Nəsr

Baş nazirin frakı (roman) Altıncı bölüm

ALTINCI BÖLÜM

-22-

Vəzirin başı görünür. Mən kompüterin qapağını aşağı salıram.
-Qardaşım qardaş, sizi vacib işdən ayırdımsa...
-De, vəzir, de...
-İtaliyanın məşhur “La Stampa” qəzeti sizin şəklinizi və yanında da bir hekayənizi italyan dilində çap edib.
Qəzetin kserikslə çıxarılmış surətini qarşıma qoyur. Sevincək hekayəyə baxır və az qala qəhərli halda soruşuram:
-Bəs indi biz haradan bilək bu hansı hekayəmdir?
-Öyrənmişəm... Adı “Süd gölü”dür... Səfirlikdən dedilər ki, sizin bir kitabınızın italyanca tərcüməsinə başlanılıb. Yaxın günlərdə tərcüməçi sizinlə şəxsən görüşmək üçün bura gələcək...
Bir anlığa fikrə gedirəm. “Bunlar məni yalnız yazıçı gözündə görürlər. Tamam, hekayəmi çap ediblər, sağ olsunlar. Amma mən bu ölkənin baş naziriyəm axı! Olmazmı məndən bir müsahibə alsınlar? Yox, məni ölkə başçısı kimi deyil, daha çox yazıçı kimi qəbul edirlər... Lap o kosmonavt kimi...”
Mənim niyə qəfil fikrə getdiyimi özü üçün aydınlaşdırmağa çalışan vəzirə üz tuturam:
-Vəzir, sənə Sovet kosmonavtika tarixindən maraqlı bir şey danışacam...
-Buyurun, Qardaşım Qardaş...
-Mənim arxiv materiallarımın içində qalmış o mistik əhvalat

UNUDULMAZ YOX, UNUDULAN KOSMONAVT

adlanır. Təsəvvür edirsən, bir insanı kosmosa göndərirlər, 331 gün orda qalır və onu unudurlar...
...Sovet hökümətinin çox əlməşik-çəlməşik (nənəm düyün düşən iplər haqqında belə deyərdi) işləri olub. Onlardan biri belə baş verib.
80-ci illər kosmonavt Krikalyovun karyerasında yüksəliş dövrü olur. Onu “Soyuz - TM – 12” gəmisinə uzunmüddətli uçuşa təsdiq edirlər. Krikalyovla bərabər komandir Anatoli Artsebarski və Britaniya avstronavtı Helen Şarmman da təsdiq olunur.
19 may 1991-ci il tarixdə Mir kosmik stansiyası orbitə çıxarıldı. Bu uzunmüddətli uçuş zamanı xeyli uğurlu tədqiqatlar aparıldı. Bəzi vaxtlarda kosmik heyətdə dəyişilkil baş versə də, Krikalyovun səhhəti normal idi və o gəmidə işini davam etdirməyə razılıq verdi...
1991-ci ilin may ayının 19-da Moskvanın Qızıl Meydanında tankların yürüşü başlamışdı. İnsanlar barrikadalar qururdu... Sovet dövlətinin son prezidenti M.Qorbaçov ölkənin sonunu gətirdi...
Çarəsiz Krikalyov isə bütün bu hadisələri uzaq kosmosdan izləyir və tələb edirdi ki, onu yerə endirsinlər. Yerdən isə cavab gəldi ki, indi səni ora qaldıran ölkə yoxdur. Bizim isə səni endirməyə nə haqqımız, nə pulumuz, nə də statusumuz var...
311 gün ərzində kosmonavt çox zəfləmişdi. Stansiyadakı geri dönüş kapsulundan istifadə onun sonu demək olardı.
Yalnız Almaniya höküməti bortdakı Krikalyovu əvəz edəcək astronavt Klaus-Ditrix Fleyd üçün 24 milyon dollar ödədikdən sonra onu aşağı endirməyə razı oldular...
...-Vəzir bu əhvalatı niyə danışdım, bilirsənmi?
-Yox... Hə... Qardaşım qardaş...
-Bizi sanki unudublar, vəzir!.. Dünyası batsın, heç vaxt səsimizə səs vermədi ki! 20 Yanvarda bağıra-bağıra qalmlşdıq, əliyalın Sovet tanklarının qabağında! Səsimizə səs verən bir ölkə, bir dövlət olmadı!.. İndi də elədi... Yaxşı, böyük güclər cəhənnəmə, heç qonşu dövlətlər də zəng edib təbrik etmədilər... Sən təcrübəli adamsan, bəlkə biz nəyi isə beynəlxalq baxımdan düzgün etmirik?
-Yoox... Hər şey qaydasındadır...
Gördüm ki, vəzir də ağzını sürüyür. Demək, belə də olmalı imiş. Ya biz nəyisə düz etmirik (axı mənim idarəetmə təcrübəm yoxdur), ya da qonşu dövlətlər, illah da böyük güclər bizim ölkə kimi bir zamanlar karbohidrogen ehtiyatları ilə zəngin olmuş diyarın başına milli adamın keçməsini qəbul edə bilmirlər... Elə rəhmətlik Əbülfəz Elçibəylə də belə davranmadılarmı?!.
Nə isə, cəhənnəm olsunlar. Vəzirə tapşırdım ki, səhər diplomatik korpusu – xarici ölkələrin səfirlərini və bizim ölkənin xarici ölkələrdəki səfirlərini çağırsın, geniş bir iclas keçirdək, sonda da mətbuat konfransı təşkil edək.

***

-Mən Yetərəm.
-Mən də Azam.
Qız qımışır. Hiss edirəm ki, mənim adım onun gülüşünə səbəb olub. Tez əlavə edirəm:
-Bilirsiniz, əslində adım Azaddır... Əsrin birinci yarısınacan yaşamış yazıçı babamın adıdır, mənə qoyublar. Fəqət, indi heç kim sözü sonacan demir. Hövsələ çatmır. Hətta bəzi sözləri işarələr əvəz edib. Ona görə, mənə qısaca Az deyirlər. Məsələn, bizdə sizin adınız, yəqin ki, Yet olar.
İkimiz də gülüşürük.
Yet qarabuğdayı qızdır. Qıvrım, qısa saçları çiyinlərinə tökülüb. Dik döşləri, alışıb yanan yanaqları və adamı qarsan isti nəfəsi ağlımı başımdan alır. (Xəyalən özümü bu maraqlı qızla yan-yana qoyub gülümsünürəm. Mən – sarıbəniz, mixəyi saçlı, geniş alınlı, bəstəboy adam bu qızla yan-yana dursaq, hətta sevgili olsaq, görən, nə olar? Bizi necə qəbul edərlər?)
Qızın əlində, az qala əlli il əvvəl işlədilən qalın bloknot və karandaş var. Onu təəccübləndirməyin yollarını düşünməyə elə də ehtiyac qalmır. Barmağımı əlimdəki idarəedicinin düyməsinə basıb, artıq sizin tanıdığınız Zeni dirçəldirəm. Bu dəmir adam ayaqlanan kimi soruşur:
-Necə kömək edə bilərəm?
Mən qızın maraqla ona baxmasından ləzzət alıb Zeyə komanda verirəm:
-Mənim birinci səfərimizə dair qeydlərimin qısa xülasəsini söylə!
Ze sağ əlinin baş barmağını başına tərəf aparıb hansısa düyməni basır, sonra siqnalları dinləyib kəsik-kəsik danışır: “Səfər zamanı mövcud ərazinin su ehtiyatı və o cümlədən yeraltı su ehtiyatı qiymətləndirildi. Alınan nəticə həm elmi, həm də ədəbi baxımdan qiymətləndirildi.”
Mən Yeti daha da təəccübləndirmək üçün Zeyə daha bir tapşırıq da verirəm:”Nizami Gəncəvi su haqqında nə demiş?”
Ze qısa müddətdə şeir parçasını söyləyir:

Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da...

