Hekayə

Kəlləsizin qızıl saatı

Absurd hekayə

Qızıl saatın hekayəsini eşitməyən olmaz. Hamımızın ya anası, ya atası, ya da başqa bir qohum-əqrəbası, nə vaxtsa əzizləyə-əzizləyə nağıl eləyib. Hər halda eləyər. Bu hekayə çox məşhurdur. Təkcə Azərbaycanda yox, elə Türkmənistanda da, Qazaxıstan, Özbəkistan və başqa türkdilli ölkələrin, hətta ölkəsi olmayan türk xalqlarının və bəlkə, türklərdən təsirlənən digər toplumların da nağıllarına sirayət edib qızıl saatın hekayəsi. Mənə də nənəm danışıb. Hekayənin əvvəlini dəqiq xatırlamasam da, bilirəm ki, hekayədən çox rəvayətə, dərinə getsəm, əfsanəyə oxşayır. Deməli, guya vaxtilə bir varlı kişi yol kənarında gəzişə-gəzişə düşünürmüş. Ki, görəsən bu qədər borc-xərcin içində övladlarımın ən xoş günlərinə qədər yaşaya biləcəyəmmi? Unutdum axı deyim. Hekayədəki kişinin adı Ruhlandır. Ruslan yox, Rüfət yox, Ruhlan. Adının mənasını bilmirəm. Xatirimə görə, həmin kişi yol qırağında o qədər dolaşır ki, axırda başına hava gəlir. Və başlayır başını ovcunun içinə alıb çığırmağa. Bəlkə də, dərdi düşündüyümüzdən də böyükmüş? Nə deyim, vallah. Hekayənin özü bu cürdü. Həmin Ruhlan kişi başını ovuclarının arasına alsa da, əvvəl-axır itirir və başı yumbalana-yumbalana düşür yaxınlıqdakı meşəliyin içiylə dolaşan arxa. Arxın suyu bol olubmuş. Başı suya düşər-düşməz çır-çınqıla dəyə-dəyə uzaqlara gedib çıxır. O qədər uzaqlara gedir ki, kişi öz başıyla rabitəni itirir. Tir-tap yıxılır yerə. Başsız halda gözləyir kəlləsini. Düzü, mən anlamadım, başsız adam necə gözləyir, nəyi gözləyir, nəylə gözləyir? Amma hər halda nağıldır, hekayədir, ya nədirsə, orada belə deyilib. Nənəm danışır ki, guya bu kişi özündən keçmiş halda uzananda baş da arxın sonuna çatıb. Bəxtəvərlikdən Kürəcən gedib çıxmayıb. Elə, suyun dayazlaşdığı, axının zəiflədiyi nöqtələrin birində baş özünə yeni bədən tapıb. Ola bilər, meşəbəyinin ölü bədənində yuva qurub. Burasını hekayəni yaradan şəxs daha dəqiq bilər. Mənim bildiyim təkcə odur ki, bədənsiz baş vaxt keçdikcə yeni vücuduna alışır. Özünə ad qoyur. Heç maraqlanmır ki, bəlkə bu bədənin həqiqi başı nə vaxtsa onun əsir aldığı cismi geri almaq üçün gələcək. Ya da öz qulu olan bədən onu axtarmaq niyyətinə düşəcək. Sehrinə qapıldığı yeni meşəlik aləmində özünə təzə dastan yazır sanki. Hər şeyi lap başdan başlayır baş. Məqsədi bu olur ki, azadlıq kəsilməkdir. Əgər onu kəsməyiblərsə, bir yolunu tapıb bədənindən canını qurtarmalıdı, ya yox? Beləcə, öz bədənini borclar içində tərk etmiş sayılır. Bunun başqa adı olası deyil ki. Bu baş burada qalsın, sizə kimdən xəbər verim, sahibinin yolunu gözləyən bədəndən. Doğrusu, kişi birdən-birə xoşbəxt olmuşdu. Nəhayət borc-xərc fikrindən qurtarmışdı canı. Daha heç nəyi düşünmürdü. Nə qohum-əqrəbanın dərd-səriylə əlləşməliydi, nə uşaqlarına gün ağlamalıydı, nə arvadın dır-dırına qulaq asacaq, nə də gələcək qayğılarıyla başını ovcuna alıb itirməməkdən ötrü dəliyə dönməyəcəkdi. Nə olsun ki, kəlləsi yoxdu? Əsas odur, ürəyi döyünürdü. Hər halda döyünməsə, ayağa dura bilməzdi ki. Beləcə, dünyanın ilk başsız atlısı olur Ruhlan. Və həm də atsız. Qonşuları Hərdəm kişi onu görəndə huşunu itirib dəyir yerə. Arvadı da bunu görcək ərinin başının üstünü kəsdirir ki, amanın bir günüdü, evim-eşiyim yiyəsiz qaldı. Və deyim ki sizə, Hərdəm kişi o gedən getdi