Şeir

Yaşaya biləydim ölənə kimi

Təbiət baharın nəğməsində ram,
Bulaqda nanətək titrədi misram.
Min əldə əridi gör neçə mizrab,
Bir telin sirrini bilənə kimi.

Əllərim yetməyən hansı diləkdi,
Bircə təbəssümün mənə köməkdi.
Tələsən bənövşə bilsən nə çəkdi
Yaz onun hayına gələnə kimi.

Yaxşını yamandan seçir bu həyat,
Sən eşqə ümid ol, arzuya qanad.
Yamanlıq eyləyib ceyranı ağlat,
Timsahın yaşını silənə kimi.

Torpaqdan göyərdi eşqi insanın,
Bir gülə əyilsəm yüz yol inanın.
Amma bir bədxahın, bir bədgümanın
Xar oldum üzünə gülənə kimi.

Dostla loğmasını bölüb babalar,
Açıq süfrəmizdi bu ulu diyar.
Gərək qapımızı bağlayaydılar
Süfrəni ikiyə bölənə kimi.

Heç isti görmədim bir yad nəfəsdə,
Ürəyim, kamanı bu eldən istə.
Vətənin bir qarış torpağı üstə
Yaşaya biləydim ölənə kimi.