellərinə hörmət etməyən bu qocaların danışıqları məni diksindirdi. İndi mənə hər şey aydın idi, nəyə görə Dərgah baba bunların yanından düz keçir. Allahın salamını belə bunlara artıq görür. Bu sirli bağbana heyrətim daha da artdı. Geri çevrilib, ağızları köpüklənə-köpüklənə, başlarını əsdirə-əsdirə heç kəsi bəyənməyib, özlərinə filosof deyən qocalara baxdım. Bir söz deyə bilmədim. Qaşlarımı çatıb, başımı yellədim. Yəqin başa düşmüşdülər onlara nə demək istədiyimi. Ya da əksinə. Belədə ki, qeybətdən başda baş qalmışdır ki. Nəysə... İnsan qəribə məxluqdur. Başqasının yarasını görməyəndə onun üstünə hökm qoymağı çox asan bacarır. Qəlbin içini görməyən göz isə paltarın köhnəliyini görüb adamın taleyinə qiymət verir. Onlar Dərgahın cırıq pencəyini görürdülər, mən isə hələ bilmirdim ki, o pencəyin altında bütöv bir müharibə gizlənib.
Özümə söz verdim ki, bir gün Dərgah babanın dalına düşüb, onu izləyəcəm. Belə də etdim. O biri gün eyni saatda hasarın dalında pusqu qurdum. Qoca bağban gəlib eyni saatda yolu keçən də gizlincə arxasına düşüb, onu izləyəcəydim. Amma həmin günü həmişəki vaxtdan xeyli gec gəlib keçdi hasarımızın yanından. Cəld hasardan hoppanıb, barmaqlarımın ucunda onun ardıyca gizlənə-gizlənə getməyə başladım. Gördüklərim isə məni şoka saldı. O vaxta qədər qəbir mənim üçün torpağın altında yatan adam demək idi. Həmin gün ilk dəfə gördüm ki, bəzən qəbirin altında heç kim olmur. Amma yenə də orada bir ömür, bir ana, bir ata, bir ev və illərlə gözləyən bir ümid dəfn edilə bilər. Boş məzarların ən ağır tərəfi də elə bu idi: onların içində cəsəd yox idi, amma yoxluğun özü vardı. Həmin günü lal olub dilimi udmuşdum. Dərgah baba kəndimizin çıxacağında iki dərənin ortasında “Qar-qar” deyilən ərazi var idi, orada Böyük Vətən Müharibəsinə gedib, qayıtmayan əsgərlər üçün qəbirsanlıq salmışdı. Yadıma düşdü. Babam məni bura tez-tez gətirirdi. Daşları görən kimi tanıdım. Babam bu qəbirsanlıq haqqında olduqca maraqlı xatirələr danışmışdı: “Ağıllı nəvəm! Bu qəbirsanlıq rəmzi məna daşıyır. Burdakı gördüyün bu qara daşlar altında cənazə yoxdur. Boş baş daşlarıdır. Böyük Vətən Müharibəsinə gedib qayıtmayan əsgərlər üçün burada qara daşlardan ürəyinin yarası hələ də qaysaq bağlamayan analara, atalara təsəlli üçün məzəristan salmışdılar. Amma bu kimin təşəbbüsüdür onu bilmirəm. Görürsənmi qara daşların üzərindəki yazıları. Bu adlar o müharibənin qurbanlarının adlarıdır. Valideynləri birtək bu içi boş məzarların üzərindəki itgin övladlarının adları ilə təsəlli tapırlar.” Babamın xatıratının pıçıltılarında xəyala dalıb, çay daşları ilə ətrafı hasarlanmış qəbirsanlığın çölündə illərin müsibətindən gövdəsi, budaqları qabarlanmış qocaman bir Palıd ağacına söykəndim. Necə oldusa fikirdən ayılıb, cəld ağacın gövdəsində gizləndim. Tez-tez ağacın gövdəsinin arxasından boğazımı uzadıb, qoca bağbanın qəbrləri xatırladan yalnız üzərlərinə ad yazılan daşların arasında nə edəcəyinə baxırdım. Dərgah baba əvvəlcə günəşin şüalarından yanmış qolları süzülmüş köhnə pencəyinin qolunu biləyinə qədər qatladı. Sonra əllərinə tüpürüb, bir-birinə sürtdü. Daha sonra beli əlinə alıb, bir daşın yanını qazmağa başladı. Təəccübdən gözlərim böyümüşdür. Bir az keçdi, qoca beli yana atıb, əlinin dalı ilə alnından üzünə, oradan da çənəsində gilələnən tərini sildi. Qəbirsanlığın bir küncündə ağzı kəndirlə bağlı, qarğıdan düzəldilmiş bir komaya tərəf getdi. Çox keçmədi ki, hər iki əlində yerlə sürüyə-sürüyə iki şam ağacını komadan çıxarıb, qazdığı yerə qayıtdı. Deməli, göz işlədikcə hər yerə basdırılmış qəbrləri xatırladan daşların yan-yörəsinə ağacları bu qoca əkmişmiş. Dərgah kişi torpağa ağac basdırmırdı sanki; torpağın yaddaşına həyat sancırdı. Hər şam ağacı bir adsız ahın yerinə qalxır, hər söyüd budağı daşın üstündə yazılmış bir adın üstünə kölgə salırdı. Elə bil qoca bağban ölümün qarşısına səssiz bir yaşıl ordu çıxarmışdı. Daş nə qədər soyuq idisə, ağac o qədər canlı idi. Və mən ilk dəfə anladım ki, insan bəzən ölülərlə danışmaq üçün ağac əkir. Qəbirsanlıq sanki cənnət bağını xatırladırdı. Yenicə istəyirdim ki, ağacın dalından çıxıb, qocaya yaxınlaşam birdən bir əl çiynimə toxundu. Diksindim. Cəld geri çevrildim. Bu əlin sahibi kəndimizin axundu idi.
