Şeir

Tanrının dəfn günü

Ömür elə gödəlib ki,
adam yalanlarına boy atır...
Sən demə
sabahlar da Tanrının xəyanəti imiş, dostum.
... Nə ölümlər susdu
nə gülüşlər sonacan danışdı.
Ayaqlarında can verən
ağaclardan eşitdim..
bir qadın taleyi imiş
qatar yollarının azadlığı...

Darıxma,
güzgülər hələ yaddı öz kölgəsinə...
Bir azdan
yağışlar da üz çevirib gedəcək
unutduqlarına sarı,
bir azdan
sən də qoşularsan
payızdan sağ çıxmış pəncərələrə.

Yığ ovcuna
şəkillərindəki ayaq izlərini,
sabah Tanrının dəfn günüdü,
bir az gec oyanacaq.

Ayaqlarında can verən ağaclardan eşitdim...