Esse

Çörək və balıq kotleti

Ruhumda dərin iz buraxan şeirlərdən biri də Artur Rembonun “Heyranlıq” şeiridir. Yırtıq geyimli uşaqlar şaxtalı-sazaqlı qış gecəsində çorək növbəsinə dayanıblar. Şüşə arxasından içəridə bişən çörəyin isti qoxusunu hiss edirlər və iliklərinə işləyən soyuğu unudurlar...
Hər dəfə bu şeiri oxuyanda 90-cı illərin əvvəlləri, insanların bir parça çörəkdən ötrü küçələrdə - çarəsizlik çəmbərində dolaşdığı o naməlum, qeyri-müəyyən dövr gözlərim önündə canlanır. Fərəhdən məhrum, ümidsiz, çarəsiz bir zamanın yeniyetmələri idik. O illərdə çörək tapılmırdı axı... Rembonun şeirindəki cocuqların yaşantıları mənə çox yaxşı tanışdır. Bu şeir mənim yeniyetməliyimi bütün mənalarda ifadə edir. Gecə yarısı anam məni isti yorğan-döşəkdən qaldırıb çörək növbəsinə yollayırdı. Getməsəydim, ac qala bilərdik... Çörək alıb evə qayıdanda ayaqlarım, əllərim soyuqdan keyiyirdi. Anam əllərimi, ayaqlarımı ovuşdururdu. İsti çay içdikdən sonra bədənimin donu açılırdı. İşıqlaşanda isə məktəbə getməli idim. “Fironun dəftəri” romanımda o dövrün ovqatı hiss olunur.
Biz sanki akvariumdakı balıqlar idik, səbirsizliklə öz sahibimizin bizi nə vaxt yemləyəcəyini gözləyirdik. Balıq metaforasından istifadə etməyim də təsadüfi deyil. Atam Neft daşlarında işləyirdi və işdən qayıdanda balıq gətirirdi, anam o balığa suxarı qatıb kotlet bişirirdi. Beləcə, bizi o ağır illərdə çörək və balıq xilas etdi.

*Bu da Artur Rembonun şeirindən bir parça:

Uşaqlar gözləyirlər, baxırlar heyran-heyran,
Qıpqırmızı kökələr qaynar təndirdən haçan
bişib çölə çıxacaq...
Ağ kökələrin ağzı sulandıran qoxusu
Onlara gəlib çatır,
Cındır paltarlarını deşib keçsə də sazaq,
Onlar bu xoş qoxuda yazı duyurlar ancaq.
Artıq onlar üşümür, sakitdir ürəkləri,
Beş İsa körpəsinin yoxdur qəmi, kədəri.
Sakit dayanıb onlar.
Şüşəyə üz söykəyib, əlləri yaxasında,
Onlara elə gəlir pəncərə arxasında
Bir işıqlı dünya var.

*Şeiri dilimizə Rəsul Rza çevirib.