Külün yaddaşı
“Qırmızı yuxu” kitabımdan
Müəllifin bəşəriyyətə çağırışı: Ata adı övlad üçün sığınacaq, güvən və mərhəmət deməkdir. Bu adın arxasında gizlənərək öz qızına cinsi istismar və zorakılıq yaşadan şəxs təkcə bir uşağın deyil, insanlığın özünə qarşı cinayət törədir. Heç bir bəhanə, heç bir adət, heç bir qapalı qapı bu vəhşiliyə haqq qazandıra bilməz. Uşaq heç vaxt günahkar deyil. Utanc zorakılığa məruz qalanın deyil, zorakılıq törədənin alnına yazılmalıdır.
«Külün yaddaşı» susdurulmuş uşaqların ağrısını unutdurmamaq, cəmiyyətin vicdanını oyatmaq və hər bir qızın qorxu deyil, sevgi içində böyümək haqqını müdafiə etmək çağırışıdır.
Ey insanlıq! Bu cinayətləri susqunluğunla örtmə, laqeydliyinlə böyütmə, bəhanələrlə bağışlama! Zorakılığa göz yumma, qurbanı tək qoyma, uşağı qoru!
… Arzum budur ki, elə bir dünya qurulsun ki, heç bir qız öz atasının kölgəsindən qorxmasın, heç bir uşaq kömək diləməkdən çəkinməsin, heç bir evin divarları uşağın fəryadını gizlətməsin. Qoy uşaqların yaddaşında zorakılığın külü deyil, sevginin işığı qalsın!
Anası öləndə Nigarın iki yaşı tamam olmamışdı. O, ölümün nə olduğunu bilmirdi. Anasının bir daha qapıdan içəri girməyəcəyini, gecələr başının üstündə əyilib alnından öpməyəcəyini, yuxudan oyananda onun səsini eşitməyəcəyini anlamırdı. Hələ sözləri tam öyrənməmiş uşağın yaddaşında ölümün adı yox idi; yalnız bir yoxluq vardı — əvvəl qoxusu, sonra səsi, ən axırda isə sifəti solub gedən bir yoxluq…
Səlim qızını qucağına alıb qəbiristanlıqdan evə qayıdanda kənd adamları onun çiyninə əl qoymuş, təsəlli vermişdilər.
— Səlim can, sənin indi məsuliyyətin iki qat artdı. Sən bu gündən sonra qızına həm atasan, həm də ana.
Səlim bu sözləri özünə verilmiş ağır, amma müqəddəs bir vəzifə kimi qəbul etmişdi. O gündən sonra qızını məktəbə özü apardı, onun üçün yemək bişirməyi, paltarını yumağı, hörüklərini hörməyi öyrəndi. Nigarın ilk addımlarını, ilk sözünü, məktəbə getdiyi günü elə bir qürurla xatırlayırdı ki, bəzən həyat yoldaşı Gülsümün - Nigarın anasının - qəbrinə gedəndə də qızından danışır, ona elə gəlirdi ki, arvadı torpağın altından onu eşidir. Kənddə Səlimi fədakar ata kimi tanıyırdılar. Qadınlar öz uşaqlarını ona nümunə göstərirdilər. Kişilər onun sədaqətini alqışlayırdılar. Kimsə deyəndə ki, tək kişi üçün qız böyütmək çətindir, başqası dərhal cavab verirdi: “Səlim bacarır. O, qızını gözündən də artıq qoruyur” İnsanı bəzən başqalarının ona verdiyi adlar məhv edir. Çünki bir ad nə qədər uzun müddət təkrarlanarsa, onun arxasında gizlənən həqiqəti görmək bir o qədər çətinləşər. Səlim də zaman keçdikcə yalnız qızını böyüdən ata deyildi. O, hamının gözündə yaxşı ata idi. Bu ad ona etibar qazandırmışdı; etibar isə bəzən insanın üzünə çəkilən ən qalın pərdə olur. Nigar on altı yaşına çatana qədər atasının sevgisini həyatın dəyişməz qanunu bilmişdi. Anasını itirmişdi, amma atasının varlığı ona elə gəlirdi ki, dünya bütün itkilərə baxmayaraq öz yerində dayanıb. Sonra bir axşam həmin dünya yerindən oynadı…
