Şeir

Soğan soya-soya ağlayan qadın

ömrün soğan kimi acıdı, acı.
Mələksən, qırılıb qolun-qanadın,
dərdi verən Allah vermir əlacı.

Gözündən süzülən yaşı kim silər?
«Göz yaşı» dediyin nədi?
Acı su.
Bir şirin öpüşlə başlar sevgilər,
Sonunda həmişə soğan acısı.

O öpüş yandırmaz dodaqlarını,
soyuyub od dolu o qucaq indi.
Sayar bircə-bircə barmaqlarını
hər gecə yuduğun qabqacaq indi.

Gələr «ər» dediyin hər gecəyarı,
bir qaşıq xörəyin baxmaz dadına.
Yuxuda dilindən qopan adların
biri də bənzəməz sənin adına…

Soğan soya-soya ağlayan qadın,
gözünün yaşını silə bilmərəm.
Neyləyim, mən sənə özgəyəm, yadam,
neyləyim, yanına gələ bilmərəm.

Bir sevgi gəzirəm dünyada mən də,
O sevgi hardadı?
Bilmirəm ancaq.
…Kim soğan soyacaq mənim evimdə,
Soğan soya-soya kim ağlayacaq?!..