Hekayə

Böyürtkən kolu

(“Qırmızı yuxu” kitabımdan)

Azad doğulub boya-başa çatdığı yurdundan didərgin düşəndə onun cəmi yeddi yaşı var idi. Pənah gətirdikləri yer – xalasıgillər idi...
Xalası Solmazgilin yamyaşıl, gül-çiçəkli çəmənliyi və böyürtkən kolları ilə əhatələnmiş, göz oxşayan bağları var idi. Azad gününün çoxunu bağda - böyürtkən kollarının dibində keçirərdi. Köçkün həyatında ilk tanış olduğu dostu idi böyürtkən kolları. Qalın, bir-birinə sıx, incə budaqlarla ətrafa şaxələnmiş kolların iri tikanları olsada ləzzətli giləmeyvələrinə söz ola bilməzdi. Amma bir dəfə də olsun Azad o kolların giləmeyvəsindən yeyə bilməmişdi. Zərif, xırda yarpaqların arasında gizlənən al-qırmızı, qara böyürtkəni asanlıqla tikanlı budaqlardan dərib yemək olduqca çətin idi, qaldı ki, bunları dərən altı yaşlı arıq, çəlimsiz Azad olsun... (Bəlkə də uşaqlıq elə budur — əlinin çatmadığı bir meyvəyə baxıb onu dünyanın ən böyük arzusu sanmaq. İnsan böyüdükcə anlayır ki, bəzi meyvələr yetişmir, bəzi arzular isə yetişsə də əlinə düşmür. Mən o vaxt bunu bilmirdim. Mənim üçün böyürtkənin tikanları sadəcə meyvəyə gedən yolun qarşısında duran maneələr idi. Sonralar öyrənəcəkdim ki, həyatın ən şirin xatirələri də çox vaxt tikanlı yolların arxasında gizlənir)
Qonşuluqdakı dəcəl uşaqla da elə həmin kolun dibində tanış olmuşdu Azad. Kolun bu tərəfindən Azad, o biri tərəfində xalası Solmazın çəpər qonşusu Butanın dəcəl, ipə-sapa yatmayan, arıq uzun oğlu Şahin. Balaca Azad sevinirdi ki, indi daha bir dostu da oldu. Balaca dostlar biri-birilərinin üzünü sərbəst görməsə də kolun dibindən qışqırardılar, gülüşərdilər, maraqlı, uşaq təxəyyüllü söhbətlər edərdilər. Bəzən də köynəklərini çıxardıb qollarına dolayar, tikanlarla sıx örtülmüş böyürtkən kollarının budaqlarını sağa-sola eşələyib, birtəhər üzlərini görməyə çalışardılar. Sevinirdilər ki, kolların amansız, ucları iti olan iri tikanları arasından gözlərini, burnularını görəcəkdilər. Amma böyürtkən kolu qısqanc budaqları ilə Azadla Şahinin bu sevincini havaya sovururdu. (İndi düşünürəm: bəlkə də bizi bir-birimizdən ayıran həmin tikanlar əslində bizi bir-birimizə bağlayırmış. Çünki insan bəzən görə bilmədiyinə daha möhkəm bağlanır. Üzünü görmədiyin bir səs, əlini tutmadığın bir əl, gözlərinə baxmadığın bir dost yaddaşda daha uzun yaşayır. Görünməyən şeylərin bəzən görünənlərdən daha böyük ömrü olur) Bir gün qərar verdilər ki, kolun üstünə çıxsınlar və biri-birilərini açıqlıqda görsünlər. Amma cılız bədənlərinin müxtəlif hissələrinin tikanlara keçməsindən qorxdular. Azadın xalasının qayınanasından qalan qədimi bir palazı var idi. Uşaqlar qərar verdilər ki, sabah o palazı kolun üstünə sərib, üstünə qalxsınlar. Həm biri-birilərini rahat görərlər həm də kolların tikanlarından xilas olarlar... (Uşaqlıq qərarlarının özünəməxsus bir sadəlövhlüyü var. Biz elə bilirdik ki, bir palaz kifayətdir bütün maneələri aradan qaldırmağa. Hələ bilmirdik ki, həyatın bəzi tikanlarını heç bir palaz örtə bilmir. Hələ bilmirdik ki, sabah dediyimiz günlərin bəzisi bizim üçün heç vaxt gəlməyəcək)
Yay gecələri bağın qaranlığını cırcıramaların uzun-uzadı səsi doldurardı. Böyürtkən kollarının arasından gələn bu qəribə cırıltı sanki gecənin öz nəfəsi idi. Beləcə səsli-küylü gecə mürgülü gözlərini açıb, yeni sabahı salamlamağa hazırlaşırdı. Həmin səhəri Azad qışqırıq səslərinə oyandı. Yatağından hövləng sıçrayaraq bağa – qışqırıq səsləri gələn tərəfə qaçmağa hazırlaşırdı ki, elə qapının kandarındaca anası Səhər onu qamarlayıb, qucağına aldı. Üz-gözündən öpüb, titrək səslə dedi:
-De görüm anan sənə yumurtalı çörək hazırlasınmı? Üstünə də şəkər tozu səpərəm, bəh-bəh, necə dadlı olar...
