Cənnət qoxusu
Racu Şıxlı
Cənnət qoxusu...
“Qırmızı yuxu” kitabımdan
Həmişəki kimi bu sabah da məhləyə düşmüşdüm çörək almağa. Bir neçə həftə idi heç kəsin gözünə yuxu getmirdi. Cəbhədən gələn xəbərlərlə səhəri diri gözlü açırdıq. Şəhid xəbərləri yaman bükmüşdü belimizi. Amma üzümüzdə, gözümüzdə bir qürur çağlayırdı. Düşmənin başını əzən dəmir yumruqlar bizi qürurlandırırdı. Bir tərəfdən də acı xəbərlər. Bu gün də şəhid gəlir.... İçimdə anbaan səksəkə, həyəcan dolaşırdı. Hər pəncərəyə yaxınlaşdıqda gözlərim dörd olub, həyəti gəzirdi. Qulaqlarım təcili yardım maşınlarının həyəcan siqnalları ilə dolmuşdu. Təəccüblü deyildi bu səhər mağazaya düşəndə qarşılaşdığım mənzərə...
Məhlədə bir çaxnaşma var idi. Hamı həyəcanla üzüaşağıya-qəsəbəmizin çıxışına doğru iri addımlarla gedirdi. Bir yaşlı dayı əlindəki cib dəsmalı ilə alnında gilələnmiş tərini silə-silə, ağır addımlarla səki ilə axına qoşulub hamının həyəcanla getdiyi səmtə gedirdi. Yaxınlaşdım ağsaqqala və soruşdum:
“Ağsaqqal, nə məsələdir. Hamı bu həyəcanla hara belə?”
Ağsaqqal başını qaldırıb, gözucu mənə baxdı. Susdu. əlindəki cib dəsmalını üzünə sıxıb hönkürdü. Ağsaqqalın bu halı mənə, üzüaşağı axın edən məhlə sakinlərinin təlatümlü addımlarının ünvanının hara olduğunu dedi. Mən də susdum... Yaşlı kişidən aralanıb, addımlarımı itilədim. Hərdən əllərimlə saçımı qarışdırıb, üz-gözümü ovuşdura-ovuşdura üzüaşağıya axın edən məhləmizin sakinlərini keçməyə başladım.
Qəribə bir ab-hava var idi. Hamı həyəcanlı olsa da bir sükut çökmüşdü qəsəbəyə. Hamı yol boyu bir-birinə baxır amma bir kəlmə belə danışan yox idi. Mən bu susqun çöhrələrə, qəzəb dolu baxışlara baxırdım. Baxışlar danışırdı mənimlə. Həyəcanımı gizlədə bilməyib, qaçmağa başladım. Sanki bir yarışın qalibi olmaq istəyirdim. Hamıdan birinci çatmaq istəyirdim finiş xəttinə. Qəsəbəmizin çıxışına çatanda gördüyüm mənzərəni cümlələrə çevirib, qələmimə hökm edə bilmədim yazsın. Bəlkə də bu hal bir qürurun hissi ya da bir qəzəbin nəticəsi idi...Amma yazmalı idim. Gördüklərimi oxucularımla paylaşmalı idim. əgər paylaşmasaydım qəlbimdə qərar tutan ürəyim partlaya bilərdi...
Qəsəbəmizin döngələri, küçələri qərənfil bağına dönmüşdür. Dörd bir tərəfimizi əhatə edən beşmərtəbəli binalar üç rəngli bayraqlara bürünmüşdür. Artıq bu mənzərə su kimi aydın idi mənə. Elə oxucularıma da. Qəsəbəmizə yenə Şəhid gəlirdi...Üç rəngli Şanlı bayrağa bükülmüş tabut çox keçməyəcək ki, çiyinlərdə məhləmizə daxil olacaydı. İndi məni daha bir ünvanda maraqlandırırdı. Şəhidimiz hansı ünvana, hansı binanın qarşısına gəlir. Beynimdə özümə verdiyim suala cavab tapmağa çalışırdım ki, birdən arxada- “vay bala, belimiz qırıldı! Uşaqlarına nə cavab verim?! Başlarını aldadıb evdə dedim ki, atanız gəlir. Sənin qucağına hoppanmaq üçün sevinclə evdə növbə gözləyirlər. Qızlarına nə cavab verim, Elsəvər?!”fəryad səsləri qulaqlarımı cingillətdi.
