Müsahibə

Hikmət Orhun: Şeir şüur axınıdır, proses deyil

Paranoya

Salam, Hikmət bəy. Modern ədəbiyyat portalı olaraq sizinlə söhbət etməkdən məmnunuq. Şeir yazmaq prosesində ilhamın mənbəyi kimi sosial reallığı, yoxsa daxili dünyanızın tənhalığını əsas götürürsünüz?

Hikmət Orhun

Salam, birinci oradan başlayaq ki, şeir yazmaq proses deyil, şüur axınıdır, iş-peşə deyil. Şairlik peşəyə çevriləndə şeir yazmaq prosesə çevrilir. Mən masa arxasına şeir yazmaq üçün oturmuram, ümumiyyətlə şeirlərimin doxsan faizini telefonda yazıram. Qaldı sualınızın ikinci hissəsinə, o məsələdə konkret bir şey demək mümkün deyil, çünki mənə nə təsir edirsə, o gec, ya tez şeirə çevrilir; bu sosial reallıq da ola bilər, daxili dünyamla bağlı hər hansı bir məsələ də ola bilər.

Paranoya

Şeirin proses deyil, şüur axını olduğunu və telefonda yazıldığını vurğuladınız. Həmin o şüur axını ekrandakı parıltı ilə toqquşanda daxili səsiniz hər hansı senzureyə məruz qalırmı, yoxsa rəqəmsal mühit yaradıcılığınızı daha da sərhədsizləşdirir?

Hikmət Orhun

Mən şeirlərimi hər hansı bir şəkildə senzuraya məruz qoymuram. Şeirin nə ilə yazılmasından asılı olmayaraq oradakı fikir doğulmalıdırsa, doğulmalıdır. Kağız daşıyıcıda, ya elekton hər hansı bir cihazda yazılması heç nəyi dəyişmir.

Paranoya

Hikmət bəy, fikrin doğuluşunda hər hansı bir məhdudiyyətin olmadığını qeyd etdiniz. Bəs, şeir sizin üçün düşüncənin süzgəcdən keçirilmədən birbaşa xaricə çıxışıdır, yoxsa bu şüur axınını yazıya köçürən zaman dilin özünün qoyduğu daxili sərhədlərlə hesablaşırsınız?

Hikmət Orhun

Şeir öz dilini yaradır, düşüncəni senzuraya məruz qoymadan süzgəcdən keçirmək lazımdır. Sözsüz ki, ilk olaraq şeirin o ankı havası necə tələb edirsə, elə o cür də yazıb üzərindən bir müddət keçəndən sonra yenidən oxuyanda daha yaxşı başa düşürsən o yazdığın mətndə nəyi saxlayıb-saxlamamalı olduğunu...

Paranoya

Hikmət bəy, şeiri yazıb müəyyən müddət sonra ona kənardan baxarkən, o anın tələbi ilə yazdıqlarınızı redaktə etmək həmin ilkin şüur axınının orijinallığını zədələmirmi?

Hikmət Orhun

Zədələyə bilər. Zəruri xırda-para dəyişikliyə ehtiyac olmadıqca əksərən əlimi də vurmuram. Çox dəyişiklik etmək ehtiyacı yarananda isə o mətni "Google drive"ın "zibil qabı"na atıram.

Paranoya

Hikmət bəy, orijinal şüur axınını zədələməmək üçün mətni bütöv şəkildə «zibil qabı»na atmağı seçməyiniz, mükəmməliyyətçilikdən irəli gəlir, yoxsa o anki səmimiyyətin itirilməsinə qarşı qoyduğunuz bir səddir?

Hikmət Orhun

İlkin mətnə mükəmməliyyətçi zehniyyətlə həddən artıq müdaxilə edəndə o ankı səmimiyyətin itirilməsinə səbəb olur. Bu da o mətni gözümdən salır. Mənim elə çox şeirim var.

Paranoya

Hikmət bəy, gözünüzdən düşən və «zibil qabı»na göndərdiyiniz o mətnlər sizin üçün sadəcə uğursuz təcrübələrdir, yoxsa yaradıcılıq yolunuzda keçmiş özünüzlə olan bir növ hesablaşmadır?

Hikmət Orhun

Özünə kənardan baxışdır. Mən şeirlərimi Azərbaycan ədəbi mühitində çox populyar olan bir ifadə ilə desək, uzun müddət "islağa qoyub" başqasının mətni kimi oxuya bilirəm. Bu zaman da rahatlıqla məni qane etməyən mətndən ürəyim istəyən kimi imtina, yaxud əzizləyib harasa təqdim edə bilirəm.

