Bu rəfi mətnlə doldurduğuna görə təşəkkür — Orxan Cuvarlı.

Şeir

Növbə

Bir güllə sıxıram alnıma indi,
Biri də cibimdə növbə gözləyir.
Düzülüb sırayla bütün günahlar,
Hərəsi ayrı cür tövbə gözləyir.

Hər günah yaşayır öz taleyini,
Qoyma kimsə desin söz günahına.
Necə qoruyursan sənin olanı,
Elə də yiyə dur öz günahına.

Dayan, güzgüyə də bax arada bir,
Qorxma, güzgüdəki hələ özünsən.
Etdiyin yaxşılıq - mərhəmətindir,
Etdiyin günahlar - elə özünsən.

Hər oğrun günahın içində düzlük,
Hər doğru içində min günah yatır.
İndi icazənlə mən çıxım gedim,
İkinci güllənin növbəsi çatıb.