Dolça (povest) – II hissə
V
Bəşir müəllimgil bu yay ona görə heç hara getməyib bağ kirayə eləmişdilər ki, oğlanları Adil bu il instituta girirdi və Kələntər müəllim də buna görə hər gün bura gəlib-gedirdi, çünki belə məlum olurdu ki, Kələntər müəllim institutda dərs deyir; hər halda, Kələntər müəllim institutla əlaqədar adam idi. Kələntər müəllimin bir qırmızı «Jiquli» maşını var idi və hər dəfə bu maşın Ağababagilin darvazasının qabağında dayananda, deməli, Kələntər müəllim şəhərdən nə isə bir xəbər gətirmişdi, çünki o saat maşından düşüb tez-tələsik şüşəbəndə qalxırdı, Bəşir müəllimlə, evdə olmayanda Əminə xanımla xısın-xısın pıçıldaşırdı, hərdən Adili maşına oturdub Bakıya aparırdı – ya hazırlaşdırmağa aparırdı, ya kimləsə tanış eləməyə aparırdı; Ağabacı burasını dəqiq bilmirdi, amma burası tamam dəqiq idi ki, uşağı instituta Kələntər müəllim düzəldirdi. Ağababagilin qızları Adili öz aralarında Abış çağırırdılar, çünki bir axşam Nuhbala Adildən soruşmuşdu ki, Amerika Birləşmiş Ştatlarının paytaxtı haradır? Adil də cavab vermişdi ki, «ABŞ».
Bəşir müəllimin harada işlədiyi dürüst məlum deyildi və işə kefi istədiyi vaxt gedirdi, amma bir gün Nuhbala evə belə bir xəbər gətirdi ki, uşaqlar deyir ki, guya, Bəşir müəllim Bakıda bazar müdiridir; hər halda, nə Ağababa, nə də Ağabacı bu barədə bir söz soruşmamışdı, çünki Bəşir müəllimin harda işləməsinin onlara dəxli yox idi; çünki Ağabacı da öz ürəyində günləri sayırdı ki, avqustun axırı nə vaxt gəlib çıxacaq və bu kirayənişinlər nə vaxt çıxıb gedəcək, Ağababa da öz ürəyində günləri sayırdı ki, bu əhvalat nə vaxt qurtaracaq.
Nə qədər ki, Ağababa toy eləyib evlənmişdi, Ağabacı ilə bir yastığa baş qoymuşdu, o vaxtdan Ağababa həmişə evə tələsmişdi və ələlxüsus da – yaş ötmüşdü, ondan idi, ya nə olmuşdusa – axır vaxtlar Ağababa «Bakı-Buzovna» marşrut avtobusunu sürə-sürə gündə altı dəfə o başa, altı dəfə də bu başa kəndlərinin yanından ötüb-keçəndə az qalırdı ki, içi adamla dolu avtobusu başlı-başına buraxıb düşüb getsin evlərinə və Ağabacı sərin quyu suyundan bir dolu vedrə çəkib elə həyətin ortasındaca töksün Ağababanın boyun-boğazına və Ağababa da üz-gözünü əməlli-başlı yuyub bütün bu avtobus haray-həşirini, bu avtobus basırığını yadından çıxarsın, şüşəbənddə oturub armudu stəkanla pürrəng çaydan içə-içə televizora baxsın.
Sən demə, yaşının bu çağında Ağababanın görəcəyi günlər var imiş. Hələ də, Ağababa gedib işdə xahiş eləyəcəkmiş ki, əlavə növbə versinlər ona, evdə də yalan danışacaqmış, deyəcəkmiş ki, Ağabacı, «naparnikim» xəstələnib, ona görə də əlavə iş veriblər mənə.
Ağabacı başa düşürdü ki, əslində Ağababa evdən qaçır, amma üzə vurmurdu bunu və Ağabacı özünü tənbeh eləməkdən də yorulub təkcə bununla təskinlik tapırdı ki, başına gələn başmaqçı olar, qələt eləyərəm bundan sonra atabaatamla, ev kirayə vermərəm yayda.
Əlqərəz, doğrudan uzun əhvalat idi və indi bu əhvalatın başında kabab dəsgahı dururdu.
Kabab dəsgahı birinci dəfə həmin avqust axşamı başladı, həmin avqust axşamı ki, Əminə xanımın günorta xörəklərinin ətri həyətdən çəkilhaçəkil idi və qızlar da qayıdıb gəlmişdi evə, özləri də yığılmışdı televizorun qabağına. Hələ kirayənişinlər evə köçməmiş Ağababa televizoru şüşəbənddən endirmişdi şüşəbəndin altına. (Bəşir müəllimgilin iki tranzistor televizoru var idi, birini qoymuşdular şüşəbəndə və Əminə xanım bu televizora baxırdı, o biri televizoru ki, yapon televizoru idi, Ofelya özüylə həyətdə gəzdirirdi və Dolça on-on beş dəfə dalını Ofelyaya çöndərəndən sonra, Ofelya naəlac qalıb, bütün bu Abşeronda təkcə qalıb, iydə ağacının altında televizora baxırdı; əlbəttə, bu balaca əl televizoru maraqlı televizor idi və iydə ağacının kölgəsində oturub televizora baxmaq yaxşı iş idi, Ofelya bir dəfə, hətta, Iranı tutmuşdu həmin televizorda, amma Ağababanın qızlarından heç kim gedib Ofelyayla bir yerdə o televizora baxmırdı, Adil də televizora baxmırdı, qalın bir kitabı qabağına qoyub yayın istisində, özü də Abşeronun istisində otaqda oturub tər tökə-tökə, guya ki, imtahana hazırlaşırdı, amma bir də baxıb görürdün ki, düzdü, kitab biçarə Adilin qabağındadı, amma fikri-xəyalı uçub gedib, Allah bilir hardadı, hərdən özünə gəlirdi, kitab əvəzinə divardakı şirə, qəhrəmana baxırdı, yenə də gedirdi uzaqlara; o ki, qaldı Bəşir müəllimə, Bəşir müəllimin televizordan zəhləsi gedirdi və Bəşir müəllimin qəzet-jurnalla da arası yox idi, çünki Bəşir müəllim deyirdi ki, adam gərək «naturalnı» yaşasın, ələlbət belədi!)
Həmin avqust axşamı Ağabacı da, qızlar da yığışmışdı şüşəbəndin altındakı televizorun qabağına və düzdü, bu televizor köhnə televizor idi, o qədər də yaxşı göstərmirdi. Ağabacının da çox ürəyindən keçirdi ki, bu televizoru dəyişdirsin, təzə bir televizor alsın ki, həm böyük göstərsin, həm də aydın göstərsin, həm də tərpənib adamı dilxor eləməsin, amma indi bunun mətləbə dəxli yox idi, çünki bir azdan xalq çalğı alətləri orkestrinin konserti başlayacaqdı və deyilənə görə bir qız oxuyacaqdı ki, elə bil Zeynəb Xanlarovadır.
Yüngül bir xəzri başlamışdı.
Ağabacı televizorun qabağında yerini yaxşıca rahatlayıb böyük bir həvəs və ləzzətlə konsertin başlamasını gözləyə-gözləyə dedi:
– Yox, ağəz, yox e!.. Ola bilməz! Nə qədər özlərini öldürsələr də, nə qədər yamsılasalar da, Zeynəbə çatan olmaz! Bir dənədi kişinin qızı! Yoxdu onnan day! Bu vaxt Kələntər müəllimin qırmızı «Jiquli»si darvazanın qabağında dayandı və bu dəfə qırmızı «Jiquli»nin içindən Kələntər müəllimdən başqa səs-küylə dörd kişi də çıxdı və bunların maşından çıxmağı ilə ara qarışdı, məzhəb itdi. Kələntər müəllim qışqırdı:
– Bəşir müəllim! Ay Bəşir müəllim! Gəl gör kimlər gəlib!
Yekə dalı və yoğun baldırları enli, zolaqlı pijama şalvarının altından titrəyətitrəyə, Bəşir müəllim, bu qədər köklüyünə uyuşmayan bir cəldliklə şüşəbəndin pilləkənlərini aşağı düşdü:
– Ay xoş gəlmisiniz! Ay həmişə siz gələsiniz? Belə səfa gətirmisiniz, əcəb eləmisiniz! Ələlbət, əcəb eləmisiniz!
Qonaqlar həyətə girdi və bu qonaqlar, görünür, hardasa yeyib-içib təzədən durub bura gəlmişdilər, çünki bu qonaqlarla bir yerdə spirt və quyruq kababının iyi də Ağababagilin həyətinə doldu; o, zarafat elədi, bu güldü, o biri darvazanın bala qapısından həyətəcən çığırın hər iki tərəfində əkilmiş qərənfillərdən dərdi, bu birisi də ağacdan xartut dərəndə həm ağ köynəyi qıpqırmızı qızardı, həm də tutun budağını qırdı və bütün bu zırıltının müqabilində Ağabacı təkcə ona şükür eləyirdi ki, yaxşı ki, Ağababa evdə yoxdu; Ağababanın ürəyi partlardı, dözməzdi buna, lap qan salardı Ağababa, bədbəxt olardılar.
Qonaqlar Kələntər müəllimin otaqdan dartıb gətirdiyi Adili görüb:
– İgid budu? – soruşdular, sonra: – Qoçaq oğlandı – dedilər, sonra özlərindən birini göstərib: – İgid, sən sabah, bax, bu müəllimə, hörmətli Cabbar müəllimə imtahan verəcəksən, – dedilər. – Özün də möhkəm ol, igid! – dedilər. – Qorxma, qorxan gözə çöp düşər! – dedilər.
Əminə xanım bura köçdükləri vaxtdan birinci dəfə aşağı düşüb şüşəbəndin altına gəldi. Ağabacıdan təcili manqal istədi, şiş, maşa, kömür istədi və eşidəndə ki, Ağabacıgilin nə manqalı, nə şişi, maşası və kömürü var, Əminə xanımın gözü çıxdı kəlləsinə və sidq-ürəkdən heyrət edə-edə:
– Bay, sənə mən nə deyim, ay arvad! – dedi. – Müharibə vaxtı-zaddı bəyəm? Kabab bişirmirsiniz?
Heyrətini və sairə şeyləri bu sayaq sözlərlə ifadə etməyə Əminə xanımın vaxtı yox idi və Əminə xanım şüşəbəndin altından çıxıb yekə dalını oynada-oynada tələsik Kələntər müəllimə yaxınlaşdı, Kələntər müəllim məhrəm bir adam kimi, başını aşağı əyib qulağını Əminə xanımın ağzına yaxınlaşdırdı və Əminə xanım da Kələntər müəllimin qulağına tələm-tələsik nəsə pıçıldamağa başladı; Kələntər müəllim diqqətlə Əminə xanıma qulaq asa-asa şüşəbəndin altına, Ağabacıgil tərəfə baxdı, məzəmmətlə başını buladı və tez həyətdən çıxıb maşınına mindi və qırmızı «Jiquli» sürətlə Gümüş Malikin dəniz qırağındakı kababxanasına tərəf götürüldü. Bir azdan bütün bu həyətə, bütün bu tərəflərə bir kabab iyi yayıldı, kabab tüstüsü aləmi basdı və Əmirqulunun arvadı Xeyransa başını pəncərədən çıxartdı ki, görsün bu nə həngamədi belə, sonra başa düşdü ki, iş nə yerdədi və tez də pəncərəni kip-kip bağladı ki, evinə kabab iyi gəlməsin, kabab tüstüsü dolmasın. Kələntər müəllim Gümüş Malikin kababxanasından gətirib həyətin ortasında qaladığı manqalda kabab bişirirdi və çox yağlı qoyun əti olduğu üçün, yağ əriyib cızhacızla közün üstünə tökülürdü və tüstü aləmi bürüyürdü; Kələntər müəllim tüstüdən gözlərinin yaşı axa-axa, Ağabacının içində paltar qaynatdığı yekə qazanın qapağı ilə manqalı yelləyirdi və Adil də bişmiş şişləri bütün həyət boyu, pilləkənlər boyu yağı dama-dama şüşəbəndə qaldırırdı.
Şüşəbənddə isə məclis arəstə idi.
Bəşir müəllim:
– Ələlbət, bu, erməni konyakıdı! Bu da Çeçen-inquş konyakıdı! Ələlbət, Çeçen-inquş konyakıdı! Bu da Dağıstanındı! Dağlar qartalları düzəldib bunu! Ələlbət belədi! – deyirdi.
Cabbar müəllim:
– Əşi, bu kişi lap aləmdi ki, – deyirdi.
Səftər müəllim:
– İçək aləm kişilərin sağlığına! – deyirdi. – Çünki belə aləm kişilər olmasaydı, bu dünya çox səfeh dünya olardı!
Əlisahib müəllim millət dərdi çəkirdi və deyirdi ki, Allah, bu millətin axırı nə olacaq, niyə bu millətin bu cür kişiləri bu qədər azdı, o qədər azdı bu cür kişilər ki, çıraqla axtarasan gərək və nə yaxşı iş görüb Kələntər müəllim ki, onları gətirib bura, millətin bu cür kişiləri ilə üzbəsurət oturdub.
– Süfrəyə bir bax! – deyirdi Əlisahib müəllim. – Gör necə süfrədi, özü də beş dəqiqənin içində! Əşşi, sən bir əliaçıqlığa bax, sən bir nemətlərə bax! Millətin simasıdı bu, millətin!
Təkcə Fərman müəllim birdən-birə susub heç nə demirdi, tez-tez hıçqırırdı, rəngi-rufu sapsarı saralmışdı və belə məlum olurdu ki, Fərman müəllimin halı xarabdı, ürəyi bulanır.
Bəşir müəllim:
– Əminə xanım, zəhmət olmasa, Fərman müəllimə qatıq gətir, ələlbət lazımdı, – dedi.
Cabbar müəllim:
– Əşşi, bu kişi lap aləmdi, vicdan haqqı, aləmdi. - dedi.