Qız heyrətdən az qalır bayılsın. Mən isə fürsəti boşa verməmək üçün tez dillənirəm:
-Bax, sizin əlinizdəki qələm-kağızı bizim babalarımız işlədib bir zaman, indi isə mənim kitabım da, dəftərim də bax, adına Ze dediyim bu dəmir adam, süni zəkadır...
Qızın heyrətlə gah mənə, gah da Zeyə baxdığını görüb həyəcanla deyirəm:
-Bizim ölkədə bir bədbəxtlik var. Biz oğlanlar evlənmək, ailə qurmaq üçün qız tapmırıq. Cahil atalarımız qız uşaqlarını bax, bu Ze kimi aparatların köməyi ilə müəyyən edib, ana bətnindəcə məhv edirlər... Biz də qalmışıq belə... Siz, Yetər xanım, mənimlə aiə qurarsınızmı?
-Nə?! Sizinlə ailə qurmaq?! Əlbəttə, yox. Mən ora sizinlə getsəm, bətnimdə hələ doğulmamış qız uşaqlarını məhv etməzlərmi?!. Bir də mən sizi axı heç yaxşı tanımıram... Sevgisiz nə ailə?! Məgər sizdə sevmədən ailə qururlar?!
İndi mən bu qıza necə cavab verim? Necə başa salım ki, bizdə hər şey avtomatlaşıb? Sevgi özü belə mexaniki təlim olub. Adamlar bizdə sevgi əvəzinə, uyğunluq deyirlər. Sevgi sözü leksikonumuzdan çıxmış kimidir. Bir oğlanla bir qız uyğunluq tapa bilirlərsə, ailə qura bilərlər. Daha doğrusu, heç ailə qurmağa ehtiyac yoxdur. Bir müddət bir yerdə olurlar, vəssalam. Daha onlar ailə sayılırlar. İndi bizdə heç o idarələr də yoxdur ki, adamları evləndirsinlər. Adamlar özləri elektron qaydada evlənirlər, vəssalam.
Və birdən yadıma düşür ki, mən yazıçıyam və yalnız sözlə, özü də bədii sözlə Yetin qəlbinə yol tapa bilərəm. Heç özüm də bilmədən, bədahətən başlayıram şeir deməyə:

Bu dağlar qoynunda bir əlik gördüm,
Huşumu başımdan aldı, nə aldı!
Qoşa şamaması qoynunda yatıb,
Ətri ürəyimi çaldı, nə çaldı!

Qurbanıyam onun yolu rizinin,
Üzüm üstü yastıq olan dizinin,
Əsiriyəm bu dağların qızının,
Yetərin dodağı baldı, nə baldı!

Qönçə təki kilidlənib yaxası,
Canım alar, Az tərəfə baxası,
Üzüyümü barmağına taxası,
Gözüm o gözəldə qaldı, nə qaldı!

Möhür bəndi deyən kimi anamın bağışladığı antikvar qızıl üzüyü döş cibimdən çıxardıb qıza uzadır və qarşısında diz çökürəm.
-Əzizim Yet! Mənimlə ailə qurarmısan?!
Qızın gözləri gülür. Sonra dil-dodağı təpiyir və allanmış yanaqlarını ona sarı uzatdığım əllərimə sürtür və bircə anda ağlamağa başlayır. Heç özüm də bilmirəm ki, mən də haçan ona qoşulub ağlayıram. (Sonuncu dəfə haçan ağladığımı xatırlaya bilmirəm. Heç sonuncu dəfə nə vaxt qədimi tərzdə qoşma söylədiyimi də yadıma sala bilmirəm. Bunlar hamısı arxaiq şeylər sayılır. Hələ üzük! İndi bizdə insanlar üzük, boyunbağı işlətməzlər. Pul, ləl-cəvahirat çoxdan leksikondan çıxıb. Bura məni əməlli-başlı şairə çevirir yavaş-yavaş. Qorx ki, bir azdan sevməyə də başlayım!)
Üzüyü onun barmağına taxır, qucaqlayıram. Və bir qədər daldaya çəkilib öpüşməyə başlayırıq. Onun gülab qoxuyan üzündən, bal dodaqlarından öpür, dilini soruram. Qız quş kimi ciyildəyib dilini ağzımdan çıxartmağa çalışır. (Bu vaxt kürəyimə dəyən yüngül zərbədən özümü itirir və hirslə arxaya baxıram. Demiyəsən, Zenin düyməsini basıb söndürməyi unutmuşam. O da mənim sərhəddi keçmək üzrə olduğumu görüb, arxadan dühmüzləyir. Gülümsünüb, onun düyməsini basıb söndürürəm.) Və beləcə, biz bircə anda alışıb-verişirik. O üzüyümü barmağına taxsa da, nə ağıl edirsə, çıxardır və əlik dərisindən alan arxalığının altındakı cibinə dürtür...
...Vəzirin başı görünür. Yazıdan ayrılmaq istəməsəm də, yadıma düşür ki, mən axı ölkə başçısıyam və əllərimi açıb başımı sual verircəsinə tərpədirəm:
-?..
-Qardaşım Qardaş, Bakının meri gəlib...
-Mer nədi, əşi?! Öz dilimizdə danış!
Vəzir kəkələyir:
-Qardaşım Qardaş, eeee, şəhərin icra başçısı...
-Qısacası, başqanı deyəcəyik. Yaz, bu gündən hər-hanıs şəhərin, rayonun rəhbərinə başqan deyəcəyik... Öz türkcəmizin sözüdür...
Vəzir qeydini edib çıxır və şəhərin başqanı ürkək addımlarla içəri girir.
-Salam, Qardaşım qardaş...
-Salam. Əyləşin. Sizin dinləyirəm.
-Bilirsiniz ki, illərdir, biz Formula – 1 yarışlarına ev sahibiyi edirik...
-Başa düşmürəm, bu Formula – 1 dədəli yetimdir, yiyə duran yoxdur ki, bizim boynumuza atıblar?! A kişi, qoy bir dəfə də Ermənistan keçirsin, Gürcüstan keçirsin, biz nəyik ki, bu Formula – 1-ə belə boğaz olmuşuaq?! Yəqin indi deyəcəksən ki, bir neçə gün sonra biz yenə bu yarışlara ev sahibliyi edəcəyik?!
O udqunur. Masadakı suya yazıq-yazıq baxır, amma cəsarət etmir götürüb içməyə.
Məni gülmək tutur. Hirslə gülür, gülürəm.
-A kişi, götür su iç! Sonra da get o Formula – 1-in rəhbərliyinə yaz ki, ölkəmiz müflis olduğunnan daha bu yarışı keçirmək gücündə deyilik...
Adam az qalır ağlasın. Su içib toxtasa da, hiss olunur ki, içəridən bərk narahatlıq keçirir:
-Qardaşım qardaş, əgər biz belə etsək, bizi o yarışlardan uzaqlaşdırarlar... bizi... bizi... beynəlxalq məhkəməyə...
-Qoy nə edirlər, etsinlər! Siz bizi bu kimi əllinci kateqoriyalı yarışlara deyil, idmanın futbol yarışına yaxşı hazırladın. Sənə altı ay vaxt verirəm, Azərbaycan futbolunun keçmiş şöhrətini qaytarın! O Qurban Qurbanovu millinin başına gətirt, özünə də bütün səlahiyyətləri ver, gör nələr edir!..
-Baş üstə, Qardaşım qardaş! Bir məsələ də var...
-Buyurun...
-Burqundiyada və Normandiyada tikdirdiyimiz kilsələrin işçilərinin əmək haqlarını aylardır ödəyə bilmirik... Sizə deməyə də utanıram... Ayrılan pulları şirkət rəhbərləri mənimsəyib aradan çıxıb...
Hirsimdən az qalıram ki, bu adamı didib dağıdam. Amma özümü ələ alıram.
-Bu iki kilsənin tikintisini təcili başa çatdırın, pulunu bizim vəzir sizə göstərəcək necə ödəyəcəksiniz... Sonra eşidin, bilin: bütün xarici ölkələrdəki tikinti və bu kimi pul silmə işlərini qəti qadağan edirəm! Fırıldaq işlərlə məşğul olanlar cəzalarını alacaqlar!
Şəhərin başçısı yerindən qalxır, amma hiss edirəm ki, çox naümid qalxır. Başa düşürəm, adam xəstəlik keçirdir, ya da daxilində böyük qorxu var. “Bunu dərhal dəyişəmək lazımdır” düşüncəsi ilə hələ də masadakı suya həsrətlə baxan bu adama yazığım gəlir və qəflətən soruşuram:
-Bakı sözünün mənasını bilirsən?
Onsuz da çaşqın halda olan adam daha da çaşır. Əlini döş cibinə aparır. Elə bil o sözün mənası onun cibində imiş.
-Bakı... Bakı... Qardaşım qardaş... Bəxtiyar Vavabzadə yazırdı ki, Bakı “bax” sözündəndir, hündür yerdən baxmaq mənasında... Bir də deyirlər ki, “badi-kubə” – küləklər şəhəri deməkdir...
-Bir ehtimala görə, Bakı “bak-boq” sözlərindəndir ki, bu “bak” da, “boq” da rus sözü deyil, bizim öz türkcəmizin sözü olub vaxtilə, mənası bilirsən nədi? Tanrı, Tanrılar şəhəri deməkdir... Bu barədə Sara Aşurbəylinin “Baku – strana boqov” kitabı var... Deməyim odur ki, bizə çox təpiklər dəyib, amma məhv olmamışıq, ayaqdayıq... Çünki xalqımız öz Tanrısını sevən, öz iradəsinə hakim xalqdır... Bu imtahannan da çıxacağıq... Gedə bilərsiniz...