O axşamın təfərrüatlarını Nigar illərlə xatırlamağa çalışacaqdı. Pəncərənin pərdəsi, dəhlizdəki zəif işıq, atasının addımları, divardan asılmış saatın səsi... İnsan bəzən dəhşətin özünü yox, onun ətrafındakı xırda əşyaları yadda saxlayır. Çünki dəhşəti anlamaq mümkün olmayanda ağıl əşyaların köməyinə sığınır. Səlimin beyninə şeytanın daxil olduğunu demək olardı. Amma şeytan sözü bəzən insanın öz içində böyütdüyü cinayətə verdiyi addır. Cinayətin səbəbini qaranlıq bir qüvvənin üzərinə atmaqla insan özünü günahın müəllifi olmaqdan çıxarmağa çalışır. Əslində isə Səlimin beyninə heç bir şeytan girməmişdi. O, öz iradəsi ilə qızının sərhədini pozmuş, atalıq adı ilə ona verilmiş etibarı qızının əleyhinə çevirmişdi. Nigar əvvəlcə nə baş verdiyini özünə izah edə bilmədi. Beyni eşitdiyi və hiss etdiyi həqiqəti qəbul etmək istəmirdi. Çünki onun üçün iki ayrı Səlim yox idi. Onu məktəbə aparan, xəstələnəndə başının üstündə gecələyən, saçını sığallayan ata ilə həmin axşam onun uşaqlığını əlindən alan adam eyni insan idi. İnsan sevdiyi birinin daxilindəki qaranlığı görəndə əvvəlcə qaranlığı deyil, öz sevgisini sorğulayır. Nigar da elə etdi. Bəlkə mən nəsə səhv etmişəm? Bəlkə atam xəstədir? Bəlkə sabah ayılacaq və əvvəlki kimi olacaq? Bəlkə bütün bunları heç kimə deməsəm, heç nə baş verməmiş sayılacaq?
Bütün gecəni bəlkələrlə yatmağa macal verməyən səhər açıldı. Ev əvvəlki ev idi. Mətbəxdə əvvəlki qablar vardı. Pəncərədən əvvəlki ağac görünürdü. Divardakı saat əvvəlki səslə işləyirdi. Dəyişən yalnız Nigar idi. O, həmin gündən sonra öz evində qonağa çevrildi. Öz otağında oturarkən belə haradasa qaçmaq üçün yol axtarırdı. Atasının ayaq səslərini eşidəndə bədəni ondan əvvəl qorxurdu. Səlim ona yemək hazırlayanda, halını soruşanda, əvvəlki qayğısını göstərməyə çalışanda qızın daxilində izah edə bilmədiyi bir hiss baş qaldırırdı: bəzən nifrətdən daha dəhşətli olan, sevdiyi insana qarşı nifrət etmək məcburiyyətində qalmaq. Ən ağırı o idi ki, Nigar atasını yalnız qorxduğu üçün susdurmurdu. O, atasını hələ də sevirdi. Bu sevgi artıq rahatlıq deyildi; onun boynuna keçirilmiş görünməz bir kəndirə çevrilmişdi. Bir müddət sonra Səlim ilk cinayətini tək bir hadisə kimi deyil, özünə verilmiş gizli bir hüquq kimi yaşamağa başladı. Nigarın müqavimətini, susmağını, göz yaşlarını öz istəklərinin qarşısında əngəl hesab edirdi. Qızının qorxusunu itaət, çarəsizliyini razılıq kimi yozurdu. Özünü dayandırmaq əvəzinə, hər dəfə susqunluqdan yeni bir bəhanə düzəldirdi. Nigarın on altı yaşı vardı. Sonra on yeddi oldu. On səkkiz... Təqvim dəyişirdi, amma evin içində zaman sanki bir otağa məhkum edilmişdi. Hər yeni il Nigar üçün böyümək deyil, öz həyatından bir az da uzaqlaşmaq demək idi. Bəzən məktəbə getdiyi vaxt küçədə ata əlindən tutmuş balaca qızları görərdi. Onların gülüşü ürəyinə toxunardı. Bir ata qızının başına əl çəkəndə Nigar gözlərini yayındırardı. Çünki dünyada heç kimin əlindən ala bilməyəcəyi bir həqiqət vardı: o, atasının sevgisinin necə görünməli olduğunu bilirdi, sadəcə, həmin sevgidən məhrum edilmişdi.
