Qeyd

Bunlar riyaziyyat deyil

Məni həmişə üç şey heyrətləndirib.

Birincisi, tökülən qan bağışlanılmazdır. Lap dünyanın ən qatı cinayətkarının belə, ən pis adamının belə, lap prezident olub bir „ömürlüy“ün, hər hansı güclü ölkənin vətəndaşı kimi lap qanunsuz miqrantın belə olsa qanını töksən – cəzalanmalısan! Qan toxunulmazdır. Lakin qanın bağışlanılmazlığı prinsipinin müharibədə dəxli yoxdur, çünki düşmən qansızdır. Dilimizdə „qansız“ sözünün mənası düşmən deməkdir.

İkincisi, kim olursansa ol, hansı şəraitdə olursansa ol, can üstəsənsə, yaralısansa, halın hal deyilsə, həkim həkimdir, o, irqinə, cinsinə, dininə və s. baxmayaraq səndən öz köməyini əsirgəməyəcəkdir! Həkimlər və təkcə onlar çarmıxda hamıya qucaq açan İsa Məsih Peyğəmbər kimi, „Kim olursansa ol, gəl!“ deyən müqəddəslər kimidirlər, heç kimə fərq qoymurlar (qoymamalıdırlar). Heç şübhəsiz ki, loğmanlığın üniversallığı e. ə. 5-ci əsrdə yaşamış yunan Hippokratdan başlanmır.

Üçüncüsü, polislərin cinayət yerinə tələsərkən siqnal sistemini qoşması. Polis maşınlarının təhlükə yerinə gecə yarısı olsa da siqnal sistemini qoşaraq „qışqıra-qışqıra“ tələsməsi təkcə özünə yol açmaq üçün deyil. Bu həyəcan siqnalı o deməkdir ki, „Ey cani, qaç, səni sonra tapmaq, həbs etmək və s. mənim zəhmətimə daxildir, hətta sənin kim olduğunu müəyyənləşdirə bilməmək ehtimalı da olsa, heç olmasa sonuncu zərbəni vurma, mən icazə verirəm, çıx get, təki öldürmə!“

Bunlar riyaziyyat deyil.