-23-

“Yetlə lap dalda yer tapıb dərdləşməyə başlayırıq. Qız mənimlə özünü çox xoşbəxt hiss edir. Deyəsən, onun saqqızını oğurlaya bilmişəm. Və onu da anlayıram ki, bu vəhşi təbiətə gəlişim mənim də içimdə sönmüş sevgi hissini dirildib. Ömrümdə yaşamadığım şeylər baş verir məndə. İçim elə bil püflənib, hava ilə doludur. Əgər qız əlimi buraxsa, hava şarı kimi göylərə uçub gedəcəyəm. Elə onun da belə vəziyyətdə olduğunu görəndə yadıma kürəyimə bağlı ehtiyat alət düşür. Yalnız bircə dəfə istifadə olunası o aparatı qıza da anlatmaqla onu daha da həyəcanlandırmaq istəyirəm:
-Bax, Yet, mənim və elə bura mənimlə gələn hər bir adamın kürəyinə aeromobil adlı (biz ona qısaca amobil deyirik) aparat quraşdırılıb ki, biz təhlükə anında, yaxud yorulub əldən düşdükdə, ümumən hər hansı kritik mamentdə onun düyməsini basırıq və pərləri fırlanır, təxminən bir dəqiqə sonra o bizi havaya qaldırır. Azı otuz kilometr məsafəyəcən o bizi göylə apara bilr. Bax, mən bu sirri sənə deməməliydim, əslində, amma səni özüm kimi istədiyimçün, dedim, biləsən, əgər sizinkilər səni mənə verməsə, mən səni boynuma mindirib o aparatın köməyi ilə buradan qaçıra bilərəm! Bilirsən də, vaxtilə, bizim xalqda qızqaçırma adəti olub...
Qızın içi gülür. Sonra bir az düşünüb deyir:
-Mən çoxlu kitab oxumuşam. O kitablardan bəzisində insanların bir zaman qanadı olduğunu yazırdılar. Bu barədə anama sual verəndə o qəmgin halda dedi:”Hə, mən də vaxtilə belə şeylərə inanardım. Amma sənin atan o qanadlarımı qırdı... Ayağını dirədi ki, get qarnındakı o qız uşağını tələf elə... Mən bir neçə dəfə bunu etdim. Sən boyuma düşəndə isə onun əmrinə boyun əymədim. Bir gecə baş götürüb buralara gəldim. İnanırsan? Yolda çovğuna düşdüm. Hətta fırtına məni dibsiz uçurumdan yıxacaqdı... Elə yıxıldım da. Qollarımı açıb “ey allah, sən axı hər şeyi görürsən, mənə kömək et” deyib elə bil uçdum... Gözümü açanda düşündüm ki, yəqin qolum-qıçım sınıb, sən də bətnimdə tələf olmusan... Amma xeyir! Mən bir ot tayasının üstünə düşmüşdüm. Erməni kəndlisinin çöldə basdığı taya məni də, səni də xilas etmişdi... İnan, onda inandım qanadımızın olmasına. Düzdü, məni uçrumnan çovğun atmışdı, amma mən də əllərimi, qollarımı havada tərpədib uçan kimi hərəkət etməsəydim, bəlkə tayanın üstünə düşməz, yerə çırpılıb məhv olardım... Hə, allah deyilən o gözəgörüməz bizə əl, qol, göz və ağıl verib ki, özümüzü xilas edə bilək. Hətta inanana qanad da verib! Mənim qanadım sənsən!..”
Mən Zenin düyməsini basıb insanın qanadları olması haqda Müşfiq adlı bir şairin qəribə şeirini söyləməsini istədim. O, nədənsə, Türkiyə türklərinin ləhcəsində söylədi o şeiri:
Sərt, soyuq bir qış gecəsi... Səma bəyaz, yer bəyaz,
Uğuldayan küləklərlə sarsılmada soqaqlar.
Hər kimin ki, qanadı var, çovğun olsa darılmaz,
Fəqət yenə bu soyuqdan qısılmada soqaqlar.
Bu alovlu sözlərdən sonra qız qəfil sozalır və deyir:
-Bilrsən, Az, mən səninlə haracan desən, gedərəm, amma obamıza xəyanət etmək istəmirəm. Axı Həcər bizim anamız sayılır? Mən ona necə xəyanət edərəm?! Hələ mənim hər mənada xilaskarım olan anamı necə atıb gedim?!
-Xəyanət niyə?! Bax, hər zaman bizdə belə şeylər olub. Bir ailə qızını bir oğlana verməyəndə onlar qoşulub qaçıblar. Dedim axı, bunun adı da elə belədir: qızqaçırma...
Qız başını aşağı salıb susur. Və az sonra danışmağa başlayır:
-Bilirsən, mənim yaşımnan əvvəl olub bunlar. Bu yerlərə otuz, ya bəlkə qırx il əvvəl Həcər gəlib. Bir müddət bu dağlarda tək yaşayıb. Bilməmiş olmazsan, bizimlə haylar arasında 20-ci illərdə böyük dava olub. Biz haylara qalib gəlsək də, bu torpaqlara köç olmayıb. Hətta aşağıdakı Rəzdərə, Məşədismayıllı, Şəfibəyli kəndləri də boş qalıb. Ona görə Həcərin buralara gəlməsi heç kimin ağlına gəlməyib. Sonra onun buralarda yaşamasına aid əfsanələr dolaşıb. Sonra başqa qadınlar gəlib. Mənim anam bura bilirsən necə gəlib? Məni doğuracağı günə beş ay qalmış qaçıb evdən. Çünki o atamı aldatmışdı ki, həkim aparatla baxdı, dedi oğlan olacaq. Əgər mən doğulanda qız olduğumu görsəydi, atam məni aparıb uşaq evinə verər, anamı da boşayardı. Ona görə, yazıq gənc gəlin baş götürüb qaçıb buralara... Bilirsən, biz burada yüzdən çox gənc qızıq ki, heç birimizin ailə qurmaq şansımız yoxdur. Çünki obada cəmi iyirmi oğlan var ki, onlar da hələ balacadırlar... İndi, nə gizlədim, mən səndən imtina etmək fikrində deyiləm, amma gedib o vəhşilər diyarında boyuma düşəcək qız balamın öldürülməsinə də dözə bilmərəm axı! Nə düşünürsən, bəlkə sən burada qalasan? Onda biz daha xoşbəxt olarıq...
Bir qıza, bir bu dağlara baxır və onun dediyi təklifdən sarsılıram.
-Yet, mən artıq sənsiz yaşaya bilmərəm. Amma anamsız, doğma şəhərim Bakısız, yazı otağımsız mənə çətin olar... Gəl, sən daşı ətəyinnən tök, razılaş, çıxaq gedək buralardan...
Qızı ağlamaq tutur. Əli ilə boynunnan asdığı üçkünc dua kimi qara əşyanı göstərir:
-Bu, qara daşın içində zəhər var. Əgər mən buranın qanunlarına zidd addım atsam, o daşı dişimlə sıxıb, zəhəri içməli, intihar etməliyəm... Mən yaşda qızlara kişi ilə görüşməyə, uşaq doğmağa icazə yoxdur. Bunu ancaq 35-45 yaş arası qadınlar edə bilər. Biz qızlar isə o yaşacan ancaq döyüşçü oluruq. Meydanda gördüyün oğlanlar burada həmişəlik qalmırlar ki. Bir həftə qalırlar, qadınlarla görüşürlər, çıxıb gedirlər. Doğulan oğlan uşaqlarını gəlib onlar aparır, qızları isə biz saxlayırıq. Sən yəqin amazonlar haqqında eşitmisən?
Heyrətlə ona baxıram. Axı burada məktəb-zad yoxdur. Bəs bu qız amazonkaları-zadı hardan bilir? Təəccübümü görüb göz yaşlarını silərək gülümsünür.
-Bizim məktəbimiz də, kitabımız da var. Sizin kimi texnikalı, kompüterli-zadlı olmasaq da, qədim tarixi, riyaziyyatı, ədəbiyyatı, coğrafiyanı bilirik. Hətta içimizdə təbiblər də var. Gizlicə gedib uzaq şəhərlərdəki universitetlərdə oxuyub, geri dönürlər.
-Yəqin dönməyənlər də olur?
-Olur. Amma bu onlara baha başa gəlir... Həyatları bahasına... Həcərin əli uzundur. Adamını göndərib, ən böyük şəhərdə belə xəyanətkarı öldürtdürür...
Bir müddət bir yerdə qaldıqdan sonra kimsə gəlib bizi çağırdıqlarını deyir və biz çar-naçar obaya dönürük...”
...Yenə vəzirin başı görünür. Deyəsən, mən bu əsəri bir kənara qoymalı olacağam. Bəs nə edim?! Mən axı yazıçıyam!..
Əlacsız halda başımı kompüterdən qaldırıram:
-Yenə nə var?
-Qardaşım Qardaş, bir nəfər gəlib, soruşdum kimsən, deyir, filosof. Dedim bəs adınız nədir? Yenə deyir ki, Filosof. Nə hikmətdirsə, bağışlayın siz allah, sizin yanınıza gələnlər bir qədər fərqli adamlardır... Qovum getsin?
-Nə danışırsan?! Adam cəsarət edib özünə filosof deyirsə, demək, sən demiş, burda bir hikmət var... Burax gəlsin...
Qapı açılır və mənim “Özünüyaradanlar” romanımın qəhrəmanlarından olan qədim dostum Filosof (mən də onun əsl adını deməyəcəyəm, qoy məxfi qalsın) içəri girir. Qalxıram və qucaqlaşırıq.
-A kişi, bu nə halətdi?! Niyə bu haldasan? Sənin burda nə işin var?!
-Demə, demə... – Başını bulayır və eyni təəssüf hissini mən də keçirirəm. – Bir işdir düşmüşəm... Sən necəsən? Çaxırlıdasan, ya Bakıdasan?