Kələntər müəllim şişləri bir-bir manqalın üstündən götürüb verirdi Adilə və Adil də şişləri qorxa-qorxa alırdı ki, əli yanar. Kələntər müəllimin kefi doxsan doqquz vururdu və Kələntər müəllim belə bir kefiköklüklə əlini əlinə sürtüb:
– Nədən qorxursan, ay zalım! – dedi. – Girmisən e, instituta, girmisən, dədə canı! – Sonra Kələntər müəllim Adili lap xətircəm eləməkdən ötrü başı ilə şüşəbəndə işarə elədi. – Ə, sən öl girmisən! Nağdı, qağa, dədə canı! Adil şişlərdən ürəkli yapışdı.
Kələntər müəllimin gözü şüşəbənddə qaldı və bir müddət elə bil ki, manqalın üstündəki kabablar Kələntər müəllimin yadından çıxdı, çünki Əminə xanım şüşəbənddən həyətə boylanırdı, manqala tərəf baxırdı və Əminə xanımın ipək xalatının açıq yaxasından döşlərinin arası açıq-aşkar görünürdü, sonra Kələntər müəllim özünü ələ aldı birtəhər və yenə də manqalla məşğul oldu. Və Ağabacı həmin axşam o vaxt özünə gəldi ki, qızlar bu kabab iyindən, bu kabab tüstüsündən baş götürüb hərə bir tərəfə getmişdi, televizordakı qız da oxuyurdu təkcə özü üçün, çünki bu dəm bu həyətdə televizorda oxuyan qıza heç kim qulaq asmırdı, sonra Ağabacı zəncirin səsini eşitdi, Dolçanın mırıltısını eşitdi və Ağabacı şüşəbəndin altından başılovlu çıxıb Dolçanın damına tərəf getdi.
Xəzri kababın iyini, közün üstünə damıb cızıldayan yağın tüstüsünü birbaş boynu zəncirli Dolçanın üstünə aparırdı.
Dolça elə bil yadından çıxarmışdı ki, zəncir dartmaqla qırılan deyil, boynunu zəncirdən qoparmaq istəyirdi, özünü o tərəfə, bu tərəfə atırdı, mırıldayırdı; Dolçanın tükləri qabarmışdı, ağzından su axırdı, gözləri həm pıçalaqlamışdı, həm də az qalırdı hədəqəsindən çıxsın.
Ağabacı əlimyandıda Dolçaya yaxınlaşmaq istəyəndə it lap bərkdən mırıldadı və Ağabacı bu neçə illər ərzində birinci dəfə Dolçadan qorxdu, itin qabarmış tüklərinə baxdı, yekəlmiş gözlərinə baxdı, ağzından tökülən suya baxdı, arvada elə gəldi ki, Dolça mırıldamır, yaralanmış canavar kimi ulayır, sonra Ağabacı özünü ələ aldı, cəld əlini atıb zənciri Dolçanın boğazından açdı və Dolça üç böyük sıçrayışla Kələntər müəllimin yanına atıldı, yerində qıvrıldı.
Kələntər müəllim qazan qapağı ilə manqalı yelləyə-yelləyə ayağını yerə vurdu və Dolçanın üstünə qışqırdı:
– Sürük burdan!
Dolça dal ayaqları üstə yerə çöküb başını dik qaldırdı, Kələntər müəllimin düz gözlərinin içinə baxdı və Ağabacıya elə gəldi ki, Dolça bu saat atılıb Kələntər müəllimi qamarlayacaq, amma incəvara Dolça ayağa qalxdı, iki dəfə bərkdən hürdü, manqalın başına dolandı, sonra qaça-qaça darvazanın bala qapısından küçəyə atıldı. Dolça küçə boyu qaça-qaça kənddən çıxdı və dəniz qırağına tərəf baş götürüb getdi, amma dəniz qırağına gəlib çatmadı, necə oldusa qaça-qaça da dövrə vurdu və təzədən kəndə girib gəldiyi küçə ilə də geri qaçdı, darvazanın bala qapısından həyətə girib dayandı, dilini çıxarıb ləhləyə-ləhləyə üstü kabab dolu manqala baxdı. Kabablar manqalın üstə cızhacızla qızarırdı.
Ofelya:
– Dolça! Dolça! – qışqırdı. – Dolça şüşəbəndə baxdı.
Ofelya tələsə-tələsə şüşəbənddən düşüb Dolçaya yaxınlaşdı, lap qabağa gəlməyə ürək eləməyib, Dolçanın üç-dörd addımlığında dayandı və əlindəki boşqabdan bir neçə isti kabab tikəsi götürüb Dolçanın qabağına atdı. Dolça qabağındakı kabab tikələrinə baxdı, kip yumduğu ağzının qıraqlarından su axa-axa Ofelyaya baxdı və birdən-birə bərkdən hürməyə başladı və Ağabacı qorxdu ki, Dolça doğrudan-doğruya bu qızı, ya manqalın yanında əlləşən Kələntər müəllimi, ya da bunlardan başqa bir adamı qapar, amma yenə də incəvara Dolça həyətin dörd tərəfini də hasar boyu qaça-qaça dövrə vurdu və darvazanın bala qapısından çıxıb yenə dəniz qırağına üz tutdu və bu dəfə gecəyə qədər həyətə qayıtmadı. Gecə Dolça həyətə qayıdanda qonaqlar çoxdan çıxıb getmişdi. Manqalın üstünə çoxdan su töküb söndürmüşdülər. Qızlar şüşəbəndin altında yatışmışdılar. Bəşir müəllimgilin işıqları sönmüşdü. Nuhbala ürəyində Bəşir müəllimin atasının goruna söyüb qurtarmışdı və axır ki, talvarda yuxuya gedib yatmışdı. Təkcə Ağabacı gecənin bu vaxtında əlinə bel alıb darvazanın yanında hasarın dibini belləyirdi. Bayaq qonaqlar gedəndə Fərman müəllim işləri xarablamışdı: xeyli qatıq içməyinə baxmayaraq özünü saxlaya bilməyib hasarın dibinə sıfraq eləmişdi və indi də Ağabacı hasarın dibinə torpaq atırdı ki, Ağababa gəlib bu müsibəti görməsin; Ağababa bir günün ərzində ikinci növbəsini də başa vurub indilərdə gəlməli idi. Həmin gecə Ağabacı fikirləşdi ki, bu kirayənişinlərdən alacağı pula nə gəlinləri üçün üzük alacaq, nə də qızları üçün bir tədarük görəcək, çünki Ağabacı fikirləşdi ki, bu cür adamların pulu adama xeyir gətirməz və Ağabacı qəti qərara gəldi ki, həmin pula televizor alacaq, bunların acığına bütün ili oturub yaxşıcayaxşıca televizora baxacaq.
Həmin gecə Dolça Ağabacıya baxdı, arvadın dodaqaltı deyinməsinə qulaq asdı, gözucu, oğrun-oğrun ikinci mərtəbəyə nəzər saldı, sonra həyətin ağacları arasından keçib aşağı başa getdi.
Və həmin gecə pişiklər Ofelyanın Dolçanın qabağına atdığı kabab tikələrini ordan-burdan tapıb yedilər və kef elədilər. Dolça pişikləri həyətdən qovmadı və dovşanlarla da işi olmadı, demək olar ki, bütün gecəni hasarın üstündə oturub dənizə və qayalığa tərəf baxdı.
Həmin kabab dəsgahı birinci oldu, amma axırıncı olmadı. O gündən sonra, az qala hər axşam Kələntər müəllimin maşınında qonaqlar gəldi və Kələntər müəllimin bişirdiyi kababları Adil şüşəbəndə daşıdı; Kələntər müəllimin kefi açıq-aşkar kök idi. (Bir dəfə necə oldusa, Kələntər müəllim Ağabacıgilin yanında Bəşir müəllimlə zarafat elədi, hərçənd Kələntər müəllim başqalarının yanında Bəşir müəllimgillə söhbət eləməzdi və ümumiyyətlə, Kələntər müəllim çoxdanışan adam deyildi; Kələntər müəllim qırmızı «Jiquli»yə işarə edib Bəşir müəllimə dedi: «– Balacadı də maşın, Bəşir müəllim, qonaqlar sığışmır içinə». – Kələntər müəllim belə dedi və güldü; Kələntər müəllim güləndə nazik və uzun boğazının yoğun damarları şişirdi və ağzı o qədər açılırdı ki, ənglərindəki yuyulmamış qızıl dişləri də görünürdü; «– Eybi yox, inşallah, bu yaxınlarda «Volqa» alarsan, qonaqların da sığışar içinə. Ələlbət, alarsan! Qoy uşağın imtahanları qurtarsın...» – Bəşir müəllim də belə dedi və şaqqanaq çəkib o da güldü, amma Ağabacı başa düşmədi ki, burda gülməli nə var və ümumiyyətlə, Bəşir müəllim heç nəyə gülən adam idi.)
Kababın iyi bu ağacların, bu hasarın, bu divarların canına hopdu və Əmirqulunun arvadı Xeyransa şənbə günü hamamda kəndin arvadlarına şikayət elədi:
– Kabab iyinin ucbatından axşamlar qapı-pəncərənin hamısını bağlayıram e, ağəz! Əmirqulu yazıq, istidən evdə otura bilmir.
Dəllal Zübeydə özünü saxlaya bilmədi və qabağındakı başqa bir arvadın – kənd Sovetinin katibi Suğranın belini kisələyə-kisələyə:
– Bəxtəvər başımıza! – dedi. – Pyaniskə Əmirqulu evdə oturan olub!
Bu sözün üstündə Xeyransa ilə dəllal Zübeydə elə bir davaya qalxdılar ki, bu yay hamamda belə dava olmamışdı və hamamdakı arvadlar bunları güc-bəla ilə birbirindən araladı. (Belinin kisəsi yarımçıq qalmış kənd Soveti katibi Suğra qışqırdı ki, milsəner çağıraciyəm bura və Xeyransa, xüsusən də, dəllal Zübeydə kənd Soveti katibi Suğranı yaxşı tanıdıqları üçün başa düşdülər ki, Suğranı bu dərəcədə hirsləndirmək olmaz və aralandılar bir-birilərindən.)
Ağabacı ürəyində: «– Ağəz, siz bir-birivüzü nöş qırırsuz? – dedi. – Görün mən nə çəkirəm e, mən külbaş!»
Bir axşam da Nuhbala kirayənişinlərin qarasına xoruzlandı və acıqlı-acıqlı Ağabacıdan soruşdu ki, bunlar nə vaxt rədd olub çıxıb gedəcəklər?
«– Bir qələtdi eləmişəm atabaatamla, Nuhbala! Mənim meyidimi salıb, sonra çıxıb gedəcəklər cəhənnəmlərinə!» – və bunu da Ağabacı ürəyində dedi, amma yavaş-yavaş evin kişilərindən biri olmağa başlayan oğluna belə cavab verdi:
– Xəstə tələsər, armud vaxtında yetişər, Nuhbala! Az qalıb day, qadası!
VI
Əminə xanım nə qədər səbrli-qərarlıydısa, nə qədər hərəkətsiziydisə, Bəşir müəllim bir o qədər səbrsiz və bir o qədər də bir yerdə qərar tuta bilməyən, civə kimi ora-bura diyirlənən bir adam idi və günortalar evdə olanda və heç bir qonaqları olmayanda, Bəşir müəllim zolaqlı pijama şalvarını əyninə geyib tez-tez həyətə düşürdü, dənizə gedirdi, evdə isə gen trusiklə gəzirdi. Bu kişinin şakəri hinin qabağında dayanıb toyuqlara çörək vermək idi və hər dəfə evdən təzə, yekə təndir çörəyi götürüb gəlib dururdu hinin qabağında və başlayırdı çörəkdən didib:
– Cib-cib-cib-cib... – deyə-deyə toyuqların qabağına atmağa və toyuqların çörək qırıqlarını dənləməyinə tamaşa eləməyə.
Bəşir müəllim Ağababaya deyirdi:
– Əşşi, toyuqların da dadı qaçıb indi. Ələlbət, belədir! Sənin canın üçün, – Bəşir müəllim ətli, qalın dodaqlarını qabağa çıxarırdı, guya ki, Bəşir müəllimin bu sözlərinə etiraz eləyən var – bay, dünya-aləm canına qurban sənin, bizim rayonda toyuqlar vardı, dünyanın hansı rəngini deyirsən, bu toyuqlarda idi. Ələlbət! Indi hərdən yolum düşür o tərəflərə, ələlbət, baxıb görürəm ki, həyət-baca ağappaq inkubator toyuqlarıdı! Noldu, ə, o toyuqlar, pah ataynan! Ə, belə də müsibət olar?! Ə, toyuq da vermişel supu yeyər?!
Hərdən Bəşir müəllim həyətdəki tutun altındakı taxta skamyada otururdu və qollarını geniş açıb sərinləyirdi. Bəşir müəllimin xüsusi sərinləmə qaydası var idi, o da bundan ibarət idi ki, Bəşir müəllim bir nazik stəkan dolu arağı birdən çəkirdi başına, sonra otururdu həyətdəki taxta skamyada, çünki Bəşir müəllim deyirdi ki, belə isti havalarda gərək adamın xarici kimi, daxili də isti olsun və guya onda adam yaxşıca sərinləyir. Bəşir müəllim çox danışırdı, çünki çox danışmasaydı, skamyanın üstündə beləcə dinc otura bilməzdi.
Bəşir müəllim Ağababaya deyirdi:
– Atam, – Allah ölənlərinə rəhmət eləsin, – üç şey vəsiyyət eləmişdi mənə ki, gizlətmək lazımdır. Ələlbət, üç şey! Birincisi bu idi ki, pulunu gizlət! Ələlbət, gizlət, çünki pul düşmən qazandıran şeydi, kimin nəyinə gərəkdi sənin nəyin var?! Ikincisi, ələlbət, arvadını gizlət! Üçüncüsü də bu idi ki, səfərini gizlət! Ələlbət, gizlət! Şamaxıya gedirsənsə, ələlbət, de ki, Şəkiyə gedirəm, qoy səni Şəkidə axtarsınlar, ələlbət, Şəkidə pussunlar səni!..
