Ölmək yorulmaqdır...
***
Ölmək getmək deyil-
evdən, otaqdan, yataqdan.
Nəfəsi kəsilmək, ürəyi dayanmaq,
dünyanı bir adam boşaltmaq,
torpağı bir adam doldurmaq deyil.
Ölmək - yorulmaqdır:
evdən, otaqdan, yataqdan,
hər kəsə yetməkdən
hər yükü çəkməkdən.
Tünlükdə tək olmaqdan,
tez-tez küsüb,
kövrəlib dolmaqdan.
Ölmək - boğulmaq deyil suda,
düşmək deyil damdan.
Ölmək yorulmaqdır - adam olmaqdan
və adamdan...
***
Fevral-2026
Dünya dağılır, Ana,
şəhər-şəhər,
adam-adam,
yerbəyer:
göz yaşından sel gedir,
mən heç nə eşitmirəm,
duymuram.
Baxışların dünyanın sonudur,
gözlərində dağılır dünyam,
bitir həyat:
baxış-baxış, nəfəs-nəfəs.
Sən mənim azadlığımsan,
sənsizlik qəfəs...
Sən də qıyma dünyaya...
***
Mart – 2026
Sənsiz bir rəngi var
dünyanın, Ana:
bomboz.
İnanmırsan, qayıt gör.
Anasız qızların dünyaları da
saçları kimi dağınıq olur:
gəl saçımı dara hör...