-Yox əşşi, Çaxırlıya hərdən gedirəm... Buralardayam... Akademiyada-zadda girələnirəm... Daha əvvəlki entizuazm da qalmıyıb ki? Qocalırıq də... Doğrudan e, televizorda eşidib gəlmişəm, sənin burda nə işin var? İşin-gücün, yazın-pozun tökülüb qalıb... Külliyyatını buraxırdın, qaldı yarımçıq... Sən hara, hökümət işi hara?
-Nə bilim? Yaxşısı budur, de görüm, ölkədə vəziyyət necədi? Bizim qaldırdığımız məsələlərə adekvat cavab varmı?
-Düzünü axtarsan, mən bu sosial şəbəkələrə, televizora-filana çox da baxmıram... Əgər qızım Piterdən zəng eləməsəydi, heç bu hadisədən də bir xeyli gec xəbər tutacaxdım... Qızımın zənginnən sonra çıxdım şəhərə ki, görüm axı nə baş verir? Baxdım ki, hər küçədə, hər tində sənnən danışırlar, sənin qaldırdığın məsələləri alqışlayırlar, köhnə reklam lövhələrini sökürlər... Nə bilim, səni dəstəkləsələr də, bir az da xaos var... Axı sökülən reklamların yerinə yenisini vurmurlar... Ona görə də, bu bir az prolektkultçuluğa bənzəyir sanki, incimə sən canın...
-Yox, niyə inciyirəm?.. Doğru sözə nə deyəsən? Yaxşı, bəs o yad dildə vurulan reklam şitləri vaxtilə heçmi səni qıcıqlandırmırdı? Axı biz yenicə müstəqil olmuşuq, otuz, otuz beş il nədi ki?! Müstəqilliyi möhkəmləndirmək üçün bir sıra faktorlar var ki, onları gücləndirməliyik: dövlətçilik, milli birlik, dil, torpaq və bayraq sevgisi, hərbi qüdrət, insanların rifahının yaxşılaşdırılması... Bu sonuncu mənimçün qırmızı xəttdir. Ona görə də insanların maddi rifahını yaxşılaşdırmaq üçnn bir sıra sərəncamlar imzalamışam... Maaşlar, təqaüdlər kifayət qədər artırılacaq... Milli birliyimizin inkişafı üçün lazım olan addımlar atılacaq, dilimizin adı özünə qaytarılacaq, Azərbaycan türk dili olaraq... Millətimiz türk milləti adlandırılacaq... Artıq bu sahədə az vaxtda kifayət qədər işlər görülüb...
-Bu sonuncular təhlükəli olmazmı? Məsələn, elə bizim bölgəni fikirləş...
-Niyə, o bölgədə yaşayan azlığın da öz dili, öz etnik kimliyi var axı! Talışlara talış, dillərinə də talış dili demirikmi? Hətta mən sərəncam vermişəm ki, azlıqların dilində ibtidai məktəblər açılsın... O ki qaldı orta məktəblərə, bu sahədə hansı imkanlı şəxs istəsə, bizim də köməyimizlə özəl bir məktəb aça bilər... Biz adamların fəzilətinin inkişafını da nəzərə almışıq... Mən fəziləti hər şeyin özəyi hesab edirəm...
-Sən stoiksən? Stoik fəlsəfəsinin qurucuları belə düşünürdülər... Stoiklər evdemoniyaya – səadətli, çiçəklənən bir həyata nail olmaq üçün fəzilət təcrübəsinin kifayət olduğuna inanırdılar. Onlar buna nail olmağın yolunu gündəlik həyatda cəsarət və ya təmkinlilik kimi müəyyən fəzilətləri tətbiq etmək, ya da təbiətə uyğun yaşamaq kimi müəyyən etmişdilər...
-Yox, mən özümü stoik hesab etmirəm, amma əgər stoiklər fəlsəfi baxımnan fəziləti hər şeyin fövqündə görürdülərsə, bəli, mən də stoikəm... Amma düzünü axtarsan, mən bu fəlsəfi təlim barədə o qədər də dərin bilgiyə sahib deyiləm... Ali məktəbdə oxuyanda nə oxumuşdumsa, odur...
-Aristotel etikası ilə yanaşı, stoik təlimi ənənəvi fəzilət etikasını əsas amil sayır. Stoiklər, xüsusilə insanlar üçün fəziləti yeganə müsbət amil kimi dəyərləndirir, sağlamlıq, zənginlik və zövq kimi anlayışların özlüyündə fəzilətin inkişafı üçün mühüm olduğunu qeyd edirdilər. Seneka və bir çox stoiklər vurğulayırdılar ki, xoşbəxtlik üçün fəzilət kifayət olduğuna görə, hər müdrik bədbəxtliyə emosional olaraq dözümlü olmalıdır. Stoiklər həmçinin, müəyyən dağıdıcı emosiyaların mühakimədə buraxılan səhvlərdən qaynaqlandığını düşünürdülər və hesab edirdilər ki, insanlar təbiətə uyğun olan bir iradəni saxlamağı özlərinə hədəf seçməlidirlər. Bu səbəbdən stoiklər fərdlərin fəlsəfəsinin ən yaxşı göstəricisinin insanın dedikləri deyil, insanın necə davranması olduğunu düşünürdülər. Bir sözlə, fəzilətin verdiyi emosianal duyğunun yaratdığı həzzdən sonra, səni basa biləcək bədbəxtlik duyğusuna da hazır olmalısan... Yəni, burada əyləşməyin səndə doğurduğu maddi və mənəvi həzzin ardıncan bədbəxtlik özünü yetirə bilər... Mən bunu öz fəlsəfi təlimimdə Yusif Sərrac sindromu kimi xarakterizə etmişəm... İncimə sən canın, düşündüyümü deməyi sevdiyimi bilirsən...
-Yox, niyə inciyim ki? Bəs Yunanıstanda stoikləri hakimiyyətdə kim müdafiə edib?
-Stoiklər bütün Roma və yunan dünyasında bizim eranın III əsrinə qədər çiçəklənmə dövrü keçirirdi və onların tərəfdarları arasında imperator Mark Avreli də var idi. Bizim eranın IV əsrində xristianlıq dövlət dini olduqdan sonra stoik fəlsəfi təlimi tənəzzülə uğramışdır. O vaxtdan bəri, xüsusilə İntibah dövründə (neostoiklər) və müasir dövrdə (müasir stoikizm) canlanmaları olsa da, o qədər də özünü doğrultmayıb... Amma təlim kimi bu gün də stoisizmi müdafiə edənlər var – biri elə mənim dostum, qardaşım qardaş baş nazir sən! Amma unutma ki, Avreli bir filosof və qanunları sevən hüquqçu idi! Hətta o filosofları dövlət işlərinə belə cəlb etmişdi! Filosoflar onun dövründə dövlət himayəsində idilər...
- Mark Avreli... Mark Avreli... Deməli, stoik fəlsəfəyə yaxınlığım elə Avreliyə yaxınlığım deməkmiş... Filosoflara, fəlsəfəyə – fəlsəfə o dövrdə bütün elmlərin məcmusu idi – yaxınlığım “Özünüyaradanlar” yazmağıma səbəb oldu... İndi isə ÖZÜNÜYARADANLAR dövlətini qurmağı qarşıma məqsəd qoymuşam...
-Sənə uğurlar dost... Amma Yusif Sərrac sindromunu unutma... Mən gedirəm...
-Elə bunumu deməyə gəlmişdin? Sənə yaxşı yol! Soruşanlara de ki, sənin 50 illik dostun fəzilətli adamlardan ibarət bir ölkə qurmağa çalışır... fəzilət sahibləri... Varmı bizdə belə adamlar? Yoxdursa, onları özümüz yaradacağıq... “Özünüyaradanlar”dakılar kimi... Təkcə yazmaqla iş birmir, yaratmaq da lazımdır... Düzdür, bu, yazıçının işi deyil, onunki yazmaqdır. Amma mənim missiyamda bu da varmış...
Filosof məyus halda gedir...
Vəzir başını qapıdan uzadıb heyrətlə deyir:
-Mən bunu bir az araşdırdım... Sizə qarşı niyə belə biganədir? Heç sevinmədi...
-Kim sevindi ki? Elə bilirsən zəng edən, bura gəlib təbrik edənlərin hamısı səmimidir? Ay hay! Hamısı şırmadır. Hətta bəzilərinin üzündə açıqca sezdim bu ifadəni: niyə axı bu baş nazir olsun? Nəslində-kökündə vəzifədə bircə adam da olmayıb...
Vəzir:
-Cəsarətimə görə üzr istəyirəm... Siz özünüz olmusunuz axı! Gənclik illərində də... Lap sonralar Komitədə şöbə müdiri...
-Hə, orası elədir... Vəzir, səncə, bu filosof niyə gəlmişdi?
Vəzir:
-Cəsarət edirəm.... Mən onun gözlərindki məyusluğu aça bilmədim... Amma bir şey aydın oxunurdu: o, umacaqlı idi...
-Hə, elədir... Hamı umur... Amma heç kim qol-biləyini çırmayıb kömək etmək istəmir... Bax, dediyi proletkultçuluq məsələsi... Xaos... Məgər o sökülən rekalamların yerinə yenisini təklif edə bilməzdi? Onda olan intizuazm buna imkan verərdi, zira istək olsaydı... Bəs o nə etdi? Yusif Sərrac sindromundan danışıb, mənim əlimi soyutmağa çalışdı... Amma mən, vəzir, mən acığnan təslim olmayacam! Sona qədər gedəcəm!.. Sən mənə de görüm, ölkədə reklam işinə baxan təşkilatın adı nədir?
Vəzir:
-Dövlət Reklam Agentliyi. Rəhbəri İdarə heyətinin sədri hesab olunur.
-O sədri çağır gəlsin!
-Baş üstə!

