Yuva
Bir quşun budaqdan uçdu yuvası,
Əllərim o quşa indi yuvadır.
Ta mən də döymürəm yuva davası,
Bir quş qanadında yaşamaq olar.
Bütün dəbdəbələr xaraba qalar,
Dünyanın özü də bir xarabadır.
Bayquş deyiləm ki,
bu xarabada
Ulayım səhərdən-axşama kimi.
Ta canı, cəsədi vermişəm bada,
Bircə ruhum qalıb, onu götürüb
Göylərə gedirəm, sonsuz göylərə.
Bir vaxtlar çarmıxa çəkiləndə də
Göylərə baxırdım hey köks ötürüb.
Əzəldən vurğunam onsuz göylərə.
Hər şeyi qoymuşam yerdə, hər şeyi,
Ovcumda bir mismar deşiyi qalıb.
Bir quş da hər şeyi qoydu mənimtək,
Onun da dünyada hər şeyi qalıb.
Bir quş əllərimdə yaşayır mənim,
Bir quş qanadında yaşayıram mən.
Quş mənə yuvadır, mən quşa yuva,
Gör necə uçur ey bu qoşa yuva.
Göylərə gedirik, sonsuz göylərə,
Əzəldən vurğunuq onsuz göylərə.