Hə artıq Şəhidimin gələcəyi evi də tapdım. Yaxınlaşdım binanın önünə. Sən demə mən gecikmişəm. Hamı-bütün qəsəbə orda imiş...Bir küncə sıxıldım. Şəhidimi gözləməyə başladım. İndi daxilimdə iki hissim mənimlə döyüşə qalxmışdı. Bir tərəfdən vücudumu sıxan qəhərlə əlbəayaq olmuşdum, bir tərəfdən də qürurum ağrılarımı dəf edib, zəfər baxışlı nəzərlərlə şəhidimin gələcəyi yola dikilmişdi. Qəsəbəmizin balaca sakinləri çiyinlərində Azərbaycan və Türkiyə bayraqları sağa-sola vargəl edib, həyəcanla qəhrəman şəhidini gözləyirdilər. Bu ara diqqətimi şəhidin ailəsinin yaşadığı binanın ətrafını dövrəyə almış üç rəngli bayraqlar çəkdi. Necə də qürurla dalğalanırdılar. Sanki bayraqlarımız da qoynuna büküb gətirdiyi Şəhidi ilə fəxr edirdi...
Elə bu ara siqnal səsləri əks-səda verdi. Şəhidin evindən çölə çıxan anaların, bacıların, qız-gəlinlərin vay səsləri siqnal səslərini batırdı. Təcili tibbi yardım maşını qəsəbəyə daxil oldu. İlahı maşının təkərləri necə də sürünürdü yerlə... Sanki qorxurdu irəliyə gəlməyə. Şüşələri xəcalətdən dumanlanmışdı. Hələ sürücünü demirəm. Rulu elə bərk-bərk sıxmışdı ki, elə bil qəzəbi tutmuşdu dilsiz-ağızsız maşına ki, niyə içində bir canı öz qanıyla qüsul edib, anasına gətirirsən. Amma yox üstündəki həyacan siqnalları qürurla ucaldırdı. Sanki dünyaya səs salıb, demək istəyirdi ki, Vətən uğrunda gözünü qırpmadan canını fəda etmiş qəhrəmanı gətirirəm... Beləcə təcili yardım maşını ünvana yaxınlaşırdı. Mən bu maşını heç xoşlamıram. Hər dəfə harda təcili yardım maşını görərdimsə qulaqlarımı tutrdum ki, həyəcan siqnalını eşitməyim. O siqnalın səsi hələdə qulaqlarımdadır. anam, atam həmin maşınla eyni həyəcan siqnalı ilə xəstəxanaya getmişdilər. Az sonra hər ikisinin ölüm xəbərini almışdım. Bu dəfə ki həyəcan siqnalına qulaqlarımı tutmadım, əksinə, şəklədim. Bu dəfəki siqnal qürurun, qələbənin, bir canın Vətən torpağına az sonra Cənnət gülü kimi əkiləcəyi, qanı ilə adını tarixə yazan igidliyin, addımları ilə düşmən hücrələrini titrədən, yumruqları ilə dığa başları əzən əzəmətin səsi idi! Təcili yardım maşını yaxınlaşdıqca cammat maşının qarşısına yüyürməyə başladı. Şəhidim gəldi! Zəfərim, qürurum, fəxrim gəldi! Elə bu məqamda Allaha yalvardım ki, imkan tapıb, Şanlı bayrağıma bükülmüş Şəhid tabutunun altına girə biləydim. Allah niyyətimi qəbul etdi. Cəld tabutdan yapışdım. Altına girib, çiynimi dayaq etdim tabuta. İndi məni Şəhidimlə nazik bir taxta parçası ayırırdı. Vallah, tabutun altında Şəhidimin qoxusunu aldım. Bilmirəm o qoxunu hansı sözlə əvəz edib yazım...Yaza bilməyəcəyimi bilirəm. Amma yazmalıyam. Bu işdə barmaqlarım arasında bərk-bərk sıxdığım qələmimi, məni yarı yolda qoymayacağına da əminəm. Bir neçə gənclə bərabər Şəhidimizi məqamına gətirdik. Tabutun altından çıxmaq istəmirdim. Amma mənim