Paranoya

Hikmət bəy, öz mətninizə kənardan baxıb onu başqasının əsəri kimi dəyərləndirərkən, obyektivlik hissinin sizin şairlik eqonuzla toqquşduğu anlar olurmu?

Hikmət Orhun

Ola bilməz ki, olmasın. Amma çalışan qədər soyuq başla oxumağa çalışıram və qərar verəndən sonra bir daha o məsələyə qayıtmıram.

Paranoya

Hikmət bəy, qərar verib mətnlərdən imtina etdiyiniz o anlarda, şairin yaradıcılıq eqosu ilə soyuq məntiqi arasındakı bu gərginliyi həll etmək üçün özünüzə qoyduğunuz qızıl bir qayda varmı?

Hikmət Orhun

Qayda odur ki, oxucuya təqdim etdiyim mətni haçansa oxuyanda məni utandırmamalıdır. Amma bu gün Azərbaycan ədəbi mühitində mətninə yerinə utandığım çox adam var.

Paranoya

Hikmət bəy, «məni utandırmamalıdır» deyərək öz mətninizə qoyduğunuz bu mənəvi sədd, sizcə, yaradıcılığınızın üslubunu və seçdiyiniz mövzuları məhdudlaşdırır, yoxsa əksinə, sizin üçün əsl azadlıqdır?

Hikmət Orhun

Bu, "filankəs oxuyub nə deyər" məsələsi deyil, əksinə yazılandan bir müddət sonra yenidən üzərinə qayıdıb oxuyanda "bu nədir yazmışam" deyirəmsə, oxucunu aldatdığımı, yazdığım şeyin "xaltura" olduğunu başa düşürəm. Biz sovet dövründə yaşamırıq ki, yazdığımız mətn bizə katibə, maşın, şofer qazandırsın. Az, amma saz yazmaq daha yaxşıdır. Kitabın dəyərini onun qalınlığı deyil, içindəki mətn artırır.

Paranoya

Hikmət bəy, «xaltura» ilə əsl ədəbiyyat arasındakı o görünməz sərhədi müəyyən edərkən, sizin üçün mətnin dəyərini təyin edən əsas meyar dilin kəsəri, yoxsa qələmə aldığınız duyğunun səmimiyyətidir?

Hikmət Orhun

Yuxarıda da dediyim kimi, şeir öz dilini yaradır. Biz "Kirpi" jurnalına məqalə göndərmirik ki, dilimizin kəsəri olsun? O ankı əhval-ruhiyyə necədirsə, şeirin səmimiyyətinə də təsir edə bilir. Mən yaxşı şeirlərimin əksəriyyətini kəskin stress altında olanda yazmışam. Bu da çoxunda özünü göstərir. Beynim rahat, cibim dolu olanda şeir yaza bilmirəm. Bu söz o cür də başa düşülməsin ki, mən "şair ac olar" fikrini müdafiə edirəm. Qətiyyən. Sadəcə mənim kasıb günlərimin sayı dolana bildiyim günlərin sayından çox olub. Misal üçün, son dövr demək olar ki, yazmıram, çünki borclarımın bir hissəsini bağlamışam.

Paranoya

Hikmət bəy, yaşayış tərzinizin sabitləşməsi ilə yazı prosesinizin dayanması arasında bir əlaqə qurursunuzsa, bu, şairin yaradıcılıq enerjisinin yalnız narahatlıq və ya çətinliklər üzərində bəsləndiyini düşünməyinizdənmi irəli gəlir?

Hikmət Orhun

Düşünürəm ki, insan narahat olmasa yaza bilməz. Bu narahatlıq və sizin dediyiniz kimi, çətinlik birbaşa yazdığınız mövzu ilə birbaşa bağlı olmaya da bilər, amma həyat sizi o qədər doldurmalıdır ki, yazmaya bilməyəsiniz. Yazdıqca da görürsünüz, yaşadığınız narahatlıq və çətinliklər boşuna deyilmiş və mətnin ortasında özünü biruzə verir.

Paranoya

Hikmət bəy, yaşayışın sabitləşməsi ilə yaranan bu susqunluq dövrünü yeni bir yaradıcılıq impulsunun yetişməsi üçün zəruri olan "daxili dolma" mərhələsi kimi görürsünüz, yoxsa şeirin sizin üçün artıq bir ehtiyac olmaqdan çıxdığını düşünürsünüz?

Hikmət Orhun

Şeir ehtiyac olmaqdan çıxa bilməz, çünki biz yaradıcı adamlar hər nə qədər bəzən cığallıq edib "daha yazmayacam" desək də, bunun mümkün olmadığını bilirik. Sadəcə "daxili dolma" mərhələsi keçmədən nəsə yazmağın "zorən şairlik"ə aparıb çıxaracağını bilirəm, ona görə də təbimi dincə qoymuşam.