Bir çimdik işıq
Səsə oyanmışdım. Tutqun, nisgilli bir səs pəsdən oxuyurdu. Nə səsin sahibi, nə də musiqi bu dünyadan idi.
— Ata
— Həə, — dedi; səsində ürkək bir sevinc vardı.
— Sənsən?
— Mənəm, nədi ki?
— Nə oxuyurdun?
— Mən heç nə oxumurdum.
Ətrafa şəkləndim: səs kəsilmişdi.
— Bəs niyə oyaqsan onda?
— Sən çağırdın, oyandım da.
İnanmadım, əlbəttə.
— Oğlum!
— Hə!
— Tualet hardadı?
İndi niyə oyandığı məlum oldu.
— Dur, gedək, — dilimi sürüdüm və qalxıb işığı yandırdım.
Qəfil çaxan gur işıqdan gözləri qamaşdı, əliylə əməliyyat edilmiş gözünü tutdu.
“Demək, işığa refleksi var”, — yuxum tam qaçdı.
Əlindən tutdum: uşaq əli kimi kövrək və yumşaq idi. Bir vaxt adamların içində mənə vurduğu alçaldıcı şilləni xatırladım — elə hiddətlə vurmuşdu ki, şəhadət barmağı gözümə girmişdi. Ancaq mən kor olmadım.
Onu çoxdan bağışladığımı, hətta o günlərə qəribsədiyimi anlayıb bu müqayisəmdən utandım.
Görüb-görmədiyini soruşmaq istədim, ancaq tərəddüd etdim: birdən “görmürəm”, desə? Kaş elə bir sehrim olardı, heç olmasa görməyini qaytarardım. Nəhayət, soruşdum. Hər şey elə sürətlə baş verdi ki, yenidən görməsi üçün etdiyim dua da, “yox” cavabını eşitmək qorxusu da, sualı verdiyimə görə duyduğum peşmanlıq da bu bir tikə zaman kəsiyinə sığdı.
———
“Ümid... Diriltməyi varsa da öldürməyi daha yaxşı bacarır. Həkim dünən demişdi ki, bu gecə artıq görməlidir. Az da olsa işıq görməlidir. Ancaq ikinci gecə də keçib, hələ də görmür, nə vaxt soruşsam:
— Heç nə görmürəm — deyir.”
İndi o, kənddəki miskin, qəribsəmiş doğma evimizi xatırladırdı. Gözəgörünməz bir əl bu tərkedilmiş evin əvvəl damını başına uçurmuş, indi də işığını kəsmişdi.
Bir azdan səhər açılacaq, adamlar öz iti, soyuq sualları ilə üstümə yerikləyəcək. Bəziləri orda-burda mənim necə fərsiz, yaramaz bir oğul olduğumu danışıb haqlı olaraq atama təəssüf edəcək, bəziləri də öz vəziyyətlərinə şükr edib qulaqlarını çəkəcək.
Anam gəldi ağlıma. Atmacaları akasiya tikanından betər zəhərli olur. Yeznələri ona beşaçılan deyirlər, özünün də xoşuna gəlir. O gün hesablamışam: əlli il evliliyin üç ili türmə yollarına, on beş ili evin təmir arzusuna, bir o qədər də yaddaşı silinmiş insultlu xəstəyə baxmağa xərclənib. Hər salamı, hər baxışı töhmət olub mənə. Bunlar azmış kimi indən belə qeyri-müəyyən müddətə kor, yaşlı bir adama da qulluq edəcək.
Atamı yerinə uzadıb çarpayıma qayıdanda anamdan zəng gəldi. Saata baxdım, beş tamam idi.
Qısa hal-əhvaldan sonra oyaq olduğumu, atamı indicə tualetə aparıb gətirdiyimi dedim. Atamın yuxudan oyanıb mahnı oxuduğunu eşidəndə isə güldü:
— Hə, — dedi, — təzə vərdiş tapıb, tualetə duranda yerinin içində nəsə mızıldanıb oxuyur.
Kənardan elə bilərdilər qadın balaca körpəsindən, onun qəribə, gülməli hərəkətlərindən danışır.
Sonra ikimiz də susduq. Xoşbəxtlikdən bu üzücü sükutun ömrü çox çəkmədi:
— Yaxşı ki, sən varsan — dedi. İlk dəfə ondan belə bir söz eşidirdim. Ancaq səsindəki titrəyişi gizlədə bilməmişdi. Onu əvvəlki ölçülərinə qaytarmaq üçün sataşdım:
— “Dəmir Ledi” qocalıb kövrəkləşir, deyəsən.
O saat mövzunu dəyişdi. Səhər yeməyindən sonra hansı dərmanları verməli olduğumu xatırladıb sonda vacib qeydlərini də unutmadı:
— Bax, deyirəm sənə, qohum-əqrəbaynan təmkinli danış. Camaat diqqət göstərib zəng edir. Heç kimin dədənə borcu yoxdu.
Onu arxayın edib sağollaşanda hava işıqlaşırdı. Binalar, ağaclar indi daha aydın şəkillənirdi.
— Oğlum! — atam idi, yatmayıbmış. Hay verəndən sonra:
— Mən heç nə görmürəm, — dedi və ehtiyatla soruşdu:
— Sən bir şey görürsən?
Anamın ötkəmliyi məni də öz soyuqqanlığıma qaytarmışdı. Çox düşünmədən:
— Yox, mən də görmürəm, qaranlıqdı — dedim. Cavabımdan arxayınlaşdı, daha sual vermədi. Bir azdan xəfif xorultusu palataya yayıldı.