Süni intellekt dövrünün çirkli romantikası
Sərdar Aminin "Yosma" romanından təqdim edilən bu parça müasir Bakı məkanında iki insanın arasındakı məhrəm, lakin bir o qədər də fraqmentar münasibəti qələmə alır. Baharın Bakıya gəlişi ilə qəhrəmanın daxili boşluğu paralel şəkildə təsvir olunur. Müəllif adi şəhər mənzərəsini və gündəlik məişət detallarını tez bir zamanda daxili fəlsəfəyə çevirməyi bacarır.
Mətndəki dil rahat, səmimi və müasir oxucunun leksikonuna yaxındır. "Liverpul" forması rəngindəki lifçik, süni intellekt stikerləri və hamamda qoyulan qeyd kimi detallar ənənəvi ədəbiyyatın patetik pafosunu dağıdır. Müəllif "səni sevirəm" cümləsinin ucuzlaşdığı bir dünyada sevgini məişət diqqəti ilə ölçərək oxucunu gözlənilməz bir realizmlə üz-üzə qoyur. Bu, dürüst və cəsarətli yanaşmadır.
Süni intellekt tərəfindən yaradılan qadın obrazı və Yosmanın buna verdiyi reaksiya mətni sadə bir məişət hekayəsi olmaqdan çıxarır. Yosmanın "ədəbli qadınları yalnız süni intellekt qəhbə kimi uzada bilər" diaqnozu kişi eqosunun və fantaziyasının saxtalığını amansızcasına ifşa edir. Bu dialoq mətndəki ən güclü psixoloji dönüş nöqtəsidir; burada qadın sadəcə passiv bir obraz deyil, mühakimə yürüdən, təhlil edən diri bir şüurdur.
Bununla belə, mətndə bəzi süni və həddindən artıq pafoslu bədii fiqurlar diqqəti çəkir. "Buz sarayıma şəfəq kimi səpələyib" ifadəsi və ya sonda gələn pirat müqayisəsi ümumi mətndəki müasir, iti və kinayəli tona bir qədər yad gəlir. Müəllif bəzən obrazın daxili sarsıntısını şəffaf göstərmək həvəsi ilə cümlələri normadan artıq bəzəyir ki, bu da mətndəki təbii dinamikanı zəiflədir.
Sonda romanın adı ilə bağlı verilən qərar və əlavə edilmiş təqdimat anonsu parçanın bədii illüziyasını qırır. Bu gediş bir tərəfdən müəllifin post-modernist oyunbazlığı kimi oxuna bilsə də, digər tərəfdən mətni bir anlıq kommersiya anonsuna çevirir. Ümumilikdə isə parça müasir Azərbaycan prozasında virtual aləm ilə gerçək duyğuların toqquşmasını uğurla göstərən, ironiyası və psixoloji dəqiqliyi ilə seçilən diqqətəşayan bir mətndir.
Şəkildə görünməyən qadın
"Yosma" romanından parça
Bakı hər yönü ilə özünü bahara təslim edirdi. Yayda asfaltdan, binalardan başqa nəsə görmədiyimiz şəhərdə bu qədər bülbül, qaratoyuq özünə necə yer eləməyi bacarmışdı?
Şəhərə saat on birdən sonra buraxılan beton maşınlarının, ağır texnikaların uğultusuna, tıxacın acığını çıxanların idman mühərrikli maşınlarının böyürtüsünə inad quşlar yüz yerdən dil açıb oxuyurdu.
Havada qovaq pambıqları uçuşurdu. Bir zəncirotu lifi əlvan gecə işıqlarının fonunda asta-asta pəncərəmin önündən keçib yamyaşıl xan çinarının içində gözdən itdi.
Mən oyananda Yosma yox idi. Hansı anda yuxuya getmişdik, son sözümüz nə olmuşdu? Zülmətdən asılıb qalan son pıçıltılarımızı xatırlamağa çalışdım: “Səni sevirəm sözünü sevmirəm”. Deyəsən bizə laylay olan son sözləri bu idi: “Sevirəm sözünü sevmirəm”. Bunu demişdi, yatmışdıq.
Tez saata baxdım, verilişi də bitmişdi. Səsini də eşidə bilməyəcəyimi düşünəndə narahat oldum. Yatmadan əvvəl fikirləşmişdim ki, səhər oyanıb onu yanımda görməsəm, tez hədiyyə gətirdiyi radionu açıb səsini dinləyəcəm.
Üstəlik su da kəsilib. Hamama keçdim. Güzgünün qabağında belə bir qeyd var:
“Mən su gəlməmiş çıxdım. Unitazın “baçok”undakı suyu basmadım, sənə saxladım. Vedrədən tökdüm”.
Məncə, bu qeyd “səni sevirəm” sözündən daha güclüdür.
Yosma özünü buz sarayıma şəfəq kimi səpələyib gedib. Onun yonca ətri Zinaidanın evindən sızmaqda olan çürüntü qoxusuna qalib gəlirdi.
