Hekayə

Naqafil alver

Canpoladın cöngəsi iki gündü xəstələnmişdi. İki gün ərzində yetmiş manatlıq iynə vurulub, sistem köçürülsə də, heyvanın vəziyyətində bir irəliləyiş yox idi. Düzdür, dünən axşama kimi, uzanmış halda olsa da, həyətin sarmaşığından, ayrıqotundan, tut ağacının yarpağından az-az yeyirdi. Amma bu həyətdə belə vəziyyətdə olub ayağa qalxan ikinci bir heyvan görməmişdilər. Odur ki, Canpoladın qanı bərk qara idi.
Xasiyyətini bildiyindən arvadı sözünün başına ip salmır, gördüyü işlərə qarışmırdı. İndi də deyinə-deyinə su şlanqını qapının ağzına çəkirdi. Yenə dəmir darvazanın qabağını o baş-bu başa isladacaqdı. Nasos işləyirdi; indiki imkansız vaxtda bu da pul deməkdi. Amma avqustun istisinə neyləyəcəkdi? Burdan isladırsan, ordan quruyur, di gəl, demək-danışmaq olmurdu.
Canpolad qorabişirən ayın anormal qızmar istisi altında heç nəyi vecinə almadan qapının kandarını sulayırdı. Bu dəm yoldan ötən hündürbanlı ağ maşın qəfildən dayandı, içindən dörd nəfər canı hövlü düşdü. İçərilərində ən yaşlısı – ağ saçlı, ağ köynəkli, qalstuklu birisi – salam verib əlini irəli uzatdı:
– Sənə qurban, o şlanqı bəri ver görüm, quyu suyudu yəqin,
bir sərinlənək.
Elə deyən kimi şlanqı Canpoladın əlindən alıb aşağı əyildi, soyuq suyu ağ tüklü əllərinə axıtdı, üzünə vurdu. Tanımadığı dörd kişinin maşından cəld düşüb, sanki komanda şəklində, iş başına keçməsindən bilinirdi ki, bunlar adi adamlar deyil.
Nisbətən cavanı, şişman qarınlı adam gülə-gülə dedi:
– Haradasa oxumuşam ki, nemeslər vaxtilə küçələri dayı kimi yuyurmuşlar.
– O küçələr abırlı-başlı bir şey idi, oğul, daşla döşənmişdi. Bizimki tozlu-torpaqlı yoldur, üç ildir asfalt örtüyü dağılıb. Evimizin bütün avadanlıqları toz içindədir. İynəni yorğan-döşəyin arasında gizlətsən, bala, toza bulaşacaq, inan haa...
– Rəis, qarabala ağzına yiyəlik eləmir ha, yenə başladı... Sokraşeniyadan canını
təzə qurtarmısan, qadası, ancaq düzəlmirsən ki, şlanqı tut görüm, – dazbaş kürən qıyqacı böyüyünə boylandı.
Canpolad araya söz qatdı:
– Görürəm, uzaq yol gələnə oxşayırsınız. Bir stəkan çayıma qonaq olardınız.
– Sağ ol, ağsaqqal, Allah razı olsun, xeyir işinə çağırarsan, gələrik. Yol adamıyıq, tələsirik, qonşu kəndə hüzrə gedirik, – ağ saçlı ciddi görkəm aldı. – Dünən televizorda göstərilən yol polisi var ha, şəhərdə iş başında dünyasını dəyişən, bizim əməkdaşımız idi...
– Hə-ə, qonşu kənddəndi rəhmətlik. Qabaqda sağa, sonra da düz axıra kimi gedəcəksiniz, – Canpolad əlini irəli uzadıb duruxdu.
– Tamahının badına getdi, pul hərisliyi nə yaman şeymiş, ilahi! Yatmırdı ki, gecə-gündüz vurnuxurdu. Rəis onun toyuna da gəlmişdi... – qarayanız, bəstəboy kişi yenə dilini dinc qoymadı.
