Şeir
Mən elə bilirdim, tez öləcəyəm...
nakam şairlər kimi...
Ya çinar kölgəsində acından
və ya asfaltın ortasında günvurmasından...
Puşkin kimi dueldə,
Bayron kimi döyüşün ortasında
malyariyadan ölmək imkanı yox idi bəlkə…
Orhan Veli kimi
hansısa qapağı açıq unudulmuş
kanalizasiya quyusuna düşüb
ölməkdən qorxurdum,
Əli Kərim kimi serrozdan...
Misalçün,
on doqquz yaşımın sonuncu günü
on ikini vurmasın deyə
saatın əqrəblərini tutub saxlamağa
çalışmışdım həyəcandan...
İyirmi doqquz yaşımda da...
Əslində iyirmi doqquz yaşımda da
eynisi olmuşdu,
amma sanki bir az toxdamışdım
dünyanın naz-nemətini daddığım üçün...
Mən elə bilirdim, tez öləcəyəm
nakam şairlər kimi,
amma qocaman şairlərin izilə gedib
ölümdən qorxmağa başladım
qırx yaşıma çatmamış…