Koşay (ikinci möcüzəm)
Dünyada elə sözlər var ki, onları başqa dilə çevirmək olmur. Çünki onlar bir məna, bir cümlə deyil, bir ömür daşıyırlar.
Ağ zanbaqlar ölkəsi Finlandiyada məşhur olan o söz — Sisu da onlardan biridir.
Mən bu sözü ilk dəfə eşidəndə, mənasını öyrənəndə təəccüblənmədim. Çünki mən o sözü artıq yaşamışdım. Onu çox əvvəldən tanıyırdım. Sadəcə, adını bilmirdim.
Bəzi hisslər var ki, onlar insanın həyatına sözdən əvvəl gəlir. Sən onları yaşayır, onlarla mübarizə aparır, bəzən onların altında əzilir, bəzən də onlardan daha güclü olursan.
Amma bir gün haradasa, başqa bir dilin içində, başqa bir xalqın yaddaşında həmin hissin adını tapırsan.
Sisu sözünü öyrəndiyim gün anladım ki, mən yeni bir söz yox, çoxdan yaşadığım hisslərin adını öyrənmişəm.
Doqquz ay boyunca hər dəfə güzgüyə baxanda orada gördüyüm qadını tanımaq getdikcə çətinləşirdi.
Bu, sadəcə dəyişən bir bədən deyildi.
Mənim tanıdığım qadın yavaş-yavaş o güzgüdən çəkilirdi. Onun yerinə hər gün bir az daha yorğun, bir az daha səssiz, bir az daha ağrıya öyrəşmiş başqa bir qadın gəlirdi.
Elə günlər olurdu ki, səhəri açmaq belə mənə böyük bir iş kimi görünürdü. Gözümü açanda ilk düşündüyüm şey günün necə keçəcəyi yox, onu necə başa vuracağım olurdu.
Bəzən bir neçə addımlıq yolu getmək belə mənə uzun bir səfər kimi gəlirdi. Bədənim ağırlaşdıqca nəfəsim qısalır, gecələr rahat yatmaq, səhərlər yataqdan qalxmaq, hətta yataqda o biri tərəfə çevrilmək belə öz-özlüyündə bir mübarizəyə çevrilirdi.
Ağrıların hamısını sadalamaq istəmirəm. Çünki bəzi ağrılar sözə çevriləndə kiçilirlər.
Mən isə onları kiçiltmək istəmirəm.
Çünki bu doqquz ay mənim üçün sadəcə ağrıdan ibarət deyildi. Ağrı ilə birlikdə gələn qorxu vardı. Yorğunluq vardı. Bəzən səbəbsiz yerə dolan gözlərim vardı. Heç kimə izah edə bilmədiyim o “artıq bacarmıram” hissi vardı.
Və ən çətini də bu idi: bütün bunların içində yenə də davam etməli idim.
Səhər açılırdı — mən qalxırdım.
Gecə düşürdü — mən yenə sabahı düşünmədən gözlərimi yumurdum.
Sabahın necə olacağını bilmirdim. Sadəcə, sabaha çatmalı idim.
Bəzən öz-özümə “bir gün də” deyirdim.
Bir gün də döz.
Bir gün də keçsin.
Bir həftə də keçsin.
Bir az da...
Çünki hər keçən gün məni sənə bir az da yaxınlaşdırırdı.
Bəlkə də məni ayaqda saxlayan yeganə şey elə bu idi.
Səni hələ görməmişdim. Üzünü bilmirdim. Əllərinin necə olacağını, nəfəsinin necə qoxuyacağını, ağlayanda səsinin necə çıxacağını bilmirdim. Amma bilirdim ki, bütün bu ağrıların sonunda sən varsan.
Sanki sən orada olduğun müddətcə mən də bir səbəbdən ayaqda qalırdım.
Bu doqquz ayda mən yalnız bətnimdə bir körpə böyütmədim, ruhumda açılan və dərin izlər qoyan yaralarıma rəğmən güclü bir qadın da doğuldu.
Bəzən dağıldım.