– Atası kassir idi, Kassir Kərim adıyla tanınırdı. Gözünü açıb evdə pul görmüşdü, neynəsin? – Canpolad da bildiklərini söylədi. – Burda yaxşı ev-eşik salmışdı, içinə girməyə ömür vəfa qılmadı...
– Həyət quyusu olsa da, su şirindi, – bayaqdan dinib-danışmayan dördüncü qonaq da, nəhayət, söhbətə qoşuldu. – Ancaq bizim tərəflərin suyuna çatmaz. Gedib görəcəksiniz, inşallah...
– Bəsdirin, doluşun maşına, elə gedək, obedə düşməyək! – rəis səsini qaldırdı.
Yoldaşları maşına minəndən sonra Canpoladla ikilikdə qaldı. Səsi bir qədər yumşaldı:
– Çox sağ ol, ağsaqqal. O saat bilinir, böyük ürəyin var, mərhəmətlisən. Birdən nəyəsə ehtiyacın olar, çəkinmə, deginən.
– Sən nədən nigaransan, rəis?! – Canpolad səsini elə ucaltdı ki, özü də diksindi.
– Üz-gözündən yorğunluq yağır. Həm də narahat görünürsən, – deyərək yaxın adam kimi qoluna girdi.
Canpolad bir anlıq susdu. Nədənsə, rəisin səmimiyyəti ona toxunmuşdu.
– Sözün düzü, xəstə var, onunçün yuxusuzam. Elə bilərsiz adamdır... Yooox, bir cöngəm var, iki gündü azarlayıb, üstünüzə sağlıq. Amma bekara şeydi, müalicə etdirirəm, ayağa durasıdı...
Sözünün axırında elə bil özünü inandırmağa çalışdı:
– Qalxacaq ee, rəis!
Rəis qolunu onun çiynindən çəkmədi. Bir müddət susdu, sonra sanki çoxdan yadında qalan bir xatirəni dilə gətirdi:
– Uşaq olanda mən bu hissləri çox yaşamışam. Atam altı uşağı mal-qoyunla böyüdüb, oxudub, yerbəyer edib. Yaxşı yadımdadır, heyvan xəstələnəndə özünə yer tapa bilmirdi, qanı it qanına dönürdü. Qorxumuzdan cınqırımız çıxmırdı. Günlərlə ətini tökən heyvan murdar olanda elə vaysınırdı ki...
Bir anlıq susdu.
– İndi sən də, çəkisini çox itirməmiş, münasib qiymətə ver, getsin. Canın sağ olsun, deyirlər, malın ağı gedər, qarası gələr...
Rəis sözünün ardınca Canpoladın üzünə baxdı. Dediklərinin ona təsəlli vermədiyini, bəlkə də, əksinə, dərdini bir az da oyatdığını hiss etdi.
– Ağsaqqal, bir şey də soruşum, ancaq düzünü söylə: möcüzəyə, bəxtə-zada inanırsan?
– Allah kömək olmuş, yüz biletin doxsan doqquzu uduşlu olsa, o bir uduşsuz mənim qismətimdir. Ömürdü yaşayırıq də-ə...
Canpoladın son sözləri elə ümidsiz çıxdı ki, su şlanqı biixtiyar əlindən sürüşüb rəisin ayaqqabılarını islatdı. Rəis ayaqqabılarına baxıb heç nə demədi. Şlanqı kənara çəkdi, sonra Canpoladın qoluna yüngülcə toxundu.
– Di hələlik, sağlıqla qal, ağsaqqal.
Cəld çönüb maşına tərəf yeridi.
Quyunun suyu tükənmək üzrə idi. Canpolad şlanqı yığışdırıb qapıdan içəri çəkdi, nasosu cərəyandan ayırdı. Cöngəyə baxmaq üçün tövləyə gəldi. Heyvan əvvəlki qaydada uzanmışdı, başını sola əyib göz qırpmadan məchul bir nöqtəyə baxırdı.
