Hekayə

"Top"

Səməd bir siqaret yandırıb doqqaza çıxdı. Köhnə kötüyün üstündə oturub qoltuq əsasını sazlamağa başladı. Qazi idi, müharibədə top komandiri olmuşdu, döyüş zamanı SAĞ AYAĞINI İTİRMİŞDİ . Balaca oğlu Akif də yanında idi. Gah atasının Ağdamdan gətirdiyi balaca rezin topla oynayır, gah gəlib əsaya sığal çəkir, gah da atasından Qarabağda necə döyüşdüyünü danışmağını istəyirdi. Səməd də oğlunun gözlərinə baxıb gülümsəyirdi:

- MÜHARİBƏ BİTDİ, BALASI.

Yeni qonşu CİP maşını ilə həyətdən çıxdı. Məhlədə hamı ona "Krısa Mamed" deyirdi, keçmiş JEK müdiri idi. Maşından düşüb gəvəzə bir tərz alaraq, aralıdan maşının sağına, soluna keçib süzməyə başladı.
Balaca Akif topu havaya atdı. Top maşının şüşəsinə toxundu. Mamedin üzü zəhrimara döndü. Üzünü Səmədə tutub bağırdı:

- KÜÇÜYÜNÜ QIÇINA BAĞLA DƏƏ!

Səməd ixtiyarsız müharibədə itirdiyi ayağına baxdı, sonra balaca Akifin gözlərinə baxıb gülümsədi:

- MÜHARİBƏ BİTMƏYİB, BALASI!