-“Həəə, artıq sən də bildin bu sirli bağbanın sirrini. Onun da oğlu müharibədən qayıtmayıb. Gördüyün o qara daşlardan biri də Dərgah bağbanın itkin oğlunun məzarıdır. Təsəllisi, yeganə söhbət edib dərlərini bölüşdüyü daş. Qoca övladının cismən varlığını bu qara soyuq daş parçasının altında olduğunu özündə təsəlli tapmışdır. Əslində isə burada sadəcə üzərində adlar olan qara, içi boş daşlar qaysaqlanmamış yaraların məlhəmdir.”
Axund danışdıqca mənim gözlərim Dərgah kişidə idi. O isə heç nə eşitmirirmiş kimi başını aşağı salıb torpağı belləyirdi. Bəlkə də eşidirdi. Bəlkə də eşitdiyi hər söz illərdir içində daşıdığı həmin yaranın üstünə düşən başqa bir damla idi. Amma qoca bağban heç vaxt dərdini göstərməyi sevmirdi. O, dərdini danışmırdı — əkirdi. Heyrətlə axundun danışığına qulaq kəsmişdim. Deyəsən kirpik qıpmağım belə yaddan çıxmışdı. Ağzımı bilaxtiyar açıb, axundumuzun nəql etdiyi nisgilli tarixi elə dinləyirdim ki, ağzımdan çənəmə axan ağız suyumu bir vaxt hiss etdim ki, əlimin dalı ilə silirəm. İndi məni maraqlandıran bir neçə suallar var idi ki, beynimi beton deşən mismar kimi dəlirdi. Suallar öz nidaları ilə beynimdə elə burulğan yaratmışdır ki, batmanla ölçülən cavablar bu burulğanı yatırda bilməzdi. Ağzımı doldurub, axunda ilk sualımı vermək istəyirdim ki, axund ard-arda bir nəfəsə verməkdə niyyətli olduğum sualların cavabını bir neçə cümləyə sığışdırıb, amiranə səslə dilləndi:
-“Bəli, qoca bağban qonşu kənddə varlı bir iş adamının bağında xüsusi bağban işləyir. Nə qışın şaxtası, nə payızın yağışı, nə yazın küləyi, nə də yayın günəşi Dərgah kişini qorxutmaz. Hər gün xidməti yerində çalışar, alnının təri ilə şumladığı torpağı suvarar qarşılığında zəhmətinin zərrə qədər əvəzi də olmasa aldığı məvacibi də bax bu qəbirsanlığa xərclər. Gördüyün bu qara daşların baş uclarında boyunlarını büküb, hər gün səssizcə pıçıldaşan, cismən bu torpaqda olmasalar da ruhən bu qəbirsanlıqda dolaşan igid qəhrəmanlara laylay çalan şam və söyüd ağaclarını, qoca bağban bağbanlıq edib əvəzində aldığı pulla alır və gətirib buradaca əkir, onların nazlarını səbr və təmkinlə çəkir.”