Ağababa Bəşir müəllimin üzünə baxa bilmirdi, çünki əvvəllərdə dediyimiz kimi, Bəşir müəllim başına və bığına rəng qoyurdu, özündən də həmişə ətir iyi gəlirdi və Ağababanın belə şeylərdən xoşu gəlmirdi; hər halda, bu rəng və ətir məsələsinin Ağababaya dəxli yox idi, çünki bu, Bəşir müəllimin öz işi idi, özü bilərdi, amma bir iş də var idi ki, bu lap betər idi və bunun dolayı yolla Ağababaya da dəxli var idi, çünki Bəşir müəllim və Bəşir müəllimin arvadı Ağababanın evində yaşayırdılar və onlar gərək bu evdə təmiz yaşayaydılar.
Ağababa Bəşir müəllimin öz pulunu və səfərini gizlətməsi barədə bir söz deyə bilməzdi, amma o ki, qaldı arvada, Kələntər müəllimin Bəşir müəllimgilə tez-tez gəlib-getməsindən Ağababanın heç xoşu gəlmirdi. Əlbəttə, burası məlum idi ki, Kələntər müəllim ona görə hər gün bura gəlib-gedir ki, Bəşir müəllimin oğlunu instituta düzəldirdi, dostluq xatirinə, ya bir başqa işə görə, özləri bilərdi, bunun Ağababaya dəxli yox idi, amma Kələntər müəllimin hərdən Əminə xanımın arxasınca baxmasından Ağababanın heç xoşu gəlmirdi və burasından da Ağababanın heç xoşu gəlmirdi ki, deyəsən, Əminə xanımın özü də Kələntər müəllimin bu baxışlarının, udqunub-udqunub iri hulqumunun aşağı-yuxarı getməsinin mənasını başa düşürdü.
Ağababa və ümümiyyətlə, bu tərəflərin kişiləri elə adamlardı ki, hər şeyə dözərdilər, amma namus məsələsində heç bir şeyə dözməzdilər.
VII
Adil iki imtahan vermişdi və ikisindən də deyəsən yaxşı çıxmışdı, çünki Kələntər müəllimin kefi xeyli kök idi. Qırmızı «Jiquli» darvazanın qabağında dayanan kimi, Kələntər müəllim maşından düşüb pilləkənləri üç-üç yuxarı – şuşəbəndə qalxırdı və bir azdan Əminə xanımın kraxmallı köynək, ütülü şalvar geyindirdiyi, başını səliqə ilə daradığı «Abış»ı qabağına salıb maşına oturdurdu və fəxrlə «Abış»a baxa-baxa:
– İgiddi e, igid! – deyirdi. – Malades! Sonra qırmızı «Jiquli» yerindən tərpənib gözdən itirdi və bir də axşam qayıdırdı və maşının içində yenə də qonaqlar olurdu və bundan sonra başlanırdı kabab dəsgahı.
Ağabacının qızları axşamlar daha şüşəbəndin altından baş götürüb hərə bir tərəfə qaçmırdı; əvvəla, ona görə ki, onsuz da bunun mənası yox idi, çünki kababın iyi onsuz da həyət-bacadan çəkilib getmirdi; ikincisi də, qızlar öyrəşmişdi daha, hətta, Əmirqulunun arvadı Xeyransa da axşamlar pəncərəni açıq qoyurdu və daha ondan bu barədə bir söz xəbər alan kənd arvadlarına deyirdi ki, varlığa nə darlıq, mən də gündə gedib kabablıq ət ala bilsəydim ki, bütün külfəti görəcək, bollu bişirərdim kababı, heç «uf» da deməzdim, heç fikirləşməzdim də ki, yaxşı düşməz qonşulardan, iyi gedir camaata, getsin də, neyləyim, mənə nə!.. Xeyransa belə deyirdi, amma kəndin arvadları bilirdi ki, Xeyransa belə adam deyil və ümumiyyətlə, bu kənddə belə adam tapılmazdı, heç dəllal Zübeydə də belə iş eləməzdi; kənddə kim kabab bişirsəydi, onda gərək bütün yaxın qonşuların, yaxşılığından, pisliyindən asılı olmayaraq, hamısına, azı, bir şiş-bir şiş pay göndəriləydi, çünki bu kənddə uşağı olmayan təkcə qarovulçu Həsənullaydı, qalan hamının, azı, dörd-beş uşağı var idi və kabab da, məlum məsələdir, elə şey idi ki, iyi aləmi götürürdü.
Ağabacı ürəyində özünü söyüb-söyüb yorulmuşdu daha, amma hər dəfə Kələntər müəllim həyətdə manqalı qalayanda, Ağabacı, heç olmasa, deyinməkdən özünü saxlaya bilmirdi: «– Insaf deyilən şey yoxdu bunlarda!...» – deyirdi öz-özünə və burası tamam dəqiq idi ki, bundan sonra Ağabacı özünün də, Ağababanın da, uşaqların da gündə bir tikə qara çörəklə acı çay içməyinə razı olardı, amma evini kirayə verməyə razı olmazdı. (Ağabacı guya ki, bütün təqsirlər dəllal Zübeydədəymiş kimi, daha dəllal Zübeydəyə salam vermirdi, dəllal Zübeydəni görəndə üzünü yana çevirirdi və dəllal Zübeydə yanıb-yaxılırdı ki, Ağababanın arvadı da acığını məndən çıxır, elə bil mən təqsirkaram ki, bunlar gündə kabab bişirir, mənə nə, balam, mən qanadıma baxmışdım bəyəm ki, görüm bunlar kabab bişirəcəklər gündə, ya yox? Kirayənişin istəmisən, mən də tapmışam da səninçün, anam, bacım, mən nöş pis oluram arada? O cür ki, Ağababa xoruldayır, kim gəlib qalacaq bunların evində?)
Ağababa hər şeyi ürəyinə salırdı, üzdə bir söz demirdi, çünki Ağababa görürdü ki, Ağabacı nə günə düşüb və buna görə bu kabab əhvalatına da dözürdü, Əminə xanımın oxutduğu mahnılara da dözürdü, həmişə sakit və təmiz-tariq həyətindəki bu səs-küyə, bu kağız qırıntılarına, kabab sümüklərinə, Bəşir müəllimin əskik işlərinə dözürdü. (Bir gün günün günorta çağı Bəşir müəllim özü həyətdə ocaq qalayıb beşaltı vedrə su qızdırdı ki, Əminə xanım çimmək istəyir, sonra Ağabacıdan böyük paltar ləyəni aldı, şüşəbəndə qaldırdı, vedrələri də bir-bir şüşəbəndə qaldırdı, həmin gün evdə olan Ağababadan iri parç istədi ki, suyu vedrədən götürüb Əminə xanımın başına töksün; Ağababa bir cavab vermədi, amma özünü də saxlaya bilmədi, darvazanın bala qapısını hirslə ardınca çırpıb həyətdən çıxdı; Bəşir müəllim Ağababanın bu hərəkətindən bir mətləb qanmadı və parçı Ağabacıdan istədi, Ağabacı da ürəyində «– Kül belə kişinin başına!» – dedi və həyadan qızara-qızara mis parçı Bəşir müəllimə verdi, Bəşir müəllim də şüşəbəndə qalxıb, soyunub paltar ləyəninin içində oturmuş Əminə xanımın başına su tökməyə başladı.) Nə isə, hərə bir cür dözürdü, çünki atalar deyib ki, pis günün ömrü az olar. Təkcə Dolça bu işlərə nə dözə bilirdi, nə də öyrəşə bilirdi.
Son on günün ərzində Dolça tamam arıqlamışdı. Dolçanın qabırğalarını saymaq olardı. Dolçanın gözləri elə bil iriləşmişdi və bu gözlərdə bir işıltı əmələ gəlmişdi, amma bu işıltı nəsə xəstə bir işıltı idi, ürək ağrısının, dərdin, qəmin işıltısı idi. Son on gündə Dolça demək olar ki, heç nə yeməmişdi və Ağabacının arpa unundan düzəltdiyi kütlər, yal Dolçanın qabağına necə qoyulurdusa, elə eləcə də qalırdı. Dolça bunlara demək olar ki, dilini də vurmurdu. Ortada bir Dolça həyət bacada göy ot yeməyə başladı və Ağabacı başa düşdü ki, Dolçanın başı ağrıyır. Dolça ayağa qalxıb bərkdən hürə-hürə Ofelyanı da dama yaxın buraxmırdı və Ofelya daha heç iydə ağacının yanına da gələ bilmirdi; Ofelya şüşəbəndin pəncərəsindən boylanıb:
– Dolça! Dolça! – qışqırırdı və elə şüşəbənddən də Dolçanın qabağına toyuq əti, tavakabab, kotlet atırdı.
Dolça ayağa qalxıb damın qabağında vurnuxa-vurnuxa bərkdən şüşəbəndə tərəf hürürdü və Əminə xanım da şüşəbənddən boylanıb:
– Qudurasan, qurbağa! – deyirdi və Ofelyanı şüşəbəndin qabağından çəkirdi. Və bundan sonra Dolça səssiz-səmirsiz damda uzanırdı, başını damın açığından çölə çıxarırdı və heç nə ifadə eləməyən gözləri ilə naməlum bir nöqtəyə baxırdı və bu vaxt Dolçanın gözlərinin işıltısı da sönüb gedirdi; sonra Dolçanın qara gözləri yol çəkirdi, həm də o naməlum nöqtəyə Dolça bütün içindən qalxıb gələn bir qüssə ilə baxırdı.
Dolça Kələntər müəllimin qırmızı «Jiquli»sini səsindən tanıyırdı və axşamüstü bu səsi eşidən kimi, Dolçanın gözünün işıltısı birdən-birə artırdı, o saat ayağa qalxıb damın qabağında vurnuxmağa başlayırdı, ağzının suyu axırdı və Kələntər müəllim həyətə girən kimi Dolça bu kişini hürməklə qarşılayırdı, Kələntər müəllimin gətirdiyi qonaqların da üstünə bir-bir hürürdü, amma Dolçanın hürməyinə fikir verən olmurdu.
Kələntər müəllim şüşəbənddən aşağı boylanan Əminə xanıma baxa-baxa Gümüş Malikin manqalını yandıranda Dolçanın gözləri az qalırdı böyüyüb hədəqəsindən çıxsın və bu vaxt manqalın alovu Dolçanın qara gözlərində əks olunurdu. Dolça daha bərkdən hürürdü, boynunun zəncirini dartışdırıb qoparmaq istəyirdi və o zamanlar ki, Ağabacı bundan duyuq düşürdü, gəlib Dolçanın zəncirini boğazından açırdı, Dolça damın qabağından götürülüb manqalın yanına atılırdı, elə bil ki, Kələntər müəllimə yox, kababın aləmi basmış tüstüsünə hürürdü, sonra da baş götürüb həyətdən qaçırdı, kəndi dolanıb yenə də həyətə gəlirdi, yenə də həyətdən çıxıb qaçırdı; Dolça özünə yer tapa bilmirdi.
Ağababa, adətən, bu vaxtlar evdə olmurdu, amma bir dəfə Ağababa gecə işdən gələndə hamı yatmışdı, hətta, Ağabacı da istidən və əsəbilikdən yorulub əldən düşmüşdü və paltarlı-paltarlı yerində uzanmışdı ki, Ağababanı gözləsin, amma yuxu aparmışdı Ağabacını; Ağababa həyətə girdi və birdən-birə Ağababaya elə gəldi ki, bu həyət onun həyəti deyil, tamam başqa bir həyətdi; həmin ağaclar idi, həmin bina idi, həmin hasar idi, amma bütün bunlar elə bil ki, yad idi və Ağababa axır vaxtlarda birinci dəfə həyəti gəzib dolaşdı, hər ağacını, hər kolunu əli ilə əkib-becərdiyi, hər bir daşına, çöpünə bələd olduğu bu həyət niyə Ağababaya belə gəldi, başa düşmədi, sonra gəlib həyətin aşağı başına – hinin yanına çıxanda gördü ki, Dolça hasarın üstündə dayanıb ona baxır.
Həmin gecə ay çıxmışdı, ulduzlar çıxmışdı, göyün üzü tərtəmiz idi və bu aydınlıq gecədə Ağababa ilə Dolça bir müddət bir-birinə baxdı. Ağababa Dolçanın gözlərini ömründə bu cür görməmişdi, Dolçanın gözlərində bu qədər kədər, qəm, qüssə olmamışdı; Dolçanın gözlərində bir yazıqlıq, bir əlacsızlıq var idi və ən əsası, Ağababaya ən çox təsir edəni də bu idi ki, Dolçanın gözlərində bu dəm bir üzrxahlıq da var idi, elə bil Dolçanın qara gözləri həmin aydınlıq avqust gecəsində nəyə görəsə bağışlanmasını yalvarırdı, nəyinsə əvvəlcədən xəcalətini çəkirdi. Ağababa səhərə kimi narahat yatdı və Ağababa səhərə kimi ona görə narahat yatdı ki, Dolçanın bu baxışları gözlərinin qabağından getmirdi və Dolçanın bu baxışları Ağababanın ürəyini sıxırdı, kişini darıxdırırdı, ürəyinə bir nigarançılıq salırdı; bu qara gözlər qara rənglərdən, qara daşlardan, qara məktublardan, qara göydən, qara dənizdən xəbər verirdi.