Səlim isə kənddəki nüfuzunu qoruyurdu. Qonşular qızın heç kəslə ünsiyyət qurub danışmamasını, hamıdan gen gəzməsini onun yeniyetməlik dövrü ilə əlaqələndirirdilər. Qohumlar onun insanlardan uzaqlaşmasını xasiyyəti ilə izah edirdilər. Bəziləri atasına hörmət etmədiyini düşünürdü. Kimsə bilmirdi ki, Nigarın susqunluğu tərbiyəsizlikdən, soyuqluqdan və ya ərköyünlükdən doğmur. O, danışsa, bütün həyatı bir anda dağılacaqmış kimi qorxurdu. Ən dəhşətlisi isə buydu: Nigarın daxilindəki həqiqət böyüdükcə, onu söyləmək çətinləşirdi. İlk gün danışsaydı, bəlkə daha asan olardı. İkinci gün, üçüncü gün... İndi isə üç ilin yükünü daşıyırdı. O, yalnız atasının törətdiyi cinayətdən deyil, niyə bu qədər susduğundan da utanırdı. Özünü qınayır, atasını qoruduğu üçün özünə qəzəblənirdi. Halbuki insanın qorxu içində susması cinayətə razılıq verməsi deyil. Zorakılıq yalnız bədəni yaralamır. O, insanın seçim etmək qabiliyyətini, özünə inanmaq gücünü, həqiqəti dilə gətirmək imkanını da zədələyir. Bəzən qurbanın ağzını bağlayan əllərdən daha möhkəm olan, onun daxilində zorakılıq edən şəxsin illərlə tikdiyi qorxu divarıdır. Nigar on doqquz yaşına çatanda həmin divarda ilk çat əmələ gəldi. Bir axşam aynanın qarşısında dayanmışdı. Üzündə yaşına uyğun olmayan yorğunluq vardı. Özünə uzun müddət baxdı. Sonra birdən anladı ki, illərdir güzgüdə özünü görmür. O, yalnız atasının qızı olduğunu, atasının nə düşünəcəyini, atasının nə edəcəyini, atasının qəzəbindən necə qorunacağını görür. Öz adı arxada qalmışdı. O, aynaya baxıb astadan dedi:
— Eşidirsən, mən də varam.
Bu, Nigarın kiməsə xitabı deyildi. Bu, Nigarın üç il ərzində ilk dəfə özünə qaytarılmış səsi idi…
Səhəri gün Nigar polisə getdi. Binanın qapısına çatanda ayaqları əsirdi. Əlləri soyuq idi. Öz-özünə dönüb evə qayıtmaq, hər şeyi əvvəlki kimi saxlamaq istəyirdi. Atasının qocalığını, onu körpəlikdən böyütdüyünü, anasının yoxluğunu, kəndin söz-söhbətini düşündü. Yenidən susmaq üçün özünə onlarla səbəb tapa bilərdi. Sonra uşaqlığını xatırladı. O uşaqlıq ki, bir gün atasının əlində əmanət olmalı idi, amma elə həmin əllər tərəfindən Nigarın əlindən alınmışdı. Nigar qapını açdı. Şikayət ərizəsini yazdırarkən səsi bir neçə dəfə qırıldı. Bəzi sözləri deyə bilmədi, bəzilərini təkrar etdi. Qarşısındakı adam suallar verirdi. Hər cavabda Nigarın üç il ərzində içində saxladığı bir həqiqət daha dilə gəlirdi. Bəzən həqiqəti söyləmək azadlığın qapısını açır, amma həmin qapıdan keçənə qədər insanın arxasında qalan evin bütün qaranlığı onunla birlikdə gəlir. Səlimi elə həmin gün həbs etdilər. Kənddə xəbər sürətlə yayıldı. Dünənə qədər onu nümunəvi ata sayanlar indi başqa ifadələr işlədir, bəziləri isə məsələni eşitməmiş kimi başını aşağı salırdı. Elə adamlar vardı ki, Nigarın niyə bu qədər gec danışdığını soruşurdular. Sanki üç il ərzində etdiyi cinayət deyil, qızın gecikmiş şikayəti izah olunmalı məsələ idi. Nigar bu suallara cavab vermədi. O, artıq anlayırdı ki, bəzi insanlar həqiqəti eşitməkdən daha çox, öz inanclarını qorumaq istəyirlər.
