Bu gecə bir şəkil çıxdı qarşıma...
ƏZİZİM
Mənim ürəyimdə yaram dərindi,
Əl vurma yarama, qanar, əzizim.
Onsuz da taleyin ağırdı yükü,
Sinəm həsrətinlə yanar, əzizim.
Dərdlərim azalmır, artır hər saat,
Sıxır boğazımı bu zalım həyat,
Uzat əllərini əlimə uzat,
Əllərim sənsizkən donar, əzizim.
Günəşi olmayan səhər kimiyəm,
Virana uğramış şəhər kimiyəm,
İnan, həsrətinə nökər kimiyəm,
Ruhum yoxluğunu danar, əzizim.
Sənə gələn yolu de, kim bağlayıb,
Gözlərim səninçün hər gün ağlayıb.
Könlünü həsrətlə yaxıb, dağlayıb,
Bəkir səni cənnət sanar, əzizim.
BİLMƏDİM
Bu gecə bir şəkil qarşıma çıxdı,
Qovdu o yuxumu, yata bilmədim.
Gəldi sənli günlər gözümə mənim,
Heyif ki, mən ona çata bilmədim.
Hardasan, necəsən - xəbərim yoxdu,
Həsrətin qəlbimə sancılan oxdu.
Bir bilsən dərdlərim nə qədər çoxdu,
Könlümə səadət qata bilmədim.
İçimdə ümidlə yoluna baxdim,
Dərdinlə içimi yandırıb yaxdım.
Gülmədi üzümə bu qara baxtım,
O zərif əlindən tuta bilmədim.
Səndən özgəsini sevmədim, inan,
Sən oldun saf eşqim, tək duam hər an.
Yoxluğun ömrümə dolanmış ilan,
Qopara bilmədim, ata bilmədim.