kimi yüzlərlə məhlə sakinləri şəhidi ilə görüşmək intizarında idi. Tabutdan güclə ayrıldım. Şəhidin ailə üzvləri, qonşuları-qəsəbəmiz bu dəfə tam bir başqa hisslə tabuta sarıldılar. Bilirsiniz niyə? Çünki Şəhidimin anası da atası da vaxtsız dünya ilə vidalaşmışdılar. Bir gün gələcək idi ki, igid oğulları üç rəngli bayrağa bükülü üstlərinə gələcəydi və qürura bürünmüş acı fəryadın göz yaşları ilə övladlarını qarşılayacaq idilər... Fəqət bu günü görmədilər. Əminəm ki, Vətənimin ata və anaları torpaq uğrunda şəhid olmuş övladlarını qürurla, gözlərindəki yaşı ürəklərinə dolduraraq, məyus bir təbəssümlə qarşılayarlar. Elə həmin şəhidimi də qəsəbəmizin hər bir sakini sanki öz şəhid olmuş oğlunu qucaqlayırmış hissi ilə tabutun üstünə sərildilər. Hamı tabuta toxunur. Qəhərdən çartlamış, kömürtək yanmış dodaqlarını tabuta yapışdırıb, ay-ulduzlu üç rəngli bayraq altında əzəmətlə uyuyan Şəhidi öpür, daha bir igidi ilə vidalaşırdılar... kənara çəkilib, vida mərasimini müşahidə etməyə başladım. Bir az keçmişdi qəsəbəmizin mollası camaata xitab etdi:
“Ay cammat! Səbr və dözm vaxtıdır! Düşməni sevindirməyin! Sözsüz ki,
üstünə sarılıb, ayrılmaq istəmədiyiniz Şəhidimiz bu halımızdan narahatdır. Şəhidlik şərbətini içən mayorumuz zəfər qazanıb! Qalib olaraq canını qurban verib. Üz-gözünüzü çırıb, saç-başınızı yolmayın! Qəhrəman mayorun tabutu önündə qürurla dayanın! İndi biz şəriətin vacib hökmlərindən olan cənazə namazına tələsməliyik. Gün əyilməmiş şəhidimizin namazını qılıb, uğrunda canını təslim etdiyi torpağa tapşırmalıyıq!”
Mollanın boğunuq səsi iləqəhər dolu titrək nitqini hər kəs dərk edirdi. Amma neyləyək şəhidimizdən ayrılmaq olmurdu... Hamı namaza tələsdi. İnsan selində şəhid tabutu dalğalanmağa başladı. Qəsəbəmizin meydançasında şəhid namazı qılındı. Ardınca da şəhidimizi torpağa tapşırılması üçün İkinci Fəxri Xiyabana aparıldı. Dəfn işi tamamlandı. Qəsəbə sakinləri-hamımız Xiyabandan qayıdıb, birbaşa şəhidimizin ünvanına üz tutduq. Artıq şər qarışırdı. Məhləmiz-heç kim evə getmək istəmirdi. Hamı canla-başla şəhidimizin ailə üzvlərinin yanında qalıb, acılarına, dərdlərinə şərik olurdu. Bu ara diqqətimi daha bir mənzərə çəkdi. Şəhidin yaxınlarından olan bir gənc şəhidimizin portretini sinəsinə sıxmış halda taqətsiz yerə çökdü. Qəsəbəmizin balaca sakinləri dərhal həmin gənci əhatəyə alıb, ona təsəlli verməyə başladılar. Olduqca qürur verən maraqlı bir məqamın şahidi oldum. Balaca məhlə sakinlərimiz öz çiyinlərinə bürümüş Azərbaycan və Türkiyə bayraqlarını şəhid mayorumuzun portretini sinəsinə sıxıb, yerə çökən gəncin çiyninə sərdilər. Sonra ağsaqqallarımız gəncə yaxınlaşıb, onu yerdən qaldırdılar. Qoynuna girib, qucaqladılar. Təsəlli verdilər. Bu gündən sonra daha möhkəm, sağlam ayaqlar üstə durmağı arzuladılar...