Məhkəmə başladı. Səlimin günahı sübut edildi. O, azadlığını itirdi. Həbsxananın qapısı onun arxasınca bağlananda bir zamanlar başqalarının alqışladığı ata adı indi geridə qalmışdı. Amma Səlimin düşüncəsində hələ də bir yanlışlıq yaşayırdı: o, özünü yalnız tutulmuş adam hesab edirdi, cinayətkar olduğunu qəbul etmək isə başqa bir həqiqətə üz tutmaq tələb edirdi. Həbsxanada onun qızına qarşı törətdiyi cinayət öyrənildi. Dustaqlar arasında xəbər yayılanda bəziləri bunu eşidəndə qəzəbləndi. Bəziləri təhqir etdi. Bəziləri isə özlərini ədalətin yerinə qoydular. Səlimi ayrı-ayrı günlərdə, müxtəlif bəhanələrlə cinsi zorakılığa məruz qoymağa başladılar. Dustaqlar üçün bunun izahı hazır idi.
— Doğma qızına təcavüz eləmiş qeytərsiz atanın cəzası budur!
— Həbsxananın öz qanunları var! Burada belə adamlara belə cəza düşür!
— Biz belə kişilərin kişiliyini axtalamaqla onları dünyaya ifşa edirik!
— Bu əməl bizim, kişiliyini əlindən almış Səlimlər üçün unudulmayacaq həyat dərsidir!
Bu sözlərin arxasında əslində ədalət yox idi. Ədalət adı ilə danışan qəzəb, qəzəbin arxasında gizlənən hakimiyyət həvəsi və başqasının bədəni üzərində hökmranlıq etmək ehtirası vardı. Onlar Səlimi alçaltmaqla özlərini haqlı hesab edirdilər. Ona edilən zorakılığın hər dəfə bir hökm, hər dəfə bir cəza, hər dəfə bir əvəz olduğunu söyləyirdilər. Guya insanın bədəninə edilən hər təcavüz, əvvəlki təcavüzün borcunu bağlayırdı. Halbuki cinayət borc deyil ki, bir bədəni alçaltmaqla başqa bədənin haqqı qaytarılsın. Səlim qızının başına gətirdiklərini xatırlayanda bəzən gözlərini yumurdu. Həbsxanada başına gələnlər onun daxilində başqa bir qorxu yaratmışdı. O, illərlə başqasının qorxusunu görməmiş, öz iradəsini qanun saymışdı. İndi isə həbsxanada – gecələr hücrəsinin qapı səsinə diksinir, dustaqların addımlarını eşidəndə bədəni özündən xəbərsiz gərilirdi. O, qorxunun nə olduğunu öyrənirdi. Amma qorxunu öyrənmək insanı avtomatik olaraq mərhəmətli etmir. Səlim özünə edilənlərin ağrısını hiss etdikcə, bəzən qızının üzünü xatırlayırdı. Bir anlıq onu anlaya biləcəyini düşünürdü. Sonra başqa bir fikir bütün düşüncələrini örtürdü: “Mən də əziyyət çəkirəm. Mən də cəzalandırılıram. Bəlkə borcum ödənir” Bu fikir ona həqiqətdən daha rahat gəlirdi. Çünki həqiqət başqa idi: onun çəkdiyi əzab Nigarın itirdiyi uşaqlığı geri qaytarmırdı. Başqalarının ona etdikləri isə onun qızına etdiyi zorakılığı ləğv etmirdi. Bir cinayət digərinin əvəzi ola bilməzdi. Əks halda dünya ədalətin deyil, növbə ilə bir-birinin canını yandıran insanların idarə etdiyi sonsuz bir həbsxanaya çevrilərdi. Səlim bu həqiqəti sonadək anlaya bilmədi…
