Şüur əsaslı model (fəlsəfi esse): kainatın əsasında nə dayanır? — təhlil
Kosmosu şüur müstəvisində izah etmək iddiası ilə çıxış edən bu mətn fəlsəfi esse, riyazi düstur və bədii şeirin sintetik qarışığıdır. Müəllif müxtəlif elmi-fəlsəfi nəzəriyyələrdən (Şopenhauer, Platon, Hegel, qeyri-səlis məntiq) istinadlar gətirərək özünün Düşüncə-Tələb-İstək (DTİ) formulunu irəli sürür. Lakin nəzəri hissə daha çox elmi məqalə xülasəsini və ya dərslik konspektini xatırladır. Akademik dildən qaçmaq cəhdi mətni populyarlaşdırmaqdan ziyadə, onun fəlsəfi dərinliyini səthi misallarla (suya, yeməyə, əks cinsə olan tələbat) məhdudlaşdırıb.
Mətnin bədii-fəlsəfi dəyəri onun P.S. bölməsindən sonra başlayan ədəbi suprematizm nümunəsi – Monizm şeirində daha aydın görünür. Esse hissəsində riyazi düsturla (sonsuz sıranın cəmi) izah olunmağa çalışan Tamın parçalanması və varlıqda qalması fikri şeirdə daha təbii, canlı və təsirli şəkildə ifadəsini tapıb. Sarı rəngin içində gizlənən yaşıl, ağacların eyniliyi və insanların bir kökdən ayrılması təsviri fəlsəfi konsepsiyanı quru nəzəriyyədən xilas edib poeziyaya çevirir.
Dil və üslub baxımından mətn iki fərqli qütbə bölünür: birinci hissə təkrarçı elmi terminologiya ilə yüklənib, ikinci hissə (şeir) isə daha axıcı, sadə və poetikdir. Esse hissəsindəki terminlər yığını oxucunu yorsa da, sondakı misralar mətni xilas edir və müəllifin dediyi ədəbi suprematizm ideyasını qismən doğruludur.
Ümumilikdə, bu cəhd elmlə ədəbiyyatın sərhədində durmaq istəyən iddialı bir addımdır. Lakin fəlsəfi tezislərin bədii mətndə tam əriməsi üçün nəzəri şablonlardan təmizlənməyə və daha çox poetik cəsarətə ehtiyac var.
Şüur əsaslı model (fəlsəfi esse): kainatın əsasında nə dayanır?
Əli Şirin Şükürlü
Şüur əsaslı model (Düşüncə - Tələb – İstək):
Kainatın əsasında nə dayanır?
(fəlsəfi esse)
Proloq. A.Şopenhauer hesab edir ki, ağıl insanda mövcud təbii təməlin (iradəni nəzərdə tutur) sönməsinin ağır nəticəsidir. Sözsüz, fəlsəfi fikir tarixində ağıla münasibətdə (filosofun öz fəlsəfi sistemi konteksində) çox maraqlı və düşündürücü konsepsiyadır.
Son tədqiqat işim qeyri-səlis (qeyri-səlis çoxluqlar nəzəriyyəsi əsasında) modellərin fəlsəfi təhlili ilə bağlı olduğundan, vaxtilə təqdim etdiyim kainat barədə şüur əsaslı bir modeli (digər modelləedən fərqləndirmək üçün şərti olaraq alishirin modeli adlandıraq) də bu tədqiqat işinə əlavə etdim. Məlumdur ki, kainatın şüur əsalı strukturlar əsasında qurulması konsepsiyası bir çox elmi-fəlsəfi, metafizik və teoloji sistemlərdə yer almışdır. Lakin bizim yanaşmada bu, müəyyən qədər fərqli versiyada, şüurun əsas kimi götürüldüyü adekvat bir model olaraq təqdim olunur. Bu versiyanı akademiklikdən müəyyən qədər uzaqlaşdırmağa çalışaraq populyar dildə təqdim edirəm ki, bəlkə elmi-fəlsəfi yaradıcılığa maraq göstərən bəzi oxucular üçün əhəmiyyətli ola bilər.