Artıq hava qaralırdı. Hələ də qəsəbə sakinlərinin axını davam edirdi. Bu gün gördüyüm müşahidələrimi qələmə yığıb, ağ kağıza səpmək üçün evə tərəf üzümü tutdum. Ağır addımlarla üzüyuxarı-yaşadığım binaya tərəf irəliləməyə başladım. İndi məni daha bir vacib məsələ maraqlandırırdı. Yazacağım oçerkə verəcəyim başlıq. Elə bu sualı öz-özümə verib, yorğun addımlarla üzüyuxarı qalxırdım ki, birdən bu səhər həyətdə ilk qarşılaşdığım ağsaqqalı gördüm. Sual verib cavab almadığım ağsaqqalı. Susaraq baxışlarında hara tələsdiyini deyən ağsaqqalı. Astaca yaxınlaşıb, əlimi ağsaqqalın çiyninə qoydum. Ağsaqqal yerə dikilmiş başını qaldırıb, mənə baxdı. Düşündüm ki, heç nə soruşmayım. Onsuz da yenə cavab verməyəcək. Birdən sükutu özü pozdu:
“Bir gün hamımız ölümü dadacayıq. Bu Quranın vədidir. Bu ölümün ən şərəflisi isə Şəhidlikdir!”
Yenə sükut. Hər ikimiz ağır addımlarla gedirdik. Bu dəfə sükutu Ağsaqqalın ah səsi pozdu...Yenə sükut...Hazırlaşırdım ki, bu dəfə də sükutu mən pozam ağsaqqal məni qabaqladı.
“Səhv etmirəmsə sən bu sabah mənə həyəcanla üzüaşağıya hara getdiyimizi xəbər alan oğlansan”
-“Bəli”
-“Mən də susdum. Sənə cavab vermədim. (cibindən dəsmalı çıxardıb, alnının tərini sildi, sonra əlində səliqə ilə dəsmalı büküb, təkrar cibinə qoydu) Həəə, istədim hara getdiyimiz özün tapasan. Sənin sualının cavabı getdiyimiz yolda, ağaclarda, binalarda, havada uçuşurdu...”
Təəccüb dolu nəzərlərlə ağsaqqalın aram-aram danışığına qulaq asırdım. Ağsaqqal başını bir az da dikəldib, xırıltılı səslə sözünə davam etdi:
-“Bu səhər qəsəbəmizi bir qoxu bürümüşdü...O qoxu məni aparırdı. Elə bilirdim hər kəs o qoxunun yayıldığı mənbəyə doğru gedirdi”
Daha səbrim tükəndi. Özümü saxlaya bilməyib, yüksək səslə dilləndim:
-“Nə qoxu?! Hansı qoxu?!”
Ağsaqqal dayandı. Bir qədər mənə baxdı, sonra aramla başını göyə qaldırıb, dərindən nəfəs aldı. Burnunun dəliklərini elə geniş açıb qoxladı ki, havadakı o möcüzəli qoxunu elə ciyərlərinə çəkdi ki, az qalsın indicə ciyərləri şişib partlayacaydı. Sonra başını aşağıya dikdi. Nəsə fikirə getdi. Mənə baxdı. Çənəsi əsdi. Qübarlanmış qoca dodaqlarını ağır-ağır qaldırıb dedi:
-“Cənnət qoxusu!...”
Nə deyəcəyimi bilmədim. Donub yerimdə qalmışdım. Mən niyə o qoxunu duya bilməmişəm deyə özümü içimdə məzəmmət etməyə başladım. Axı Şəhidin məkanıdır Cənnət. Elə ki, şəhidlik məqamına yüksəldi mələklər Cənnətin qoxusu ilə müşklərlər vücudu. Şəhiddən o an Cənnətin qoxusu gələr ki, o qoxunu bu dünyada heç bir qoxu ilə izah etmək olmaz. Deməli qoca o qoxunu hiss etmiş, onun sehrinə dalıb gedirmiş...
Düzdür özümü bağışlamadım. Gərək bir yazıçı qəlbli insan olaraq o ülvi hissi, əvəzsiz qoxunu duya bilərdim. Amma nə edim ki, duya bilməmişəm. Bütün bu töhmətlərə baxmayaraq sevindim. İndi addımlarımı daha da itilədim. Evə bir an tez çatmağa can atırdım. Yeni hekayə...məni gözləyirdi...