Şeir
Gedəndə də qalır adam
Qanadın yorulmasın,
Məndən sonra uçan Quş,
Sağlığa uçasan səni.
Məndən sonra gələn Qış,
Soyuğun sünbülə dönsün,
Gül kimi açasan səni.
Məndən sonra axan Su,
ruhumdan keç.
Beləcə bütöv, sağlam, duru,
Aranımdan, Dağımdan keç...
Məndən sonra gedən Yol,
Mən sənə vardım getdim...
səni başa varasan.
Məndən sonra gələn Söz,
səni aradım, getdim,
həmişə uca durasan!...
Aramızda yalan olmadı...
Biri üzündən aldı,
Biri tozundan aldı,
Özündən alan olmadı...
Məndən sonra gələnlər,
Sağlıqla yaşayın,
Amma bilin ki,
Doğulan kimi vaxtın oğlu olur Adam,
Bilin ki, gedənlər də elə-belə getmir,
Gedəndə də qalır Adam...