O günü həyətdə nə baş verdiyini, qışqırıq səslərinin kimlərə aid olduğunu Azad bilmədi...indi o bir şey haqqında fikirləşirdi. Birazdan bağda - kolların dibində Şahinlə görüşəcəydi. Palazı kolun üstünə salıb, üstünə çıxacaydılar və nəhayət üz-gözlərini görmək həsrətinə son qoyacaydılar. O günü Səhər balaca oğlunun başını yumurtalı, şirin qızardılmış çörəklə elə qatdı ki, Azad dostu Şahingildə nələr baş verdiyini bilmədi. Hələ uzun illər də bilməyəcəydi... (Bəzi günlər uşaqlığın yaddaşında yarımçıq cümlə kimi qalır. Nə sonuna nöqtə qoyulur, nə də davamı yazılır. Mənim üçün də o gün belə bir cümlə idi. Anamın qucağında içəri aparıldım, amma uşaqlığımın bir parçası həmin həyətdə, böyürtkən kollarının arasında qaldı. Mən bunu illər sonra anlayacaqdım. İnsan bəzən itirdiyini itirdiyi anda yox, ona qayıtmaq istəyəndə anlayır)
Aylar ötüb, illər bir-birini əvəz etdi. Azad artıq böyüyüb 16 yaşına çatmışdı. Bakıda yaşasalar da hələ də köçkün adı üzərilərindən götürülməmişdi. Azadgillərə yerli cammat qaçqın deyəndə az qalırdı özünü öldürsün ki, “axı biz qaçmamışıq. Zorla çıxardıblar bizi” Bakıda da zülümlü günləri onları bir an belə tək qoymamışdır. Kirayələr, kirayələr. Müxtəlif xarakterli ev sahibləri. Qəribə qonşular. Beləcə dövran sürür, Azadgilin ailəsi də bu dövranın gərdişində çalxalanırdı. Çalxalandıqca da əzablar həyatlarının leytimotivinə çevrilirdi. (İnsan bəzən evindən çıxanda ev də onun içindən çıxır. Divarlar uzaqda qalır, amma onların kölgəsi adamın içində yaşayır. Mənim də didərgin düşdüyüm kəndimdən gətirdiyim əşyalar çox deyildi. Ancaq yaddaşım ağır idi. Bir uşağın yaddaşı üçün bəlkə də həddindən artıq ağır) Məktəb illərində ən çox sevindiyi aylar tətil ayları idi. Çünki o aylarda Azad uşaqlığının, ilk köçkün illərinin xatirələrlə dolu anlarını daşında, torpağında, hər ağacında, kolunda, yollarında, döngəsində iz buraxan kəndə - xalası Solmzagilə gedirdi. Amma bir neçə il idi ki, tətildə də gedə bilmirdi. Onun başını Bakının füsünkar gözəlliyi yaman qatmışdı. Nəhayət o ili qərar verdi: kəndə - xalasıgilə gedəcək. Getdi də. Günəşin yandırıcı şüalarından solan mavi rəngli dəmir darvazanı həvəslə açan Azad ilk olaraq bağa sarı qaçdı. Böyürtkən kolları ilə görüşmək üçün. Axı o kollar onun uşaqlığının ilk