Dərgahın qazandığı pul hər dəfə bir ağaca çevrilirdi. Ağac isə torpaqda qaldıqca pul olmaqdan çıxır, xatirəyə çevrilirdi. Bəlkə də qoca bağbanın sərvəti elə bu idi: başqalarının qazanc saydığı şey onun əlində yaddaşa çevrilirdi. Maraq getdikcə öz atını minib, yüyənini elə çəkirdi ki, yerdən qalxan toz-çınqılları boğazımda düyünlənirdi. Axund Əhəd bilirdi növbəti sualımı. Ona görədə vaxt itirmədən davam etdi:
-“Rəmzi məna daşıyan bu qəbirsanlığı da Dərgah baba özü salmış. Kəndin neçə evində itkin düşən oğulların siyahısını da məndən alıb. Burada hər bir qəhrəmana bir daş ucaldıb ad və soyadını da üzərinə yazıb,özü ilə bərabər bir neçə valideyinin yanar ürəyinə su çiləyib. Əlifbanı da mən öyrətmişəm ona. Nə var ki, qanları ilə adlarını tarixə həkk etdirmiş vətən oğullarının ad və soyadlarını öz əlləri ilə bu daşların üzərinə yaza bilsin”
Dərgah kişi üçün hər ad sadəcə daşın üstünə yazılan bir neçə hərf deyildi. Hər ad bir evin işığı, bir ananın gözlədiyi qapı, bir atanın yarımçıq qalan söhbəti, bir bacının qardaşına demədiyi söz, bir uşağın heç vaxt görə bilmədiyi ata demək idi. O, hərfləri daşın üstünə yazarkən sanki itmiş insanların talelərini torpağa həkk edirdi. Özünəməxsus tərzdə təbəssüm edən Axund Əhəd ovcunun içi ilə ağarmış, içində gizlənən beş-altı qara qıllı saqqalını sığalladı. Mənim bəlkə də ömrümün sonuna kimi bitməyəcək növbəti sualımı cavablandırmağa davam etdi:
-“Bilirəm, bu sual da bu dəqiqə beynini ağacdələn ağacı tıqqıldadan kimi tıqqıldadır ki, bəs bu axund bunları hardan bilir. Bir halda ki, qoca bağban bu kənddə heç kəslə kəlmə belə kəsmədiyi halda. Dərgah bağba gördüyü savab əməllərinə məni də şərik edib. Hər cümə günü namazdan sonra birgə gəlib bu daşlara Yasin oxutdurur mənə. Bu əsnada da söhbət edirik, bağban sirli xatirələrini gah göz yaşlarına büküb, gah da gülüşlərinə geyindirib danışırdı mənə”
-“Bəs niyə Dərgah baba....” sözüm ağzımdaca qaldı.
-“Müharibədə oğlunun itkin xəbəri gələndən sonra zavallı Sona nənə bu xəbərə tab gətirməyib, Allahın Rəhmətinə qovuşdu. Dərgah kişinin bircə qızı qalmışdı o da qardaşının yoxluğu ilə barışmadı. Bu yoxluq getdikcə qızda psixi pozğunluq yaratdı. Qızcığaz dəli oldu. Bakıda xəstəxanada neçə ay yatdı da xeyiri olmadı. Bir gün eşitdik ki, qız qarğıdalı tarlasında özünü yandırıb. Yazıq Dərgah kişinin iki dərdi üç oldu. Bu günə qədər də tək yaşayır.”
Bəzən bir evin qapısından içəri girən bəla bir nəfəri aparmır. Əvvəl bir adamı evdən götürür, sonra onun yoxluğunu gətirib divarların arasına yerləşdirir. Sona nənə getmişdi, qız getmişdi, oğul isə haradasa naməlumluğun içində qalmışdı. Dərgah kişiyə isə həmin evdə yalnız səssizlik miras qalmışdı. Artıq sirli bağbanın sirri gözlərimincə önündə uzaq-uzaq qəsirlərə yol alan qatartək gəlib, ötürdü. Qısa ara axundla bir-birimizə baxışdıqdan sonra hər ikimiz üzümüzü qoca bağbana çevirib, baxışlarımıza lövbər saldıq. Qoca bağban həvəslə ağacları daşların yanlarına basdırır, diblərini torpaqla doldurur, su tökür, daha sonra ad yazılmış daşı pencəyinin qolu ilə silib, növbəti daşa yaxınlaşırdı... Mən uzun müddət onun hərəkətlərinə baxdım. Qoca bir ağacı əkir, torpağını bərkidir, su tökür, sonra daşın üzərindəki adı pencəyinin köhnə qolu ilə silirdi. Hər dəfə bunu edəndə elə bil bir insanın üzünü yaddaşdan yox, tozdan təmizləyirdi.
Günəş yavaş-yavaş qərbə əyilirdi. Qəbirsanlığın üstünə düşən uzun kölgələr daşların arasından keçib ağacların gövdəsinə sarılırdı. Dərgah kişi isə yenə susurdu. O gün mən başa düşdüm ki, kəndin “sirli bağban” adlandırdığı bu qoca əslində heç bir sirr gizlətmirmiş. Onun sirri hamının gözünün qabağındaymış. O, bağ salmırdı. O, yoxluğun içində həyat əkirdi. Və bəlkə də insanın dünyadan gedəndən sonra geridə qoyduğu ən böyük iz öz adı deyil, kiminsə o adı unutmamaq üçün əkdiyi ağacdır. Mən ağacın arxasından çıxmağa cəsarət etmədim. İlk dəfə idi ki, Dərgah babaya salam vermək istəmirdim. Çünki bəzən susaraq sükut etmək salamdan daha böyükdür. Dərgah kişi beli çiyninə aldı, sonuncu dəfə daşın üzərindəki adı sildi və asta addımlarla qəbirsanlıqdan uzaqlaşdı. Arxasınca külək qalxdı. Ağacların yarpaqları xışıldadı. Mənə elə gəldi ki, illərdir susan daşların hamısı bir anda nəfəs aldı.
Və həmin gündən sonra kənddə heç kim Dərgah kişini sadəcə bağban çağırmadı. Çünki hamımız gec də olsa anlamışdıq: Qoca bağban ağac yox, yaddaş əkirdi...