Təhlil

Cırılan şəkillərin kölgəsində böyüyən insan dramı

Coşqun Xəliloğlunun Fotoqraf hekayəsi ilk baxışda sadə, xətti süjet xəttinə malik bir xatirə mətnini xatırladır. Müəllif müasir şadlıq sarayının dəbdəbəli, lakin soyuq mühitindən başlayaraq oxucunu uşaqlıq illərinin kənd mühitinə, insan münasibətlərinin hələ tam maddiləşmədiyi, lakin rəhmsizliyin də özünə yer tapdığı keçmişə aparır. Hekayənin əsas gücü ssenari quruluşundakı paralellikdədir. Keçmişlə bu günün, toy foyesindəki kasıb kişi ilə uşaqlıqdakı çarəsiz uşağın taleyi eyni qəddar jestlə birləşir: şəklin cırılması.

Əsərin dili olduqca sadə, anlaşıqlı və bəzək-düzəksizdir. Müəllif süni bəlağətdən qaçaraq hadisələri olduğu kimi, xalq dilinə yaxın bir tərzdə nəql edir. Bu sadəlik hekayənin səmimiyyətini artırsa da, bəzi məqamlarda bədii təxəyyülün və təsvir zənginliyinin axsamasına səbəb olur. Dialoqlar canlıdır, xüsusən də fotoqraf Bəndalının kobud replikaları obrazın xarakterini açmaqda uğurlu vasitəyə çevrilir. Yazıçı cəmiyyətdəki sinfi təbəqələşməni və pulun insan mənliyindən uca tutulmasını kiçik bir fotoşəkil kağızı üzərindən cəsarətlə nümayiş etdirir.

Hekayənin ən zəif tərəfi hadisələrin həddən artıq təsadüfi və didaktik şəkildə inkişaf etməsidir. Baş qəhrəmanın şəkli cırıldıqdan dərhal sonra Bəndalının qardaşlarını boğulmaqdan xilas etməsi, ardınca qəzetə düşməsi və böyük bir qəhrəmana çevrilməsi klassik, bir qədər də şablon xilas etmə formulasıdır. Bu keçid hadisələrin təbii axarını zədələyir və mətnə bir qədər uşaq ədəbiyyatı havası verir. Müəllif qəhrəmanın intiqamını və ya mənəvi üstünlüyünü oxucuya birbaşa qəhrəmanlıq aktı ilə sırımaq yerinə, daha incə psixoloji məqamlarla verə bilərdi.

Buna baxmayaraq, Fotoqraf hekayəsi insan psixologiyasındakı travmaların zamanı necə dondurduğunu göstərmək baxımından uğurludur. Toydakı fotoqrafın hərəkəti ilə illər öncəki Bəndalının eyniləşdirilməsi, yaddaşın amansızlığını gözəl ifadə edir. Sonda qəhrəmanın Bəndalının pulsuz şəkil çəkmək təklifini rədd etməsi, sınmış qürurun gecikmiş, lakin qətiyyətli cavabıdır. Coşqun Xəliloğlu kiçik bir hadisədən böyük bir mənəviyyat dərsi çıxarmağı bacarır, lakin bədiiliyin publisistikadan daha üstün olduğunu unutmamaq şərtilə.

