Təhlil

Küləyin və Tənhalığın Coğrafiyası

Orxan Cuvarlının Musson küləkləri hekayəsi ilk sətirdən etibarən oxucunu xatirələrin rütubətli və tozlu havasına bürüyür. Müəllif hadisələri böyük və səs-küylü süjet xətləri üzərində deyil, xırda məişət detalları, sükutun ağırlığı və təbiət hadisələrinin insan ruhundakı əks-sədası üzərində qurub. Bu, klassik Azərbaycan nəsrinin ata-oğul, ev-eşik, yurd nisgili mövzularına müasir və minimalist bir toxunuşdur.

Əsərin dili olduqca axıcı, təsvirlər isə vizual baxımdan zəngindir. Zoğalı ayaqqabının üstündə gəzən qarışqalar, qəzet parçası ilə yapışdırılmış təraş kəsiyi, qatlanmış kitab səhifəsi və xəritədə qaralanmış Kazan marşrutu kimi detallar mətni canlandırır. Müəllif təhkiyəçi obrazın gözü ilə ata evinin tənəzzülünü və atanın qocalmasını böyük bir ustalıqla təsvir edir. Bu baxımdan dilin təmizliyi və üslubun bütövlüyü təqdirəlayiqdir.

Ancaq hekayənin cəsarəti həm də onun zəif nöqtəsini ortaya qoyur. Müəllif bəzi məqamlarda oxucuya həddindən artıq bələdçilik edir. Məsələn, qardaşın taleyi, onun pis vərdişləri və ananın ölümündən sonra cızıqdan çıxması kimi məlumatlar birbaşa nəql edilmək əvəzinə, detalların içində gizlədilə bilərdi. Yazıçı oxucunun fəhminə daha çox güvənməli, bəzi sualları boşluqda buraxmağı bacarmalıdır.

Buna baxmayaraq, Musson küləkləri sadəliyi ilə vuran, daxili sızıltını külək uğultusuna qarışdıran uğurlu bir mətndir. Sonda pəncərəni döyən akasiya budaqları və qonşu qadının təlaşı ilə bitən mənzərə hekayənin ümumi havasını – fırtına qabağı sükutu və qaçılmaz tənhalığı mükəmməl şəkildə tamamlayır. Portala layiq, diri və hiss edilərək yazılmış bir əsərdir.

Əsərin mətni

Onun ağlamağını ilk dəfə babam öləndə görmüşdüm. Çiyinlərini ata-ata hönkürürdü. Həyətin ayağındakı akasiya ağacının kölgəsində qırmızı əl arabasını tərs çevirib üstündə oturmuşdum. Onda hələ məktəbə getmirdim. Qarışqalar ağzı aralanmış zoğalı ayaqqabımın üstüylə sağa-sola gedirdilər. Çubuqla küləyin hasarın dibinə topaladığı qumun üstünü cızırdım.

İndi də həyətə keçəndə gözüm hasarın dibini aldı. Evin artırmasına qədər xırda qum təpəcikləri topalanmışdı. Ayaq saxlayıb bağa göz gəzdirdim. Ağacların əhəngi axıb, yerə tökülən meyvələr quruyub, bəziləri şirə verib, üstünə qarışqalar daraşıb. Evin hasara bitişik divarında tala-tala kiflər əmələ gəlmişdi. Ən çox ot-alaq ürəyimi qısdı. Gərək imkan edib adam tutum, həyət-bacanı səliqəyə salsın, ağacları, barını əhəngləsin, evin suvağını təzələsin. Nə çoxdur qəsəbədə işsiz cavan. Bir günə abadlaşar buralar. Yaxşı, imkanı tapdım deyək, bəs məndə vaxt hardandır gəlib başlarının üstündə dayanım, çay-çörək verim, işlərinə göz qoyum?! Dərslərə də iki gün qalıb, bayramacan çətin yolum bura düşə.

Boyası qopmuş qapını döyəndə aralandı. Qulağımı verdim, səs gəlmirdi, yəqin, yatıb. İçəri keçdim. Qonur pişiyimiz mətbəxdə sərinkeşə qısılıb xumarlanmışdı. Arabir quyruğunu qımıldadırdı. Mətbəxə keçəndə tənbəl-tənbəl mənə boylandı.