Bəzən ağladım.
Bəzən qorxdum.
Bəzən gücümün son həddinə çatdığımı düşündüm.
Amma yenə də ayağa qalxdım.
Çünki sən hələ gəlməmişdin.
Və mən səni gözləyirdim.
Həyatımın ən uzun, ən ağır, ən ağrılı ikinci gözləntisini...
Cəhənnəmin varlığına belə şübhə edən birinin yaşarkən iki dəfə cəhənnəmi yaşamağı yəqin ki, həyatın ironilərindən sadəcə biridir.
Amma həyat seçimlərdən ibarətdir, hər kəs sadəcə seçiminin gətirdiyi sonluqları yaşayır. Bu uzun və ağrılı yolu hər şeyi bilə-bilə seçdim. Bədənimin məni yarı yolda qoyacağını bilə-bilə, bütün varlığımın cəhənnəmin atəşində qovrulacağını bilə-bilə...
Bəzən sadəcə nəfəs almaq belə bir qələbəyə çevrilirdi.
Aldığım hər nəfəsdə həyata ikiəlli sarılırdım.
Ertəsi günü planlamırdım. Bəzən heç sabahı düşünmürdüm. Tək qayəm yaşadığım günü başa vurmaq idi.
Sonra bir gün daha keçirdi.
Bir ağrı daha.
Bir gecə daha.
Bir səhər daha.
Və mən hər dəfə özümə deyirdim:
“Döz. Bir az da.”
Bəlkə də Sisu elə həmin anlarda yaşayırdı məndə.
Sisu... Fin ruhu...
Sisu fəlsəfəsində deyilir ki, Sisu elə fin olmağın özü deməkdir. Məhz bundan irəli gəlir ki, özündə bir dünya, bir ömür ehtiva edən bu sözü başqa dillərə tam mənası ilə tərcümə etmək mümkün deyil.
Əslində, Sisu sadəcə söz deyil. Bu, bir həyat tərzidir. Elə bir həyat tərzi ki, burada təslim olmaq, vaz keçmək anlayışı yoxdur.
Sisu bütün çətinliklər, ağrı və mümkünsüz görünən maneələr qarşısında təslim olmamaq, daxili güc, əyilməz iradə və səbirlə mübarizəni davam etdirmək deməkdir.
Çoxları Sisunu güclü olmaqla əlaqələndirsə də, əslində mövzunun güclə heç bir əlaqəsi yoxdur. Yəni söhbət gücdən və ya güclü olmaqdan getmir. Burada söhbət dözümdən və iradədən gedir. Söhbət ölümü rədd etməkdən və nə qədər əlçatmaz görünsə də, yaşamaqdan vaz keçməməkdən gedir.
Haqqında onlarla film çəkilmiş, bir qəhrəmanlıq ifadəsinə çevrilmiş bu sözün dilimizdə tək sözlə qarşılığını tapa bilmədim. Amma Sisu-nu yaşayan insana bir ad verməli olsaydım türk dastanlarındakı alp Koşayı xatırlayardım. Türk mifologiyasında yenilməz qəhrəmanlara verilən bu adın, Sisu-nun qəhrəmanına çox uyğun olduğuna inanıram.
Açıqcası, bizim hekayəmizdə Koşay hansımız olduq, yaşadığımız bu cəhənnəm hansımızın Sisu-su idi, bilmirəm. Amma Allah şahiddir ki, bu, bir az cəsarətin, bir az dəliliyin, bir vaz keçməməyin və ölümə meydan oxumağın hekayəsi idi.
Həm də ikinci dəfə...
Və nəhayət...
Kiçik əllərin ovcumdadır.
Aylardır üşüyən ruhumu isidən o zəif nəfəs bütün varlığımı sarıb-sarmalayır.
Səni ömrümə yazana şükürlər olsun.
Biz bu savaşdan qalib çıxdıq.
Həyatındakı ən çətin və ağır Sisu-nun bu olması və artıq geridə qalması diləyi ilə...
Xoş gəldin həyatıma, oğlum.
10.09.2026