Təzə ilin birində
Bax beləcə təzə ilin birində
Nə vaxt ki evlərdə adamlar xoşbəxt.
Analar yemək bişirir,
Uşaqlar otaqdan otağa qaçışırdı
Küçədə bir it görmüşdüm
Soyuqda qıvrılıb üşüyən.
Beləcə həmin günlərin birində
Uşağımı məktəbdən götürəndə
Valideyni gecikən uşaqlar
Necə baxırdı pəncərədən...
Bir də bir uşaq görmüşdüm
Kimsəsizlər evinin pəncərəsindən
Heç kəsi gözləməyən...
Beləcə köhnə illərin birində
Nənəm nöyüt lampasının işığında
Pomidor və xiyar doğramışdı
Duz tökmüşdü, başqa heç nə.
Biz onda çörəyi yeməyə yox
Nənəmin sevgisinə,
Nöyüt lampasının tüstüsünə,
Uzaqdan gələn it səsinə,
Batırıb yemişdik.
İt demişkən,
Bahalı itlər doğanda
Balalarını satırlar.
Hərdən adam
Anasından ayırılıb satılan
Həmin it kimi tək qalır.
Yad bir həyətdə
Həmin it kimi baxır,
Gecənin ən dibində
Küçə lampasına aydınlanan
Qar dənələrinə.
Həmin it kimi qorxur
Küçədən gələn söyüş səsinə.
Bir də bir uşaq görmüşdüm
Kimsəsizlər evinin pəncərəsindən
Heç kəsi gözləməyən...
Bax beləcə, təzə ilin birində
Üstünə təpinilən yetim uşaq kimi
Ağlamaq gəldi içimdən.