Və o gecə Dolça hamı yatandan sonra hasarın üstündə uzanıb gözlərini dəniz kənarına, o tərəflərə ki, orada Gümüş Malikin kababxanası var idi, oralara dikmişdi. Gümüş Malikin kababxanası kənddən xeyli aralıda, çimərliyin lap axır başında, qum təpəsinin üstündə idi. Bu kababxanada yay-qış kabab bişərdi və bütün bu tərəflərin yiyəsiz itləri Gümüş Malikin kababxanasının həndəvərində sülənərdi. Sümsük itlər bir tərəfdə durub müştərilərin yeyib-içdikləri süfrəni marıtlayardı və kefi kök müştərilərin onlara atdığı kabab sümüklərini göydə qapardı, təpiyə, söyüşə, atılan daşa, taxtaya məruz qalardı, amma kababxananın həndəvərindən itilib getməzdi. Kəndin itləri bu sümsük itləri yaxın buraxmazdı və bu itlər də ya qayalıqda avaralanardı, ya da qış-yay kababxananın ətrafında olardı. Yay çağları kabab xüsusən çox bişərdi, çünki Bakıdan gələn müştərilər çox olardı və yay çağları bu həndəvərdəki sümsük itlər gözgörəti kökələrdi.
Dolça səhəri hasarın üstündə beləcə açdı. Səhər Ağababa yerindən qalxıb işə gedəndə Ağabacıya:
– Dolçaya yaxşı bax, – dedi və hindən üç toyuq çıxarıb kəsdi.
Həmin gün Ağabacı da, Nuhbala da, Nailə, Firuzə, Kəmalə, Amalə, Dilşad, Böyükxanım da bildi ki, bu toyuqlar əslində Dolçaya görə kəsilib və buna görə də günorta toyuqların sümüklərini bir az üzdən yedilər, qığırdaqlar sümüklərin üstündə qaldı, boğazları fəqərə-fəqərə, qabırğa sümüklərini bir-bir təmizləmədilər və bütün bu ləzzətli sümüklərin hamısını Ağabacı xüsusi bir həvəslə dəmir nimçəyə yığıb Dolçaya apardı, nimçəni Dolçanın qabağına qoydu və bu dəm dünyanın ən gözlənilməz hadisəsi baş verdi: Dolça sevinə-sevinə toyuqların qığırdaqlı sümüklərinin üstünə atılmadı, bir müddət gözlərini təəccübdən matı-qutu qurumuş Ağabacının gözlərinin içinə zillədi, sonra könülsüz-könülsüz ayağa qalxdı, nimçəni iylədi və nimçədəki bud sümüklərindən birini götürüb, yuxarısını dişlədi. Ağabacı bu işə məəttəl qaldı.
Bir azdan tavada qızaran ətin qoxusu həyəti bürüdü. Əminə xanım tavada quzu qabırğası qızardırdı; həm quzu qabırğası qızardırdı, həm də gilas yeyə-yeyə şüşəbəndin pəncərəsindən həyətə baxırdı (Əminə xanım, demək olardı ki, otağa heç girmirdi, gününü elə şüşəbənddə keçirirdi və məsələ təkcə onda deyildi ki, şüşəbənd otağa nisbətən sərin olurdu – bu öz yerində, amma bir səbəb də var idi və o da bundan ibarət idi ki, hərdən otağın divarındakı şirin xofu Əminə xanımı basırdı, «– Gör bir nə çəkiblər də, evin içində, elə bil heyvanxanadı!»).
Ofelya televizor əlində həyətdə ağacların arasında dolaşırdı və Ofelya gəlib iydə ağacının yanında dayananda Dolça qıza hürmədi, damın yanından ayağa qalxıb mırıldadı, o tərəf-bu tərəfə gəzişdi, sonra yenə damın yanında yerə çökdü. Ofelya gözlərinə inanmadı və Dolçanın ona hürməməyi Ofelyaya elə təsir etdi ki, qız əvvəlcə bilmədi nə eləsin, sonra Dolçanın qara gözlərinə baxdı və bu gözlərdə bir biganəlik gördü; Ofelya belə hiss elədi, amma, əslində, bu dəm Dolçanın qara gözlərində biganəlik yox, bir məğlubiyyət var idi; Ofelya əlindəki televizoru iydə ağacının dibinə atıb qaça-qaça şüşəbəndə çıxdı və Əminə xanımın boşqaba yığdığı qızarmış qabırğalardan üç-dördünü götürüb, əlləri yana-yana aşağı düşdü, iydə ağacının yanına yüyürüb isti qabırğaları, yağı daman qızarmış quzu qabırğalarını bir-bir Dolçaya tərəf atmağa başladı:
– Dolça! Ala! Ala! Dolça! Ala!
Birinci tikə Dolçanın qabaq ayaqlarının yanına düşdü və Dolça necə dayanmışdısa elə eləcə başını aşağı əyib qabırğa tikəsinə baxdı, sonra yenə başını qaldırıb Ofelyaya baxdı.
Dolça hürmədi.
Dolçanın ağzı açılmışdı, dili ağzından sallanmışdı və ağzından su axırdı. Dolçanın qara gözlərində dərin bir kədər var idi. İkinci tikə də Dolçanın sinəsinə toxunub yerə düşdü.
Üçüncü tikə havada yox oldu və Ofelya əvvəlcə başa düşmədi ki, məsələ nə yerdədi, amma görəndə ki, Dolça tez-tez ağzındakı ət parçasını yeyir, əlindəki axırıncı tikəni də atdı və Dolça bu axırıncı tikəni də göydə qapıb təpişdirməyə başladı.
Ofelya elə bil ki, ömründə belə sevinməmişdi və sevindiyindən Ofelya bilmədi atdana-atdana şüşəbəndə necə qaçıb çıxdı və qızarmış quzu qabırğasıyla dolu boşqabı necə götürdü.
Əminə xanım dedi:
– Az, dəli olmusan, hara aparırsan bunları?
Ofelya da dedi:
– İndi ağlayaram, onda bilərsən!
Ofelya dolu boşqabla yenə iydə ağacının yanına qaçıb gəldi və Ofelya bura gələnə qədər Dolça yerdəki iki tikəni də yemişdi. Dolça dal ayaqları üstə qalxdı və fürsəti fövtə verməyən Ofelyanın bir-bir atdığı isti quzu qabırğalarını göydə qapaqapa, tələm-tələsik yeməyə başladı. Ofelya lap Dolçanın yanına gəldi və Dolça tikələri elə tez-tez, elə acgözlüklə təpişdirib yeyirdi ki, sümükləri elə tez-tez, elə xırçıldada-xırçıldada çeynəyib udurdu ki, ət qurtaranda Ofelya boşqabı Dolçanın qabağına qoydu və Dolça boş boşqabın dibindəki yağı yalamağa başladı. Ağabacı şüşəbəndin altında oturub göy qutabı üçün xəmir yayırdı və Ağabacının gözləri Dolçaya sataşanda, bu dəfə də arvad gözlərinə inanmadı, oxlov əlində quruyub qaldı və Ağabacı bir müddət lal-dinməz oldu, tərpənmədi, kirayənişinlərinin boşqabının dibini yalayan Dolçaya tamaşa elədi, elədi, sonra ürəyi yana-yana öz-özünə: «– Yazıq heyvan!..»– dedi.
«Volqa»sı yaşıl oğ-ğ-ğlan, Qəni, Qəni!
Ağzı qızıldiş oğ-ğ-ğlan, Qəni, Qəni!
Gəl sən mənə sataş-ş-şma,
Çünki həyasızam mə-ə-ən, Qəni, Qəni!...
Sonra cır səsli oğlan həmişəki kimi, səsini zildə köklədi:
Dəm, dəm olmuşam, ay gözəl,
Gözləri xumar olmuşam, ay gözəl!..
Və həmin gündən sonra Dolça Ağabacının arpa unundan düzəltdiyi kütə, yala bir də heç vaxt toxunmadı, Ofelyanın bir ucdan daşıdığı kotletləri, tavakababları, küftələri, qızarmış ətləri göydə qapıb yeməyə başladı.
Həmin gündən Dolça Ofelyanın kölgəsi oldu və Ofelyanı görəndə həmişə əlinə baxdı.
Həmin gündən sonra Ofelya Dolça ilə oynadı, sonra Dolça ilə dalaşdı, sonra Dolçanı ələ saldı, qovdu, Dolçaya güldü, amma Dolça Ofelyadan əl çəkmədi, Ofelya acıqlananda Dolçaya yemək vermədi, Dolça qara gözləri ilə yalvardı, yalmandı, hər dəfə Ofelyanın ürəyini yumşaltdı və dadlı tikələri havada qapıb təpişdirdi. Sonra Dolça daha Kələntər müəllimə də hürmədi, həyətdə kabab bişirən Kələntər müəllimin ayaqlarına dolaşmağa başladı. Kələntər müəllimə yalmandı və Kələntər müəllimin də hərdən ürəyi yumşaldı, şişin ucundan bir tikə çıxartdı, Dolçaya tulladı və Dolça da Kələntər müəllimin atdığı kabab tikəsini göydə qapıb ağzı yana-yana yedi.
Bir dəfə həm yay axşamının bürküsündən, həm də manqalın istisindən puçurpuçur tər tökən Kələntər müəllimin bu zırıltıda bir tərəfdən də ayaqlarına dolaşan Dolçaya açığı tutdu və təpiklə Dolçanın belindən vurub kənara atdı. Bu vaxta qədər Dolçaya təpik dəyməmişdi və Dolça Kələntər müəllimin təpiyindən zingildəyə-zingildəyə öz damına tərəf qaçdı, bir müddət orda dayanıb Kələntər müəllimə baxdı, «Abış»ın şüşəbənddəki qonaqlara daşıdığı yağı axan şişlərə baxdı, sonra yenə Kələntər müəllimin yanına gəldi və ən nəhayət də Kələntər müəllimin ona atdığı iki tikəni göydə qapıb yeyə bildi.
Pişiklər daha Dolçanın qorxusundan cürət eləyib bu həyətə gələ bilmədi, hərdənbir gizlincə gələndə də yeməyə bir şey tapmadı, çünki nə olurdusa hamısını Dolça özü yeyirdi.
Dovşanlar Ağababanın bostanında kef çəkdi, çünki Dolça səhərlər, günortalar və axşamlar Əminə xanımın bişirdiklərindən, Kələntər müəllimin kabablarından o qədər yeyirdi ki, bütün geçəni ağırlaşırdı, damdan bayıra çıxmırdı. Dolça bir neçə günün içində canlandı, ətə-qana doldu, əməlli-başlı kökəlməyə başladı.
Ağabacı özünü elə göstərirdi ki, guya bu işdən xəbəri yoxdu, amma daha arpa unundan yal çalmırdı, küt düzəltmirdi, çünki, onsuz da, Dolça bunları dilinə vurmurdu.
Nuhbala da, qızlar da özünü elə göstərirdi ki, elə bil heç nə olmayıb və bu barədə bir-birilərilə bir kəlmə də kəsmirdilər, amma Nuhbala ürəyində bu kirayənişinləri indi lap yeddimərtəbə söyürdü.
Düzdü, Ağababa günortalar, demək olar ki, evdə olmurdu və bütün bu işləri öz gözü ilə görmürdü, amma təfavütü yox idi, çünki Ağababa görmədiklərini başa düşürdü, hiss eləyirdi və Ağababa birinci dəfə Dolçanın kirayənişinlərə yalmanmasını görəndə kişinin ürəyindən elə bil yandıra-yandıra bir od parçası qopub gəldi: «– Gidi dünya!..» – dedi, sonra Ağababa fikirləşdi ki, axı, yazıq Ağabacı zahıdı, onuncu uşağı gözləyir Ağabacı və bu qədər ki, Ağabacı kabab iyi çəkir, kabab tüstüsü udur, bunun axırı heç yaxşı olmaz, gərək ət tapıb, manqal tapıb bir kabab bişirsin, yoxsa, doğrudan, yaxşı olmaz bunun axırı, amma Ağababa bilmirdi ki, Ağabacı fikirləşir ki, qarnındakı uşağın kababdan zəhləsi gedəcək, çünki bu qədər ki, bu uşaq yazıq, ana bətnində kabab iyi udur, iyrənəcək kababdan, yaxşı da eləyəcək elə; hər halda, Ağabacı belə təskinlik tapırdı.
Dolça gözgörəti kökəlirdi və Dolça da Əminə xanım kimi, demək olar ki, həyətdən eşiyə çıxmırdı, gecə-gündüz həyətdə olurdu, düzdü, Ofelya daha Dolçadan doymuşdu və daha Dolçaya tez-tez dadlı yeməklər, kotlet, tavakabab, küftə və sairə gətirmirdi, hərdən-birdən xətri istəyəndə və kefi gələndə öz artıqlarını, yemək istəmədiklərini Dolçanın qabağına atırdı, amma Dolça kökəlirdi, çünki axşamkı kababların bütün sümüklərini, şıntırlarını, yeyilməyib qabaqdan qalanların hamısını Dolça yeyirdi.
Bəşir müəllim hər dəfə içi dolu həsir zənbillərlə həyətə girəndə Dolça o saat Bəşir müəllimin qabağına yüyürürdu, elə bil Dolça başa düşürdü ki, bütün bu dəmdəsgah, bu kabablar, bu çığırtmalar, bu qızartmalar əslində nə Ofelyanın, nə Əminə xanımın, nə də ki, Kələntər müəllimin səbəbinədir, bütün bunlar, bax, bu kök kişinin, qarasaçlı, qarabığlı bu kişinin səbəbinədir və axır vaxtlar Bəşir müəllimə xüsusi yalmanırdı.
Bir dəfə Bəşir müəllim içi ağzınacan dolu iki həsir zənbillə həyətə girəndə və Dolça da o saat Bəşir müəllimin qabağına qaçanda, Ofelya beş-altı gün bundan qabaq nazını çəkdiyi Dolça barədə qəti fikrini söylədi:
– Çox sırtıq itdi bu it!
Bəşir müəllim Dolçanın belə bir xüsusi diqqətindən elə bil ki, xoşhallanırdı və xeyli feyziyab olurdu; bu dəfə də Bəşir müəllim mərhəmətlə gülümsəyib:
– Allahın heyvanıdı da! – dedi. – Sonra həsir zənbillərdən birinin içindən bir yekə kolbasa parçası çıxarıb Dolçanın qabağına atdı.
