Esse

Bərzəxdəki həyat...

“Qırmızı yuxu” kitabımdan esse

Bir ömür dünyaya gəldi. Özü ilə bir ömürlük sevinc, saysız arzular, hələ adını belə bilmədiyi sabahların ümidini gətirdi. Əvvəlcə balaca bir tumurcuq idi. Zamanın nəfəsi ilə böyüdü, həyatın küləklərinə alışdı. Günlər bir-birini əvəz etdikcə uşaqlıqdan çıxdı, gəncliyə qədəm qoydu, sonra ömrün məsuliyyətli çağlarına yetişdi. Həyatın qarşısına çıxardığı sınaqların heç birindən üz döndərmədi. Bəzən yağışda islandı, bəzən qarda üşüdü, bəzən tufanların içindən keçdi. Hər dəfə yıxılanda yenidən qalxmağı bacardı. Çünki hələ bilmirdi ki, qarşıda onu özündən də böyük bir məsuliyyət gözləyir. Ömür nələr görmədi?! Gah boşaldı, gah doldu. Gah bozardı, gah qızardı. Bahar çiçəkləri kimi açıb, payız yarpaqlarıtək saraldı. Sevincin də, kədərin də dadına baxdı. Gördüyü hər hadisə ona bir az da səbir, bir az da müdriklik öyrətdi. Zamanla yarışdı, zamanın əlindən tutub irəli getməyə çalışdı. Elə bilirdi, həyatın bütün çətinliklərinə qalib gəlmək mümkündür. Hələ bilmirdi ki, insanın məğlubiyyət hesab etdiyi bəzi anlar əslində ömrün ən böyük həqiqəti ilə üz-üzə qalmasıdır.
Bir gün həmin ömür başqa üç ömrün başlanğıcına çevrildi. Bətnində üç həyatın toxumu cücərdi. Öz bədənində üç gələcək böyütdü, üç ürəyin döyüntüsünü öz ürəyinin səsinə qatdı. Gecəsini gündüzünə caladı, hər nəfəsində onları qorudu. Dünyaya gələndə isə öz ömrünün bir parçasını onlara bağışladı. Beləcə, bir ömür üç ömrə bölündü, amma azalmadı; əksinə, başqa bədənlərdə, başqa baxışlarda, başqa sabahlarda yaşamağa başladı.
Ana olmaq, bəlkə də, insanın özündən çıxıb başqalarının taleyində yaşamağı öyrənməsidir. O gündən sonra özünə aid olan heç nə əvvəlki kimi qalmadı. Sevinci övladlarının gülüşündən, rahatlığı onların yuxusundan, xoşbəxtliyi isə sağ-salamat olduqlarını görməkdən ibarət idi. Öz yorğunluğunu gizlədib onların üzündəki təbəssümü qorudu. Birinin kədəri olanda üçünün ağrısını duydu, birinin sevinci olanda üçqat sevindi. Hər birinə ayrı-ayrılıqda ömür verdi, amma heç birindən öz payını əsirgəmədi. Üç ömür böyüdükcə onun ömrü yaşlanırdı. Övladlarının boyu ucalır, addımları möhkəmlənir, arzuları genişlənirdi. O, isə illərin ağırlığını çiyinlərində daşıya-daşıya yenə də onların ardınca baxırdı. Kökü torpağın dərinliyinə işləyən xan çinarı kimi bu dünyaya bağlı idi. Budaqları nə qədər uzağa uzanırdısa, kökü də bir o qədər dərinə gedirdi. Üç övlad onun budaqları idi; hər biri ayrı səmtə boy atsa da, hamısı eyni kökdən güc alırdı. O, özünə aid günləri övladlarının sabahına dəyişmişdi. Bəzən bir tikə çörəyi bölüb üç yerə ayırmış, bəzən öz istəyini onların ehtiyacına qurban vermişdi. Fədakarlığı dilə gətirməmişdi, çünki ana sevgisi hesaba gələn nemət deyil. O sevgi nə ölçülür, nə də əvəzini gözləyir. Sadəcə yaşayır, yaşadır, insanın içində görünməz bir kök salır. Bəlkə də buna görə ana ömrü insanın dünyada tanıdığı ən səssiz, amma ən böyük möcüzədir.