Lifçiyini qoyub getmişdi. Firuzəyi lifçikdən elə rəngin ətri gəlirdi, nanəli arx kənarı...
Elə rənglər var ki, onları təbiətdə görmək bizə nəsib olmur, ancaq süni dünyamızda rastımıza çıxa bilər. Yosmanın evimdə saxladığı liftçik də belə rəngdə idi– “Liverpul”un 2025-26 mövsümündə geydiyi üçüncü formanın rəngində. Lifçik qadınsız da gözəldir.
Yosma telefonuma stiker göndərdi. Həyəcanla açdım. Süni intellektlə hazırlanmış qızılgül yeyən keçi stikeri göndərib.
Bunu hazırlayarkən düşündüklərini, təbəssümünü və heç nəyə tay tuta bilməyəcəyim qədər doğma və şirin əyri burnunu düşündüm.
Verilişdən çıxmışdı və rahat idi. Zəng elədim. “Alo” demədən güldü. Mən də gülə-gülə dedim:
– Elə bilirdim, keçi söhbəti xətrinə dəyib.
– Düz bilirsən. Ancaq xətrimə dəyən şeylərin üstünə getməyi sevirəm. Sən də xətrimə dəymisən, üstünə gələcəm yenə. Həm də gecə hər qələti elədik, bircə rekvizitlərini yemədim. “Alma desən” gələrəm...
– Məncə də, gəl... Çürümədən yeməlisən. Keçini özün hazırlamısan?
– Hə. İstəyirsən səninçün “zirəng oğlan” stikeri də qayırım?
Bilirdim nəyə işarə edir, onun gözlədiyi qədər də “zirəng” çıxmamışdım, ancaq özümü bilməzliyə vurub dedim:
– Yox. Özüm də hazırlaya bilirəm.
Elə bu cavabıma bənd imiş. Gülüşü tapança kimi açıldı:
– Sən elə hazırlamağı bacarırsan. Yox, süni intellektlə yaxşı işləyirsən, görürəm verilişlərində.
İki gün əvvəl başıma gələn bir hadisəni bölüşmək istədim Yosmayla:
– O gün verilişimi montaj eləyəndə süni intellektə bir qadın şəkli hazırlatdım. Dedim, klassik görkəmli, sadə geyimli, 25-30 yaşlı bir müəllimə fotosu hazırla. Sağlam saçlı, sağlam bədənli olsun. Çox gözəl bir qadın hazırladı. Sonra dedim, bu qadını ev geyimində, üz üstə uzanıb telefona baxarkən təqdim et. Göndərdiyi fotoya baxanda əllərim əsdi. Həyəcanlandım. Neylədim, yadımdan çıxara bilmədim onu. Əvvəlcə səbəbini bilmədim, dedim yəqin son günlər həyatımda qadın yoxdur, ona görə şəkilə də aşiq oluram. Sonra tapdım. Narahatlığımın ən ucundakı məsələ bu idi ki, o həyatda yox idi. Bəlkə də Cənubi Amerikada belə yaşasaydı, toxtayardım, ancaq o yox idi. Onun həm var, həm yox olmağı məni çox incitdi.
Sözlərimi zarafata salacağını düşünürdüm.Ancaq gözləmədiyim bir sual verdi:
– Göndərə bilərsən həmin fotonu?
“ChatGPT”-nin arxivinə girib fotonu Yosmaya yolladım. Azca susub verdiyi cavab məni dəhşətə gətirdi. İndi anladım ki, cəmi bircə dəfə görüşdüyüm qadın niyə yazacağım romanın mərkəzində hərlənir?
Yosma dedi:
– Yox, səni narahat eləyən şey var-yox məsələsi deyil. Məsələ budur ki, bu cür simalı, ədəbli qadınlar heç vaxt şəkildəki kimi yayxanıb uzanmır. Siması bu xarakterdə olan qadınları yalnız süni intellekt qəhbə kimi uzada bilər.
Elə bil təlatümlü gəmimdə çəlimsiz bir gənc son ümid kimi dor ağacına dırmanıb atəş saçan gözləri ilə “torpaq!” deyə qışqırdı. Bu torpaq sevgisi nəyinsə pərvərliyi deyildi, bu, aylardır balıq yeyə-yeyə ölən piratların torpaq sevgisi idi.
Üzümü görməsə də dalğınlığımdakı təbəddülatı hiss eləmişdi və qadın amansızlığı ilə qaşınan yaramdan indicə qopardığı közə məhəl qoymadan dedi:
– Bir də, fikir vermisən, süni intellektlə hazırlanan şirlər balasını daha yaxşı əzizləyir.
Romanımın adını “Yosma” qoyacam.
P.S Roman 15 noyabr, 2026-cı il saat 16:00-da "Misra Book Cafe"də təqdim ediləcək.