Redaktor masasında mətnin və dilin anatomiyası
Xoş gəlmisiniz. Bura «İstedadsızların qorxduğu yer»dir. Mirçingiz bəy, redaktor masanızın üzərindəki mətnləri təmizləyərkən, ilk növbədə müəllifin səmimiyyətinə, yoxsa dilin texniki imkanlarına üstünlük verirsiniz?
Salam! Təbii ki, səmimiyyət, orijinallıq, özünəxaslıq önəmlidir. Amma dilin texniki imkanları şikəst qoyulubsa, belə mətnin müəllifini "orijinal mişar"lığından ötrü tərifləyə bilmərəm. Dilin imkanları fərdi imkanların sərhəddidir. Onları qorumadan öz üslubunu bəlkə də yarada bilərsən. Fəqət yaşatmaq? Əsla...
Mirçingiz bəy, dilin texniki imkanlarını qoruya bilməyən bir müəllifin səmimiyyəti və orijinallığı, sizin redaktənizdən sonra sadəcə sizin dil biliklərinizin bir nümayişinə çevrilmir ki?
Əlbəttə yox. Çünki üslub cümlə kimidir. Texniki imkan isə əlifbanı xatırladır. Müəllim bizə yazmağı öyrədir. Yazacağımız mətnin müəllifi isə yenə də özümüz oluruq. Odur ki, redaktə zamanı orijinal mətnin ruhuna toxunmuram. Bunu hətta semantik korrektə də adlandırardım. Redaktorun nə olmayan mənanı yaratmaq kimi öhdəliyi var, nə də haqqı. Bu, kifayət qədər təhlükəli riskdir. Biznes müstəvisində belə məqamları "neqativ risk" adlandırırlar.
Mirçingiz bəy, «semantik korrektə» dedikdə müəllifin özünün belə dərk etmədiyi alt qatları üzə çıxarmağı, yoxsa müəllifin ifadə etmək istəyib də bacarmadığı mənanı sizin öz mətninizlə tamamlamağınızı nəzərdə tutursunuz?
Əgər müəllif fikrini tamamlamağı ağlından belə keçirməyibsə, çox yəqin, yarımçıq qismi heç mən özüm də tamamlamayacam. Çünki sonluğu gətirilməyən cümləyə nöqtə qoymaq məsuliyyətdir. Əgər müəllif özü yazdığı fikrin məğzini aydınlaşdıra bilmirsə, mənim bir redaktor kimi sözügedən mətndə yeni çalar yaratmağım həmmüəlliflik iddiasıdır. Uzaq başı, müəllifin dərk edib açıqlamağa nail olmadığı qatları - o da hələ əgər varsa! - üzə çıxararam. Ancaq yenə də müəllifin özüylə məsləhətləşmək şərtilə.
Mirçingiz bəy, əgər müəllifin dərk etmədiyi qatları üzə çıxarmaq üçün onunla məsləhətləşirsinizsə, bu prosesdə redaktorluq funksiyanızın bir hissəsini müəllifin özünə həvalə edərək, ədəbi mətnin bütövlüyünü risqə atmırsınızmı?
Əlbəttə yox. Axı, redaktor müəllif deyil. Cümlə canlıdır. Onun növünü, cinsini, formasını, hətta ruhunu da lazım gəlsə, öz yaradıcısından maraqlanmaq lazımdır. Belə məqamda özümü dayə kimi görürəm. Mən uşağa baxmalıyamsa da, onun əsasən nəyi sevib-sevmədiyini anasından soruşardım. Hər halda bunu dayəliyi riskə atmaq hesab etmiriksə, deməli, digər variant da təhlükəsizdir. Məqsəd ortaya kifayət qədər ciddi, uğurlu və aydın əsər çıxarmaqdırsa, redaktor və müəllif bəzən hətta çiyin-çiyinə də savaşmalı, yazışmalıdır!)
Mirçingiz bəy, «İstedadsızların qorxduğu yer»də redaktorun dayə, müəllifin isə ana obrazında çıxış etdiyi bu əməkdaşlıq modelində, əsərin son variantı üçün məsuliyyəti kimin daşıdığını iddia edərdiniz?
Məsuliyyət parçalanır. Yekun məsuliyyət həmişə müəllifə aiddir. Bir halda ki, redaktor mətnin yazarına qondarma, ona aid olmayan öhdəlik yükü yaratmasın, uydurmasın. Mətni mürəkkəbləşdirməsin. Bir növ, yağı kəsdikdə altından pendir çıxmasın. Armud ağacının kölgəsində elə armud yığılsın. Bircə dənə istisnanın olması redaktoru ciddi məsuliyyət yükünün altına salır çünki. Ya var olanı izah et, ya da çəkilib kənarda dur.
Mirçingiz bəy, armud ağacının kölgəsində armud yığmaq üçün müəllifin mətni ilə redaktorun müdaxiləsi arasında yaranan bu fikir ayrılığı zamanı, sizcə, mətnin təbiətinə zərər verən amil müəllifin bacarıqsızlığıdır, yoxsa sizin redaktorluq təcrübənizin yaratdığı gözləntilərdir?
