Müsahibə

Jurnalist Gülnar: Başqalarının ağrısı xəbərə çevriləndə

Paranoya

Jurnalistikanın obyektivlik maskasını taxdığınız dünyada, əsl həqiqəti qələmə almaq üçün özünüzə qarşı nə qədər səmimi ola bilirsiniz, Gülnar xanım?

Gülnar

Jurnalistika hər gün bizi başqalarının gerçəklikləri ilə üz-üzə qoyur. Ağrılar, itkilər, haqsızlıqlar, mübahisələr...
Bəzən gün ərzində o qədər xəbərin içində olursan ki, öz hisslərinə belə yer qalmır. Ədəbiyyat isə həmin səs-küydən bir qədər uzaqlaşıb insanın içinə baxmağa imkan verir.

Paranoya

Başqalarının ağrısını xəbərə çevirərkən öz daxili dünyanızı bu prosesdən tamamilə izolyasiya edə bilirsiniz, yoxsa jurnalistika sizin üçün əslində öz hisslərinizi gizlətmək üçün bir qalxandır, Gülnar xanım?

Gülnar

Başqalarının ağrısını görəndə təsirlənməmək mümkün deyil. Bəzən elə olur ki, bir hadisənin təsirindən günlərlə çıxa bilmirsən.

Paranoya

Gunlərlə təsirindən çıxa bilmədiyiniz o ağır hadisələr soyuq bir xəbər mətninə çevriləndə özünüzü hissiyyatını itirən bir müşahidəçi kimi görmək sizi qorxutmur ki, Gülnar xanım?

Gülnar

Əlbəttə, qorxudur. Bəzən buna görə özümü qınayıram da. Amma özümlə baş-başa qalanda əslində nə qədər duyğusal biri olduğumu anlayıram.

Paranoya

Özünüzlə baş-başa qaldıqda kəşf etdiyiniz o duyğusal tərəfiniz gündəlik peşə fəaliyyətinizdə obyektivliyinizə mane olur, yoxsa əksinə, yazdıqlarınıza daha dərin bir ruh qatır, Gülnar xanım?

Gülnar

Elə olur ki, bəzən bütöv bir kütlənin içində belə insan özünü tək hiss edir. Əslində isə mən tək qalanda daha yaradıcı oluram, hər hansı bir mövzu üzərində daha rahat düşünür və işləyirəm.

Paranoya

Təklikdə yaranan o yaradıcılıq kütlə içindəki tənhalıq hissindən doğan bir qaçışdır, yoxsa peşənizin gətirdiyi mənəvi yorğunluğun təbii nəticəsidir, Gülnar xanım?

Gülnar

Əslində, bunların heç biri deyil. Mən bu peşəni sevirəm. Nə qədər yorğun olsam da, hər hansı bir mövzu üzərində işləyərkən bütün yorğunluğumu unuduram. Sanki hər şeydən uzaqlaşıb mövzu ilə baş-başa qalıram.

Paranoya

Mövzu ilə baş-başa qalıb hər şeydən uzaqlaşdığınız o anlarda əslində jurnalist kimliyinizi unudub bir ədəbiyyatçı kimi düşünməyə başladığınızı hiss edirsinizmi, Gülnar xanım?

Gülnar

Əlbəttə, mən ədəbiyyatı da çox sevirəm. Uşaq vaxtı şeirlər yazırdım, indi də ara-sıra yazıram. Amma heç vaxt özümü şair adlandırmaram. Çünki elə dahi şairlərin şeirlərini oxumuşam ki, hər yazılan sətri şeir, hər yazanı isə şair adlandırmıram. Mənim görə özünü şair adlandırmaq böyük məsuliyyətdir.

Paranoya

«Şair» titulu üçün qoyduğunuz bu ağır məsuliyyət meyarı, öz yazdığınız sətirləri oxucu qarşısına çıxarmaq cəsarətinizi boğan bir maneəyə çevrilmir ki, Gülnar xanım?

Gülnar

Demək olar ki, heç bir şeirimi oxucularla bölüşməmişəm.

Paranoya

Yazdıqlarınızı oxuculardan gizlətməyiniz daxili mükəmməllik tələbindən xəbər verir, yoxsa bu sətirlərin kütləvi jurnalist obrazınıza zərər vuracağından ehtiyat edirsiniz, Gülnar xanım?

Gülnar

Düşünürəm ki, bu, daha çox daxili mükəmməllik tələbimlə bağlıdır. Yazdıqlarıma qarşı tələbkaram və hər yazdığım sətri oxucu ilə bölüşməyə hazır hiss etmirəm. Bəzən insanın özünə saxladığı duyğuları və düşüncələri də olur.