Şeir

Tezüşüyən

Mən sənin adının üçüncü hərfi,
Sən mənim adımın bütünü, tamı.
Sənsizmi keçəcək axşamtərəfi?
Sənsizmi qalacam payız axşamı?

Gözlərim gözünün həsrətindədi,
Əlim əllərini yada salacaq.
Yenə də xəyalmı qururam, nədi?
Mənə qalan yenə cibim olacaq.

Əlimdə həsrətdən donan şəkildi,
Yorğundu bu beyin düşünmək üçün.
Qışı gözləyirəm düz üç fəsildi,
Səni qucaqlayıb üşüməməkçün.

Özün yol üstəsən, gözlərində qəm,
Həsrəti daşıma qayığa qədər.
Məni tanıyırsan, tezüşüyənəm,
Gəl məni bağışla soyuğa qədər.