Dolça elə bil qorxurdu ki, birdən-birə ikinci bir şəriki peyda ola bilər və tikələri az qala diri-diri udaraq həyətin qumuna bulaşmış yekə kolbasa parçasını yarım dəqiqənin içində yeyib qurtardı və şüşəbəndin altında oturub soğanbozbaşı üçün baş soğan təmizləyən Ağabacı bütün bunları gördü, eşitdi və hiss etdi ki, qəhər onu boğur, bu saat ağlayacaq, niyə ağlayacaq, bunu dəqiq deyə bilməzdi, amma gördü ki, bu saat ağlayacaq, əlindəki soğanı tələsik nimçənin içinə atıb ayağa qalxdı, şüşəbəndin altından çıxdı, sonra da həyətdən çıxdı, heç bilmədi ki, niyə çıxdı. Dolça çalışırdı ki, Ağababanın gözünə görünməsin və Ağababa həyətə girən kimi, Dolça yox olurdu, hərdən də kənarda dayanıb oğrun-oğrun Ağababaya baxırdı və bu zaman Dolçanın qara gözlərinin lap dibindən bir kədər axıb gəlirdi.
VIII
Avqustun axırına az qalırdı və Ağabacı indi günləri yox, saatları sayırdı, həm də Ağabacı nəsə bir nigarançılıq içində idi, elə bil inana bilmirdi ki, bu adamlar buradan çıxıb gedəcəklər, yenə bu həyətdə özlərindən başqa heç kim olmayacaq; elə bil Ağabacı inana bilmirdi ki, haçansa bu kabab iyi, cürbəcür xörəklərin ətri buralardan yox olub gedəçək, o yoğun səsli qız başıbatmış, daha Məcnunu çağırmayacaq və Məcnun da ona çavab verməyəcək, Qəninin başına daş düşəcək və səsi kəsiləcək.
Və elə bil bütün bunlar azmış kimi, bir gün elə bir əhvalat baş verdi ki, Ağabacı bilmədi başına nə çarə qılsın, bilmədi dərdini kimə desin və özünü necə aparsın.
Həmin gün səhərdən bir az keçmiş Bəşir müəllim həmişəki kimi, getdi ki, klubun yanında taksi tutsun və Bakıya işə getsin, bir azdan Kələntər müəllimin qırmızı «Jiquli»si gəlib darvazanın yanında dayandı və Kələntər müəllim Adili maşına mindirib həmişəki kimi Bakıya apardı; Əminə xanım şüşəbəndin pəncərəsindən başını çıxarıb ala gözləri ilə qırmızı «Jiquli»ni yola saldı, sonra yenə də həmişəki kimi, Ofelya günorta payını yatmaq üçün şüşəbəndə qalxdı, amma Əminə xanım özü açma-yığma çarpayını şüşəbənddən aşağı düşürüb Ofelyanın yerini tüt ağacının altında saldı və dedi ki, bundan sonra günortalar Ofelya burda yatacaq, çünki hava qəbul eləmək lazımdı və Ofelya bu təzə fikirdən çox razı qalıb, həvəslə tut ağacının altında yatdı. Çox çəkmədi ki, Kələntər müəllimin qırmızı «Jiquli»si yenə gəlib darvazanın qabağında dayandı və şüşəbəndin altında ləyəni taxta kətilin üstünə qoyub Nuhbalanın köynəklərini yuyan Ağabacı (qızlar öz paltarlarını özləri yuyurdu) əvvəlcə buna fikir vermədi. Adil maşında yox idi, Kələntər müəllim tək idi və Kələntər müəllim qırmızı «Jiquli»dən düşüb suçlu adamlar kimi o tərəf-bu tərəfə baxanda Ağabacı, nədənsə, özünü narahat hiss etdi, bir şübhə bürüdü ürəyini, sonra Kələntər müəllim tut ağacının altında günorta yuxusuna getmiş Ofelyanın yanından ötüb-keçəndə Dolça damından çıxıb bu arıq, uzun kişinin qabağına yüyürdü, amma Kələntər müəllim yavaşcadan acıqla «– Rədd ol! Rədd ol!» pıçıldadı və tələsik şüşəbəndə qalxdı, bundan sonra Əminə xanım başını şüşəbəndin pəncərəsindən çıxarıb o tərəf-bu tərəfə baxdı və bundan da sonra şüşəbənddən Əminə xanımın gülməyinin səsi gəldi, sonra sükut çökdü, özü də bu elə bir sükut idi ki, çox şeydən xəbər verirdi.
Ağabacının iki əli də ləyənin içində qalmışdı, qolları titrəyirdi və Ağabacı bütün içini, bütün bədənini bürümüş həyəcandan belini düzəldə bilmirdi. Dolça damın yanına gəldi və başını qaldırıb bir müddət şüşəbəndə baxdı, amma bu dəfə şüşəbənddən bişmiş iyi gəlmirdi, sonra Dolça tut ağacının altında yatan Ofelyaya baxdı və Dolça da damın yanında yerə uzanıb mürgü döyməyə başladı.
Şüşəbənddən pıçıltı səsləri gəldi, sonra bir hənirti eşidilməyə başladı, sonra da şüşəbəndin pilləkənə açılan qapısının cəftəsi bağlandı.
Ağabacı şüşəbəndin altında ürəyi uçuna-uçuna öz-özünə: «– Vay, ciyərüvüz yansın sizün! Yansun ciyərüvüz! Köpək uşağı! Əclaf uşağı, əclaf! Qəhbəymiş ki, bu qancıq!..» – dedi və istədi ki, şüşəbəndə qalxıb bu dalı yekə arvadı biabır eləsin, amma Ağabacı bu rüsvayçı əhvalata görə özünü elə itirmişdi ki, yerindən tərpənə bilmirdi, təkcə buna şükür eləyirdi ki, nə yaxşı ki, uşaqlardan heç kim evdə yoxdu, qızlardan evdə olanı olsaydı, bu rüsvayçılığa dözmək olmazdı. Ağabacı bu əhvalatı heç kimə demədi və bu əhvalat Ağabacının içini yandırayandıra özündə qaldı.
Sabahkı gün Bəşir müəllim yenə taksi tutub Bakıya getdi, bir azdan yenə qırmızı «Jiquli» gəlib darvazanın yanında dayandı və Kələntər müəllim yenə Adili maşına mindirib apardı, Əminə xanım yenə günorta yatmaq üçün Ofelyanın yerini tut aqacının altında saldı və Ağabacı təcili surətdə qızların hamısını dənizdə çimməyə göndərdi (qızlar başa düşmədi ki, nə olub belə və Ağabacı niyə belə ciddcəhd edir?), çünki, doğrudan da, bir azdan qırmızı «Jiquli» təzədən gəlib darvazanın qabağında dayandı və Kələntər müəllim yenə oğrun-oğrun, o tərəf-bu tərəfə baxa baxa şüşəbəndə qalxdı, yenə şüşəbəndin qapısının cəftəsi bağlandı və yenə də şüşəbənddən o abırsız hənirtilər eşidilməyə başladı.
Dolça bu dəfə Kələntər müəllimin qabağına qaçmadı, elə bil Dolça da başa düşmüşdü ki, əhvalat nə yerdədi; bir-iki dəfə gözaltı şüşəbəndə tərəf baxdı, özü də elə bil ki, bir balaca rişxəndlə baxdı, sonra dama girdi.
Kələntər müəllimlə Əminə xanımın əhvalatı bu minval ilə bir neçə gün davam etdi və Ağabacının əlindən, ancaq o gəldi ki, Əminə xanıma salam vermədi, Əminə xanımın sözlərinə çavab vermədi, amma Ağabacının belə bir münasibəti Əminə xanıma qətiyyən təsir eləmədi, vallarını oxuda-oxuda gilasını yedi. Günortalar da Ofelyanı tut ağacının altında yatırtdı, qırmızı «Jiquli» ikinci dəfə Adilsiz qayıdandan sonra şüşəbəndin qapısının cəftəsini bağladı, axşamlar Kələntər müəllim təzədən gələndə və özü ilə birlikdə qonaqlar gətirəndə, qonaqlara süfrə açdı. Ağabacı hər gün bir bəhanə tapıb qızları ora-bura göndərirdi (Nuhbala, onsuz da, səhər çıxıb, gecə qayıdırdı). Kələntər müəllim oğrun-oğrun şüşəbəndə qalxanda özünü görməməzliyə vururdu, tez-tez Əmirqulugilin küçə eyvanına tərəf boylanırdı ki, görsün Əmirqulunun arvadı Xeyransa pənçərədən baxır, yoxsa yox; Ağabacı qorxurdu ki, bu rüsvayçılığın xəbəri kəndə yayılar.
Tərs kimi, necə oldusa, həmin günlərdən birində darvazanın bala qapısı açıldı və kəndin birinci qeybətçisi və xəbərçisi dəllal Zübeydə həyətə girdi, həm də elə bir vaxtda ki, Ofelya tut ağacının altında günorta yuxusuna getmişdi, qırmızı «Jiquli» darvazanın qabağında dayanmışdı və şüşəbəndin qapısının da cəftəsi bağlanmışdı (elə bil ki, dəllal Zübeydə belə şeylərin iyini çəkirdi, pişik kimi axtarıb gəlib tapırdı). Dəllal Zübeydə şüşəbəndə tərəf baxdı, sonra şüşəbəndin altına, Ağabacının yanına gəldi və əvvəllərdə yazdığımız səbəbə görə Ağabacının onunla danışmamağına baxmayaraq soruşdu:
– Noldu, ağəz, girdi bunların uşağı instuta?
– Bilmirəm, – dedi Ağabacı; qıpqırmızı qızarmışdı və tamam tərin içində idi.
Dəllal Zübeydə Ağabacının bu vəziyyətini özü bilən kimi yozdu:
– A-a... hamama getmüşdün, ağəz?
Ağabacı:
– Hə, – dedi.
Dəllal Zübeydə:
– A-a-a... – dedi. – Bu nə vaxtın hamama getməgüdü, ağəz?
Ağabacı daha cavab vermədi və işi ilə məşğul olmağa başladı (Ağababanın şalvarının düymələrini tikirdi).
Kəndin arvadları, adətən, şənbə və yaxud bazar günləri axşamçağı gedərdi hamama və yaxşı ki, dəllal Zübeydə, ancaq bu təəccübü ilə kifayətləndi, daha Ağabacını sorğu-suala tutmadı.
– Xəbərün var? Kulturnu itsaxlayan Həsənullanın iti yenə ölüb!
(Kəndin camaatı qarovulçu Həsənullaya «kulturnu itsaxlayan Həsənulla» da deyirdi, çünki qarovulçu Həsənulla evdə balaca it saxlayırdı, bu iti çimizdirirdi, öz boğazından kəsib onu yedirdirdi; dörd il bundan əvvəl qarovulçu Həsənullanın saxladığı it xəstələnib ölmüşdü və qarovulçu Həsənulla kəndin kişilərindən utanmayıb hönkür-hönkür ağlamışdı, sonra gedib özünə təzə bir it almışdı: balaca qıvrım qara tüklü bir it idi və bu itin adını kənddə qarovulçu Həsənulladan və axır vaxtlar da kitabxanaçı Nəcəfdən başqa, heç kim yadında saxlaya bilmirdi – Skoçteryer və indi belə məlum olurdu dəllal Zübeydənin dediyindən ki, yazıq qarovulçu Həsənullanın bu iti də ölüb.)
Dəllal Zübeydə dedi:
– Kişilər yığışıb gedib kulturnu itsaxlayan Həsənullaya başsağlığı verecəylər e, ağəz! – Dəllal Zübeydə bərkdən güldü, amma Ağabacının qətiyyən danışmaq həvəsi olmadığını görüb: – Xudahafiz – dedi və həyətdən çıxdı ki, gedib özünə başqa bir arvad tapsın ki, söhbətləri tutsun.
Ağabacının əli elə əsirdi ki, iynə iki-üç dəfə barmağına batdı. Və beləcə gəlib həmin gün çatdı ki, o gün Ağababanın iş günü deyildi və Ağababa bütün günü evdə olacaqdı.
Ağabacı neçə gün idi ki, bu günü gözləyirdi və bu gündən qorxurdu; Ağabacı bu günün xəcalətindən qorxurdu, çünki bu rüsvayçılığın xəcalətindən Ağabacı Ağababanın üzünə baxa bilməzdi.
Gecə Ağabacı yuxuya gedə bilmirdi, bilmirdi ki, sabah nə eləsin. Əvvəlcə bu qərara gəldi ki, özü də qızları ilə bərabər baş götürüb getsin bir yerə və özünü elə tutsun ki, guya heç bir şeydən xəbəri yoxdu, sonra fikirləşdi ki, bəlkə Ağababanı bir bəhanə ilə bir yerə göndərsin, amma başa düşdü ki, belə də eləyə bilməyəcək, çünki belə eləsə, ya elə eləsə, nəsə pis bir iş eləyəcək, nəsə ört-basdır eləyəcək, gizlədəcək Ağababadan; axırda Ağabacı bu fikrə gəldi ki, bu dinsiz-imansızlar da adamdı axı və adam da abrı-həyanı bu dərəcədə itirə bilməz axı, yəqin görəcəklər ki, Ağababa kimi dağdan ağır bir kişi evdədi, nəfslərini saxlayacaqlar.
