Məlikməmmədin quyudan üçüncü qıza yazdıqları
Zalım qardaşların yamanlığından,
İçimi yeyirəm gün boyu, ay qız.
Bir qadın bətninin qaranlığından,
Daha qaranlıqdı bu quyu, ay qız.
Divi almalıqda güddüyüm təki,
Yuxulu gözlərlə açılır səhər.
İndi mən yarama duz basıram ki,
Səni fikirləşim səhərə qədər.
Bu quyu kəsilmiş kəndir qoxuyur,
Qanayır köksümə batan xəyanət.
Sükut bu quyuda zildən oxuyur,
Burda ümidsizlik hər gün nəqarət...
İndi yorğun canım özümə sərhəd,
Yalandan deyirəm vecinə alma.
Mənə deyən lazım, ay Məlikməmməd,
Sevməli yaşında nə div, nə alma?..
“Qu” – dedim, quyuya atdılar məni,
“Qa” – dedim, qardaşlar qayıtmadılar...
Gedib yuxu kimi yatdılar məni,
Sonra birbirini ayıltmadılar.
Burda sənsizlədim, gümanım itdi...
Adamlar quyunu daşladı, ay qız.
Cavanlıq içimdə çürüdü getdi,
Qocalıq içimdən başladı, ay qız.
Quyuya hər gecə gümüş ay qonaq;
Hər gecə quyuya ulduzlar axır.
Quyu durbiniylə münəccim torpaq,
Mənim gözlərimdən göylərə baxır...
Qara xatirələr ağlanan kimi,
Çoxaldı quyuda sənin azlığın.
Ümidin gözləri bağlanan kimi,
Açıldı gözləri adamsızlığın...
Kaş külək olaydım, adam yox, külək
İndi mənim üçün külək – azadlıq...
Nə vaxtsa demişdin ağ qoç gələcək,
Min ilmi keçibdi? Bilmirəm artıq...
Qaranlıq, tənhalıq, soyuq və gecə.
Biryolluq gediblər bütün gedənlər.
Ədalət kəsilmiş kəndirdi, məncə,
İndi padşahdılar kəndirkəsənlər.
Burda can verirəm, ölmürəm, ay qız,
Bu quyu ümiddən, ölümdən kasıb.
Min ildi anlaya bilmirəm, ay qız,
Mənim bu nağılda nə divim azıb?!
Yaman üşüyürmüş adam adamsız,
Adamsız duyurmuş adam zamanı..
Canı şüşədəymiş divlərin, ay qız,
Bu quyu şüşədi, mənsə div canı...
Bir simurq lələyi yandır bu gecə,
Yoxdu bu quyuya gedib qayıdan...
Bu şüşə quyunu sındır bu gecə,
Mənim div canımı çıxart quyudan.
Göylərə baxıram ulduz sürüşmür...
Ölmürəm, uzanır bu dəhşət, ay qız.
Mənə üç almadan bir alma düşmür,
Yoxmuş bu nağılda ədalət, ay qız...