Şeir

Necə ayrılaq?!

Biz necə ayrılaq payız qabağı
Sonuncu yarpaq tək titrək düşərik.
Küləklər sovurar dənizlərdəki
xoşbəxt dalğalara uzaq düşərik..

Büdrəyər ayağın gilavar kimi,
İçimdə sən boyda məskən dağılar.
Zümrüd rəngindəki ayrılıqları
Göz yaşı dadına salma, nə olar?!

Soyuq baxışların yandırar məni,
Nə mən çox qəddaram, nə sən utancaq.
Qəhvə gözlərinlə durub göz-gözə,
Kölgəm sinən üstə döşənər ancaq.

Mən belə adamam,bu cür.. üsyankar!
Yeni sirdaşınla könlün gülməsin.
Saxta nəfəsində gizli tut bizi.
Mənli keçmişini kimsə bilməsin.

Eşq birhecalı kəlmə kimidir,
Ayrı sətirlərə necə yazılar?!
Səni öz vüsalın əlimdən alsın,
İçimdə adına qəbir qazılar.

Banu Muharrem.