Həmin gün səhər Bəşir müəllim yenə həmişəki kimi işə getdi. Bir azdan qırmızı «Jiquli» darvazanın qabağında dayandı və Kələntər müəllim Adili götürüb şəhərə apardı, amma hayıf ki, Kələntər müəllim Ağababanı görmədi, çünki Ağababa şüşəbəndin altında oturub mürgüləyirdi (kişi daha ikinövbəli işə tab gətirmirdi) və buna görə də Ağabacı üç-dörd dəfə bərkdən həyətdə hərəsi bir iş görən qızlara dedi ki, səs salmasınlar, Ağababa bu gün evdədi, istirahət eləyir, qızlar da Ağabacının bu sözlərinə təəccüb etdilər, çünki bilirdilər ki, Ağababa evdədi və heç kim də səs salmırdı; Ağabacı ona görə bu sözləri, bərkdən deyirdi ki, heç olmasa Əminə xanım eşitsin bu, sözləri, amma bir azdan Əminə xanım yenə həyətə düşüb Ofelyanın yerini tut ağacının altında salanda Ağabacının ürəyi uçun-uçun uçunmağa başladı və Ağabacı bilmədi ki, nə eləsin, yaxşı ki, qızlar özləri yığışıb dənizə getdilər. Dolça damın dalına keçib orda uzanmışdı; Ağababa evdə olanda Dolça həmişə damın dalına keçirdi və Ağababanın yanında Dolça kirayənişinlərin verdiklərini o saat yemirdi, tikələri ağzına alıb cəld gözdən itirdi.
Ağababa şüşəbəndin altından çıxıb quyunun yanına gəldi və quyudan vedrəvedrə su çəkib balaca çarhovuzu doldurmağa başladı.
Yenə əvvəlcə oğlan cır, nazik səsini zildə kökləyib dad elədi:
– Leyli! Leyli!
Sonra qız kişi səsinə oxşayan yoğun səsiylə soruşdu:
– Nədi, Məcnun?
Sonra ikisi də bir yerdə oxumağa başladı:
– Bəs, biz axı, neyləyək?
İbn Səlam elçi gəlir,
Dərdi kimə söyləyək?
(Bir gün səhər-səhər Əminə xanım bu mahnını oxudanda Nuhbala özünü saxlaya bilməmişdi, Adilə demişdi ki, alə, ay maygülü, get anova de ki, İbn Sina yox, İbn Səlam elçi göndərir.)
Qırmızı «Jiquli» tozanaq qaldıra-qaldıra gəlib darvazanın qabağında dayandı və Ağabacı ürəyində: «– Vallah, – dedi, – adam hesab eləmirlər bizi bunlar! Bizi də it bilirlər! Tramvay altda qalasuz sizi! Özdəridi it! Qayalıq itdəri kimi hoqqadan çıxırlar camaatın gözü qabağında, köpəkuşağı!», sonra Ağabacı birinci mərtəbədəki mətbəxə girib qapını da örtdü ki, Ağababanın yanında bu rüsvayçılığın şahidi olmasın.
Kələntər müəllim maşından düşüb həyətə girəndə və tələsik şüşəbəndə qalxanda Ağababa əvvəlcə büna fikir vermədi, yəni, əvvəlcə Ağababanın ağlına bir şey gəlmədi və kişi ikiəlli kəndiri darta-darta vedrəni quyudan çıxartdı, amma o vaxt ki, şüşəbəndin bayır qapısının cəftəsi bağlandı və bu bağlanan cəftənin səsi gəlib Ağababaya çatdı, Ağababa əlində vedrə quyunun qabağında necə dayanmışdısa bir müddət eləçə dayandı, vedrənin içindəki suya baxdı və həmin avqust günü Ağababanın rəngi ağappaq ağardı, sonra vedrəni quyunun yanında quma qoyub baş barmağı ilə hələ lap cavan yaşlarından ağarmış bığını qaşıdı, sonra düz şüşəbəndin qabağına gəldi:
– Məllim! Ay məllim!
Ağababanın səsini eşidən kimi, Ağabacının ürəyi düşdü: «– Öldürəcək! – dedi öz-özünə. – Qan salaçaq! Bu köpəkoğlunun bağırsaqlarını tökəcək yerə! Bədbəxt olaciyik! Ay Ağababa, vay!.. Ölüm ayaqlaruvun altında, Ağababa, batırma əlivü bu əclaf oğlunun qanına, Ağababa!..», sonra Ağabacı istədi həyətə qaçsın, Ağababanın əl-ayağından yapışsın, haray salsın, həşir qoparsın, qonşuları köməyə çağırsın ki, Ağababa Kələntər müəllimin zibilinə düşməsin, amma Ağabacı mətbəxdən çıxa bilmədi, çünki belə bir məqamda, rüsvayçılığın bu çağında, Ağabacı ölərdi, amma heç cürə Ağababanın gözünə görünə bilməzdi.
– Alə, məllim!
Şüşəbənd qapısının çəftəsi açıldı, sonra qapı açıldı, sonra Kələntər muəllim başını qapıdan çölə uzatdı və bu dəm Kələntər müəllimin saçları pərişan idi, köynəyinin düymələri açılmışdı, tüklü sinəsi görünürdü, şalvarının qayışı sallanırdı. Kələntər müəllim gözlərini bərəldib Ağababaya baxdı, yəni ki, «nə deyirsən» və sənin mənimlə nə haqq-hesabın?
Ağababa:
– Bir dəqiqə buyur bura... – dedi.
Ağababa bu sözləri sakit dedi, hay-küysüz dedi, amma elə dedi ki, Kələntər müəllimin gözlərinin içinə elə baxdı ki, bu deyilişin və bu baxışın müqabilində Kələntər müəllim özündən asılı olmayaraq pilləkənləri bir-bir düşüb gəlib dayandı Ağababanın yanında və Ağababa da elə bunu gözləyirdi, əlini atıb yapışdı Kələntər müəllimin yaxasından və Kələntər müəllimin yaxasını əlinin içinə yığıb yumruğunu boğazına dirədi; Kələntər müəllimin boğazının damarları şişdi, gözləri qızardı, nəfəsi tınçıxdı, ağzını açıb nəsə demək istədi, amma adam kimi bir söz deyə bilmədi; Ağababa Kələntər müəllimi dal-dala apara-apara Kələntər müəllimin kürəklərini darvazanın bala qapısına çırpdı, darvazanın bala qapısı bu zərbədən çırıldayıb açıldı, amma Ağababa Kələntər müəllimin yaxasını əlindən buraxmadı, Kələntər müəllimi küçəyə itələyib o biri əli ilə qırmızı «Jiquli»nin qapısını açdı və Kələntər müəllimi qırmızı «Jiquli»nin içinə dürtdü, sonra maşının qapısını çırpıb bağlamaq istədi, amma bu dəm həyətdəki manqal Ağababanın yadına düşdü, Kələntər müəllimi təzədən dartıb maşından çıxartdı, sürükləyə-sürükləyə manqalın yanına gətirdi, əlini Kələntər müəllimin yaxasından çəkib:
– Götür! – dedi.
Yaxası Ağababanın əlindən çıxmış Kələntər müəllim ildırım sürətilə manqalı qamarlayıb həyətdən götürüldü və Ağababa heç macal tapmadı ki, Kələntər müəllimin taxta dalına bir təpik vursun.
Qırmızı «Jiquli» yerindən götürüldü və tozanaq qaldıra-qaldıra sürətlə gözdən itdi – elə bil, bu qırmızı «Jiquli» də qorxurdu ki, yaxası Ağababanın əlinə keçər.
Əminə xanım xalatının yaxasını əliylə örtə-örtə başını şüşəbənddən çıxarıb:
– Bura bax, a kişi!.. – çığırdı. – Xoruldamağın bəs deyil...
Amma Ağababa Əminə xanımın çığırtısını kəsdi:
– Əgər bu gün rədd olub burdan getməsöz baltayla doğrayaçıyam hamuvuzu!
Əminə xanım yuxarıdan-aşağı Ağababaya baxıb, xırp səsini kəsdi, çünki Əminə xanım başa düşdü ki, Ağababa, doğrudan da, dediyini eləyər, baltanı əlinə alıb Əminə xanımın da, Bəşir müəllimin də, Kələntər müəllimin də başını kəsər, sonra otağın divarındakı şirin şəkli Əminə xanımın gözlərinin qabağına gəldi və Əminə xanım başını şüşəbəndin pəncərəsindən çəkdi. Ağabacı:
– Allah, sənə çox şükür! – pıçıldadı. – Şükür sənə! Şükür!
Ağababa özü öz soyuqqanlılığına təəccüb etdi. Mahnının səsi kəsildi.
Və axşamüstü Bəşir müəllim hər əlində içi dolü bir həsir zənbil şəhərdən qayıdanda Əminə xanım Bəşir müəllimə nə dedi, nə demədi, Bəşir müəllim gedib klubun qabağından bir taksi tutub gətirdi və Bəşir müəllim, Əminə xanım, Ofelya (Kələntər müəllim Adili şəhərdən gətirməmişdi) maşına doluşub «sağ ol»suz çıxıb getdilər.
Dolça bütün bu əhvalat zamanı damın yanında dayanıb səsini çıxartmadı, amma bir dəfə yavaşca hürdü və əsəbləri xarab olmuşdu, hirslənmişdi, nəydisə, Ağababaya elə gəldi ki, Dolça ona hürür.
IX
İki gün idi ki, Ağabacı bütün həyət-bacanı silib-süpürürdü, ikinci mərtəbədəki otağı, şüşəbəndi, artırmanı qarış-qarış yuyub təmizləyirdi və məsələ onda deyildi ki, kirayənişinlər pinti adam idi və hər tərəf çirkin-pasın içində idi, belə deyildi, amma Ağabacı döşəməni, divarları, sürahiləri, mizin üstünü, dolabın gözünü və sairə bütün dəlmə-deşikləri, xüsusən də şüşəbənddəki qaz pilətəsinin və pilətənin altındakı balaca mizi nə qədər silirdi, yuyurdusa da canına yatmırdı, ürəyi çimçişirdi, yadına salanda ki, Əminə xanımla Kələntər müəllim şüşəbəndin qapısının cəftəsini necə bağlayırdı və bundan sonra bu şüşəbənddən necə at tövşüməsinin, it ləhləməsinin səsi gəlirdi və burasını da yadına salanda ki, Nailə, Firuzə, Kəmalə, Amalə, Dilşad, Böyükxanım bu şüşəbənddə yatacaq, Ağabacı onqat artıq bir cidd-çəhdlə silib təmizləyirdi.
Və bu axşam Ağababagil yenə də qalxmışdı yuxarı, öz yerlərinə, köhnə televizoru da qaldırmışdılar şüşəbəndə və bu geçə yenə hərə öz yerində yatmışdı, illərdən bəri həmişə necə olmuşdusa, indi də eləcə idi; Ağabacı yorulub əldən düşüb artırmada, Ağababanın yanında yatmışdı; Ağababanın xorultusu bütün bu tərəfləri lərzəyə salmışdı; qızlar şüşəbənddə yatışmışdı; Nuhbala da axşamdan gəlib rahatca uzanmışdı talvarda və rahatca da yuxuya getmişdi və elə bil ki, yuxuda gülürdü (ola da bilərdi ki, Nuhbala yuxuda gülürdü, çünki bu günorta Nərgiz elektrik qatarına minib Bakıya getmişdi ki, özümə dəftər-kitab almalıyam, Nuhbala da avtobusa minib Bakıya getmişdi və Nərgizlə Nuhbala Bakıda bir yerdə kinoya getmişdi, kinoda Nuhbala əlini qoymuşdu Nərgizin çiyninə, çünki bir belə Bakı camaatının içində heç kim onları tanımırdı, sonra Nərgiz yenə elektrik qatarına minib kəndə gəlmişdi, Nuhbala da avtobusa minib kəndə qayıtmışdı və bu unudulmaz Bakı səfərindən sonra şirin-şirin yatırdı talvarda, küləyi də vecinə almırdı). Axşamdan xəzri əsməyə başlamışdı və külək get-gedə bərkiyirdi və bu dəm dənizin uğultusu da küləyin səsinə qatışmışdı, ağaclar da xışıldayırdı. Külək qozaları bir-bir tarappaturupla salırdı yerə, narın çiçəklərini havaya sovururdu. Dolça hasarın üstündə oturub bu qaranlıq gecədə, aysız-ulduzsuz, küləkli Abşeron gecəsində qayalığa tərəf baxırdı; qayalıq görünmürdü, amma xəzri köpüklənib qaranlıqda ağaran dalğaları qayalara çırpırdı və Dolça qayalara çırpılan dalğanın səsinə tərəf baxırdı, sonra Dolça başını qaldırıb bağban Əsədullanın evinə tərəf baxdı; bağban Əsədullanın evi kəndin yuxarısındakı dikdirin üstündə idi və indi bu ev də qaranlıq içində itib-batmışdı, təkcə darvazalarının qabağında elektrik lampasının işığı gəlirdi, sonra Dolça aşağı tərəflərə, kəndin o hissəsinə ki, quşvuran Fazilin evi orda idi, oralara baxdı və elə bil ki, həmin aysız-ulduzsuz, küləkli Abşeron geçəsində Alabaşı yadına saldı, Sarıbaşı yadına saldı, elə bil ki, o sakit, o mülayim, təmiz yay gününü yadına saldı, onunla qaç-tut oynayan cüllütü yadına saldı, o sakit, o mülayim, təmiz yay günündə açılan dörd gülləni yadına saldı. Dolça bu iki günün içində yenə də arıqlamışdı, heç nə yemirdi, heç su da içmirdi, həyətdən bayıra çıxmırdı, evin başına dolanırdı, Kələntər müəllimin manqal qoyduğu yerə gəlib torpağı iyləyirdi, damın yanında yerə uzanıb gözlərini şüşəbəndə zilləyirdi, hərdən maşın səsi eşidəndə başını qaldırıb yola baxırdı, elə bil qırmızı «Jiquli»nin həsrətini çəkirdi.
Ağababa belə hiss edirdi ki, Dolça kirayənişinlərin xiffətini çəkir və Dolçanın belə yaramaz adamların xiffətini çəkməsi Ağababanın ürəyində qubar bağlayırdı, Ağababa kitabxanaçı Nəcəfin dünya və həyat barədə söylədiyi müdrik sözləri yadına salırdı: «– Gidi dünya!..» – deyirdi ürəyində və söyüş söyürdü. Bu gün günorta Ağabacı yenə arpa unundan yal çaldı və yalı gətirib qoydu Dolçanın qabağına, amma Dolça yenə də yala dilini vurmadı, dəmir nimçəyə baxdı, Ağabacıya baxdı və Ağabacıya hürdü.