***

Sədr cavan adammış. İçəri girən kimi özünü pis hiss edir. Ayağının birini götürüb, o birini qoyur. Əllərini ovuşdurur. Hiss edirəm ki, bir az da ayaq üstə qalsa, yıxıla bilər. Ona görə tez yer göstərirəm.
-Niyə narahatsınız? Xəstə-zad deyilsiniz ki?
-Yox, yox. Yaxşıyam. Sağ olun... Mən... Sadəcə...
-Bizdə reklam işinin təşkili niyə bu vəziyyətdədir? Bu boyda paytaxtda az qala bütün reklamlar ya rus, ya da ingiliscədir?
-Bilirsiniz, Qardaşım qardaş, biz sifarişlə işləyirik... Kim nə sifariş versə, onu da yerləşdiririk... Bazar iqtisadiyyatı...
-Bəlkə biri səhər yaxşı pul verəcək və deyəcək ki, ən pis bir söyüşü şəhərin mərkəzindəki reklam guşəsinə yerləşdir. Siz də tərəddüd etmədən...
-Yox, yox! Elə şey ola bilməz! Reklam haqqında qanunda nəzərdə tutulur ki...
-Bəs o qanunda nəzərdə tutulmur ki, reklamlar ana dilində olmalıdır?
O, bir müddət susur və qəfildən kəsə cavab verir:
-Tutulmur... Təəssüf ki...
Sədrlə söhbətimiz sərt keçir. Onun özünə gəlməsi üçün verdiyim vaxt bitir və onun üstünə gedirəm. Təcili surətdə şəhərin mərkəzi küçələrində sökülmüş reklamların yerinə milli dildə reklam çarxlarının yerləşdirilməsi barədə göstərişlər verirəm. Vəzir isə mənim tapşırığımla, hələlik dövlətin sifarişi ilə hazırlanan reklamların mətnini oxuyur. “Vətən viran olsa da, cənnətdir”, “Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır”, “Bayraq vicdanımızdır” və Himnimizin sözlərindən ibarət bir reklam çarxı. Əvvəl bayrağın fonunda “Azərbaycan Respublikasının Dövlət Himni” sözləri, onun altından “Sözləri Əhməd Cavadın, musiqisi Üzeyir Hacıbəylinindir” yazısı və himnimizin sözləri gəlir, bundan sonra Himnimizin əzəmətli musiqisi eşidilir. Bu bir ilkdir – reklam çarxında dövlət himnimiz səslənir. Tapşırıram ki, bunu yalnız gündə iki dəfə, bir səhər saat 8.00-da, bir də axşam 20.00-da səsləndirsinlər ki, şəhərdə hərəkət ritmi çox pozulmasın.
Sədr gedəndə gülə-gülə, bir dost kimi gedir. Hiss edirəm ki, yeniliyə açıq adamdır. Onunla hələ çox iş görəcəyimizə inanıram...

