Batareya
Vaqifin 3 yaşı olacaqdı. Atası onun ad gününə hədiyyə almışdı. Vaqif sevincək halda atasının köməyi ilə qutunu açdı. Qutuda bir oyuncaq robot vardı. Atası robotun kürəyində yerləşən qutucuğu açaraq oraya üç ədəd batareya yerləşdirdi. Qapağını bağlayıb robotu işə saldı. Oyuncaq robot tez-tez əllərini hərəkət etdirir, başını tərpədir, ara vermədən cürbəcür sözlər deyirdi. Bu oyuncaq Vaqifin o qədər xoşuna gəlmişdi ki, yeməyini yeyəndə də onu söndürmürdü onun sözlərini dinləyir, ona sual verir, suallarını cavablayırdı.
Oyun Vaqif üçün əyləncəli olsa da, robotun səsi artıq nənə, babanın əsəblərinə toxunmağa başlamışdı. Bir az da keçəndən sonra babası yarızarafat halda dilləndi:
-Bala, onun batareyasını çıxart, həm özü dincəlsin, həm də mənim başım...
Ertəsi gün axşam evdə Vaqifın atası bu gün işdə baş vermiş bir əhvalatı danışırdı. O iş yerinə gələn bir adamın hamını narahat edən deyingənliyindən gileylənirdi. Atasına kənardan diqqətlə qulaq asan Vaqif yaxına gəlib qəfil söhbətə qarışdı:
--Ata, gərək siz o adamın batateyasını çıxarardınız ki, həm özü dincələydi, həm də sizin başınız.
Evdəkilərin hamısı Vaqifin bu sözünə qəhqəhə ilə güldülər.