Həbsxanada zaman keçdi. Səlimin cəzası bitdi və azadlığa çıxdı. Amma azadlıq bəzən qapının açılması deyil. İnsan qapıdan çıxır, amma həbsxana onun qorxularında, xatirələrində, gecə yuxularında davam edir. Səlim küçələrdə gəzərkən insanların ona necə baxdığını düşünürdü. Bəlkə heç kim ona baxmırdı. Bəlkə bir çox adam onu tanımırdı. Lakin o, hər baxışda bir sual, hər pıçıltıda bir hökm eşidirdi. Bir zamanlar yaxşı ata adını qorumaq üçün qızının səsini boğmuşdu. İndi isə öz səsini belə eşitmək istəmirdi. Öz cinayəti barədə düşünəndə utanc duyurdu. Həbsxanada ona edilənləri xatırlayanda yenə utanc duyurdu. Lakin bu iki utanc eyni deyildi. Birincisi onun seçdiyi hərəkətin, qızının etibarını və bədən toxunulmazlığını tapdalamasının nəticəsi idi. İkincisi isə ona qarşı törədilmiş zorakılığın yaratdığı alçalma hissi idi. Səlim bunları ayırmağı bacarmırdı. Öz cinayətinə görə məsuliyyəti qəbul etmək əvəzinə, başına gələnləri bütün varlığını ləkələyən bir hökm kimi görürdü. Sanki həbsxanada zorlanması onun kişiliyini əlindən almış, kimliyini məhv etmişdi. O, zorakılığın qurbanı olmağı özündə bir eyib hesab edirdi. Özünə edilənləri gizlətmək istəyirdi, çünki cəmiyyətin onun haqqında nə düşünəcəyindən qorxurdu. Amma bir şeydən qorxmurdu: bu cəmiyyətin zorakılığı cəza adlandırmasından. Özünə etdiklərini gizlətmək istəyən Səlim, bir zamanlar qızının susmağını necə təbii saymışdısa, indi özü də susmağın içində gizlənməyə çalışırdı. İndi ilk dəfə susqunluğun necə ağır bir yük olduğunu duyurdu. Bəzən öz-özünə düşünürdü ki, kaş həbsxanadan əvvəlki həyata qayıda biləydi. Sonra bu fikrin arxasındakı yalanı görmədən başqa bir arzuya sığınırdı: kaş heç kim onun yaşadıqlarını bilməyəydi. O, özündən çox, özünün başqalarının gözündə necə görünəcəyindən qorxurdu. Qızının həyatını məhv etdiyi zaman insanların ona necə baxacağını düşünməmişdi. İndi isə öz taleyinin şahidi olan bir insanın varlığı belə ona dözülməz gəlirdi. Bir neçə dəfə qızına məktub yazmağa başladı. Hər dəfə kağızın qarşısında oturdu, amma ilk cümləni yaza bilmədi. «Məni bağışla» — deyə başlamaq istəyirdi. Sonra anlayırdı ki, bağışlanmaq istəyi də bəzən insanın öz rahatlığını axtarmasıdır. Nigarın onu bağışlaması Səlimin daxilindəki yükü yüngülləşdirə bilərdi, amma qızın çəkdiyi ağrını onun yerinə yaşaya bilməzdi. Səlim sonra «Mən də cəza çəkdim» — yazmaq istəyirdi. Bu sözlər isə onu sanki haqlı çıxarırdı. Özünə edilən zorakılığı qızına etdiyinin qarşısına qoyur, iki əzabı tərəziyə çıxarmağa çalışırdı. Sanki tərəzinin bir gözünə özünü, o biri gözünə Nigarın uşaqlığını qoysa, hansısa nəticə çıxacaqdı. Kağızı cırdı. O, üzr istəmək istəyirdi, amma məsuliyyəti bütövlükdə daşımağa hazır deyildi. Etiraf etmək istəyirdi, amma həqiqətin onun haqqında nə deyəcəyindən qorxurdu. Susmaq istəyirdi, amma susduqca öz daxilində daha ucadan danışan səslər eşidirdi. Beləcə, azadlığa çıxdıqdan sonra da o, özünün yaratdığı qaranlıqdan – vicdan həbsxanasından xilas ola bilmədi…