Çəkələklərimi geyinib arxa otağa baxdım. Rütubət qoxurdu. Pəncərələri taybatay açıb yuxarı mərtəbəyə qalxdım. Yataq otağında çarpayı yığılmamışdı. Masada üç kitab gözümə dəydi. Yaxınlaşıb ən üstəkini götürdüm. Kitabı açanda qatlanmış 147-ci səhifənin solğun, saralmış vərəqindəki başlığı güclə oxudum: "Musson küləkləri, gecə və gündüz brizləri".

Kitabı yerinə qoyub meşin kresloya dirsəkləndim. Söykənəcəyi bir-iki yerdən yırtılmışdı. Dağınıq kitab rəfinin yanında iri dünya xəritəsi asılmışdı. Diqqətimi çəkdi: kimsə Bakıdan Kazana qədər olan hissəni qələmlə qaralamışdı.

Eyvana çıxdım. Divanda əllərini başına yastıq edib uzanmışdı. Hənirti eşidib qurcuxdu. Bilmədim üzümə mat-məəttəl baxır, yoxsa yuxudan kal oyanıb? Yanında oturdum.

- Bu nə vaxtın yatmağıdır?

- Kitab oxuyurdum, dedim, gözümün acısını alım, - gözlərini ovuşdurdu. Geniş alnına tökülən çal telləri qıvrılmışdı.

- Üzünə nolub? - çənəsindəki qəzet parçasına təəccübləndim.

- Səhər azca kəsmişəm.

- Niyə belə diqqətsizsən?

- Yenə məni danlamağa gəlmisən? - alnı qırışlandı.

- Lap uşaqlaşırsan, nə dedim axı?! - sakit-sakit üzünə zilləndim. Gözlərinin çuxuru nəmlənmişdi, - gedək, bir tikə çörək ye, lap əldən düşmüsən.

Əvvəl elə bildim höcətləşəcək. Amma cavab verməyib ayağa qalxdı, eyvanın o başına addımlayıb məhəccərə söykəndi.

- Bu il ağaclar yaman bar verdi.

- Gördüm, həyət-bacaya daşıb.

- Gərək vaxtlı-vaxtında yığan olsun.

Anamın barlı-bərəkətli yaylardakı sevincini xatırladım. Bu meyvələrdən nələr hazırlamazdı?! Qurusu quru, mürəbbəsi mürəbbə, kompotu kompot. Nə bu əncir heyif olardı, nə bu ağ şanı yiyəsiz qalardı, nə bu xartutlara qarışqa daraşardı. Hünərimiz nə idi yaxamızı qırağa çəkək? Qardaşım da, mən də ovuclarımız qabar bağlayana qədər meyvələri vedrə-vedrə mətbəxə daşıyardıq.

Gözümü paslı sürahidən çəkib qoluna girdim.

- Yemək gətirmişəm sənə, aşağı düşək.

Televizoru yandırıb torbadakı qazanları çıxardım. Qazın böyük gözündə yeməyi isinməyə qoydum.

- Ətli lobya supu bişirmişəm, mədən yumşalar. Burda da yarpaq dolması var, - güllü qazançanı ona göstərib soyuducuda yerbəyer elədim.

Divanda oturub kanalları çevirirdi. Pişik ayaqlarına qısılmışdı. Təmiz kasa axtardım. Çirkli qab-qacağın üstündə milçəklər uçuşurdu. Qabları yuduqca televizordan otağa qırıq-qırıq səslər dolurdu: "Sentyabrın 14-15-də ölkənin paytaxtında və bəzi rayonlarında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq edilib".

- Bağdanqovan başlayır, - ona çevrilib gülümsədim.

- Öyrəşmişik, heç nə olmaz.

Bilmədim niyə cəm halında danışır: dili öyrəşib, ya qonum-qonşuyla bu haqda tez-tez söhbətləşir?

- Sən öyrəşmişik, deyirsən, amma camaat maşın-maşın şəhərə axışır. Gələndə neçə yüklü maşın gördüm.

- Xoş gedirlər! Yayda səfasını sürürlər, qışda cəfasını biz çəkərik.

- Sən də şəhərə gəl, payızda, qışda burda neyləyəcəksən?

- Neçə il neyləmişəm, onu. O xırda, dar evlərdə çox yaşamaram.

Qabları qurulaya-qurulaya dolaba düzdükcə çək-çevir etdim. Onu şəhərə aparmaq üçün neçə dəfə dilə tutmuşam. Həmişə söhbət dalana dirənirdi. Bilmirəm, bina evinin adı gələndə niyə belə səksənirdi?! Nə üçün bu evin, bu həyət-bacanın, bu qəsəbənin xiffətini çəkməkdən qorxurdu?