***

İran prezidenti Pezeşkian son günlər fikrimdən çıxmır. Hicab haqqında onun zamanında qəbul edilmiş yarımmütərəqqi qərarı, Güney Azərbaycana münasibətin dəyişməsi, prezidentin son əlac kimi Şəhriyarın “Heydərbaba”sından misallar gətirməsi... Məncə, bu adam birliyimizə doğru uğurlu addımlar atmaq üçün ən yaxşı cəhdlər etmişdi. İran kimi avtoritar bir ölkə üçün yalnız asta-asta, yedirdə-yedirdə iş görmək lazım. Bu adam son çarə deyilsə də, sondan əvvəlki kimi, yaxud ondan da əvvəlki kimi lazımlıdır. Elə bilirəm Pezeşkian mərhələsi gələcəkdə bizə lazım olacaq...
Məsələn, Əfqanıstan kimi ölümünə cəhalətdənsə, Pezeşkianın çırtlayan demokratik ab-havası min dəfə yaxşıdır. Bu arada qolundan yaralanmış əfqan qızının qolunu kəsmək lazım gələndə onun nalə təpməsi qulağımdan getmir:”Həkim, paltarımın qolunu kəsmə, bundan başqa geyəcək paltarım yox...”
Və başqa bir cəhalətdən səs... Can üstə olan suriyalı qızın şəklini çəkmək istəyən əcnəbi müxbirə qızın dedikləri: “Əmi, allah xatirinə çəkmə, hicabsızam...”
Yaşarmış gözlərimi gizlətmək üçün başımı kompüterimin qapağının arxasında gizlədirəm – bu vəzir qazdan ayıqdır...
Onun hənirtisini duyub başımı kompüterin qapağının arxasından qaldırıram.
-Qardaşım qardaş, cəsarət edirəm, sizi məşğulkən...
-De vəzir, de.
-İran prezidenti cənab Pezeşkian Sizi baş nazir olmağınız münasibəti ilə təbrik edib...
Heyrətlə vəzirə baxır və gülümsünürəm. “Demək, təbrizli balası türk oğlu türk kimi sözünü dedi.”
Vəzirə dönürəm:
-Yaz: “ İran İslam Respubikasının prezidenti zati-aliləri Pezeşkian cənablarına!
Qiymətli vaxtınızı ayırıb bizi təbrik etdiyinizə görə şəxsinizə dövlətim və xalqım adından təşəkkür edirəm...” İmza filan, tarixi-zadı özün qoyarsan...
Sevincək durub zalda gəzişirəm...

-24-

Yemək vaxtı imiş. Bizi buna görə çağırıbmışlar.
Yetər gedib. Hətta aralıdan belə mənə baxmır. Elə bil heç tanımır. Yəqin qorxur.
Mən Zenin düyməsini basır, ondan Amazonlar, yaxud Amazonkalar haqqında məlumat istəyirəm. İki dəqiqənin içərisndə onun ciyiltili səsi eşidilir.
“Əski yunan əsatirlərində, eləcə də tarixi məxəzlərdə amazonkalar haqqında geniş məlumatlar vardır. O məxəzlərdə deyilirdi ki, amazonkalar İspaniyadan Çinə qədər böyük bir ərazifdə yayılıblar. Strabon isə onların Qafqaz dağları ətrafında yaşadıqlarını yazır. Bu da Pomponi Melanın fikridir:”Xəzər körfəzinin yanında skiflər və amazonkalar yaşayır.”
Amerikalı professor Adrienne Mayor ayrıca “Amazonkalar” adlı kitab yazıb və orada problemi mifik müstəvidən real müstəviyə keçirərək Nizaminin “İsgəndərnamə” əsərindəki hadisələrlə uğurlu şəkildə identifikləşdirib.
Məlumdur ki, Nizami əsərində Makedoniyalı İsgəndərlə amazonların görüşünü təsvir edib.
İskəndərin Bərdəyə gəlişi və Bərdə hökmdarı Nüşabə ilə görüşü əsərin ən ekzotik hissəsidir.
Sordu:”Bu şən ölkə kimindir, kimin?
Kim burda padşahlıq edir. Söyləyin.”
Dedilər:”Gördüyün bu var, bu yatır,
Bu gözəl torpaqlar bir qadınındır.
Qadındır, erkəkdən ürəkli, qoçaq,
Dəniz incisindən təmiz və parlaq.
...Hesabsız qəhrəman qulamları var,
Ömründə üzünü görməmiş onlar...
Köksü gül, ağ bilək qız-gəlin ancaq.
Hər işdə onunla edər ittifaq.
Boyları ox kimi, döş nara bənzər,
Sanki hər məmədən süd əmmiş şəkər...”
Amerikalı alimin əsərində deyilir ki, amazonlar özlərinə hökmdar seçir və onu “Sarı ana” adlandırırdılar. Sarı ana mütləq hakim olur, onun sözü qanun sayılırdı. Bu qanunu pozanlar sərt cəzalandırılırdı.
Məşhur “Coğrafiya” əsərinin müəllifi, böyük yunan alimi Strabona görə, Skepsiyalı Metrodor iddia edirdi ki, amazonlar Qafqaz dağlarının Keravn adlanan şimal ətəklərində qarqarlarla qonşuluqda yaşayır, yaz ağzı iki dəfə onları ayıran hündür dağın o üzünə aşaraq qarqarlara görüşür, onların kişilərindən hamilə qaldıqdan sonra geri dönürdülər. (Onu da qeyd etməkdə yarar var ki, qarqarlar indiki Ağdam rayonunda yaşamış qədim türk tayfaları olublar. Qarqarlar saçlarını toplayıb uclarını dəbilqənin içərisinidən çıxardan və heç vaxt bu saçları hörməyən amazonlar haqqında oxuyarmışlar:
“Saçın ucun hörməzlər,
Sarı gəlin,
Səni mənə verməzlər,
Sarı gəlin...”
İndi də sevə-sevə oxuduğumuz “Sarı gəlin” mahnısının izləri min illərin o üzünə gedib çıxır.)
Dediyimiz kimi qarqar kişiləri nə qədər yalvarsalar da, o Sarı gəlinlər - amazonlar geri dönməzdilər. Yalnız uşaqlar doğulan vaxt onları buralarda görən olurdu – doğulan oğlan uşaqlarını qarqar çobanlarının sürüsünün yanına buraxıb gedərdilər. Dediyimiz kimi, qızları isə yeni amazon kimi tərbiyə etmək üçün özləri saxlayardılar...”
Ze yenə nəsə demək istəyir, amma mən onun düyməsini basıb, dayandırıram. Artıq yemək ziyafəti başlamaq üzrə. Mən də möhkəm acmışam.

