Bayraq - Milliyyət vəsiqəm!
Hərdən düşünürəm, himn bayrağın sözlərə çevrilmiş halı, gerbsə onun möhürüdür... Və yəqin, bütün analar övladına şirin olduğu qədər, bütün bayraqlar da analara əzizdir. Doğmaca oğulları tək...
Bayraq, insan cildində vücud tapsaydı əgər, adı - Şəhid olardı! Hər kəsdən uca, hamıdan ali! İstinadgah! Bütün sükut dəqiqələrinə and olsun, bu bayraq əsla susmayacaq!
Dalğalan, sənə qurban! Sən çırpınasan deyə dayanan ürəklərin şərəfinə! Dalğalan!
Dalğalan! Səndən mübarək nəyimiz var? Yaşılından doğulduq. Al qanınla yoğrulduq. Göylərinə ucalırıq...
Deyəsən axı, simaca da bənzəyirik. Hər ilmən bir əzizimin qanından toxunub... Poladlar, Xudayarlar, Babəklər... Əkiz kimiyik. Gör nə qədər qardaşın var! Hamımızı eyni ana gətirib dünyaya! Dirəyinə calaq olmuşuq. Sən dik durasan deyə... Qoy bizim qəddimiz bükülsün. Qoy bizim üzümüzü cızsın bütün qırışlar. Təki sən parla və bərq vur! Qoy biz qocalaq önündə. Qoy biz bürünək sənin parçana. Qoy biz tabumuzdan sənə oxşayaq. Olsun! Nə varsa, qoy bizə olsun! Təki sən Zəfər Tağından Şuşaya sarı dalğalan... Ləpələn! Əngin göylərdən salamlar gətir. Dualarımızı apar...
Bayraq... Milliyyət vəsiqəm!
Bayraq... Şəxsiyyət rəngim!
Bayraq... Vətəndaşlıq xəritəm!
Bayraq... Alnımın açıq yeri, üzümün ağ tərəfi...
İçimdəki ulduz! Sönməzim...
Ay üzlüm!
Səni sevirəm!