Təqdim etdiyim model əsasən bu elmi-fəlsəfi konsepsiya xüsusində yaranıb: Kainatın və canlı sistemin əsası və evolyusiyası ilə bağlı müəyyən araşdırmalarımın ümumi nəticəsi olaraq istinad etdiyim konsepsiyaya görə, kainatın bir sistem olaraq strukturu aşağıdakı iyerarxiya (piramidanın aşağı qatından üst qatına doğru) şəklində təqdim oluna bilər: şüur (düşüncə), məntiqi qanunlar, riyazi konstruksiya, fiziki qanunlar, kimyəyi əlaqələr, bioloji (canlı aləm) struktur, insan (sosial) bioloji varlıq kimi. İlkin səbəb olan şüur məntiqi strukturlar yaradır, riyazi konstruksiyalar məntiqi strukturlara əsaslanır, fiziki qanunları riyazi konstruksiyalar formalaşdırır, kimyəvi əlaqələr fiziki qanunlarla idarə olunur, canlı sistem (biologiya) kimyəvi proseslərdən yaranır, insan (sosial mövcudluq) bioloji varlıq olaraq meydana gəlib.
Təbii, kainatın quruluşu ilə bağlı bu elmi-fəlsəfi refleksiyanın, əsasən, kainat və canlı sistemin yaranması ilə bağlı elmi-nəzəri (məsələn, kainatın quruluşu ilə bağlı elmi modellər: Böyük partlayış nəzəriyyəsi, Böyük partlayışın inflyasiya modeli – yeri gəlmişkən qeyd edim ki, hazırda ən çox qəbul edilən paradiqmadır, Qoloqrafik model, Fraktal model, İnformasiya modeli, canlı sistem barədə Abiogenez – kimyəvi təkamül nəzəriyyəsi və s.) konsepsiyalara və fəlsəfi sistemlərə ( Platonun İdeyalar nəzəriyyəsi, Hegelin Absolyutu (dünya zəkası), Berklinin esse = percipi: mövcudluq – qavranılmaqdır modeli və s.) istinadən irəli sürüldüyü şübhə doğurmur. Həmçinin bu refleksiya konteksində varlığın ontoloji əsasının şüur (düşüncə) olduğu tendesiyasında teoloji sistemlərin də izini sezmək mümkündür.
Keçək təqdim etdiyimiz alternativ modelə (alishirin modeli). Kainatın şüur əsaslı, yəni şüurun funksiyası olan idrakın bütün varlığın əsasında dayandığını qəbul etsək, bir sual meydana çıxır: Bəs hərəkətə və fəaliyyətə səbəb nədir?
İrəli sürdüyüm konsepsiyaya görə, şüur tələb və istəklə (iradə) birgədir və modeli qısa şəkildə belə ifadə etmişəm:
Düşüncə - Tələb – İstək (DTİ)
Düşüncə - şüurun obyektə yönələrək, onu tanıması.
Tələb – tanınmış ehtiyacın şüurda formalaşması və istəyə yönəlməsi.
İstək – tələbin doğurduğu motivasiya; hərəkət, fəaliyyət.
Kainatın fraktal modelinə görə, o özünə bənzər strukturlardan (fraktal) ibarət mürəkkəb sistemdir (məsələn, şam ağacı; ağacın özü və hər bir budaq, budağın qolları, qolların çıxıntılar və s. – sanki bir-birinin fərqli ölçülərdə təkrarıdır). Təqdim etdiyimiz yuxarıdakı modelə (DTİ) nümunə üçün Kainatın fraktal modelini əsas götürək və insanı kainatın mikromodeli olaraq qəbul edib, nümunələri sosial planda təqdim edək.
Nümunə:
Suya təlabat susuzluq yaradır – düşüncə bunu bilir – su istəyi yaranır.
Qidaya tələbat aclıq yaradır – düşüncə bunu bilir – yemək istəyi yaranır.
Əks cinslərin bir-birinə tələbı – düşüncə bunu bilir – cinsi istək (sevgi) yaranır.