Bir gecə fikri qəti bir qərara çevrildi. Səlim inanırdı ki, əgər bədəni tamamilə yansa, onun həbsxanada məruz qaldığı zorakılığın izlərini axtarmaq, baş verənləri araşdırmaq mümkün olmayacaq. Bəlkə tibbi müayinə onun yaşadıqlarına dair nəsə üzə çıxara bilərdi. Bəlkə heç nə sübut edilməyəcəkdi. O, bu ehtimalları araşdırmırdı; özünü inandırmaq istədiyi fikir artıq onun üçün həqiqətə çevrilmişdi. O, bədənini son sirrinə çevirmək istəyirdi. Bir vaxtlar qızının bədənini öz iradəsinə tabe etmişdi. İndi isə öz bədənini öz keçmişindən xilas etməyə çalışırdı. Birinci dəfə başqa bir insanın həyatını əlindən almış, ikinci dəfə öz həyatını məhv etməklə həqiqətin özündən qaçmağa hazırlaşmışdı. Səlim üçün od artıq sadəcə alov deyildi. O, odun keçmişi yeyəcəyinə inanırdı. Utancı, qorxunu, günahı, başqalarının bilə biləcəyi hər şeyi. Yanmış bədənin arxasında insanın əvvəl kim olduğu, nələr etdiyi, nələrə məruz qaldığı bilinməzmiş kimi düşünürdü. Sanki yaddaş yalnız dərinin üzərində yaşayırdı. Sanki bədən yox olarsa, həqiqət də onunla birlikdə torpağa qarışar. Həmin gecə heç kimə xəbər vermədi. Heç kimdən kömək istəmədi. Son dəfə qapını bağlayanda bunun cəsarət deyil, qorxunun ən son şəkli olduğunu özü də bilmirdi.
Bir az sonra alov qalxdı…Səlimin sonrakı dəqiqələrdə nə düşündüyünü heç kim dəqiq bilmədi. Bəlkə qızının adını xatırladı. Bəlkə bircə qızlarını əl-ələ verib nə arzularla böyütmək niyyətində olduğu nakam ömürlü ömür-gün yoldaşı Gülsümün qəbrini. Bəlkə kəndin onu vaxtilə necə təriflədiyini. Bəlkə həbsxana dəhlizlərini. Bəlkə də bütün bunları unutmaq istəyini. Alovun içində Səlimin hansı həqiqətə sarıldığını heç kim deyə bilməzdi. Bütün bu bəlkələrin yənqinini bir tək O bilirdi. Səlimi xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmadı… Səlim öldü… Yoxsa yer üzündən daha bir ləkənin də adı silinmişdi… Yoxsa da törətdiyi cinayətin cəzası idi… Xəbər yayılanda bir qismi onun başına gələnləri özünə layiqli cəza saydı. Başqaları isə ömrünün sonunu faciə kimi təqdim etdi. Kimlərsə onun əzabını danışdı, kimlərsə qızının çəkdiklərini yenə arxa plana keçirdi. Beləcə bu olaya hər kəs öz hökmünü verirdi. Amma bir insanın ölümü onun haqqında deyilmiş bütün sözləri eyni anda həqiqətə çevirmir. Ölüm yalnız insanın danışmaq imkanını əlindən alır. Onun yerinə danışanların isə mütləq haqlı olacağına heç bir zəmanət vermir.
Nigar atasının ölüm xəbərini eşidəndə ağlamadı. Əvvəlcə uzun müddət heç nə hiss etmədi. Sonra əlləri əsdi. Ardınca boğazına düyünlənən bir ağrı qalxdı. O, atasının sağ qaldığı illər ərzində yaşadığı qorxunu, ona qarşı duyduğu nifrəti, bir vaxtlar sevdiyi adama qalan son bağlılığı və indi bu bağlılığın da ölüm xəbəri ilə başqa bir şəklə düşməsini eyni anda hiss edirdi.
