Qoç əti
QOÇ ƏTİ
Arvad hövlanak içəri təpildi. Payızın soyuğunu qovmaq üçün qapını basdı. Həsənqulu kişi hələ də yorğanı başından atmamışdı. Arvad donmuş əllərini ovuşdura-ovuşdura çarpayıya yaxınlaşdı. Əl atıb yorğanı kişinin üstündən götürdü. Həsənqulu kişi ağ tuman-köynəkdə qaldı döşəyin üstündə. Beləcə, bir müddət arvadın sifətinə key-key baxdı. Səhərin şirin yuxusu pərvanə kimi başına dolansa da, kişi var gücünü toplayıb birtəhər ayıldı.
Handan-hana arvad yorğanı qucağından saldı yerə və kal səslə dedi:
- Yuxuda qalasan səni. Dur ayağa, qoç murdar olub…
- Nə dedin, az?!
Kişinin yanaqları səyridi. Çarpayıdan elə qalxdı ki, elə bil döyüşə gedirdi.
- Zəhrimar-çor deyirəm, belə qoç, qara qoç murdar olub…
- Bah, evciyyəzin yıxılsın sənin!
Kişi şalvarını əyninə taxdı, arvadla birgə tövləyə cumdu…
Qoç axta idi. Düz beş il idi ki, Həsənqulunun qoyunlarının içindəydi. Saxlayırdı ki, oğlu gələndə kəssin. Oğlu üç il idi ki, «sezona» getmişdi. Odessada idi. Elə hey yazırdı ki, hazırlaşın, gəlirəm. Amma hələ gəlib çıxmamışdı.
Ər-arvad dayanmışdılar tövlənin ortasında və key-key bir-birlərinə tamaşa edirdilər. Adətən, belə vaxtlarda qoyunu, ya keçini sürüyüb itin qabağına atardılar. Amma indi nə kişi, nə də arvad cınqırlarını çıxarmırdılar.
Qoç uzanmışdı tövlənin ortasında. Axşamdan öldüyündən cəmdəyi şişmişdi. Qoçun iri buynuzları onu daha da heybətli göstərirdi.
Həsənqulu kişi arvadı Əfşana, Əfşan arvad isə beşillik qoca baxırdı. Handan-hana Əfşan arvad dedi:
- Niyə durdun, ə?
Kişi papirosunu sümürüb asta-asta dilləndi:
- Day neyləyim, az? Dəsmal götürüb ağlamayacam ha?
Arvad bir az dala çəkildi. Ağlına gələn sözü birtəhər ötürdü. Amma, sözün rəngi çıxdı arvadın üzünə;
Həsənqulu kişi qoçun hərəsi bir qol boyda olan buynuzlarına baxırdı, yoxsa arvadın üzünə baxıb bu sözlərin rəngini oxuya bilərdi. Arvad axır ki, dözmədi:
- Uruslar, ermənilər, heyvanı qibləyə kəsmillər ki…
-Nolsun?
- Zəlimxan deyirdi ki, ya baltıynan vururlar, ya da bıçağı soxurlar qoltuğuna.
- Axı nolsun e, nolsun? Nə qarğadili söyürsən genə?!
Day arvad toxtamışdı. Bayaq udduğu sözləri geri qaytara bilərdi.
- Niyə durmusan, soy dərisini. Hayıfdı bu köklükdə heyvan. İndi beləsinə murdar demirlər. Otuzca-qırxca kilo əti var. Yaxşı pula gedər. Apar sat, beş-on manat qazanc olsun.
Kişi qulaqlarına inanmadı. Key-key soruşdu:
- Ağız, axı harda satım, kimə satım?
Arvad çökdü yerə, qoçun buynuzunu tumarlaya-tumarlaya dedi:
- Götür qəsəbəyə, düz Zeynəbgilə, ya da elə bazara apar; kim nə bilir, axı. Erməni, rus, müsəlman qarışıb bir-birinə, hamısı alacaq. Beşə vermə, dördə ver, xülasə, əti batırma. Axı, mən düz beş il bunun nazıynan oynamışam. Nənəsi ölmüş Zəlimxana qismət olmadı-olmadı, heç olmasa itə qismət olmasın.