Hesab edirəm bu kimi nümunələr kainatın (həmçinin mövcud olan bütün varlıqların) əsası ilə bağlı təqdim etdiyimiz Düşüncə - Tələb – İstək (DTİ) modeli barədə bir esse müqabilində müəyyən təsəvvür yaratmağa kifayət edər.
Xülasə. Təklif etdiyimiz modeli şüur əsaslı digər modellərdən fərqli edən əsas xüsusiyyət hansıdır? – Bu modelə görə, dünyanın əsasında təkcə şüur (düşüncə) deyil, idrakla birgə şüurun struklaşdırıcı prinsipləri olan tələb və istək (iradə) dayanır. Çünki, məncə, Kainat və digər strukturlarının yalnız bu üçlüyün – düşüncə, tələb və istəyin vəhdəti sayəsində yaradılış ehtimalı daha yüksəkdir.
Elmi yanaşma: Kainatın əsasında dayanan DTİ elə bir səbəbdir ki, bir Tam (bütov) olaraq bölünə-bölünə yaratmaq potensialına malikdir və tamlıq, bütövlük halını kəsilməz olaraq saxlayır. Bu qanunauyğunluq anlaşılsın deyə, təsvirini riyazi olaraq aşağıdakı kimi ifadə etmək olar:
1/2 + 1/4 + 1/8 + 1/16 + … + 1/2n + … = 1 n=1, 2, 3, ...
Qeyd: 2n – 2-nin n-ci dərəcədən qüvvəti.
Riyazi isbat olunur ki, sonsuz ədədlərdən ibarət bu cəm vahidə bərabərdir. Bu yanaşma ilə hansı fikrimizi əsaslandırmağa çalışırıq: Kainatın əsasında dayanan Tam (DTİ) yaradılış zamanı varlıqlarda müxtəlif dərəcələrə bölünsə də, bütövlüyünü saxlayır.
Fəlsəfi-teoloji yanaşma: Tam (DTİ) sonsuz varlıqlara bölünməklə öz tamlığını - vahidliyini, öz qüdrətini qoruyur, necə ki Günəş nurunu paylamaqla öz tamlığını saxlayır. Bu mənada, ilkin olan Tamın (DTİ) hər varlıqda, fərqli dərəcədə olsa da belə mövcudluğu bizdə bir ehtimali qənaət yaradır.
Epiloq. Bütün elmi-fəlsəfi modellər kimi bu model də idrak – elmi-fəlsəfi düşüncənin məhsulu olan yaradıcı bir işdir və hadisələrin digər modellərdən müəyyən qədər olsa da, fərqli (bəzi məqamlarda oxşarlıq qaçılmazdır) təsvirlərini yaratmağa imkan verir.
İdrakınız işıqlı olsun!
P.S. Hadisəyə elmi-fəlsəfi yanaşma, adətən, ƏDƏBİ SUPREMATİZM – elmi poeziya haqqında nəzəriyyəmə uyğun olaraq (ədəbi suprematizm: elmi informasiyanın fəlsəfi düşüncə vastisəlilə bədii mətnlərdə ifadə texnikası) bədii mətnlə tamamlanır.
Ədəbi suprematizm:
Monizm
Kənd evimizdə yenə də payız,
payızda ağaclar, quşlarda payız.
Ağaclarda (quşlarda) zaman - nəsə dəyişib; axı
ağaclar daha çox tanıdar dəyişmələri.
(Bir də çiçəklər – onların öz zamanı
hamıdan fərqli; gündüz açıb, axşam solanlar).
Nəsə dəyişib deyəsən: yox olub (r) yaşıllıq,
dayanıb bir mövcudolma, yerində başqası.
Yaşıl sarıya çevrilib(r) tədricən – eyni ağaclar deyilmi,
indi rəngini dəyişən,
bəs yaşıl hanı? – sarıda gizlənib sadəcə.
Eyni cür dəyişmələr bildirir;
bütün ağaclar eyni ağacdır əslində,
Ümumi olandan qopub
tək-tək düşüblər torpağa
bir qədər fərqli formalarda.
İnsanlar da ağac kimidi elə,
heç kim inanmasa da,
mən dəqiq bilirəm; Bir olub
və ayrı düşüblər nə vaxtsa –
indi o Bir olan
Hamının içində.