İllər keçdi. Üç ömür artıq öz ayaqları üstündə dayanırdı. Ana isə hələ də onların hər addımında görünməyən bir dayaq idi. Onun üçün övladların böyüməsi ayrılığın başlanğıcı yox, ömrünün mənasını tapması idi. Ancaq həyatın qəribə bir qanunu var: insan bəzən ən çox sevdiyi, ən çox qoruduğu şeydən ayrılmaq təhlükəsi ilə qarşılaşır. Elə bir gün gəlir ki, illərlə başqalarını qoruyan insanın özünü qorumağa gücü çatmır. Yan səni, ey fələk! Niyə tələsdin? Axı o ömür hələ bitməmişdi. Hələ deyilməmiş sözləri, gerçəkləşməmiş arzuları, görülməmiş günləri vardı. Hələ üç ömrün üç ayrı yoluna işıq salmalı, büdrədikləri yerdə əllərindən tutmalı, sevindikləri günlərə xeyir-dua verməli idi. Axı onun ürəyində özünə saxladığı bir ömür yox idi; hər şeyini övladlarına vermişdi. İndi onları kimin nəfəsi qoruyacaqdı? Kimin səsi evin divarlarında doğmalıq yaradacaqdı? Kim onların adını çəkəndə dünya bir az da isti görünəcəkdi? Əcəllə üz-üzə gələndə belə təslim olmaq istəmədi. İnsan bəzən ölümlə deyil, yarımçıq qalacaq həyatla mübarizə aparır. O da elə mübarizə edirdi. Sanki ölüm qapının astanasında dayanmışdı, o isə qapını açmamaq üçün bütün gücünü səfərbər etmişdi. Hər nəfəsi bir möhlət, hər baxışı bir yalvarış idi. Hələ körpə vaxtlarından qaşının, kipriyinin arasında, gözünün bəbəyində qoruduğu üç ömür vardı. Onları bir an belə nəzərindən uzaq tutmaq istəmirdi. Möhlət istəyirdi... Bir az da zaman, bir az da nəfəs, bir az da birlikdə yaşamaq. İnsan taleyin qarşısında bəzən nə qədər aciz olsa da, sevdiklərinin xatirinə qeyri-mümkün görünənə belə ümid bəsləyir. Çünki ana ürəyi təslimiyyətin nə olduğunu bilmir. O ürək ömrünün son anında belə övladlarının sabahını düşünür.
Biz ölümə çox vaxt Fələk deyirik. Bəlkə də adını çəkməyə ürəyimiz gəlmədiyi üçün ona başqa adlar veririk. Halbuki ölüm insanın öz iradəsi ilə seçdiyi yol deyil, hər kəsin bir gün qarşılaşacağı həqiqətdir. Bizim dilimizdə ağır, qəlbimizdə qorxulu səslənsə də, dini inancımıza görə, Əzrayıl özbaşına hökm verən deyil; ona verilən əmri yerinə yetirən mələkdir. Ömrün nə vaxt tamamlanacağını müəyyən edən isə insan ağlının dərk etməkdə aciz qaldığı İlahi iradədir. İnsana ruh verilib, bədən ona əmanət edilib. Zamanla bu bədən böyüyüb, yaşayıb, yorulub. İnsan özünə dünya qurub, ailə yaradıb, sevib, sevilib, yaxşılıq edib, bəzən yanılıb, bəzən də öz səhvlərindən bir ömürlük dərs alıb. Lakin ruhun bədənlə birlikdə yaşayacağı zamanın son həddi də var. Bəlkə də bu dünyanın ən böyük sirri elə bundadır: biz ömrü özümüzə məxsus hesab edirik, halbuki o, bizə müəyyən zaman üçün verilmiş bir əmanətdir. Müqəddəs kitabın insana xatırlatdığı həqiqətlərdən biri də valideynin qədrini bilməkdir. Övladın ata-anasına bircə dəfə belə «uf» deməməsi buyurulur. Çünki insanın öz dilindən çıxan ən kiçik narazılıq belə, onu dünyaya gətirib böyüdən qəlbdə bəzən dərin bir iz buraxa bilər. Bizə doqquz ay bətnində yer verən, ilk nəfəsimizdən başlayaraq hər anımızı qorumağa çalışan bir ömrün haqqını hansı ölçü ilə ödəyə bilərik? Ana sevgisinin qarşısında borclu qalmamaq mümkünmü?! Bəlkə də insanın bu dünyada ödəyə bilmədiyi ən böyük borc elə valideyn borcudur. Amma İlahi hökmün qarşısında heç bir insanın gücü yetməz. Əmr