Viktor Yerofeyevlə Kənan Hacının xəyali daloqu
“İstifadə müddəti bitmiş ifadələrdən imtina etmək lazımdır”.
I söhbət
Viktor Yerofeyev modern rus ədəbiyyatının ekstravaqand, ən fərqli, mübahisəli və novator fiqurlarından biridir. O, XX əsrin ikinci yarısı və XXI əsr rus nəsrində ənənəvi bədii düşüncə qəliblərini dağıdan, insanın daxili aləmini, mənəvi böhranını, cəmiyyətin ziddiyyətlərini və şəxsiyyətin azadlıq problemini özünəməxsus üslubda əks etdirən yazıçı kimi tanınır.
Yerofeyevin yaradıcılığı sovet ədəbiyyatının ideoloji çərçivələrindən uzaqlaşma və yeni bədii-estetik düşüncənin formalaşması dövrü ilə bağlıdır. O, sovet dövrünün rəsmi ədəbiyyatına xas olan qəhrəmanlıq, nikbinlik və ideallaşdırılmış insan obrazlarından fərqli olaraq, ziddiyyətli, daxilən parçalanmış və mənəvi axtarışlar içərisində yaşayan insanı təsvir edir.
Onun əsərlərində sovet və postsovet cəmiyyətinin mənəvi problemləri, fərdin azadlığı və şəxsiyyətin yadlaşması, milli kimlik və mədəni yaddaş, insanın tənhalığı və ekzistensial böhranı, əxlaqi dəyərlərin aşınması əsas mövzulardır.
Yerofeyevin nəsri ənənəvi realist təsvirlə modernist və postmodernist təhkiyə üsullarının qovuşduğu bir yaradıcılıq nümunəsidir.
Onun psixologizmi üfüqi deyil, şaquli istiqamətdə inkişaf edir. Bu psixoloji dərinlik oxucunu sarsıdıcı həqiqətlərlə üz-üzə qoyur. Yazıçı insanın şüuraltı istəklərini, qorxularını, daxili ziddiyyətlərini və mənəvi sarsıntılarını açmağa çalışır.
V. Yerofeyev “Yaxşı Stalin” avtofioqrafik romanında keçmişi xatirələr vasitəsilə yenidən qurur. Bu əsər insanın öz həyat təcrübəsini bədii şəkildə mənalandırmasının ən parlaq nümunəsidir. Sovet diplomatının ailəsində dissident ruhlu bir yazıçının yetişməsi də o dövrün paradoksudur.
Yazıçının əsərlərində Rusiya yalnız coğrafi və siyasi məkan kimi deyil, həm də mürəkkəb tarixi yaddaşa, ziddiyyətli mənəvi təcrübəyə malik mədəni fenomen kimi təqdim olunur.
Onunla xəyali dialoqa ehtiyac duydum və suallarıma elə öz əsərlərində cavab tapdım.
-Siz ədəbiyyatın dünyanı xilas edəcəyinə inanırsınız?
-Dostoyevski deyirdi ki, dünyanı gözəllik xilas edəcək. Amma hansı gözəllik? İlk növbədə bu suala cavab tapmaq lazımdır. Ədəbiyyatın xilasedici öhdəliyi yoxdur. İki yüz il ərzində rus ədəbiyyatında həyata Miçurin yanaşması üstünlük təşkil edib. Yazıçılar yalnız insanların deyil, bütövlükdə həyatın özünün də yeni növünü yetişdirməli, onun keyfiyyət göstəricilərini yaxşılaşdırmalı, lazımsız budaqlarını kəsib atmalı idilər. Bu, seleksiyaçının işi idi.
-“Miçurin yanaşması”nı bir qədər izah edərdiniz. Siz çox güman ki, həyatı olduğu kimi qəbul etməyi deyil, yeni formaya salmaq istəyini nəzərdə tutursunuz.