dostu idi. Kollardan əsər-əlamət qalmamışdı. İndi Azadın uşaqlıq dostu, amma, bircə dəfə də üzünü görmədiyi Şahingilin həyəti ilə xalasının həyətini böyürtək kolları yox, daş hasarlar ayırırdı. Bu mənzərəylə qarşılaşan yeniyetmə Azad çox məyus oldu. (Daş hasara uzun-uzadı baxdım. Bir vaxtlar bizi ayıran şey canlı idi — böyüyür, yarpaqlanır, çiçək açır, meyvə verirdi. İndi isə yerində daş vardı. Daşın yaddaşı olmurmu? Olurmuş. Mən o daşlara baxanda uşaqlığımın üstünü örtülmüş kimi hiss etdim. Sanki kimsə torpağın altına yalnız bir kolu yox, mənim yeddi yaşımı da basdırmışdı) Yavaş-yavaş şəhərin stili kəndə də gəlirdi. Hündürmərtəbəli binalar, zavodlar, mərmər örtülü hasarlar, qırlanmış asfaldlar və s. Köçkün həyatı Azadın uşaqlığının bütün nişanələrini top-mərmilərində havaya sovurmuşdu. Birtək o illərin nişanəsi - böyürtkən kolları idi ki, onu da daş hasar kökündən çıxarıb, məhv etmişdi. (İnsan şəhərləri yenidən tikə bilir, amma uşaqlığının bircə ağacını belə əvvəlki yerində böyüdə bilmir. Çünki ağacın kökü torpaqda, uşaqlığın kökü isə yaddaşdadır. Torpaq dəyişəndə ağacı yenidən əkə bilərsən. Amma yaddaşın torpağını dəyişmək olmur. O torpaqda nə varsa, insanın içində ömrü boyu bitmədən qalır. Amma uşaqlığımın nişanəsi tam itməmişdi. Axı Şahin var idi. Üzünü görməsəm də dəcəl səsini ki, eşitmişdim)
Bu ümüdü içində təsəlli edib, cəld Şahinlə görüşməyə getdi. Artıq sərbəst Buta xalagilə keçə bilərdi. İndi Azad böyüyüb, onun yeniyetməlik çağları cövlan edirdi. Məhləyə çıxıb, Şahingilin qapısını döydü. İlk dəfə olacaydı ki, yalnız səsi ilə oynadığı dostunun üzünü də görəcəydi. Bircə dəfə əlləri bir-birinə toxunsun deyə planlar qurduqları o illərin acığına indi üz-üzə dayanıb, əl tutuşacaydılar. Qapını Dadaş dayı açdı. (Mən üzünü hələ görmədiyim dostumun anası Buta xalanı, atası Dadaş dayının da simasını ilk dəfə idi görürdüm. Baxmayaraq ki, adlarını evdə anamdan, xalamdan çox eşitmişdim)
-Salam Dadaş dayı, məni tanıdınız? Azad.
-Boy, Azad bala, məşallah böyümüsən...
Dadaş kişinin birdən səsi titrədi, dərisi qırışıb, sümüyünə yapışan əllərini üzünə tutub hönkürdü. O günü qulaqlarını dəlib keçən Dadaş kişinin son cümləsi bir ömür Azadın yadından çıxmayacaqdı.
-Bala, kaş sənin bu boy-buxununu Şahin də görə biləydi...