verilmişdisə, əcəl öz vaxtını gözləməyəcəkdi. Ömrün sonuna yaxınlaşan o ana da bunu duyurdu. Bəlkə bir anlıq gözlərini yumub övladlarının uşaqlığını xatırladı. Bəlkə hər birinin ilk addımı, ilk sözü, ilk gülüşü gəlib gözlərinin önündə canlandı. Bəlkə də demək istədiyi son sözlər dilinə gəlmədi. Çünki bəzi ayrılıqlarda sözlər insanın boğazında düyünlənir, sevgi isə danışmadan da hər şeyi söyləyir. Əfsus! Çabalar boşa çıxdı. Vaxt yetişdi. İnsan ömrünün ən ağır hökmü verildi. Üç ömrə həyat bəxş etmiş bir ömür özünün son nəfəsinə yaxınlaşdı. Bəxtəvər saydığımız günlər bir anda xatirəyə çevrildi. Həyatın sərt daşına dəyən arzular cilikləndi, yarımçıq qaldı. Amma o ömür ölümə təslim olsa da, sevgisini geridə qoymadı. Çünki insanın bədəni həyatdan ayrıla bilər, lakin bir qəlbdə saldığı yeri heç bir ölüm boşalda bilməz. Bəlkə də elə buna görə üç ömür onun gedişinə inanmaq istəmədi. Hərəsi öz ömründən bir pay qoparıb geri verməyə hazır idi. Birinin duası o birinin göz yaşına qarışdı. Üç ürək bir arzu ilə döyündü: kaş, bir az da qalsaydı! Kaş, bir dəfə də səsini eşidəydik! Kaş, bir dəfə də əlimizi başının üstünə qoyaydıq! İnsan itirdiyi varlığın qədrini onsuz da yaxşı bilir, amma yoxluq başlayanda həmin qədrin nə qədər böyük olduğunu daha dərindən anlayır. O an dərk edirsən ki, ölüm təkcə bir insanın həyatdan getməsi deyil. Onunla birlikdə evin bir səsi susur, bir qapının açılmağına olan ümid itir, süfrənin bir yeri boş qalır. Əşyalar öz yerində dayanır, divarlar əvvəlki divarlardır, pəncərədən yenə işıq düşür, amma heç nə əvvəlki kimi görünmür. Çünki insan bir evdə yalnız bədəni ilə yaşamır; nəfəsi, baxışı, səsi, adətləri ilə oranın ruhuna çevrilir. O gedəndə isə geridə görünməyən bir boşluq qalır. Nə onu əllə tutmaq olur, nə də sözlə doldurmaq. Bununla belə, ruhun əbədi taleyinə inanan insan üçün ölüm son nöqtə deyil. Bu, dünyanın bildiyimiz tərəfi ilə bilmədiyimiz tərəfi arasında bir ayrılıqdır. Bərzəx — inancımızda dünya həyatı ilə axirət arasındakı pərdəli aləm. Orada zamanın necə yaşandığını, ruhların hansı duyğularla qovuşduğunu insan ağlı tam dərk edə bilməz. Amma dua edən qəlb bəzən bu bilinməzliyin qarşısında təsəllisini tapır. Çünki ümidin yaşaması üçün hər şeyi görmək lazım deyil; bəzən inanmaq kifayətdir…
İndi o ana başqa bir aləmdədir. Bizim üçün susmuş səsi, bizim üçün dayanmış addımları, bizim üçün əllərimizdən çəkilmiş əlləri ilə yaddaşımızda yaşayır. Bəlkə də onun dünyamızdan apardığı ən qiymətli şeylərdən biri üç övladına bəxş etdiyi sevgidir. Çünki sevgi nə qəbirə sığır, nə torpağın altında qalır, nə də məsafənin o üzündə itib gedir. O, insanın içində yaşayır, illər keçdikcə başqa şəkillərə düşür, amma mahiyyətini dəyişmir. İndi üç ömrün qəddi bir az bükülüb. Bir zamanlar ana nəfəsi ilə isinən ürəklər soyuq bir həqiqətin qarşısında dayanıb. Bəzən göyə baxırlar, bəzən gecənin səssizliyində tanış bir səs axtarırlar. Külək pəncərəni tərpədəndə, ağacın budağı yüngülcə yellənəndə, günəş buludların arxasında gizlənəndə bəlkə də bir anlıq onu xatırlayırlar. Hər xatırlayış bir az ağrı, bir az sevinc, bir az da minnətdarlıq gətirir. Çünki insanın yaddaşında yaşayan doğmaların yoxluğu belə bəzən varlığın başqa bir