Canpolad divarın dibində, üstünə nimdaş qadın xalatı sərilmiş ağac kötüyünün üstündə oturdu. Soyuq su ayaqlarına dəydiyindən damarları daralıb, ağrılar əmələ gəlmişdi. Ancaq heyvanın indiki halı ona hər şeyi unutdururdu.
Bu həyətdə bin tutandan çox mal-qara saxlamışdı. Müxtəlif xəstəliklərdən tələf olanları da az olmamışdı. Vaxt vardı, xəstə heyvanın azarı ilə sona qədər yaşayır, gecələri diri gözlü açırdı, amma heyvanın başı bıçağa gəlmirdi. Kəsilib dəyər-dəyməzinə imansız qəssablara verildiyi hallar isə ondan da çox idi.
Azarlı heyvanları anbaan izlədiyindən yaxşı bilirdi: cöngə indiki kimi başını sola əyib göz qırpmadan bir nöqtəyə baxırsa, yüzdə-yüz bir neçə saata tələf olacaq.
Yox, bu dəfə cöngə ölməməli idi. Onun sağalacağına bağlanan ümidlərin arxasında bütöv bir dolanışıq dayanırdı. Heyvan satılsa, qalan üç başın yem pulu çıxacaq, ailənin qış azuqəsi alınacaq, payızlıq əkinin toxum kirəsi ödəniləcəkdi. Üçü də ceyranın belinə qalxmışdı. Ot iki ildi qiymətdən düşmürdü, builki quraqlıq taxılın qiymətini də əlçatmaz etmişdi.
Ölmürsən də, canın əzabdan birdəfəlik qurtarsın...
Canpolad fikrindən diksindi.
– Ölmək olmazdı! Ölənin dalının altında, bəd ayaqda, heç olmasa, beş-altı mini olmalıdır. Nə danışırsan, ay kişi?
Baxışlarını cöngədən çəkmədən içində yalvarmağa başladı: “Ya Rəbbim, sən özün bu səfər cöngəyə səbəb sal, ayağa dursun! Görürsən, nə haldayam? Heç vaxt sənə əl qaldırıb belə yalvarmamışam. Hər işinə “özün bilən məsləhətdi” demişəm. Ancaq indi vəziyyət tamam alayı cürdür, başına dönüm. Mən heç bu bədbəxtin dava-dərman, müalicə pulunu da verməmişəm...”
– A kişi, orda kimnən danışırsan elə?..
Arvadı idi. Tövlənin qabağında dayansa da, görünmürdü.
– Dünəndən ağzına bir şey almamısan. Barı, şirin çay qayırım, içərdin...
Səs çıxmadığını görüb yubanmadı, gəldiyi kimi səssiz-səmirsiz çəkildi.
Canpolad indi xatırladı ki, işə bax ha, cöngənin bu vəziyyətində qəssablardan heç birinə xəbər verməyib. Halbuki heyvan hələ ayaqüstəykən, bıçaq dəyməmiş, münasib pul verən tapılardı. Qan çıxandan sonra isə sanki atırsan çölə.
Lakin kimə deyəsən? Hamısı sözləşiblərmiş kimi təxminən eyni qiyməti oxuyacaqdılar. O da ancaq dava-dərmanın, həkimin pulunu güclə ödəyirdi. İndiki hava şəraitində kəsilmiş heyvan səhərəcən iylənərdi. Bu boyda cəmdəyi yerləşdirməyə soyuducu hardaydı?
Belini daş divara söykəyib çarəsiz halda tanış qəssabları gözünün qabağına gətirdi, amma insaflısını xatırlaya bilmədi. Əksinə, yadına düşənlər bir-birindən kəmfürsət, tamahgir idi.
Cöngə isə həyatla ölüm arasında çarəsiz çarpışırdı. Heyvanın ağzından köpüklü selik axaraq torpağa damcılayırdı. Canpolad onun başını özünə tərəf düzəltməyə cəhd etsə də, boyun yenə sola əyilib qaxaclaşdı. Şəhadət barmağı ilə alnını taqqıldatdı, əlini gözləri qarşısında yellədi, sonra yumruğunu düyünləyib zərblə qatlanmış ayağına çırpdı. Cöngə heç bir reaksiya vermədən donuq gözlərini məchul nöqtədən ayırmadı.