Ağabacı Dolçanın bu hürməyindən çox pərt oldu:
– Nədi? Nə istəyirsən? – dedi.
Dolça yenə Ağabacıya hürdü və nifrətlə, açıq-aşkar bir nifrətlə dəmir nimçənin içindəki yala baxdı. Ağabacı:
– A-a-a... Allah haqqı, kabab istəyir bu! – dedi. – Və bu vaxt Nailə quyunun yanında paltar yuya-yuya dedi:
– Elə mən də kabab istəyirəm...
Sabahkı gün isə Dolça yoxa çıxdı...
Bütün günü Dolça həyətə gəlmədi. Dolça geçə də gəlmədi. Ağababagil o biri gün də gözlədi, Dolça gəlib çıxmadı. Dolça bir də bu həyətə gəlmədi...
«SÜRPRİZ» KABABI
(Epiloq əvəzi)
Gümüş Malikə ona görə Gümüş Malik demirdilər ki, var-dövlətinə işarə edirlər, belə olsaydı, Qızıl Malik deyərdilər, çünki dəllal Zübeydənin dediyinə görə (və burası da hamıya məlum idi ki, dəllal Zübeydənin bilmədiyi şeyə qurd duşər!) Gümüş Malikdə olan qızıl ingilis bankındakı qızıla bərabər bir şey idi; Gümüş Malikə ona görə Gümüş Malik deyirdilər ki, Gümüş Malik oturub-durub deyirdi ki, gümüş, adamın bədəninə ən xeyirli şeydi və evdə bütün çəngəl-bıçağı, qədəhləri, buludu, hətta boşqabları da gümüşdən idi, həm də Gümüş Malikgil bunu təkcə qonağın qabağına qoymurdu, on iki uşağı, özü, arvadı, anası, qayınanası, dul baldızı və dul baldızının yeddi uşağı səhər də, günorta da, axşam da yeyib-içəndə, ançaq gümüş işlədirdilər, əlqərəz, hərənin bir xasiyyəti olar və adam da ayağını yorğanına görə uzadar, Gümüş Malikin də şakəri gümüş idi.
Gümüş Malikin kababxanasının adı «Mixək» idi, çünki bura, guya, kababxana yox, çayxana idi və guya, camaat bura mixəkli çay içməyə gəlirdi; əlbəttə, çay içilməyinə içilirdi burda, amma acqarına yox, təzə osetrina və sevryuqa kababının, əmlik quzu kababının, toyuq və hindquşu kababının və bunların hamısının lüləkababının, qutabın, düşbərənin, gürzənin, xəngəlin, xülasə-kəlam, dünyanın ən ləzzətli yeməklərinin üstündən içilirdi. Söhbət həmişə bu kababxanadan düşəndə kitabxanaçı Nəcəf yanıb-yaxılırdı, deyirdi ki, buna bax bir, hökumətin çayxanasını eləyib kababxana, əti, balığı və hər nə varsa, hamısını öz puluna alverçilərdən alıb bişirdir və onqat qiymətinə satır çamaata, elə bil, dədəsinin kababxanasıdı, elə bil, Gümüş Malikin atası hambal Israfil öləndə bu çayxananı Gümüş Malikə vəsiyyət edib və tapşırıb ki, buranı çöndər elə kababxana, soy camaatı, yandır atasını, heç nədən də qorxma, nə müfəttişdən qorx, nə yoxlamadan, nə də bir başqa şeydən; qəssab Ağakişi kitabxanaçı Nəcəfin bu sözlərinə qulaq asıb deyirdi ki, balam, çamaatın ki, öz canında yoxdusa, getməsin də, gedib oturub Gümüşün kababxanasında çörək yeməsin də! Kitabxanaçı Nəcəf qəssab Ağakişinin bu sözlərinə belə çavab verirdi ki, Gümüş Malikin kababxanasına gedənlər də elə Gümüş Malikin taylarıdı, hərəsi bir yerdə daraşıb taxtabiti kimi hökumətin malına, hərəsi bir tərəfdən yeyir və gəlib burda dəniz havası uda-uda kef eləyir, neynək, qoy eləsinlər, amma görərlər onların başına nə oyun açacağam mən; kitabxanaçı Nəcəf bu barədə qəzetə böyük bir məqalə yazıb göndərmişdi.
Gümüş Malikin kababbişirəni Hacıməmməd kişi ki, camaat ona Məşədi Manqal deyirdi, kababxananın dal tərəfində sıra ilə düzülmüş manqallara səhərdən bir az keçmiş od vururdu, şişləri düzürdü və təmiz, küləksiz yay günlərində Ağababagildən diqqətlə baxanda Gümüş Malikin kababxanasının tüstüsünü görmək olurdu.
Həmin gün Ağababanın iş günü deyildi və ümumiyyətlə, Ağababa yenə də əvvəlki kimi, təkcə öz növbəsini işləyirdi, işləmədiyi günlər də həyət-bacaya əl gəzdirirdi, evdə istirahət edirdi, bir sözlə, əvvəl necə yaşayırdısa, indi də eləcə yaşamağa başlamışdı; hər şey yenə də əvvəlki qaydasına düşmüşdü. Kələntər müəllimin bişirdiyi kababların iyi, demək olar ki, həyətdən çəkilib getmişdi, bu həyət, bu ev, bu ağaclar Əminə xanımın vallarının səsini yavaş-yavaş yaddan çıxarırdı; bütün bunlar belə idi, amma yenə də nəsə çatışmırdı və Ağababa bu «nə isə»nin nədən ibarət olduğunu yaxşı başa düşə bilmirdi.
Əlbəttə, bu «nə isə»yə ən başlıça Dolçanın yox olması daxil idi. Düz altı gün, altı gecə idi ki, Dolça yox idi və hətta Ağababa fikirləşdi ki, yəqin Dolça Bakıya gedib, orda bu kirayənişinləri tapıb və indi orda onlarla qalır; Ağababa bunu fikirləşdi və narahat oldu, çünki Dolça gedib onları tapsaydı da, o adamlar Dolçanı saxlamazdılar yanlarında; sonra Ağababa qayalığa düşüb Dolçanı axtardı ki, bəlkə qayalıqdadı Dolça və kəndin uşaqları qayaların arasını gəzən Ağababanı görüb qaçıb dağılışdılar (kəndin uşaqları hərdən günortalar gəlib qayalıqda gizlin-gizlin gəzirdi, Bakıda bir yerləri yoxmuş kimi, gəlib bu qayaların arasında mazaqlaşan və mazaqlaşmaqdan da o tərəfə keçən şəhərli oğlan-qızlara tamaşa edirdi), amma bütün bu yerlərdə Dolçanın izi-sorağı da yox idi və ümumiyyətlə, elə bil kimsə Ağababaya deyirdi ki, Dolça buralarda deyil və Dolça məsələsi qurtardı daha.
Dolçanın yoxa çıxmasından başqa da bir şey o «nə isə»nin içinə daxil idi və çəkic-mismar götürüb, nərdivana qalxıb talvarın taxtalarını bərkidən Ağababa, həmin gün, avqustun lap axırlarındakı o aydın, küləksiz yay günü uzaqda Gümüş Malikin kababxanasından qalxan tüstünü görəndə başa düşdü ki, nə eləməlidir və bunu mütləq eləməlidir, elə bu gün eləməlidir.
Ağababa nərdivandan aşağı düşdü, mıxı, çəkici aparıb mətbəxin yanındakı balaca otağa qoydu, sonra yuxarı qalxıb şüşəbənddə hərəsi öz işi ilə məşğul olan Ağabacıya, qızlara dedi:
– Hazırlaşın, gedirik kabab yeməyə!
Ağabacı da, uşaqlar da Ağababanı yaxşı tanıyırdı və bu dəfə də Ağababanın səsinin tonundan başa düşdülər ki, mütləq durub hazırlaşmalıdırlar və getməlidirlər. Nailə qonşuya getmişdi, Amalə qaçıb Nailəni çağırdı, Dilşad dəniz qırağına qaçıb Nuhbalanı çağırdı, Ağabacı çoxdan geymədiyi krepdeşin paltarını dolabdan çıxardıb ütülədi, Ağababanın qolsuz ağ köynəyini ütülədi, qızlar quyudan su çəkib əl-üzlərini, ayaqlarını yudu və düz saat yarımlıq hazırlıqdan sonra Ağababa qabaqda, Ağabacı ilə qızlar arxada, Nuhbala da lap arxada darvazanın bala qapısından çıxıb Gümüş Malikin kababxanasına tərəf üz tutdular.
Əmirqulu hardasa yenə bir az artıqlıq eləmişdi və yenə də küçədəki tut ağacının dibində oturub kürəyini söykəmişdi ağacın gövdəsinə və gözləri axa-axa oxuyurdu özü üçün:
Mən əntiqə çortdayam,
Çortdayam, firontdayam.
Atıram plyumotları,
Vururam samalyotları!
Xeyransa da evlərinin küçə eyvanında idi və Ağababagili görən kimi, utandığından pərdənin dalında gizləndi, Əmirqulunun xəcalətindən heç soruşa da bilmədi ki, görsün bu istidə Ağabacıgil geyinib-kecinib hara gedirlər belə; düzdü, onsuz da, sabah kənddə biləcəydilər ki, Ağabacıgil hara gedib, amma Xeyransa ürəyində yenə Əmirqulunun qarasına deyindi: «– Başun batsun elə sənün! Batsun başun! Ər olan yerdə bir qara daş olub düşəydün mənim başıma!»; sonra Xeyransa evə keçdi, çünki indilərdə usta Mərdan gələcəkdi və başlayacaqdı otağın divarındakı şəkli qaşımağa. (Axır vaxtlar usta Mərdan müştərinin çoxluğundan kefə baxırdı, çünki indi də kəndə dəb düşmüşdü və hamı otaqlarının divarındakı şəkilləri qaşıtdırırdı; sabah usta Mərdan Ağababagilə gələcəkdi.)
Ağababagil kəndin küçəsi ilə aşağı düşdü. Istinin əlindən hamı çəkilmişdi həyət-bacaya və boş küçədə Ağababagilin qabağına çıxan birinci adam qarovulçu Həsənulla oldu. Qarovulçu Həsənullanın kefi elə kök idi ki, uçmağa qanadı yox idi və qanad əvəzinə hər əlində bir it balası tutmuşdu: balaca, qıvrım tüklü, qəhvəyi rəngli küçüklər idi və qarovulçu Həsənulla Ağababanı görən kimi, sevincini bölüşdü:
– Görürsən! Aldım e, aldım! Pudeldi bunların adı, pudel! Maya meçta pudel! Bacı-qardaşdı! Görürsən necə krasividi?!
Belə məlum olurdu ki, qarovulçu Həsənulla yenə varını-yoxunu verib bu qəribə itdən almışdı, özü də ikisini birdən almışdı, bir dənə erkək, bir dənə də dişi və yəqin ki, bundan sonra qarovulçu Həsənullanın həmişə iti olacaqdı, bu bacı-qardaş doğub-törəyəcəkdi.
Ağababanın da kefi kök idi və Ağababa:
– Hə, çox krasividi! – dedi və bir: – Malades! – də əlavə etdi.
Sonra kitabxanaçı Nəcəfə rast gəldilər; kitabxanaçı Nəcəf çeşməyini taxıb evlərinin qabağındakı əncir ağacının kölgəsində oturub təzə qəzetləri oxuyurdu və Ağababagili görəndə salamlaşıb:
– Xeyir ola, hara belə, Ağababa müəllim! – soruşdu (Kitabxanaçı Nəcəf kəndin bütün kişilərinə «müəllim» deyə müraciət edirdi və hətta bir dəfə qəssab Ağakişi acıqlandı ki, balam, mən ki, bütün ömrüm boyu qəssab olmuşam, bu gədə mənə niyə müəllim deyir? Bağban Əsədulla da belə cavab verdi ki, kitabxanaçı Nəcəf ona görə hamıya müəllim deyir ki, onun özünə də çamaat «müəllim» desin, day «kitabxanaçı Nəcəf» deməsin. Bağban Əsədullanın sözü camaatın ağlına batdı.)
– Gəzməyə gedirik.
– Həmişə gəzməkdə! – dedi kitabxanaçı Nəcəf və yenə də başladı qəzetdəkilərin hamısını bircə-bircə oxumağa; bütun bu tərəflərdə kitabxanaçı Nəcəf qədər qəzet oxuyan ikinci bir adam tapmaq mümkün deyildi və kitabxanaçı Nəcəf, hətta rus dilində Estoniya qəzetinə də abunə olmuşdu ki, görsün oralarda nə var, nə yox. (Bir dəfə kitabxanaçı Nəcəfin anası Əlibala arvad – valideynləri bu arvada kişi adı qoymuşdu, çünki Əlibala arvad on dörd baçının axırıncısı imiş, – hə, bir dəfə kitabxanaçı Nəcəfin anası Əlibala arvad deyib ki, çamaatın uşağının əli pula çatır, mənimkinin də əli qəzetə çatıb.)
Əlbəttə, kitabxanaçı Nəcəf bilsəydi ki, Ağababa bütün əhli-əyalı ilə bir yerdə Gümüş Malikin kababxanasına gedir, inanmazdı, çünki Ağababa kitabxanaçı Nəcəfin bu kənddə ən çox hörmət etdiyi adamlardan biri idi və bu hörmətin də əsas səbəbi, təbii, bu idi ki, Ağababa halal zəhmətnən dolanan adam idi, əməlisaleh adam idi, gözütox adam idi, əyri işlərlə arası olmayan, xeyrə-şərə yarayan adam idi, bir sözlə, Ağababa, kişi adam idi.