formasıdır. Bəlkə də o, yuxularımıza ona görə gəlir ki, yaddaşımızın qapısı hələ də üzünə açıqdır. Bəlkə də gecənin səssizliyi ilə səhərin ilk işığı arasında onun xatirəsi qəlbimizə toxunur. Biz bunu bir işarə, bir təsəlli kimi qəbul edirik. Bilmirik, bu, yuxunun oyunudur, yoxsa həsrətin yaratdığı mənəvi yaxınlıq. Amma bir həqiqəti bilirik: sevginin davam etməsi üçün insanın mütləq yanımızda olması vacib deyil. Bəzən düşünürəm, görəsən, o ana üç ömrün bu dünyadakı halını görə bilsəydi, nələr deyərdi? Bəlkə yenə hər birinə ayrı-ayrılıqda nəsihət verər, yenə də öz qayğısını onların qayğısından üstün tutmazdı. Bəlkə də bircə cümlə ilə bütün həsrəti susdurardı: “Mənim üçün bir-birinizə dayaq olun. Mənim sizə verdiyim sevgini bir-birinizdən əsirgəməyin”. Çünki ananın dünyada ən böyük arzularından biri övladlarının birliyini, bir-birinə arxa durduğunu görməkdir. O, üç ömür doğmuşdu, amma əslində bir ailə, bir tale, bir-birinə bağlı üç ürək yaratmışdı. İnsan ömrü sona çatanda onun haqqında danışılan illərin sayı deyil, geridə qoyduğu sevginin böyüklüyü qalır. Bəzi insanlar dünyadan gedəndən sonra da ailələrinin içində yaşamağa davam edirlər. Onların öyrətdiyi mərhəmət bir davranışda, söylədiyi söz bir xatirədə, toxunduğu əllər bir yaxşılıqda yenidən doğulur. Belə ömürlər torpağa tapşırılsa da, torpağın altında qalmır. Çünki insanın ən uzun ömrü onu sevənlərin qəlbində davam edən ömürdür. Bəlkə də bu səbəbdən ölümün qarşısında ən böyük təsəllimiz yaddaşdır, ən böyük ümidimiz duadır. Biz gedənlər üçün dua edir, qalanlar üçün səbir diləyirik. Bir gün bütün ayrılıqların mənasını anlayacağımız, bütün yarımçıqlıqların tamamlanacağı bir görüşə inanırıq. O görüşün vaxtını, yerini, necə olacağını bilmirik. Sadəcə, ümid edirik ki, bu dünyada bir-birindən ayrılan ömürlər başqa bir aləmdə yenidən qovuşacaqlar.
Ey Bərzəxin səssizliyində olduğuna inandığımız ana ömrü! Sən üç ömrə özündən pay verdin. Onlara yalnız həyat bəxş etmədin, yaşamağın mənasını da öyrətdin. İndi onlar sənin yoxluğunda böyüməyə, sənin öyrətdiklərinlə yaşamağa çalışırlar. Hər yeni gün səndən qalan bir xatirəni oyadır, hər dua adını yenidən dilə gətirir. Bəlkə bir gün zaman bütün ağrıları sakitləşdirəcək. Amma unutdurmayacaq. Çünki unutmaqla sağalmaq eyni şey deyil. Bəzi yaralar bağlanır, amma izi qalır; bəzi ayrılıqlar qəbul edilir, amma həsrəti heç vaxt bitmir. Üç ömür də bu həsrətlə yaşayacaq, lakin hər dəfə çətinliyə düşəndə sənin səbrini, hər dəfə bir-birinə sarılanda sənin sevgini xatırlayacaq. Bir vaxtlar bir ömür üç ömrə bölünmüşdü. İndi isə üç ömür bir ömürün xatirəsində birləşib. Həmin ömür bu dünyadakı yolunu başa vurub, amma onlara verdiyi həyatın içində hələ də yaşayır. Və bəlkə də ömrün ən böyük möcüzəsi elə budur: insan gedir, amma sevgisi qalır. Bədən torpağa qovuşur, ruhun taleyi İlahi iradənin hökmünə tapşırılır, xatirə isə qalanların içində yeni bir həyata başlayır.
Bir gün bütün yolların sonu olan görüş baş verəcək. O gün nə həsrət qalacaq, nə ayrılıq, nə də yarımçıq qalan sözlər... O vaxta qədər üç ömür bir ananın duası ilə yaşamağa davam edəcək. Çünki ana ömrü bitmir. Sadəcə, bir aləmdən o birinə köçür. Və bəzi ömürlər ölümündən sonra da ömür verməyi bacarır...