Təhlil

Fəlsəfənin Yükü Altında Əzilən Kuryer və Ədəbi İllüziya

Əli Şirin Şükürlünün təqdim etdiyi bu epik şeir, ilk baxışdan müasir şəhər həyatının ən dinamik və görünməz qəhrəmanlarından birinə, kuryerə yönəlmiş fərqli bir baxış bucağı təsirini bağışlayır. Müəllif Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsini bədii mətnə köçürmək, elmi konsepsiyanı küçədəki insanın timsalında əyaniləşdirmək istəyib. Bu cəhd özlüyündə cəsarətli və maraqlı bir eksperimentdir. Lakin bu eksperimentin uğuru şeirin bədii toxumasında deyil, daha çox müəllifin intellektual iddialarında ilişib qalır.

Mətnin ən böyük problemi onun həddindən artıq didaktik və birbaşa olmasıdır. Şair oxucuya kuryerin həm uşaq, həm cavan, həm də qoca olduğunu təsvir etməklə kifayətlənmir, hər ehtimala qarşı mötərizədə və sətiraltı qeydlərdə fuzzy set anlayışını gözümüzə soxur. Ədəbiyyat eyham sənətidir, dərslik deyil. Müəllif qəhrəmanın ziddiyyətlərini obrazlı şəkildə göstərmək əvəzinə, bizə hazır fəlsəfi mühazirə oxuyur. Kuryerin dilindən deyilən gözəllik və texnologiya haqqındakı fikirlər isə o dərəcədə süni və kitabidir ki, personajın canlılığı tamamilə itir, o, sadəcə müəllifin fikirlərini səsləndirən bir robota, elə şeirdə bəhs edilən turnikerə çevrilir.

Bununla belə, şeirin sonluğundakı metaforik gediş bədii cəhətdən uğurludur. Digər əməkdaşların elə bir kuryerin varlığını inkar etməsi, qəhrəmanın bəlkə də yalnız müəllifin daxili dünyasında, onun zaman və məkan qavrayışında mövcud olan bir xəyal olduğunu göstərir. Bu mistik və fəlsəfi sonluq mətni adi bir publisistik hekayətdən xilas edib ədəbi müstəviyə qaldırır. Təzadların vahid bədəndə qovuşması ideyası şeirin strukturunda zəif də olsa özünə yer tapa bilib.

Üslub baxımından müəllif sərbəst şeirin imkanlarından istifadə etsə də, dil bəzən çox quru və poetik daddan uzaqdır. Wolt çantasının rəngi və ağırlığı altında əzilən insanın dramını vermək üçün daha güclü metaforalara ehtiyac var idi. Şair fəlsəfəni poeziyaya qurban vermək əvəzinə, poeziyanı fəlsəfənin izahlı lüğətinə çevirib. Paranoyya portalı olaraq bu mətndə intellektual cəsarəti təqdir edirik, lakin yaddan çıxarmaq olmaz ki, ən mürəkkəb elmi nəzəriyyə belə bədii mətndə ərimirsə, o, sadəcə iddialı bir bəyanat olaraq qalır.

Əsərin mətni

kuryer: qeyri-səlis adam

Əli Şirin Şükürlü
Ədəbi suprematizm:

Kuryer: qeyri-səlis adam
(epik şeir)

Uzaqdan uşağa bənzəyirdi, yaxından cavana,
lap yaxından yaşlı adama –
ilk dəfə görəndə təəccüblənmişdim.
Sanki bütün yaşları
ləyaqətlə daşıyırdı özüylə.

Qısa boyu, çəlimsiz bədəni
çantasını daha da iri göstərirdi:
Wolt.

Ünsiyyətdə də eyni mənzərə:
Həm uşaq idi, həm cavan, həm də qoca – fuzzy set*.
Cır səsi uşağı xatırladırdı,
özgüvənli ədası cavanı,
iri çantanın təsirindən bir az da əyilmiş qaməti
və qırışmış yorğun siması isə qocanı.

Təzadların, əksliklərin, bir sözlə,
bütün ziddiyyətlərin sanki
vahid bir vücudda toplandığı nümunə idi
iri çantasına sığınan bu zərif adam.
“Bir şeyin varlığı onun tərsini inkar etməz –
hər şey tərsini saxlayar özündə; ya az, ya da çox.”
qənaətinin bir daha sübutu idi bu qoca uşaq.

Uşaqdan qocaya qeyri-səlis keçidi
sanki əyaniləşdirirdi hər dəfə qarşıma çıxanda.
Hərəkətin, zəhmətin hər yaşda faydası var, –
ünsiyyət xatirinə dedim salamlaşdıqdan sonra.

Həm o, həm də... – cır səsiylə yarımçıq cavab verdi,
üzündə qəribə, azca özündənrazı təbəssüm.

Turnikerə çatanda vidalaşdı,
üzündə yenə o qəribə təbəssüm.

Növbəti görüşdə yenə söhbətə cəlb etdim onu.
Redaksiyanın turnikerinə işarə etdi:
Görürsən, insan olmasa da,
onun funksiyasını yerinə yetirir;
texniki insandı əslində model olsa da.
Belə getsə, çox keçməz texnologiya insanı tam əvəz edər.

Təəccübləndim:
modeldən, süni zəkadan xəbərsiz deyildi.
Marağım daha da artdı bu qeyri-səlis adama;
bəs süni zəka?

Həm dost, həm düşməndir insana.
Bütün tərəqqilər belədir əslində - çay suyu misalı;
bağ üçün faydalı, daşqın kimi fəlakət.

Bir dəfə isə söhbəti qəsdən belə başladım:
Müasir texnologiya yaxşıdır, yoxsa pis –
keçən dəfə tam anlamadım doğrusu ?

Yaxşı odur ki, insana faydalıdır.
Amma hər faydalı da gözəl olmur.

Bəs gözəl nədir onda? –
söhbəti uzatmaq istədim bilərəkdən.

Gözəllik təmənnasız olur ilk növbədə.
Maddi gərəyi ödəmir, sadəcə zövq aşılayır.
Məsələn, bu tablo kimi, –
divardakı rəsmə işarə etdi, -
bir ölçüsü isə həqiqətdir - uzaq düşdükcə ondan,
tərsinə çevrilər tədricən –
fikrini belə tamamladı
zamanı kuryer çantasında daşıyan adam
üzündə yenə o qəribə təbəssüm.

Beləcə, hər görüşdən sonra bir az da isnişir,
bir az da heyrətim artırdı
sadədən dərinliyə körpü salan,
zamanı bütün halı ilə yaşadan
bu qeyri-səlis adama.

Bir müddət gözümə dəymədi.
Tez-tez gəldiyi şöbənin əməkdaşlarından soruşdum:
O kuryer gözə dəymir?
Həm uşağa, həm cavana,
həm də qocaya oxşayan kişini deyirəm.

Yox, eləsi gəlmir bura, – dedi
əməkdaşlardan biri gülümsəyərək -
gələn ya yeniyetmə olur, ya cavan, ya da yaşlı.

Amma mən əmin idim: bura bir vaxtlar
sadədən mənaya, uşaqdan qocaya
zamanı aramsız keçən,
təzadları məharətlə varlığında gəzdirən
qeyri-səlis bir adam gəlib-gedərdi.

fuzzy set* - qeyri-səlis çoxluq