Şeir
Bayquş kədəri
Həmin yay gecəsi dərd üstəmiydi?
Dərdini danışsın deyə gəlmişdi.
İlahi, gilənar budağı üstə,
Oturan o bayquş nəyə gəlmişdi?
Taleyin əlində başı qovğada,
Nə yeri verdilər, nə göyü ona.
Xaraba yerlərə yazıldı bəxti,
Tanrı da qıymadı bir öyü ona.
O gün nə düşmüşdü yadına görən,
Yarasın beləcə nə tərpətmişdi?
Gecənin yarısı dərdin bölməyə,
Qapımı bayquşa kim göstərmişdi?
Tanrı qonağıydı, Tanrı qonağı,
O bayquş görəsən nəyə gəlmişdi,
Bir kəlmə demədi, heç danışmadı,
Bəlkə də Tanrıydı, hələ kim bilir?
Öldümmü? Sağammı? — deyə gəlmişdi.