***

Vəzir həyəcanla içəri girir:
-Londonda bir azərbaycanlı xanımın bir milyon manat pulu və çoxlu zinət əşyası dostu tərəfindən oğurlanmışdır. O, polisə şikayət etmək əvəzinə, təbii, polis pulun mənbəyi ilə maraqlanacaqdı axı, Azərbaycana qaçmışdır... Sosial şəbəkələr bu xəbəri tirajlamağa başlayıb...
-Xanım kimdir?
-Tanınmış bir ailənin qızıdır. Atası...
-Yaxşı. Gerisi məlumdur. Ya nazirdir, ya nazir müavini, ya deputat, ya da icra başçısı... Nə əcəb belə az puldur?! – İroniya ilə soruşuram.
-Qardaşım qardaş, bu hələ ən kiçik məmurdur, əlində az obyektlər var... İribuynuzlular...
-Vəzir, babam deyərdi ki, insan özünü ölmüş, yuyulub qüsl edilmiş, kəfənə bükülmüş və dəfn edilməyə hazır bilməlidir. Yoxsa, bu dünyanın nemətləri insan oğlunun doymayan gözünü daha da doymaz edəcəkdir...
Yaz, vəzir, yaz!
“Dünyanı fəth edən İsgəndər nə apardı?
Bəs bizim gözümüzün önündə sinəsində on kiloyacan oredn-medal gəzdirən Brejnev, kiçik bir dövlətin böyük padşahı Fidel Kastro, özü sadə bir qadın olsa da, Hindistan kimi böyük dövlətin idarəedicisi dünya şöhrətli İndira Qandi, həm Sovet dövründə, həm müstəqillik illərində əlinin üstündə əl olmayan bizim Azərbaycanın sahibi Heydər Əliyev?
Gözümüzün önündə olan bu nəhənglər hanı?
Fani dünyanın alına-gülünə aldanıb özünüzü bədbəxt etməyin.
Bizdə deyərdilər ki, vəzifə mal növbəsi kimidir, bu gün var, sabah yox.
Sizə hər gün oxuyacağınız, kabinetinizdəki yazı masanızın baş tərəfində yazılıb asılası bir kağız göndəririk. Ona hər dəqiqə baxın ki, rüşvətə bulaşan əliniz, amansızlığa öyrəşən qəlbiniz, dünya malından doymayan gözünüz haqq deyilən bir nəsnəni unutmasın. Şüşəli çərçivədə sizə göndərilən mətn budur:

“GÖZƏL ÖLÜM

Öldükdən təxminən otuz dəqiqə sonra bədəndə heç bir refleks qalmır. Əzələlər boşalır; buna görə də ağız və göz qapaqları açıq qalır. Sidik-ifrazat sistemi tamamilə dayanır və sidik axıntısı baş verir.
Ölümdən iyirmi dörd saat keçdikdə bədən çürüməyə başlayır. Nəfəs almanın dayanması bakteriyalar üçün bir siqnaldır - artıq fəaliyyətə keçirlər. İlk çürüyən orqanlar göz, beyin, mədə və bağırsaqlardır. Kök bədənlər daha tez çürüyür. Ən gec çürüyən orqanlar isə ürək, sidik kisəsi və böyrəkdir.
Mədə və bağırsaqlarda bakteriyalar aktivləşdikcə qaz toplanır; bu da qarın nahiyəsinin şişməsinə səbəb olur. Dəridə yanıq izinə bənzər şəkildə su toplanır; bədəndə yığılan kükürd səbəbilə rəngi tədricən qaralır. Günlər keçdikcə qarın daha çox şişir, nəhayət partlayır və döş qəfəsi çökür. Bu çöküş bəzən məzarın üstündən belə eşidiləcək qədər güclü olur.
Təxminən dörd ildən sonra insan bədəni tamamilə sümüyə çevrilir.
Allah sizə gözəl ölümü daim hiss etdirsin.
Amin.”
Vəzir barmağını tabletin klaviaturasından ayırmadan mənə baxır.
-Yazdınmı, vəzir?
-Bəli, Qardaşım qardaş!
-İndi bunları yaxşı bir A-4 kağızda, təxminən 500-600 ədəd çıxardacaqsan, sonra şüşəli şərçivəyə saldırıb nazirlərə, onların müavinlərinə, icra başçılarına, deputatlara, polis rəisləriə, yol polisi rəislərinə, prokurorlara, hakimlərə, nə bilim axı, rüşvətə bilaşmış bütün idarə müdirlərinə göndərirsən. Ki, sabah biz onları tutub içəri salanda deməsinlər ki, bizi niyə xəbərdar etməmişdiniz...

***

“Yemək yediyimiz daş masaların ətrafı dağlardan yığılmış gül-çiçəklə bəzədilmişdi. Hər masanın ətrafında bir qadın dayanmışdı. Bir az irəlidə, nisbətən hündür yerdə on dörd qadın, bir kişi kürsü kimi taxta masaların ətrafında cəm olub nə barədəsə öz-özlərinə astadan danışır, nəyi isə müzakirə edirdilər. (Sonradan öyrənəcəm ki, qadınların biri məktəb rəhbəri olan müəllim, biri həkim, biri isə kəndin mühafizəsinə rəhbərlik edən döyüşçülərin başçısıdır. Kişi isə buranın daimi sakinlərindən deyil. O bura müqavilə ilə gəlir və yeni doğulan oğlan uşaqlarının fiziki və mənəvi tərbiyəsi ilə müəyyən müddət məşğul olduqdan sonra, məvacibini alıb geri qayıdır. Onu da deym ki, burada məvacib ət, maral buynuzundan hazırlanmış bəzək əşyası və digər məhsullarla ödənilirmiş.) Hörmət əlaməti olaraq bizim ağsaqqal El dayını da orada özlərinə yaxın bir yerdə fəxri qonaq kimi əyləşdirmişdilər. Qalan insanlar isə ətrafda ayaq üstə dayanmışdılar.
Bir xeyli zaman keçdikdən sonra Hə (Həcər xanım) xanım ayağa durub danışmağa başladı.
-Qardaşlar! Sizə məlumdur ki, bizdə hər hansı bir mühüm qərar qəbul edilərkən onu Məclisin ixtiyarına veririk. Ölkəmizin əsas şəhəri Bakıdan qonaq gəlmiş yeddi nəfər bizə mühüm bir təkliflə müraciət edib. Bu elə-belə müraciət olsaydı, mən özüm təkbaşına qərar verərdim. Amma bu adi elçilik deyil, bizim Obanın mənafeyinə toxuna bilən məsələdir. Baxın, mən nisbətən savad görmüş, kompüterlə işləmiş, iclaslarda, seçkilərdi iştirak etmiş adamam. Nə yazıq ki, bizim o doğma yerlərdəki iclaslar da, seçkilər də saxta keçirilirdi. Yalnız bir nəfərin iradəsi ilə həll olunan, nəticəsi qabaqcadan bəlli olan məsələləri yalannan müzakirəyə çıxardırdılar. Sizə məlumdur ki, burada yaşadığımız bu illər ərzində mən hər hansı bir məsələnin müzakirəsində öz iradəmin qəbul edilməsinə, yaxud hər hansı birinin bizə hökm etməsinə imkan verməmişəm. Əslində, bizim bura qaçıb gəlməkdə, bu Obanı yaratmaqda məqsədimiz elə bu saxtakarlığa qarşı bir üsyan idi. Ona görə də, bu gün bizə ana Vətənimizdən qonaq gəlmiş adamların təklifini müzakirə edəcəyik. Səsvermə açıq şəkildə keçiriləcək. Daş masaların yanında dayananlar səsləri sayanlar, mənimlə bərabər əyləşənlər isə sadəcə bu sayıma nəzarət edənlər olacaq. Bizim qonaqların təklifini – yeddi nəfər kişiyə yeddi nəfər qızın, yaxud qadının ərə getməsinə icazə verilməsini bizim icmanın açıq səsverməsinə buraxıram. İndi isə sözü daş masalarda əyləşmiş komissiya üzvlərinə verirəm.
Daş masalarda əyləşənlərin içərisindən bir gənc xanım ayağa qalxıb dedi:
-Sizin hamınıza bir ədəd qırmızı parça, bir ədəd isə ağ parça verilib. Məclisin müzakirəsinə qoyulan məsələyə etiraz edənlər qırmızı parçanı, razı olanlar isə ağ parçanı qaldıracaqlar. Xahiş edirəm, diqqətlə fikirləşin. Bu çox vacib məsələdir. Bizim Obanın dağılmasına yol aça bilən belə bir məsələyə münasibət hər kəsin fərdi işidir. İndi isə diqqətiniz məndə olsun. Kim qonaqlarımızın müraciətinə, yəni yeddi qonaq kişi ilə bizim icmanın yeddi qızının, yaxud qadınının evlənməsinə razı deyilsə, qırmızı parçanı qaldırsın.
Hardasa on beş, on altı qırmızı parça qalxdı ki, onların da yarısı oğlan, yaxud kişilər idi. Daş masada əyləşənlər sayıb bitirəndən sonra daş masanın bir küncündə əyləşəmiş mənim Yetim əlini qaldırıb dedi:
-Beləcə, müzakirə edilən məsələyə on altı nəfər etiraz edir.
Yet yazdığı kağızı yuxarı qaldırıb sevinclə yellədi.
Bayaqkı qadın davam etdi:
-Kim qonaqlarımızın müraciətinə, yəni yeddi qonaq kişi ilə bizim icmanın yeddi qızının, yaxud qadınının evlənməsinə razıdırsa, xahiş edirəm, ağ parçanı qaldırsın.
Meydana toplaşanların çoxu əllərindəki ağ parçanı qaldırdı. Sayıcı saymağa başldı. Düzü, mən onların sayının nə qədər olmasına elə də ciddi fikir vermədim, çünki artıq məsələ aydın idi. Çoxluq bizim təklifimizi bəyənmişdi. Hətta məndən başqa beş nəfər də artıq özlərinə tapdıqları qızlarla qucaqlaşaraq bu qələbəni qeyd edirdilər. Yet mənə sarı gələrək qollarını boynuma doladı. Onun güclü qolları arasında əvvəl özümü itirsəm də, az sonra mən də onu bərk-bərk qucaqladım...”

