Vüsal Mehrəliyev: Əsas mətndir, aktyor isə icraçıdır
Salam. Vüsal bəy, teatr səhnəsində rejissor yozumu ilə aktyor ifasının toqquşduğu o həssas məqamda, sizcə, mətnin ruhunu qorumaq üçün hansı tərəf daha çox güzəştə getməlidir?
Mətnin ruhunu qorumaq üçün hər iki tərəf güzəştə getməlidir. Əsas mətndir, mətn yoxdursa, tamaşa da yoxdur. Kimsə deyə bilər ki, bəs pantomima, balet necə? Onların da icra etdiyi hərəkətlər pantomimanın və ya baletin mətnidir.
Vüsal bəy, hərəkəti də mətn kimi dəyərləndirirsinizsə, yazılı sözün rejissor yozumu qarşısında aciz qaldığı, yerini tamamilə jestə və sükuta verməli olduğu sərhəd hardan başlayır?
Mənə elə gəlir ki, mətn heç vaxt rejissorun qarşısında aciz qalmır. Bir səhifəlik mətni plastik həllə çevirmək olar. Bir şərtlə: həmin plastik hərəkətllər mətni tam izah edə bilsin. Hansısa tamaşada, rejissor yozumundan asılı olaraq, mümkündür ki, söz emosiyaları ifadə etmək üçün yetərsiz olsun (mütaliə üçün normaldır, amma qurulan tamaşanın vizual ifadəsi üçün kifayət etmir). Vizual hərəkətlər müəllifin yazdığı mətnə tam uyğun olmalıdır. Deyilsə, mətndən zəifdirsə və ya mətni aça bilmirsə, onlara ehtiyac yoxdur. Bu zaman mətni olduğu kimi saxlamaq lazımdır, vəssalam!
Vüsal bəy, sözün emosiyanı ifadə etməkdə aciz qaldığını və vizual həllin önə çıxdığını qeyd etdiniz. Bəs rejissor kimi səhnələşdirən zaman, yoxsa aktyor kimi ifa edən zaman mətnin vizual hərəkətə çevrilməsi prosesində hansı tərəfiniz daha çox müqavimət göstərir?
Əlbəttə ki, rejissor tərəfim. Aktyor - icraçıdır!
Vüsal bəy, aktyoru sadəcə icraçı kimi görmək onun səhnədəki yaradıcı azadlığını və mətni özününküləşdirmə imkanını məhdudlaşdırmır ki?
Xeyr. İstənilən halda, aktyor icraçıdır. O, müəllifin, rejissorun, səs rejissorunun, quruluşçu rəssamın, işıq üzrə rəssamın çərçivəsində fəaliyyət göstərir. İcraçı olmaq onun peşəsidir. Gələcək tamaşanın bütün detalları, eləcə də aktyorun ifa üslubu, stili, janr rejissor tərəfindən əvvəlcədən düşünülür. Rolun hansı aktyora veriləcəyi və onun bu rolun öhdəsindən necə gələcəyi rejissordan asılıdır. Aktyor peşəsinin böyüklüyü, möhtəşəmliyi də ondadır ki, bu çərçivələrin daxilində öz şəxsi yaradıcılığını yüksək peşəkarlıqla nümayiş etdirsin.
Vüsal bəy, aktyorun bütün bu sərt rejissor və texniki çərçivələr daxilində nümayiş etdirdiyi özəl yaradıcılıq, sizcə, rejissor ideyasının sadəcə dəqiq illüstrasiyasıdır, yoхsa mətni yenidən yaradan müstəqil bir sənət aktı?
İlk növbədə müəllifin, sonra rejissor ideyasının illüstrasiyasıdır və belə də olmalıdır. İstənilən halda, səhnədə müəlllifin mətnini, rejissorun ideyasını fiziki, psixi, mənəvi olaraq biz aktyorun ifasında görürük. Ona görə də bunu müstəqil yaradıcılıq aktı hesab etmək olar. Unutmaq olmaz ki, ilk növbədə, müəllif var və bu müəllifin əsərini səhnələşdirən rejissordur.
Vüsal bəy, aktyorun ifasını eyni zamanda hem başqasının ideyasının illüstrasiyası, həm də müstəqil yaradıcılıq aktı sayırsınızsa, səhnədə bu iki anlayış toqquşanda hansı tərəf həqiqi sənət nümunəsinə çevrilir?
Bu, mümkün deyil. Müəllifin, rejissorun və aktyorun sənət istiqamətləri fərqlidir və dolayısı ilə, onlar ayrı-ayrı funksiyaları icra edirlər. Onların heç biri digərinin kölgəsi ola bilməz. Gələcək tamaşanın uğuru üçün hər kəsin öz işini peşəkarlıqla icra etməsi vacibdir. Tablonu canlandıran aktyordur, düşünən - rejissor. Mövzunu isə müəllif yazıb.
Vüsal bəy, rejissorun düşündüyü, aktyorun isə canlı olaraq tabloya çevirdiyi o prosesdə mətnin qiraəti zamanı səhnədəki vizual çərçivələr itəndə, sadəcə səs və sözlə tamaşaçını həmin ideyaya inandırmaq nə dərəcədə mümkündür?
Mümkündür. Bu, mətndən (müəllifdən), rejissordan (onun materialı bugünlə səsləşən oxunmasından) asılıdır. İfadə vasitələri müxtəlifdir. Rejissorun borcu düzgün ifadə vasitəsini tapmaqdır.
Vüsal bəy, qiraət zamanı rejissor vizual çərçivələrdən imtina edib yalnız sözü və səsi saxlayırsa, bu yanaşma müəllif mətnini daha şəffaf şəkildə üzə çıxarır, yoxsa aktyorun ifa imkanlarını təklikdə buraxaraq riskə atır?
Heç bir risk yoxdur. İfadə vasitələri müxtəlifdir. Rejissor aktyoru mətnlə bir işıq selinin altında təkbətək buraxa bilər. Əsas odur ki, bu, ideyaya xidmət etsin.
Vüsal bəy, aktyorun işıq selinin altında mətnlə təkbətək qaldığı o anda, sənətçi sözün arxasında gizlənir, yoxsa mətn aktyorun daxili aləmini tamamilə ifşa edir?
Hamı sözün arxasında gizlənir - müəllif də, rejissor da, aktyor da. Amma buna gizlənmək demək olmaz. Bizim işimizin adı budur. Hər şey mətndən başlayır. Birinci ədəbiyyat yaranıb, sonra teatr.
Vüsal bəy, hamının sözün arxasında durduğunu qeyd edirsinizsə, qiraətçi kimi həmin sözü səsləndirəndə müəllifin mətndə gizlətdiyi mənanı tamaşaçıya çatdırmaq, yoxsa öz daxili yozumunuzu önə çıxarmaq daha vacibdir?
Vacib müəllifin mətnidir. İfaçı (rejissor, aktyor, qiraətçi) müəllifi oxumağa çalışmalıdır. Nə olur-olsun, mətn təhrif olunmamalıdır.
Vüsal bəy, qiraətçinin müəllif mətnini təhrif etmədən çatdırmaq öhdəliyi ilə öz səs və emosiya damğasını vurmaq arzusu arasında sərhəd haradan keçir?
Peşəkarlıqdan!
Vüsal bəy, qiraətdə bu peşəkarlıq tam saxlanıldıqda və mətn heç bir emosional təhrifə uğramayaraq dəqiqliklə çatdırıldıqda, ifaçının subyektiv sənətçi imzası harda görünür?
Mətn - yazıdır. Qiraətçi onu səslə ifadə edir. Qiraətçinin imzası da elə onun səsidir.