Əsərin mətni

Fptoqraf

FOTOQRAF
(HEKAYƏ)
Dostlarımdan birinin oğlunun toyunda idik. Şadlıq evinin foyesinə çıxıb telefonla danışmaq istəyirdim. Bayaqdan, bəkə də on dəfə masamıza yaxınlaşıb zorən şəklimizi çəkmək istəyən fotoqrafın bir nəfərlə mübahisə etdiyini gördüm.
– Vallah, cibimdə 3 manat var, 1manatın avtobusa verəcəyəm, qalan 2 manatdır.
– A kişi, şəklin qiyməti 3 manatdır, pulun yoxuydusa, çəkdirməyəydin.
– Dedim, dostumun toyudur, yadigar qalsın. Həm də elə bilirdim ki şəkli 2 manatadır.
– Yadigar cırıq şəklin qalacaq, – fotoqraf hirslə şəkli əvvəl ortadan böldü, sonra bölünmüş parçaları cırıqcırıq elədi.
Şəkil sahibi qıp-qırmızı qızardı, az qaldı, ağlasın. Amma heç nə demədi.
Arıq, çəlimsiz, təxminən qırx yaşlı bu kişinin durumu ürəyimi göynətdi. Yaddaşım mənə uzaq uşaqlıq illərində başıma gələn bir hadisəni xatırlatdı...
Rayon mərkəzindən xeyli aralıda yerləşən kəndimizdə fotoqraf olmadığından ayda, iki ayda bir dəfə Müseyibin gəlişinı camaat, xüsusilə, müəllimlər və şagirdlər intizarla gözləyirdilər. Müseyib kişi standart ölçülü şəkillərin birini 1 manata çəkirdi. Adam vardı 3 şəkil, adam da vardı 5 şəkil çəkdirirdi. Kəndin bəzi imkanlıları onu evlərinə dəvət edir, kefləri istəyən qədər ailə üzvlərinin şəkillərini çəkdirərdilər.
Heç vaxt şəkil çəkdirməzdim. Cibimdə pulum olmadığından bəhanə tapıb deyirdim ki, xoşuma gəlmir.
Qonşumuz, kommunxozda mühasib işləyən Fərzalının böyük oğlu Bəndalının fotoqraflığa başlaması Müseyibin bazarını bağlamasa da zəiflətdi. İş burasındaydı ki, Bəndalı şəklin birini 50 qəpiyə çəkirdi. Düzdür, şəkillər bir az solğun olardı, kağızı parlaq deyildi. Amma üstünlüyü o idi ki, fotonu on beş gün gözləməzdin, uzağı üç günə verərdi.
İstirahət günü idi. Kürün qırağındakı bağda oynayırdıq. Birdən Bəndalı gəldi, çiynində də fotoaparatı. Uşaqlar onu dövrəyə aldılar, bir-bir şəkil çəkdirdilər. Mən də həvəsləndim, şəklimi çəkdirdim.
Növbəti bazar günü yenə Bəndalı həmin bağa şəkilləri paylamağa gəldi. Uşaqlar pullarını verib şəkillərini alırdılar. Növbə mənə çatdı, cibimdə 50 qəpik olmalıydı, iki iyirmi qəpiklik, bir on qəpiklik. Amma 40 qəpiyi tapdım, 10 qəpik isə yox idi. Görünür, oynayanda cibimdən düşmüşdü. 40 qəpiyi Bəndalıya uzatdım... On qəpiyi itirmişəm, – dedim.
Şəkil 50 qəpikdir, ay yalançı. 40 qəpiyə get şor al, sürt başına, dedi.
– 10 qəpiyi də atamdan alıb verərəm.
– Cəhənnəmə alarsan, qara yola alarsan, – yadımdadı, elə-belə də deyərək, şəklimi cırıq-cırıq elədi.
Nəinki pərt oldum, hirsimdən az qala ağladım.
Bu hadisədən üç gün keçmiş qəribə bir hadisə baş verdi. Bizimlə Bəndalıgilin həyətinin arasından arx axırdı. Bir tərəfdən o biri tərəfə keçmək üçün arxın üzərinə enli, qalın, 5-6 metr uzunluğunda taxta-körpü qoyulmuşdu. Körpünü keçərkən Bəndalının beş yaşlı kiçik qardaşı Ağasəfərin ayağı sürüşüb suya düşmüşdü. Yanında olan qardaşı Cahid – onun yeddi yaşı vardı, qardaşına kömək etmək istəyəndə o da suya yıxılmışdı. Boğulmaq təhlükəsi olan qardaşlar qışqıranda, yəqin ki, onların səsini ən tez mən eşitdim. Özümü cəld arxa atdım. O vaxt mənim on bir yaşım vardı, həm boy-buxunlu idim, həm də üzməyi yaxşı bacarırdım. Qardaşları xilas etmək o qədər də çətin olmadı. Amma uşaqlar çox qorxmuşdular. Onları aparıb analarına verdim. Ana sevinir, mənə min dillə dua edirdi.
Bilmirəm, necə oldusa bu xəbər bütün kəndə, o cümlədən məktəbə yayıldı. Böyük tənəffüsdə iclas elədilər. Həm direktor, həm də sinif rəhbərimiz məni o qədər təriflədilər ki... Hətta mənə tərifnamə də verdilər. Həmin iclasda Bakıdan gəlmiş “Azərbaycan pioneri” qəzetinin müxbiri də iştirak edirdi.
O da mənə bir neçə sual verdi, həm təklikdə, həm də müəllimlərimlə şəklimi çəkdi.
Təxminən bir ay sonra poçtalyon bizə xüsusi bi zərf gətirdi. Zərfin içərisində, redaksiyanın mənim adıma göndərdiyi məktub, iki ədəd qəzet və altı şəkil vardı. Qəzetdə haqqımda yazılmış “Balaca xilaskar” adlı məqaləni görəndə elə sevindim ki...
Səhəri gün məktəbə gedəndə hamı mənimlə mehribanlıqla görüşür, məqalədən danışırdılar.
Qəribədir, şəklimi cırandan sonra əvvəllər hər gün qarşılaşdığım Bəndalıyla heç rastlaşmamışdım. Ona nifrət edirdim. Bir gün onunla üz-üzə gəldik.
Deyəsən, səhvini başa düşmüşdü.
– Ceyhun, gəl şəklini çəkim, pul-zad lazım deyil, – dedi.
Mən:
– Şəkli saxla özünə. Ehtiyac yoxdur, deyib ondan uzaq¬laşdım.
Xəyaldan ayrıldım. Gözüm bir anlıq fotoqrafa sataşdı. Sanki Bəndalını görürdüm.