Ağababagil kənddən çıxıb sahilə düşdü və qumluqda Gümüş Malikin kababxanasına tərəf getməyə başladı.
Yenə xəzri əsməyə başlamışdı, dəniz göy-mavi idi, dalğalar üç-dörd qat köpüklənə-köpüklənə sahilə gəlirdi, bir də ki, ləpədöyəndə düz bir xətt boyu ağappaq dalğa köpüyü uzanırdı; üfüqdə dəniz bir az maviləşirdi, bir az göy göyərirdi və dənizdə göy bir şeymiş kimi birləşirdi.
Həm bu xəzriyə görə, həm də şənbə və bazar günü olmadığına görə sahil bomboş idi və Ağababa bu boş sahillə gedə-gedə, necə oldusa, birdən-birə o yağışlıküləkli sonuncu yaz gününü yadına saldı, dalınca düşüb evlərinə gedən o gülməli küçüyü yadına saldı, dənizə baxdı, qumluğa baxdı və fikirləşdi ki, min-min o cür yağışlı-küləkli günlər olub bu dənizin qırağında, min-min o cür küçüklər görüb bu dəniz, min-min Ağababalar görüb, min-min dərdin-sərin şahidi olub bu dəniz və adamların bütün dərdi-səri, bütün çatışmayan işləri bu dənizin böyüklüyünün, bu dənizin qocalığının müqabilində elə o balaca küçük kimi gülməli bir şeydi.
Poçtalyon Fətoş məktub-qəzet dolu çanta belində, köhnə velosipedini sürəsürə qabaqdan gəlib Ağababagilin yanından ötdü (bütün bu tərəflərdə poçtalyon Fətoşdan başqa heç kim bu qumluqda velosiped sürə bilmirdi, özü də poçtalyon Fətoşun rəsmi altmış səkkiz yaşı var idi, amma qəssab Ağakişi deyirdi ki, poçtalyon Fətoş elə mənimlə yaşdaş olar, yəni, belə çıxırdı ki, poçtalyon Fətoşun səksən bir yaşı var), salamlaşdı və soruşdu:
– Hara belə, xeyir ola?
Ağababa:
– Gəzməyə gedirik! – dedi.
Poçtalyon Fətoş:
– Həmişə gəzməkdə! – dedi və velosipedini sürüb uzaqlaşdı. Baxmayaraq ki, şənbə və bazar günü deyildi, Gümüş Malikin kababxanası müştəri ilə dolu idi və təkçə kababxananın içində yox, bütün ətrafındakı qumluqda da, əncir kölgəsində, meynə talvarının kölgəsində dördkünc mizlər qurulub, kürsülər düzülmüşdü və Bakıdan gələn müştərilər yeyib-içib kef çəkirdilər: kimi dostu ilə gəlmişdi, kimi gələn qonağını gətirmişdi və bu qonaqlar kababdan daha çox göygöyərti yeyirdi, araq içirdi və tez keflənirdi, kimi dəstə ilə gəlmişdi və sairə.
Gümüş Malik Ağababanı görən kimi:
– Xoş gəlmisən, qədeş! – dedi. – Sonra gördü ki, Ağababa bütün əhli-əyalı ilə gəlib və bunu özünə qarşı böyük bir hörmət əlaməti kimi qəbul etdi, çünki, əslində, kəndin kişiləri arvad-uşağı götürüb kababxanaya gətirməzdi: – Anam-baçım olsunlar, əcəb eləyib gətirmisən bacını da, uşaqları da! Buralarda oturmayın, süzə layiq döyül, tapşırram düzəldərlər süzünçün bu saat!
Gümüş Malik həm boydan-buxundan, həm də qarından çox yekə bir kişi idi (belə danışırdılar ki, guya, bir dəfə Gümüş Malik səhər-səhər otuz üç yumurtanın qayğanağını yeyib!) və əvvəllər özü də atası məşhur hambal Israfil kimi yükdaşıyan idi, amma evlənəndən sonra qaynı Ələkbərin dost-tanışının sayəsində əvvəlcə klub çayxanasında çayçı oldu, sonra öz gücünə Buzovnanın vağzal restoranında bufetçi düzəlib işlədi, sonra da bu kababxananın müdiri oldu və Gümüş Malikin işləri elə gözəl gətirmişdi, özünə elə bir hörmət qazanmışdı ki, indi qaynı Ələkbər Gümüş Malikin yanında ürək eləyib papiros çəkmirdi ki, kişidən ayıbdı. Kababxanada Gümüş Malikin balaca bir müdir otağı var idi ki, burada oturub kağız-dəftərdə haqq-hesab aparırdı, telefonla danışırdı, mal qəbul edirdi və ən hörmətli adamlar gələndə bu otaqdakı balaca yazı mizinin üstünü boşaldıb süfrə saldırırdı, qonaqları burda oturdurdu ki, başqa müştərilərdən ayrı olsunlar və indiki halda Ağababanın külfəti, demək olar ki, hamısı kişi olan bu müştərilərin yanında sıxılmasın.
Bu istidə başına «aerodrom» papaq qoymuş xörəkpaylayan Çəfərqulu içəri girib Ağababagillə salamlaşdı, hal-əhval tutdu (xörəkpaylayan Cəfərqulu Xeyransanın xalası oğlu idi və dünyada ən birinci zəhləsi gedən adam Əmirqulu idi) və menyünü qoydu Ağababanın qabağına.
Abşerondakı belə kababxanalarda menyü olmazdı, amma Gümüş Malikin kababxanasının bir fərqli cəhəti bundan ibarət idi ki, burda menyü olurdu və hamı bilirdi ki, bu gözəl menyü bukletini Gümüş Malik Çexoslovakiyada sifariş elətdirib gətirmişdi, arasına əllə yazılmış kağız qoyurdu və bu kağızda kababxanadakı cürbəcür yeməklərin adı yazılırdı, amma qiyməti yazılmırdı. Ağababa xörəkpaylayan Cəfərqulunun gətirdiyi menyüyə baxdı və gördü ki, burda ən birinci şaşlık «Sürpriz» yazılıb, Ağababa da göy-göyərti, pomidor-xiyar və pendirdən başqa adama bir yeməklik şaşlık «Sürpriz» sifariş verdi. Gümüş Malikin bu otağındakı pənçərədən Məşədi Manqalın manqalları görünürdü və ömrü boyu həmişə kabab bişirməklə məşğul olmuş Məşədi Manqal bu manqaldan o manqala qaça-qaça bir belə müştərinin kababını bütün gün ərzində təkbaşına bişirirdi. (Kəndin camaatı danışırdı ki, Məşədi Manqal hər gün o qədər tintüstü udur ki, axşam iş qurtarandan sonra, yəni, kababxananın manqallarının hamısına su çiləyib söndürəndən sonra, Məşədi Manqal bir tikə çiy quyruğa sap bağlayıb udur, sonra sapı dartıb quyruq tikəsini çəkib qarnından çıxarır və quyruq tikəsi hisdən qapqara olur; guya, Məşədi Manqal bu minval ilə hər axşam mədəbağırsağını təmizləyir.)
Xörəkpaylayan Cəfərqulu göy-göyərti gətirib mizin üstünə düzdu, xiyar, pomidor gətirdi, pendir gətirdi, Ağababa üçün iki yüz qram araq gətirdi, quyuya sallanmış və indi buz kimi olan «Badamlı» gətirdi və:
– Nuş can! – deyib getdi.
Ağababagil mizin üstundəkilərdən yeməyə başladı, sonra Ağababa araqdan yüz qram süzüb Baladadaşın və Ağagülun sağlığına içdi, sonra da hamı «Sürpriz» kababını gözləməyə başladı.
Ağabacı dedi:
– Balam, bu nə kababdı belə? Birdən qoyun əti olmaz, alayı şey olar a?..
Ağababa başa düşdü ki, Ağabacı ehtiyat eləyir ki, birdən donuz əti-zad olar, kişini gülmək tutdu və Ağababanın axır vaxtlar bu qədər ürəkdən güldüyü olmamışdı; Nuhbala da, qızlar da başladılar gülməyə və elə bu vaxt klarnet səsi gəldi, zurna səsi, nağara səsi gəldi, «Gəlin» havasının adamın sümüyünü oynadan səsi aləmə yayıldı, sonra qapı açıldı, xörəkpaylayan Cəfərqulu əlində üstü pomidorla, göy-göyərti ilə bəzədilmiş içi kabab dolu böyük bir bulud oynayaoynaya içəri girdi və xörəkpaylayan Cəfərqulunun ardınca da klarnetçalan Muxtar, zurnaçalan Ərəstun, nağaravuran Ibrahim çala-çala, klarneti, zurnanı, nağaranı oynada-oynada içəri girdilər, xörəkpaylayan Cəfərqulu buludu mizin ortasına qoydu. Muxtar, Ərəstun və Ibrahim də keçib dayandılar Ağababanın başının üstundə və güc verdilər «Gəlin» havasına.
Bu əhvalatın gözlənilməzliyindən əvvəlcə Ağababagilin gözü çıxdı kəllələrinə və handan-hana özünə gələn Ağababa:
– Alə, Cəfərqulu, bu nədi belə? – soruşdu.
Xörəkpaylayan Cəfərqulu:
– Şaşlık «Sürpriz»di də, qədeş! – dedi, – sonra: – Nuş can! – dedi və otaqdan çıxdı.
Muxtar klarnetin ağzını otağın tavanına qaldırdı, Ərəstun ovurdlarını şişirdib var gücü ilə püflədi, Ibrahim bir əli ilə nağaranın qabağını, o biri əli ilə də nağaranın dalını döyəclədi və çalğıçılar doğrudan aləm çaldılar, elə ürəkdən çaldılar ki, Ağabacı özünu saxlaya bilməyib ürəyində bunlara:
«– Əhsən!» – dedi. Ağababa başa düşdü ki, kababdan yeməyincə Muxtarın dəstəsi burdan çıxıb gedən deyil, çünki «Sürpriz» kababı belə kabab idi ki, gərək çalğıçılar müştərinin başının üstündə «Gəlin» havası çalaydı; əl atdı buluda, kababdan Ağabacının qabağına qoydu, qızların qabağına qoydu, Nuhbala özü götürdü, hərə özünə bir dənə də pomidor kababı götürdü. Ağababa qalan yüz qramı da töküb başda klarnetçalan Muxtar olmaqla çalğıçıların sağlığına qaldırdı və burası da aydın oldu ki, Gümüş Malik Ağababagil üçün, həqiqətən əla kabab təşkil eləyib.
Necə oldusa, birdən-birə Ağabacı fikirləşdi ki, görəsən, kirayənişinlərinin oğlu Adil instituta girdi, yoxsa yox? Ağabacı istədi ki, bu sualı bərkdən versin, amma bir söz demədi, çünki belə bir qiyamət gündə Ağababanın və uşaqların kefinə soğan doğramaq istəmədi.
Ağababa bura gələndə cibinə əlli manat pul qoymuşdu, amma Ağababagil yeyib-içib qurtarandan sonra, Gümüş Malik içəri girib dedi ki, gərək mənim qonağım olasınız. Ağababa təşəkkürünü bildirdi, sonra Gümüş Malik gedib xörəkpaylayan Cəfərqulunu içəri göndərdi ki, haqq-hesabı çəksin və bu zaman məlum oldu ki, gərək Nuhbala evə qaçıb bir xeyli əlavə pul gətirsin.
Kirayənişinlər, yəni Bəşir müəllimgil Ağabacıya yüz əlli manat pulu əvvəlcədən vermişdilər, əlli manat da sonradan verməli idilər, amma Ağababa Bəşir müəllimgili vaxtından beş-altı gün qabaq qovduğu üçün qalan pulu vermədilər və Ağabacı da həmin pulu onlardan istəmədi.
Nuhbala qaçdı evə ki, o yüz əlli manatı götürüb gəlsin və Ağababa bu kababxana ilə haqq-hesabı çürütsün, yəni «Sürpriz» kababının xərcini ödəsin. Ağabacı təzə televizorun məhəbbətini ürəyindən sildi, amma, doğrudan, heç «uf» da demədi. Ağababa da həmin pulun ikicə saatın içində beləcə xərclənməsinə fikir vermədi. Elə bil ki, elə belə də olmalı imiş.
Ağababagil kababxanadan çıxanda Nuhbala ilə qızlar qabaqca çıxdı. Ağababa ilə Ağabacı sonra çıxdı və onlar kababxananın dal tərəfindən keçib dəniz kənarına düşmək istəyəndə ki, evlərinə getsinlər, birdən Ağabacı Ağababanın qolundan yapışdı:
– Ağababa!
Ağababa əvvəlcə Ağabacıya baxdı, sonra Ağabacının baxdığı səmtə tərəf baxdı.
Üç dənə it Gümüş Malikin kababxanasının dalında sür-sümük yeyirdi və bu itlərdən biri Dolça idi.
Dolça ağzında yekə bir sümük başını qaldırıb Ağababagili gördü. Dolça bir müddət Ağababagilə baxdı. Dolçanın qara gözləri günün altında parıldayırdı və Ağababa bu gözlərdə açıq-aşkar bir kədər oxudu. Sonra Dolça başını aşağı salıb yavaş-yavaş zingildəyə-zingildəyə kababxananın həyətinə girdi.
Ağabacı bir də onu gördü ki, bətnindəki körpə qarnını təpikləyir; birinci dəfə idi ki, qarnındakı bu uşaq təpik atırdı, tərpənirdi və həmin avqust günü Ağababa ilə birlikdə evlərinə gedə-gedə Ağabacı Baladadaşın, Ağagülün, Nuhbalanın, Nailənin, Firuzənin, Kəmalənin, Amalənin, Dilşadın, Böyükxanımın çağalığını yadına saldı, bu çağaları bir-bir gözünün qabağına gətirdi və fikirləşdi ki, adamın nə qədər çox uşağı olsa, bir o qədər yaxşıdı.
İyul, 1978.
Zuğulba.