Şeir
Bu dünya nərdivandı
qalxanda mehribandı,
enəndə nə yamandı...
Görüşdük pillələrdə,
yolun yarısında biz.
Sən qalxırdın bu dəmdə,
mən enirdim xəbərsiz.
Səni arzularına
qaldırırdı nərdivan.
Məni xatirələrə
endirirdi bu zaman.
Birimiz – günçıxana,
birimiz – günbatana.
Qalxa bilməzdim daha,
nə o güc, nə o taqət.
Sən də enə bilməzdin,
haqlı, haqsız vermişdi
öz hökmünü təbiət.
Gərək ya düşməyəydi
bu görüş heç araya,
Ya sən əvvəl gələydin,
ya mən sonra, dünyaya.