O, rahatlamalı idimi?.. Axı onu qorxudan adam artıq yox idi… Bəs niyə daxilindəki qapılar açılmırdı?.. Nigar anladı ki, ölüm həmişə azadlıq demək deyil. Bəzən zorakılıq edən insan ölür, amma onun qurbanının daxilində yaratdığı qorxu yaşamaqda davam edir. Bəzən ölən adamın arxasında cavabsız suallar qalır. Bəzən insanın ən çox ehtiyac duyduğu üzr heç vaxt deyilmir. Səlim öz ölümü ilə çox şeyi susdurduğunu düşünmüşdü. Nigar isə atasının ölümündən sonra da onun haqqında düşünməyə məcbur idi. O, bir tərəfdən atası tərəfindən məruz qaldığı zorakılığın qurbanı idi, digər tərəfdən isə həmin atanın sonradan həbsxanada zorakılığa məruz qaldığını biləndə, bu hadisəni necə adlandıracağını axtarırdı. Ona edilənləri ədalət adlandıra bilmirdi. Atasının qızına etdiyi cinayətə bəraət qazandırmaq da istəmirdi. İlk dəfə bu iki həqiqəti bir-birinə qarşı qoymadan yanaşı görə bildi. Bir insan qurban ola bilər və eyni zamanda başqasına qarşı ağır cinayət törətmiş ola bilər. Onun birinci həqiqəti ikinci həqiqəti silmir. Başqasının ona qarşı törətdiyi cinayət də onun əvvəlki cinayətini ləğv etmir. Ədalətin çətinliyi də elə buradadır: o, insanı yalnız bir sifətə sığışdırmamalı, eyni zamanda onun törətdiyi cinayətin məsuliyyətini də yox etməməlidir. Nigar atasının ölümünə görə onu bağışlamağa məcbur deyildi. Həbsxanada başına gələnlərə görə atasının yerinə yas tutmağa da borclu deyildi. Amma başqalarının zorakılığını ədalət kimi qəbul etməyə də razı deyildi.
Bir gün istintaqın gedişində ona dedilər ki, Səlimin həbsxanada məruz qaldığı zorakılıq barədə məlumatlar araşdırılır. Bəzi ifadələr, qeydlər və şahidlərin dedikləri bir-birinə əlavə olunurdu. Onun bədənini məhv etməsi keçmişini avtomatik olaraq yox etməmişdi. Nigar bu xəbəri eşidəndə qəribə bir hiss keçirdi. Atasının gizlətmək istədiyi həqiqət üzə çıxırdı. Lakin o, bundan qələbə sevinci duymadı. Çünki bu həqiqətin üzə çıxması onun itirdiyi illəri geri gətirmirdi. Ədalət bəzən həqiqətin təsdiqidir, amma hər təsdiq sağalma deyil. İndi Nigar hər şeyin araşdırılmasını istəyirdi. Yalnız atasına edilənlərin deyil, atasının ona etdiklərinin də yaddaşlardan silinməməsini istəyirdi. Heç bir cinayətin başqasının cinayəti ilə əsaslandırılmamasını arzulayırdı. Səlimin yandırdığı bədən bəlkə də bir çox suala cavab vermək imkanını çətinləşdirmişdi. Amma onun həyatı barədə danışan insanlar vardı. Qızının ifadəsi vardı. Həbsxanada yaşananları bilənlər vardı. Ən əsası, onun haqqında sənədlərdə qalan həqiqətlər vardı. Yanıb külə çevrilən bədən hər şeyi örtə bilərdi. Amma hər şeyi yox edə bilməzdi.
Bir neçə ay sonra Nigar anasının qəbrini ziyarət etdi. Hava sakit idi. Qəbir daşlarının arasından yüngül külək keçirdi. O, anasının məzarı qarşısında dayanıb uzun müddət danışmadı. Uşaqlığında anasının üzünü xatırlamağa çalışdığı kimi, indi də bu səssizliyin içində öz sözlərini axtarırdı.
— Ana, mən gecikdim, — dedi nəhayət. Öz səsini eşidəndə gözləri doldu.
— Amma susmağım razı olduğum demək deyildi. Mən qorxurdum. Onu sevirdim. Bilmirəm bu hissi qızlara kim verib! Qızın ilk sevdiyi kişi məhz atası olurmuş. Nə baş verdiyini anlamaq istəyirdim. Özümü günahlandırırdım. Mənim susmağım mənim günahım deyildi, elə deyilmi?