...Vəzir həyəcanlı halda daxil olur.
-Qardaşım qardaş, bir məlumat daxil olub, daha doğrusu, məlumatı gətirən adam onu bizə yazılı surətdə təqdim edəndən sonra bayıldı... Həkim çağırmışam...
-Məlumatı saxla, insan taleyini heç nə əvəz edə bilməz! Gedin, adama yardım göstərin, ayılannan sonra, məqbul görsəniz, dəvət edin, görək dərdi nəymiş...
Vəzir gedir. Mən başımı kompüterə tərəf əysəm də, gözüm heç nə görmür. Ona görə, gözlüyümü taxıb monitora baxıram. Tibb personalı gərgin halda çalışır. Az sonra adam qalxıb oturur. Mən də dərindən nəfəs alıram. Bu vaxt vəzir daxil olur.
-Vəzir, nəymiş bu məsələ ki, adamın halının pisləşməsinə belə səbəb olub?
Vəzir A-4 vərəqdə əl xətti ilə yazılanları qarşıma qoyub danışmağa başlayır:
-Adam paytaxtdakı böyük bir kitabxananın müdiri imiş. Bir ay əvvəl on nəfərlik işçi heyətini ixtisar ediblər. Tək özü qalıbmış, bu gün də ona bildiriblər ki, kitabxananı bağlasın, açarını, sənədləri təhvil verib, getsin özünə başqa iş axtarsın... Ən dəhşətlisi isə budur ki, özüboşaldan maşınları göndəriblər ki, kitabxanadakı bütün kitabları daşıyıb zibilxanalara töksünlər...
Sanki damarlarımda qanım donub. Bir anlıq nəfəs belə ala bilmirəm. Bayaq monitorda gördüyüm yıxılan adam kimi mən də az qalıram ki, aşıb döşəməyə düşəm. Bunu hiss edən vəzir qolumdan tutmaq istəyir, amma cəld əyləşdiyim kreslonun yanlarından yapışıb müvazinətimi saxlamağa çalışır və qışqırıram:
-Polis çağır! Təcili gedib mədəniyyət nazirini, kitabxanalara baxan işçini və baş nazirliyin mədəniyyət məsələlərinə baxan işçisini tutub bura gətirsinlər! Təcili! Yarım saat vaxt verirəm! Təcili!
Sonra vəzir hələ ki, məlumat gətirərkən bayılan adamın yanından ayrılmayan tibb işçilərini dəvət edir, mənim təzyiqimi ölçməyə başlayırlar. Məlum olur ki, təzyiqim kəskin surətdə qalxmışdır. Dərmanın kömək etməyəcəyini deyib iynə vurmağa hazırlaşırlar. Etiraz etmək istəsəm də, sonda razılaşıram.
İynədən sonra halım düzəlir bir az. Vəzirə deyirəm ki, kitabxana müdirini içəri çağırsın.
Adam büzüşmüş halda içəri girib üstümə yeridi və ayağımı qucaqlamaq istədi. Mən onu qaldırdım, hətta acıqlandım da:
-Belə şey etməyin! Siz axı böyük bir kitabxananın müdirisiniz!? Ömrünüz kitabların içərisində keçib... Niyə belə..?
Adam bir az özünə gəlsə də, hiss edirəm ki, üzündə qəzəb ifadəsi var.
-Mən bir ay əvvələcən dediyiniz kimi çox vüqarlı, qürurlu adam idim... Səkkiz baş külfətim var... Uşaqlarım, anam, hələ xəstə bacım da mənim üstümdədir... Axı mən kitabxanaçıyam, əlimdən ayrı iş gəlmir... Mən... Mən...
Hirsindən ağladı. Sonra gözünü silib göstərdiyim stula çökdü.
-Əgər siz olmasaydınız, mən yəqin ki, bu yaşda intihar edəcəkdim... Hələ təqaüd yaşıma düz on iki il var... Əlimdən kitabçılıqdan başqa bir iş gəlmir... Bir də... Siz axı yazıçısınız həm də... Məni başa düşərsiniz... Mən tarixdən İsgəndəriyyə kitabxanasının yandırılması faktı qədər bəşəri faciə tanımıram... Amma dahası da varmış... Dünən beş ədəd samasvat maşın kitabxanamızın qabağında dayanaraq kitabları maşına doldurmaq istəyəndə özümü maşının birinin altına atdım... Onlar bu gözlənilməz hadisədən qorxuya düşərək çıxıb getdilər. Amma maşınlardan ikisi kitabla dolu idi. Onlar iki maşın kitabı hansısa zibilliyə apardılar...
O hönkür-hönkür ağlamağa başladı...
Sonra cibindən bir köhnə qəzet parçası çıxardıb mənə uzatdı:
-Sizin bu qəzetdə çıxan məqalənizi oxuyanda bilmişdim ki, bu ölkənin sahibi gələcək...
Qəzetə baxıram və neçə il əvvəl yazdığım məqalə gözüm önündə yenidən canlandı. “Nənəmin andı: “kitab haqqı!”, professor Rəhim Əliyev və küçəyə atılmış kitablar” adlı yazını yazanda onun belə aktuallıq kəsb edəcəyini ağlıma da gətirməzdim.

(Ardı elə burada gələn sayda)