Həsənqulu kişinin dizləri əsdi. Ürəyi üşüdü. İlahi, adamın ürəyi necə üşüyərmiş! Bu isti tövlədə, bu isti paltarda, bu isti bədəndə bu ürək niyə birdən-birə üşüdü? Kişi son qüvvəsini toplayıb qərarı kəsilmiş adamlar kimi zarıdı:
- Ay arvad, insaf elə, sinnimin bu sağında məni günaha batırma.
- Bilirik, bilirik. Sən imam övladısan… Daha neynək, sürü qoy Alabaşın qabağına!
Həsənqulu kişi əti çimçəşə-çimçəşə erkəyi soymağa başladı. Elə soyurdu, elə bil öz dərisini soyurdu. Heyvan o qədər yağlıydı ki, piyi bıçaqdan qaçırdı, surçub yerə tökülürdü və heyvanın belə yağlı olması Həsənqulu kişini yavaş-yavaş həvəsə gətirirdi.
Həsənqulu kişi Zeynəbgilin qapısını açanda nəvələri urrayla tökülüşdülər kişinin üstünə. Əlindəki bağlamanı qarmalayıb gətirdilər evin ortasına.
Armud, alma, qoz, fındıq, əyirdək, day nə bilim nə qədər naz-nemət töküldü ortaya. Zeynəb atasına yer göstərə-göstərə uşaqlara təpindi. Sonra atasıyla hal-əhval tutdu, anasını soruşdu. Zəlimxanın onlara məktub yazıb-yazmadığıyla maraqlandı və gətirib atasının qabağına boğmalı stəkanda çay qoydu. Həsənqulu kişi stəkanı kənara itələdi:
- Yox, dədə balası, bu cınqılıncana istikanı qoy o tərəfə, o mənə bir şey eləməz. Hələ bir az isti su qoy, bir də bir sabun ver, yuyunacam.
Həsənqulu kişi hamama girdi. Qapını arxadan bağladı. Yaxşı-yaxşı sabunlandı, yuyunub-yaxalandı. Və qurulanıb otağa qayıtdı, süfrə başına keçdi.
Zeynəbin dəmləyib iri stəkana süzdüyü çaydan doyunca içdi. Kişi çayı içdikcə uşaqlar stəkanları sayırdılar. Səkkizinci stəkanda xirtdəkləşdilər: biri dedi səkkizdi, o biri dedi doqquzdu. Həsənqulu kişi bığını tumarlaya-tumarlaya dedi:
- Dalaşmayın, a bala, hələ beş-altısın da içəcəyəm.
Uşaqlar şaqqanaq çəkib gülüşdülər. Zeynəb atasının qabağına iri bir boşqabda bozbaş qoydu.
Həsənqulu kişi «bəh-bəh» deyə-deyə bozbaşı özünə sarı çəkdi. Çörəyi xırdalayıb doğradı boşqaba və qaşıqla qarışdırdı, sonra ləzzətlə yeməyə başladı.
Zeynəb balondan çıxardığı pamidor turşusunu doğraya-doğraya dedi:
- Dədə, heç soruşmadım, xeyir ola, nəyə gəlmişdin?
Kişi heç bu suala hazırlaşmamışdı. İndi nə desin? Desin ki, «erkək əti satmağa gəlmişdim, özü də ət tamam yağ içində üzürdü»? Onda bəs qızı deməzmi ki, ay dədə, bu şəhər-bazar yerində sənin bir qızın var, o ətdən qızına niyə bircə kilo gətirmədin?
Yaxşı, bəs nə eləsin? Desin ki, ət murdar idi, ona görə gətirmədim? Xülasə, kişi ömrü boyu belə müşkül suala urcah olmamışdı. Bozbaşın yağlı bir tikəsi də boğazında qalmışdı, ötmək bilmirdi.
- Qızım…
Zeynəb gülümsündü, düzəltdiyi salatı dədəsinin qabağına qoyub dedi:
- Yaman xəsis olmusan, ay dədə. Onsuz da bilirəm ət satmağa gəlmişdin, özü də qoyun əti…
Kişi əlini bozbaşdan çəkib key-key baxdı qızının gözlərinə. Zeynəb atasının haldan-hala, rəngdən-rəngə düşdüyünü görüb peşman təhər oldu:
- Ay dədə, Zəlimxanın canı haqqı, elə-belə zarafat elədim. Sən allah, çörəyini ye. Qonşumuz o ətdən bizə də almışdı. Yediyin o ətdəndi, halalın olsun!..
1986