-Bilirsiniz, bütün bunlar rus dilinin “həyat” sözü üzərində nəzarəti itirməsi ilə bağlıdır. Belə görünür ki, rus dili bu sözə hüdudsuz səlahiyyət verib. Hər kəs “həyat” sözünü ürəyi necə istəyirsə, elə işlətməyi özünə rəva görür. Bu sözün qulaqbatırıcı dərəcədə gur mənası ona gətirib çıxartdı ki, sözün özü ilə birlikdə ifadə etdiyi anlayış da dəyərdən düşdü. “Gözəllik” və “xilaskar” sözlərindən də yeri gəldi-gəlmədi, istifadə edirlər və bu sözlər də artıq surroqat bir nəsnəyə çevrilib. Sözlərə öz həqiqi mənalarını qaytarmaq lazımdır. Dünyanı bu yolla xilas etmək olar.
-Siz XX əsrin daxili ziddiyyətlərini öz həyatınızda yaşamış bir yazıçısınız. Biz artıq XXI əsrin yarısındayıq. Bu nəsil dəyişmələrini necə xarakterizə edirsiniz?
-Çox geniş və əhatəli cavab istəyən sualdır. XX əsrin böyük ideoloji və mənəvi ehtiraslarından sonra XXI əsrin insanı öz fərari varlığını, dilini və yaddaşını qorumağa çalışır. Ədəbi kriteriyalar da çox dəyişib. Ədəbiyyat artıq həyatı sadəcə, təsvir etmir, o, gerçəkliyi dilin sərbəst assosiasiyaları vasitəsilə yenidən qurur. Köhnə ifadə formaları dəyişməkdə olan şüuru artıq tam şəkildə ifadə edə bilmir. Axı ədəbiyyat həm də insanlara başqa cür düşünməyi öyrədir. Bu mənada o özü də qabığını mütləq dəyişməlidir. Klassikanı inkar etmədən ona qarşı şüurlu şəkildə yeni konsepsiya ortaya qoymaq lazımdır.
-“Yaxşı Stalin” romanınızda özünəironiya çox güclüdür. Hətta atanıza qarşı da hədsiz dərəcədə güzəştsiz yanaşmısınız.
-“Yaxşı Stalin” həm də bütöv bir dövrün mənəvi-psixoloji portretidir. Mən Kremlin mətbəxini və diplomatların ağır psixoloji sarsıntılarla dolu həyatını göstərməyə çalışmışam. Təsəvvür edin ki, Stalin kimi diktatorla işləmək nə deməkdir?! Mən sovet uşaqlarının yuxusunda belə xəyal etmədiyi gerçəklərin şahidi olmuşam və düşündüm ki, bunlar mütləq yazılmalıdır. Gerçəkliyə sadiq qalmaq üçün isə mütləq ironiya, sarkazm olmalı idi. İroink yanaşma həm də müalicəvi bir üsuldur və gərəksiz şovinizmi də zərərsizləşdirməyə qadirdir. Siz bu əsərdə təəssübkeşlik hiss edə bilməzsiniz. Sovet ideoloqları sidq-ürəkdən sosializmə inanırdılar və həyatlarının mənasını bu ideologiyaya xidmət etməkdə görürdülər. Atam da bu qəbil insanlardan idi. O, sovet ideallarının çöküşünü hiss edəndə möhkəm sarsılmışd və bu, onun bir insan kimi, diplomat kimi ən böyük faciəsi idi. “Yaxşı Stalin”də bu sarsıntıları ürək ağrısı ilə, eyni zamanda soyuqqanlı şəkildə təsvir etmişəm.
-Atanın sovet sisteminə sədaqəti oğulun azad düşüncə və fərdi seçim arzusu ilə ziddiyyət təşkil edir. Qəribədir ki, atanız sizin bu dissidentliyinizə liberal yanaşır. Atanınz da qəlbən sizin həqiqətlərin yanında idimi?
- Mən bu əsərdə ata-oğul münasibətlərini sovet ideologiyasının insan şüuruna və ailə həyatına təsirini araşdırmağa cəhd etmişəm. Bu ironiya həm şəxsi etiraz, həm də keçmişlə hesablaşma formasıdır. Burada vacib məqam budur, ironiya atama qarşı şəxsi ədavətdən daha çox, atamın təmsil etdiyi ideoloji düşüncə tərzinə yönəlir. Yüzlərlə, minlərlə sənət adamının taleyi onun əlində idi, aparata kiminsə haqqında siyasi etibarsızlıq hada şifrə yollasaydı, o insanın karyerası ömürlük məhv ola bilərdi. Buna görə də ondan çəkinirdilər, hörmət edirdilər. Atam mədəniyyəti sevmirdi, onun üçün mədəniyyət siyasətin daldabucaq yeri idi. O, sözün əsl mənasında partiyanın əsgəri idi. Bütün detallar romanda var. Baxın, görün, sovet diktaturası hansı mexanizmlə işləyirdi.