axirətə. Dalınca bir udumluq su atmadılar. Qızları göz yaşıyla yola saldı onu. Arvadının saçı barmaqlarına yolunmaqdan bilmədi, hansı yana, hansı səmtə dağılsın. Toxuma dönüb səpələndilər torpağa. Yeni hərdəmlər cücərməyə başladı. Hamısı da huşsuz, ağılsız... Nə olsun ki, başları vardı? Anaları Şikayət xanımın saçından törəyənlərdə baş nə gəzir, o başda ağıl nə gəzir? Kül elə bu cür başa! Ruhlansa yola düzəlmişdi. Hədəfsizdi. Məqsədsizdi. Gedirdi elə hey uzaqlara. Düzü, ondan ötrü uzaqlıq deyilən nisbət də yoxdu. Başını itirəndən bəri heç nəyi düşünmürdü. Köksündəki fitri arzunun ardınca qaçırdı. Qaça-qaça xatırlayırdı ki, o bir vaxtlar, çox uzaq keçmişdə əvvəlki arzularını da indi itirdiyi kəllə kimi yolda düşürdüb. Dayandı bir neçə saniyəlik. Ətrafına baxmaq istədi. Ətrafı yoxdu. Başını qaşımaq istədi. Başı yoxdu. Ağlamaq istədi. Gözü yoxdu. Qışqırmaq istədi. Dili yoxdu. Oğlunu, qızını axtarmaq, anasını, atasını, arvadını axtarmaq istədi. Axtarmağa özü yoxdu. Üzbəsurət dayanmaq üçün kimsə gəlirdi qarşıdan. Üzü yox idi rastlaşmağa. Bəlkə də, nəsə deyirdi ona. Eşitmirdi. Sadəcə hiss edirdi. Vücudu ilə duyurdu ki, önündə biri dayanıb. Və o biri öz başıydı. Başqasının vücudunu əsir almış öz başı. Dözməmişdi qulunun kimsəsizliyinə. Bəli, dərdləri vardı. Fikir götürmüşdü. Bəlkə qəm-qüssədən ağlını itirmək həddinə çatmışdı baş o bədənin üzərində. Amma qaçdığı bədəndəki xoşbəxtlik doğma deyildi ona. Öz zir-zibilə bulaşmış vücudu lazımdı ona. Bədəni çəlimsizləşmişdi. Yoxluğunda arıqlamışdı. Çox arıqlamışdı. Yemək yeməmişdi. Su içməmişdi. Çapalayan toyuq kimiydi. Canının çıxmasını gözləyirdi. Və indi başı gəlib çıxmışdı. Ona baxırdı neçə vaxtdı. İndi hökmranlıq etdiyi bədənin də xəbəri yox idi heç nədən. Ondan ötrü çiynindəki baş elə özünküydü. Daha bilmirdi, öz əvvəlki başını vaxtilə üstündəki kəllənin sahib olduğu bədən məhv edib. Haradan biləydi? Əvvəlki başı yoxdu axı. Di gəl, öz qatili də tanımırdı onu. İndiki başı yoxdu axı. İki başsız bir-birinə baxırdı. Birinin başı o birinin bədənindəydi. Digərisə sadəcə duyurdu. Və bu məqamda, oxucunun ağlından çıxmış olsa da, mənim unutmadığım qızıl saatın çıqqıltısı eşidilir. Kişi yuxudan oyanıb eləmir. Bütün bunlar sadəcə bir saat zəngiylə bitəcək qədər sadə, bəsit hadisələr zənciri də deyildi. Kişi nəhayət sadəcə ağlamağa başlayır. Qollarından. Əllərindən. Ayaqlarından. Bədəni danışır. Qəlbiylə. Ürəyiylə danışır. O qədər sürətlə döyünür ki, deyirlər, həmin məqamdaca saata çevrilir. Saatın qızıl, ya gümüş olduğu bilinmir. Amma hekayənin adı belədir. Mənlik nəsə yoxdur. Nənəm ilk dəfə danışanda tərəddüd etmişdim inanmağa. Qəribə yuxu idi. Cəmi-cümlətanı 11 yaşım var mənim. Belə hekayələrə inanmaq üçün kifayət qədər böyükəm. Deyim ki, özümü heç vaxt uşaq bilməmişəm. Gözümü açandan böyüməklə məşğulam. Hekayədəki qədər mistik olmasa da, evimizdə babamdan qalma bir saat da var. Düzdür, babam yaşayır. Elə, saat da işləyir. Amma nə vaxt baxıram, əqrəbləri eyni dəqiqələrin üzərində var-gəl edir. Gah irəli, gah geri. Nəticə dəyişmir. O saatın zamanı həmişə eyni anlarda dolaşıb qalır. Hərdən düşünürəm ki, görəsən o saatın içindəki zamanla yaşasaydım, ölümsüz olardımmı? Bilmirəm. Hər halda bilmək də istəmirəm. Əsas odur, bizim saat işləyir. Babam yaşayır. Və o saat mənə miras qalıb...