Bir dəstə göyərti, pomidor-xiyar doğrayıb salat hazırladım. Süfrəni silib kasaya yemək çəkdim.

O, yemək yeyəndə gözucu "WhatsApp"da valideynlər qrupuna gələn mesajlara baxırdım. Valideynlər yaxınlaşan ilk dərs gününün həyəcanıyla yerli-yersiz suallar verirdilər.

- Bu il hansı sinifləri götürmüsən? - loxmasını aramla çeynəyə-çeynəyə üzümə baxdı, elə bil mesajları məndən əvvəl oxumuşdu.

- Birinciləri.

- İşin var ki.

- Öyrəşmişəm. Bəs sən darıxırsan məktəb üçün?

- Hərdən, - qaşığı kasaya söykəyib fikrə getdi, çənəsindəki çəpəki kəsik qızarırdı, - axırıncı ilim yadıma düşür, kağız-kuğuz qaralamaqdan boğaza yığılmışdım.

- İndi də dərsdən çox, yazı-pozuya vaxtımız gedir, - gülə-gülə ona qahmar çıxdım, - məncə, hərdən yox, çox darıxırsan.

- Niyə elə?

- İlin-günün bu vaxtı musson küləklərini, gecə və gündüz brizlərini niyə oxuyasan?

Ürəkdən güldü, bu gün ilk dəfə səsini belə gur eşitdim. Pişik diksindi. Qazın balaca gözündə çay qoydum.

"Yekaterinburq, Surqut, Tümen və Kazan hava limanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyindən bildirilib ki, qərar mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib".

Canıma üşütmə düşdü. Dərin bir təşvişlə ona baxdım. Bayaqkı təbəssümü çəkilmiş, ifadəsiz nəzərləri mavi ekrana zillənmişdi. Handan-hana üzünü mənə çevirdi:

- Qardaşından nə xəbər?

- Təzə danışmışam, yaxşıdır.

- Gündə oralardan bəd xəbər gəlir, - ani hərəkətlə televizoru söndürdü. Pişiyi qucağına alıb belinə sığal çəkdi. Qırış əllərinin üstü çillənmişdi.

Başımı aşağı salıb susdum. Təyyarə vurulandan sonra mən də ondan nigaranam. Çoxdandır xəbər tuta bilmirəm. Əvvəllər ayda-ildə bir dəfə səsini eşidirdik. Əzəldən adamı itirib-axtarmağı yoxdur. Arabir uzaq qohumlardan soraqlaşıram, onlar da üzdən gedir. Görəsən, pis vərdişlərini tərgidə bilib? Nə ailə qurdu, nə bu ev-eşiyə yiyəlik elədi... Vaxtında evlənsə, belə olmazdı, ailə qədri bilərdi, qismətində var idisə, övlad payı olardı. Bəlkə, onda ayağı kafelərdən kəsilər, səfeh dost-tanışından, axmaq həndəvərindən uzaq gəzərdi. Yenə qabaqlar qorxacaq yeri vardı. Anam öləndən sonra lap cızığından çıxdı.

Çaydanın fitinə fikirdən ayıldım. Süfrəni yığışdırıb iki fincan çay süzdüm, büllur qənddanı cürbəcür şokoladlarla, konfetlərlə doldurdum. Çayından bir qurtum alanda pişik qucağından atlanıb mətbəxə qaçdı, sobanın qabağında, boz xalının üstündə qıvrılıb uzandı. Nəlbəkini tumarlaya-tumarlaya divardakı çata baxırdı. Bezgin astagəlliklə yerini rahatladı, mütəkkəyə söykənib təsbeh çəkməyə başladı. Qara təsbehin iri, daş muncuqlarını çevirdikcə otağın səssizliyi pozulurdu.

Arxa otağın pəncərələri zərblə çırpıldı. Bayırda itlər ağız-ağıza verib hürüşürdülər. İçəri keçib pəncərəni bağladım. Səslər kəsildi. Şüşədən təkdənbir yağış damlaları süzülürdü. Bura arxa həyətə baxırdı. Bulanıq pəncərədən hasarın o tayında tələm-tələsik zivədən mələfələri, paltarları yığan qonşu qadına baxdım. Hər iki qolunu doldurandan sonra təlaşla, yırğalana-yırğalana evə qaçdı. Külək boğuq-boğuq uğuldayır, akasiya ağacının budaqlarını hiddətlə pəncərənin tutqun şüşələrinə çırpırdı.