Tanrı qadındır
TANRI QADINDIR — SEVGİNİN MAHİYYƏTİ HAQQINDA
Kalben
"Aslında hikâye şöyle; herkes sevdiğinin kahramanı olmak ister. Her şey sevgiyle ilgili. İnsan sevdiğini arar her zaman. Yollarda, sokaklarda, evlerde, her yerde."Kalben bu sözle hayatın özünün sevgi olduğunu, insanın içindeki arayışın aslında sevgiye ve sevilmeye duyulan saf özlemden kaynaklandığını anlatır
Yenə gəlib çıxdıq yağışlı, sentimentallıq dolu payız günlərinə…
Yuxarıda oxuduğunuz misralar Türkiyəli müğənni Kalbenə aiddir. Kalbenin introvert bir insan olması onun yaradıcılığından da yan keçməyib. Oxuduğu və bəstələdiyi mahnılarda emosionallıq, melanxoliya, özünüaxtarış vardır. Bütün bunların təzahür səbəbini isə sevgidə, sevib-sevilməkdə görməsi onun sevgi duyğusuna nə qədər önəm verdiyindən xəbər verir. Eyni zamanda, sevgiyə qarşı olan saf darıxmağı və intizarı da onun yaradıcılığında xüsusi yer tutur.
Kalben özündə həm adi bir insanı, həm də bu baxımdan hamını təsvir edən bir obrazdır. Yaxşı, bəs Kalben sevgiyə niyə bu qədər önəm verir? Daha doğrusu, Kalbenin obrazında biz insanlar üçün sevgi niyə bu qədər vacibdir?
Nədir bu sevgi ki, biz onun naminə sevib-sevilmək üçün dəridən-qabıqdan çıxırıq? Ən azından vaxtilə etmişik, yaxud gələcəkdə edəcəyik. Gəlin, sevgi duyğusunu birlikdə anlamağa çalışaq. Ən azından öz düşüncələrimi sizinlə bölüşüm bu yağışlı, romantik, melanxolik oktyabr günündə.
Mənə qalsa, hər şey sevgidən yaranıb — yaradılışın ən əvvəlindən.
Yaradan insanı torpaqdan yaratsa da, onun mayasında sevgi olub. Adəm və Həvva sevgidən yaranıblar. Sevgidə nəfs də rol oynadığına görə, zənnimcə, Adəmlə Həvvanın nəfsinə məğlub olmasının və Cənnətdən qovulmasının kökündə də sevgi dayanırdı. Yenə də hər şeyin doğrusunu bilən Allahdır.
Allahın sonuncu peyğəmbərini yaradaraq “Bütün aləmləri sənin şəninə yaratdım” deməsi də sevginin özüdür. O cür əzəmətli Allah Məhəmməd peyğəmbərə olan sevgisini ifadə etmək üçün, necə deyərlər, hər şeyi onun şərəfinə yaratdığını bildirir. İnsan isə yer üzündə Onun xəlifəsi seçilir.
Dərindən düşünəndə insan fərqinə varır ki, bütün aləmlərin Rəbbi bizim kimi adi, sıradan, günahkar bəndələrini Özünə xəlifə seçib. Bunun adı sevgidən başqa bir şey ola bilərmi?
Gördüyünüz kimi, sevgi bu qədər əzəmətə sahibdir. Buna görə də sevgini sadəcə kişi ilə qadın arasında yaşanan münasibət kimi qələmə vermək olmaz. Bu, sevginin böyük okeanındakı kiçik bir zərrədir.
Günümüzün reallığında sevgi sadəcə bir kişinin hansısa qadını sevməsidirmi, yoxsa tamam başqa bir şeydir? Bunu müəyyən etmək çətindir. Şablon olaraq “yox” cavabı verib sevgini vətənə, valideynlərə, dostlara, millətə, ölkəyə və sairəyə qədər uzatmaq olar.
Yaxşı, nədir bu sevgi ki, onun naminə əsrlərdir musiqilər, filmlər, şeirlər, romanlar, sənət əsərləri yaradılır?
Lazımdırmı ki, biz bütün enerjimizi, həyat məqsədimizi, yaşamaq həvəsimizi buna bağlayaq? Hansısa xanımın xoşuna gəlmək, yaxud hansısa bəyin bizdən xoşlanması bizim üçün dünyanın ən vacib işi olmalıdırmı?
Bəlkə də…
Bilmirəm.
Freyd sevginin alt qatında, şüuraltı səviyyədə şəhvət hissinin dayandığını deyirdi. Yəni bizi “sevgi” adı ilə hərəkətə gətirən şeyin əslində şəhvət olduğunu düşünürdü. Bu düşüncə tərzi uzun illər ərzində bir çoxları tərəfindən qəbul edilib və bu gün də həmin mövzuda fikirlər səsləndirilir, məqalələr yazılır.
Bir baxımdan bunun doğru olmaq ehtimalı var. Ona görə ki, kişilər sevdikləri qadının qəlbini qazanmaq üçün hər şeyi etməyə hazır olurlar: yaşamağa, uğur qazanmağa, yaşatmağa və hətta öldürməyə belə…
Eynilə, hansısa qadın da sevdiyi insana qovuşmaq üçün hər şeyi qarşısına almağa gücünün çatdığını hiss edə bilər.