Canpolad güclə eşidiləcək batıq səslə inildədi:
– Sənə nə oldu, ay bədbəxt?..
Sanki heyvan imdad diləyirdi ki, heç olmasa, son macalda narahat edilməsin...
Dəmir qapı açıldı. Qapı örtüləndə bərk səs saldı. Canpolad səsdən hiss elədi ki, gələn yad adamdır.
Aman çəkmədi, cır səs aləmi başına götürdü:
– Ağsaqqal, hardasan?
Addım səsləri düz tövləyə sarı gəlirdi. Canpolad istər-istəməz ayağa durdu. Çevriləndə qəssablığa az müddət əvvəl başlamasına baxmayaraq, bu işdə xeyli qabağa getmiş balacaboy, şüərək cavanla üz-üzə qaldı.
– Düz deyiblər, hamısı hazırdır, – deyə qəssab cöngəyə göz gəzdirdi. – Lakin hələ ölməyib, maşına mindirməliyik. Qalanı mənlikdir. Qoşqunu bura rahat vermək olacaq. Ağsaqqal, yeri gəlmişkən, yadında olaram, bir dəfə səndən mal götürmüşəm.
Canpolad gələni ilk baxışdan tanımışdı. Bilirdi ki, doğma anasının əmcəyini kəsəndi. Gəl ki, yaman zirəkdi, yatmaq nə olduğunu bilmirdi, gecəsi-gündüzü yoxdu. Amma o, özü qəssab çağırmamışdı axı...
Qəssab çağırmağı indi götür-qoy edirdi. Zərrəcə danışmağa heyi-hərəkəti, həvəsi qalmamışdı. Elə bil canı ilə əlləşməkdə olan cöngə yox, onun özü idi.
Birinci dəfə idi ki, Canpolad mal satarkən karıxaraq lal-dinməz dayanıb baxırdı. Qəssab cibindən bir dəstə pul çıxarıb əlində oynatdı. Hamısı da yüz manatlıq əskinaslar idi.
– Ağsaqqal, səni sevindirəcəm, bu gün əlim yuxarıdır. Babam rəhmətlik həmişə deyərdi ki, səhər sübhdən duranın ruzusunu Allah verir. Mənsə dörd ildir yatmıram, özün şahidsən, çöllərdəyəm.
Bir anlığa pul dəstəsinə baxıb yenidən Canpolada üz tutdu:
– Burda on dənədir, azdırsa, əlavə edim. İnsafən, cöngə xəstələnsə də, kökdür, hələ ətini itirməyib. Deyim, köməkçi maşını versin bura, canı çıxmamış yerinə çatdıraq.
Sözünü bitirib ərkyana darvazanı açmağa tələsdi.
Canpolad hələ də lal-kar dayanıb onun hərəkətlərinə göz qoyurdu. Cöngəni qoşquya atmaq çətinlik yaratmadı, köməkçi əldən qıvraq idi.
Qəssab maşının yanına keçməzdən əvvəl bir də Canpolada tərəf döndü:
– Ağsaqqal, düzünü de, məndən narazılığın olmadı ki?
Cavab gözləmədən əlini uzatdı:
– Halallıq dilə...
Maşın darvazadan çıxandan sonra da Canpolad yerində dayanıb irəlidəki döngədə gözdən itənədək arxasınca baxdı. Ancaq indi içərisində sevincə oxşar nəsə tərpəndi. Geri qanrılıb tələsik darvazadan həyətə adlamaq istədi. Amma qarşıdan sürətlə gələn hündürbanlı ağ maşını görüb ayaq saxladı.
Bu dəfə sürücünün yanında oturacağa yayxanmış rəis iki əli ilə dəsmalı üzünə sıxsa da, çiyinlərinin aramsız titrədiyi aydın görünürdü...