Bir Zamanlar Payızda
Əsən yellərdən qorxmuş,
sarılığa tutulmuş
Xəstəhal təbiətin bir payız gecəsində
Lev Tolstoy küçəsində
Qoca palıda söykəndim...
Azdırdım arxamca düşən
detektiv kölgəmi.
Son döngəni buruldum,
vuruldum xəzan paltolu madonnaya...
Düşdüm neytral zonaya
İlişdim Ay işığına,
Dünyanın yaraşığına
baxıb, keçdim...
Payız, gecə, külək, hüzn,
Ömür eyni
- Dünən-bugün;
İş-güc, market, aptek, tütün,
ümid, arzu, dua, qismət...
Diqqət!
Diqqət!
Bakı vaxtıyla saat:
Gecənin:Yarısıdı
Ay elə bil ala-çiy
yumurta sarısıdı.
Kafe çıxışlarında
sərxoşların gülüşü;
mey ustanın əli işi.
Şəhərin dərvişi,
payızın rəngdaşı,
sarışın pişik,
hardansa qayıdır əliboş...
Gecə sirkətək tündləşir,
qaydalar sərtləşir,
buludlar birləşir,
mürdəşir yağış
yumağa gəlir şəhəri...
Yəhəri itən at kimi azadam,
Göyərçinlərin hava limanıdı dam.
- Sizi görməyə şadam,
Madam Xəzər dənizi!
Bu aləm həqiqətin eskizi,
"Həpsi rəngdir"
yanıldır bizi...
Hansı dərzi ölçəcək bizə kəfən?
Ya tarix təkrar olur,
Ya da ki, təsadüfən;
Taksidən payıza
bir cütlük düşür...