Bunun adını sevgi qoyuruq.
Yaxşı, bəs bu, həqiqətən sevgidirmi, yoxsa sevginin kölgəsində gizlənmiş ehtirasdır?
Mənə qalsa, sevgi bir qədər də eqoizmdir — insanın özünü sevməsidir.
Özündə sevdiyin xüsusiyyətləri bir başqasında tapanda deyirsən: “Bax, budur! Axtardığım insan budur.” Ruh əkizi fəlsəfəsi də elə buradan yaranır. Sən öz ruhunu sevdiyin üçün ruhuna yaxın olan hər şeyi də sevirsən.
Məsələn, oxumağı sevdiyin kitabı görürsən ki, qarşındakı insan da oxuyur. Baxdığın filmləri izləyir, dinlədiyin musiqiləri dinləyir. Bu artıq səndə, necə deyərlər, eyforiya hissi yaradır. Aşiq olanda başının üstündə kəpənəklər uçduğunu hiss edirsən. İçində qəribə, xoş duyğuların yaratdığı bir titrəyiş başlayır.
Sən, əslində, bir başqasının ruhunda özünü sevməyə çalışırsan.
Bir başqasının daxilində özünü axtarırsan, özünü tapmağa çalışırsan.
Bəlkə də nə vaxtsa itirdiyin, sonra isə axtarmağa başlayıb tapa bilmədiyin özünü…
Bütün bunlar isə çox güman ki, gedib uşaqlığımıza dayanır.
Bir oğlan uşağının ilk sevdiyi qadın anası olur. Böyüdükcə anasına sığınır. Lakin zaman keçdikcə ondan bir qədər uzaqlaşmağa başlayır və həyatına başqa qadınlar daxil olur. Sonra aşiq olur, sevib-sevilmək cəhdlərinə baş vurur.
Bu cəhdlər bəzən uğurlu, bəzən isə uğursuz olur.
İnsan xoşbəxt olmaq üçün özünə oxşayan birini axtarsa da, zənnimcə, hər insan anasının ona olan saf, təmənnasız sevgisini axtarır. Həm də uşaqlığındakı özünü…
Belə bir deyim də var: “İnsanı anası kimi sevən olmaz.”
Burada bir qədər haşiyəyə çıxsaq, dini mətnlərdə keçən fikirlərə görə, Yaradan isə insanı anasından belə daha çox sevir.
Yazının sonlarına yaxın bunu deyə bilərəm ki, biz kişilərin həyat mübarizəsi həmişə sevdiyimiz qadın uğrunda olub.
Uşaqlıqda anamız üçün, yaşa dolduqca isə sevmək istədiyimiz, onunla birlikdə xoşbəxt olmağı arzuladığımız qadın üçün…
Bu baxımdan qadın çox böyük qüvvədir.
Hər şeyi onlar üçün etməyə çalışırıq. Bunu bəzən etiraf edə bilməsək də, həqiqət budur. Qazandığımız uğurlar, maddi və mənəvi zənginliklər, ağlınıza gələ biləcək bir çox şey — bütün bunları onların gözündə yüksəkdə olmaq üçün etdiyimizi düşünürük.
Bu baxımdan biz bəsit, onlar isə daha mürəkkəb varlıqlardır.
Yazının əvvəlində Kalbendən bəhs etdim. Onun misraları ilə başlamağım da təsadüfi deyildi. Çünki Kalben özünün qadın obrazında həm də bizə öz mahnıları ilə sevgini, sevib-sevilməyi ifadə edirdi.
Bu yazını xanımlara həsr edirəm.
Necə ki, Tanrı insanı və dünyanı yaradanda onların mayasında sevgidən istifadə etmişdi, bax, həmin sevginin özü qadındır; qadında təzahür edir.
⸻
Bir məşhur psixiatrın müsahibəsini izləyirdim. Pasiyentləri ilə bağlı maraqlı xatirələrini danışırdı.
Deyirdi ki, bir dəfə işlədiyi xəstəxanaya cavan yaşda ağlını itirmiş bir oğlan gətirmişdilər.
Çox sakit idi. Heç kimlə işi yox idi. Gün boyu çarpayıda sağ çiyni üstə uzanır, yanağını əlinin içinə alıb yalnız və yalnız bu cümləni öz-özünə pıçıldayırdı:
“Tanrı qadındır… Tanrı qadındır… Tanrı qadındır…”
Bəlkə də sevgi elə budur.
Bəlkə də insan ömrü boyu axtardığı Tanrını, uşaqlığını, özünü və itirdiyi məsumluğu başqa bir insanın gözlərində axtarır.
Bəlkə də bütün şeirlər, mahnılar, romanlar, müharibələr, qələbələr və məğlubiyyətlər bizi eyni sualın qarşısında saxlayır:
Sevgi həqiqətən nədir?
Bəlkə də bunun cavabını heç vaxt tam tapa bilməyəcəyik.
Amma insanın sevə bildiyi müddətcə yaşamağa davam etməsi də mümkündür.
Və bəlkə də buna görə…
Tanrı qadındır.
Rasim Əlizadə
Lənkəran, 06.10.2026, 19:17
…