Hər ikisi ola bilər. Ancaq əksər hallarda məqsədli yazıçı redaktorla anlaşır. Elə, redaktorun özü də yazıçını dərhal, havadaca qamarlayır. Sözün yaxşı mənasında. Ortada ciddi bir fikir varsa, redaktorun müdaxiləsi maksimum doğuş əsnasında anaya edilən köməkdir. Vəssalam.
Mirçingiz bəy, doğuş əsnasında edilən köməyin uşağın həyatını xilas etdiyi bir məqamda, bəzən həmin müdaxilənin əsərin orijinal "yabanılığını" və mətnin təbii qüsurlarını məhv edərək onu steril, lakin ruhsuz bir məhsula çevirdiyini düşünürsünüzmü?
Mətnin təbii qüsurları əgər üslubdan qaynaqlanmırsa və onlar aradan getdikdə mətn ruhsuz görünürsə, təəssüf edirəm, ancaq o əsər deməli, əvvəldən ruhsuz imiş. Nümunəniz mənə səsi olmadığı halda ağzını əyib avazla oxumağa çalışan bəzi müğənnilərimizi xatırlatdı. Yazıçılıq səhvlərin cəmi deyil. Yazıçılıq səhvlərin də orijinal dəsti-xəttin içində rola sahib olacaq qədər düzgün istifadə olunmasıdır. Yoxsa hər səhvi bədii ruha calamaq adamı ruhi xəstəyə çevirər.
Mirçingiz bəy, qüsurları «dəsti-xəttin bir parçası» kimi dəyərləndirən bir redaktor olaraq, bir mətnin hansı həddə qədər «orijinal səhv» kimi qorunmalı, hansı həddə qədər isə «qüsur» kimi cərrahi müdaxiləyə məruz qalmalı olduğunu hansı meyarlarla ayırırsınız?
Misal üçün, təkrarlar. Bu üslubu həm tərcümə mətnlərində, həm də yerli müəlliflərimizin əsərlərində görmüşəm. Bəzən eyni sözü təkrar-təkrar, bir-birinin ardınca oxuyuram. Amma baxıram ki, təkrarçılıq yazıçının özündən qaynaqlanır. Bədahətəndir. Adamın kifayət qədər söz ehtiyatı var. Ancaq üslubunu belə yaradıb. O zaman, müdaxilə etməməyə çalışıram.
Mirçingiz bəy, təkrarçılığı yazıçının bədahətən yaratdığı bir üslub kimi qəbul edib toxunmamağınız, həmin təkrarın oxucuda yaranan yorğunluq hissini və mətndəki tempin süni şəkildə ləngiməsini nəzərə almadığınız anlamına gəlmirmi?
Bu artıq oxucu və yazıçı arasındakı problemdir. Mən uğursuz yazıçıdan zorla sevimli müəllif yarada bilmərəm. Heç belə niyyətim də yoxdur. Bir dəfə deyərəm, iki dəfə deyərəm. Üçüncü dəfə heç özüm də oxumaram!)
Mirçingiz bəy, üçüncü dəfədən sonra oxumamaq qərarını verdiyiniz bir mətnin redaktəsinə davam etməyiniz, «İstedadsızların qorxduğu yer»in prinsipləri ilə nə dərəcədə uzlaşır?
Oxumadığım mətni niyə redaktə edim ki? Deməli, uzlaşmayan cəhət də qalmır!
Mirçingiz bəy, əgər üçüncü dəfədən sonra oxumamaq qərarı verdiyiniz mətnin üzərində işi yarımçıq dayandırırsınızsa, bu addımınızın müəllifin yaradıcılıq prosesinə vurduğu zərbəni necə qiymətləndirirsiniz?
Hər halda qərar vermədən redaktəyə başlamıram. Bəzən eyni əsəri təkrar-təkrar, dəfələrlə oxuyur və yalnız bundan sonra redaktə edib-etməyəcəyimi müəyyənləşdirirəm. Əks halda, müəllifə haqsızlıq etmiş olaram. Özü də təkcə müəllifə yox, onun çoxsaylı oxucularına da...
Mirçingiz bəy, «oxucularına haqsızlıq etməmək» üçün bir əsəri redaktə etməkdən imtina etməyiniz, sizin üçün ədəbi meyarların müəlliflə olan şəxsi münasibətinizdən daha üstün olduğunu göstərmirmi?
Əlbəttə elədir. Şəxsi meyarları peşəkarlıqla əlaqələndirmirəm. Kimisə çox istəyə bilərsən. Kimsə sənin kumirin ola bilər. Ancaq həmin kimsə eyni zamanda çox uğursuz müəllif adına layiq də ola bilər. Bəli, mən doğmalıq, dostluq naminə ona bacarıqsızlığını xatırlatmaram. Heç vaxt üzünə vurmaram ki, əbəs yerə çalışır. Fəqət yalandan tərifləmərəm də. Axı, tarix hamının dəyərini zamanla verir. Layiq olduğu müstəvidə... hamının!