-Əsərdə rus yazıçısını milad yolkasının başındakı ulduza bənzətmisiniz. Təbii, bu da ironik yanaşmadır. Yerdə qalan yazıçılar aşağıdakı budaqlardan asılan oyuncaqlardır. Rusiya özünü elə aparır ki, sanki bütün dünyaya həqiqət ixrac edir.
-Bilirsiniz, insan böyük bir mexanizmin, sistemin içində yaşayır və ona təsir etmək imkanları yoxdur. Əksinə, yazıçı sistemin basqısı altında əzilir. Onda belə tragikomik vəziyyət yaranır. Sovet sistemi uydurma yazıçılar yaratmışdı, bu sistemə boyun əyməyənləri ən yaxşı halda Platonovun taleyi gözləyirdi.
-Atanızın sizə təzyiqini hiss edirdinizmi? Yazıçı olmağınıza necə baxırdı?
-Birbaşa təzyiqi olmayıb. Amma mənim yazıçı olmağım onun üçün təhlükə mənbəyi idi. Atam Parisə dplomatik fəaliyyət üçün yollananda bizi, ailəsini də aparmışdı. Mənim dünyagörüşüm orda formalaşdı. Mayakovski, Van Qoq, Modulyani, Qogen... Bunlar olmasaydı, bəlkə mən də atam kimi diplomat olacaqdım, xarici işlər naziri olmaq istəyəcəkdim, bəlkə də olacaqdım. Amma bu impressionistlər məni yoldan çıxartdılar, beynimi təmizlədilər. Sonra başıma kubistlər, dadaistlər, abstraksionistlər ələndi. Onlar Sena çayı ilə, Eyfel qülləsi ilə, Parisin şabalıd, çinar ağacları ilə həmqafiyə idi. Sözün qısası, Paris mühiti məni yazıçı elədi.
-“Rus insanının arzular ensiklopediyası” əsərinizdə bir məqam var. Yazırsınız ki, Səhər sanki bir təkanla, aydın bir hisslə oyandım: mən — xalq düşməniyəm. Lampa tavanın altında şübhəli şəkildə yırğalanırdı. Düşündüm: hər halda həddən artıq içmişəm. Hakimiyyətlə görüşdəki həyəcandandır. Hamımız özümüzü sadəcə, elə göstəririk ki, hakimiyyət guya bizi həyəcanlandırmır. Narahat halda çarpayıdan dolaba sarı sıçradım, yuxulu sifətimə şillələr vurdum. Güzgüdən mənə xalq düşməninin yuyulmamış sifəti qəmgin-qəmgin baxdı.
"Hə, vəssalam! — qərara aldım. — Bu ya tam bir zibildir, ya da tam irəli!"
-Bu, bayaq dediyim psixoloji-mənəvi terrorun sadəcə, bir nüansıdır. Sovetlər ölkəsində yaşamış hər bir yaradıcı insanın həyatında bu kabus dolaşıb. SSRİ insan bədbəxtliyi istehsal edən ölkə növüdür. Ölkənin fasiləsiz olaraq bədbəxt olması üçün tarixi olaraq bütün şəraitlər var. Sovet hakimiyyəti hansı orientasiyaya malik olursa olsun, öz tapşırıqlarının öhdəsindən düzgün gəlirdi. İmperiya qabaqcadan həyata keçirilməsi mümkün olmayan və inkişafına çoxlu qurbanların getdiyi utopik konstruksiyaların işlənməsində son dərəcə pərgar idi. Hətta belə nəhəng bir ölkədən daha çoxunu gözləmək qəribədir. “Rus insanının arzular ensiklopediyası” çöküş haqqındadır. Bizim həyatımızın gizli tərəfləri ədəbiyyat üçün zəngin material verir. Metafora ədəbi dil hadisəsidir, rus insanı üçün isə zirehdir, özünüqoruma instinktidir.