Şeir

Qocalar üçün tarix dərsi

Vaxt var idi, göz yaşı azadlıq simvoluydu:
vaxt var idi, yox idi qulun ağlamaq haqqı.

Nəysə... ruhu şad olsun aldığımız canların.
Heç çoxu içilmədi axıdılan qanların...
Ey bizim əsrimizin gözəllik salonları,
savaşda Janna Darkın saç düzümü necəydi?

Beyrəyin köynəyinin vardı yuyulmaq haqqı?

Döşünə döymədilər qürrələnən igidlər,
döydülər qaragözlü atlarının döşünə...
Sürtülməkdən zay oldu Pikassonun fırçası
Fəzlullah Nəiminin otuz iki dişinə.

Dünyanı anlamaqçün bax o topal Teymurun
axsaq ayaqlarıyla möhtəşəm yerişinə.

Və bu boyda can atma nəvazişə, tumara:
sığal haqqı boydadı bədənin şallaq haqqı.

Göy üzü ərşə qalxan əzablarla doludu.
Yer kəsilib atılmış əzalarla doludu:
Nil çayının sol qolu Babəkin sağ qoludu.
Tökür Kleopatra Ümid burnunun suyun
Lüdovikin üzülmüş Dardanel boğazına.

Bu dünyanın gərdişi pioner şeypuruyla
gör nə gözəl züy tutub Dədə Qorqud sazına.

Bəs oğlum Tural hanı... Qazılıq dağındadı,
gün gələr enər ordan Qazilik dağın tutar.
Savaşların mənası: bu qəsbkar vətənlər
öz oğlun basdırmağa özgə torpağın tutar.

Və tutar bulaq gözün tutulmuş torpaq haqqı.

O hansı ölüm idi – qapısı arxasında
bir kişini atının yəhərində gözlədən?
O hansı çılpaq idi – natəmiz əlləriylə
müqəddəs yerlərini ayıb sayıb gizlədən?

O təkgözlü əncirin necoldu yarpaq haqqı?!