Bəlkə də dərin yuxuda idi Azad. Hələ də heç nə anlamırdı. Donub yerindəcə hərəkətsiz qalmışdı. Qəflətən Dadaş kişi Azadı bağrına sıxıb, bərk-bərk qucaqladı. Yox, bu nə yuxu idi nə də xəyal. Real həyat idi. Və amansız zamanın Azada göstərdiyi oyun. Bir pərdəli min şəkill tamaşa...(Həyatın ən amansız tərəfi budur: bəzən insan həqiqəti eşitməyə hazır olduğu gün həqiqət artıq çoxdan baş vermiş olur. Mən Şahini tapmağa gəlmişdim, amma əslində öz uşaqlığımı axtarırdım. Qapını döyəndə elə bilirdim qarşıma yeddi yaşlı bir uşaq çıxacaq. Halbuki zaman qapını açan Dadaş kişinin üzündə dayanmışdı)
Artıq illər öncə bir səhər Azadı yuxudan oyadan qışqırıq səslərinin aqibətini o indi dərk edirdi. O günü Şahinin anası böyürtkən kollarının quruyan budaqları ilə təndir qalayıb, çörək bişirməyə hazırlıqlar görürmüş. Elə bu vədə Şahin ehtiyatsız davranıb təndirə düşür. Səsinə, fəryadına gec duyuq düşürlər. Qığılcımları təndirin boyunu aşan, çıtır-çıtır yanan böyürtkən kolları Şahini öz ağuşunda yandırır. Şahin yanaraq çılğın, dəcəl həyatını itirir… (İllər əvvəl meyvəsini dərməyə qorxduğumuz böyürtkən kolları həmin gün ölümün oduna çevrilmişdi. Həyatın qəribə istehzasına bax: biz onun tikanlarından qorunmaq üçün palaz axtarırdıq, həmin kolun qurumuş budaqları isə dostumu öz oduna bürüyərək yandırmışdı. Uşaqlığın ən məsum əşyaları belə, zamanın yaddaşında başqa mənalar qazana bilirmiş. Mən Şahinin üzünü heç vaxt görmədim. Amma onun ölümü mənə insan üzünün nə qədər keçici, xatirənin isə nə qədər qalıcı olduğunu öyrətdi. Mən onun gözlərini xatırlamıram. Qaşlarını, saçlarını, üzünün cizgilərini bilmirəm. Yalnız səsini xatırlayıram. Bir azdan da gedəcəyəm qəbirsanlığa və ilk dəfə Şahinin soyuq daşdan baxan çöhrəsini görəcəyəm. Onunla oradaca tanış olacağam. Amma qəribədir — insan bəzən bir insanı görmədən də ömrünün ən dərin yerində yaşada bilirmiş)
...Azad indi harda böyürtkən kolu görürdü, özündən asılı olmayaraq kola yaxınlaşıb, salam verərdi. Həm ilk dostunu, həm də o dostluqda tapdığı, amma bir dəfə də olsa üzünü görüb əlini sıxa bilmədiyi Şahini salamlayırdı...
(Böyürtkən kolları indi mənim üçün sadəcə kol deyil. Onların hər tikanında yarımçıq qalmış bir uşaqlıq, hər yarpağında eşidilməyən bir gülüş, hər qurumuş budağında itirilmiş bir həyat var. Mən hər dəfə onlardan birini görəndə yeddi yaşlı uşağa çevrilirəm. Yenə kolun bir tərəfində mən oluram, o biri tərəfində Şahin...
Yenə bir-birimizi görmürük. Yenə səslərimiz tikanların arasından bir-birinə çatır. Yenə gülürük. Yenə palaz sərib üstünə çıxacağımız sabahı gözləyirik. Amma o sabah heç vaxt gəlmir... Bəlkə bəzi insanlar həyatımıza üzlərini göstərmək üçün yox, yaddaşımızda iz qoymaq üçün gəlirlər. Şahin mənim həyatımda bircə gün də olsa yaşamadı. Amma mənim yaddaşımda ömrümdən uzun yaşayacaqdı. Bir gün, başqa bir dünyanın o biri tərəfində, yeddi yaşlı bir uşaq böyürtkən kolunun arxasından mənə səslənəcək:
— Azad, palazı gətirmisən?
Onda mən bu dəfə gecikməyəcəyəm. Palazı sərib kolun üstünə çıxacağam. Və nəhayət, Şahinin üzünü görəcəyəm…)