Külək qəbiristanlığın sərv ağaclarının başını tərpətdi… Cavab gəlmədi… Nigar ilk dəfə susqunluğu cavabsızlıq kimi qəbul etməkdən imtina etdi. Anasının ona cavab verə bilməməsi onun sualını mənasız etmirdi. Bəzən insan sualı ona görə verir ki, kimsə cavab versin. Bəzən isə sualı ona görə verir ki, ömrü boyu özünə qarşı çevirdiyi ittihamı nəhayət dilə gətirsin.
— Mən günahkar deyildim ana! — dedi. Bu dəfə səsi titrəmədi. Heç sərv ağacları da yellənmədi. Xəfis əsən külək də bir anlıq dayandı. Deyəsən zamanın özü dayanmışdı…
…Qapının o tayında həyat öz adi axarı ilə davam edirdi. Küçədə uşaqlar oynayır, bir qadın əlində bazarlıqla evə gedir, uzaqda kimsə pəncərəsini açıb otağını havalandırırdı. Dünya öz adi işlərini görürdü. Bu adi mənzərə Nigara əvvəllər haqsızlıq kimi görünərdi: necə olur ki, onun həyatı dağılır, dünya isə heç nə olmamış kimi yaşayır? İndi isə başqa cür düşünürdü. Dünya hər cinayətdən sonra dayanmayacaqdı. İnsanların həyatında hər zaman ağrı, ölüm və ədalətsizlik olacaqdı. Ancaq dünyanın dayanmadığı yerdə insanın məsuliyyəti başlayırdı. Başqasının ağrısını görmək, onu susdurmamaq, qisası ədalət kimi təqdim etməmək, qurbanın nə vaxt danışacağına öz hökmünü verməmək kimi… Bunlar böyük sözlər deyildi. Bəzən bir insanın yanında dayanmaq, ona inanmaq, onun yerinə qərar verməmək qədər sadə və ağır işlər idi.
Nigar üç il susmuşdu. Bu, onun zəifliyi deyildi. Onun üzərində qurulmuş qorxunun gücü idi. O günü o, nəhayət danışmışdı. Bu isə onun sağalmağa başlamasının ilk addımı ola bilərdi. Nigar küçənin kənarında bir az dayandı. Qarşısındakı pəncərələrdən birində günəşin şüası görünürdü. İşıq şüşənin səthinə düşür, sonra otağın içində itirdi. O, birdən atasının dəhşətli – yanaraq kül olduğunu düşündü. Səlim odun onun bədənindəki izləri yox edəcəyinə inanmışdı. Elə bilirdi ki, özünü külə çevirsə, həbsxanada ona edilənlər də, qızına etdikləri də bədənlə birlikdə yox olacaq. Cinayətkar ata özünü son dəfə də həqiqətdən gizlətmək istəmişdi… Amma o, bir şeyi anlamamışdı. İnsan bədəni yaddaşın yeganə evi deyil. Həqiqət yalnız dərinin üzərində yazılmır. O, susdurulmuş bir qızın illərlə boğazında qalan səsində, gecələr yuxudan dik atılmasında, yarımçıq məktublarda, şahidlərin xatirələrində, qorxudan gecikmiş bir ərizədə yaşayırdı. Bəzən bir cinayətkarın məhv etdiyi şey yalnız öz bədəni olur; cinayətin özü isə başqalarının yaddaşında qalır.
Səlim külə çevrilmişdi. Amma onun külü Nigarın səsini yandıra bilməmişdi. Və Nigar ilk dəfə başa düşdü ki, yaddaş həmişə qisas üçün yaşamır. Bəzən yaddaşın yaşamaqda məqsədi insanın bir daha eyni qaranlığı başqa birinin taleyinə çevirməsinə mane olmaqdır. O, yoluna davam etdi. Arxasında qalan evdə, qəbiristanlığın torpağında, həbsxana divarlarının arasında və bir vaxtlar onu hamının gözündə nümunəvi ata etmiş sözlərin kölgəsində çoxlu həqiqətlər yatmağa davam edirdi. Onların hamısı eyni anda danışa bilməsə də, heç biri kül olmamışdı…