Bu rəfi mətnlə doldurduğuna görə təşəkkür — Orxan Cuvarlı.

Nəsr

Ondan yaxşı qardaş yox idi – I HİSSƏ

İkimərtəbəli ağ hamam binasının yastı damına qoyulan tünd rəng çəkilmiş qazanlar şəhərin bu
uzaq rayonunda hansı səmtdən baxsan yaxşı görünürdü. Bu qazanların yeknəsəq uğultusu gecə də, gündüz də ətraf məhəllələrə yayılır, hətta xəzri qopanda da həyətlərin hamısında eşidilirdi.

Məhəllə adamları qazanların səsinə alışmışdılar, heç elə bil onların uğultusunu eşitmirdilər.
Hamam keçən əsrin ortalarında tikilmişdi və o vaxtdan bəri bu rayonda beşinci, ya altıncı nəsil
qazanların uğultusu altında xoş güzəran sürür, doğub-törəyir, peşmançılıq çəkir, keşməkeşli həyat mübarizəsində gah qalib gəlir, gah da məğlub olurdu. Hamam bu rayonun yeganə məziyyəti, yeganə gəlməli yeri idi, ona görə də əsl hamam sərraflarının şəhərin o başından bura çimməyə gəlmələri heç kimi təəccübləndirmirdi.
Qabaqlar hamamın qara sütun kimi göyə dirənən, sonra elə bil mina çəkilmiş mavi səmanın
fonunda tez-tez dəyişərək, gah əfsanəvi ağac, gah vəhşi heyvan, gah da quş şəklinə düşən tüstüsü narahatlıq törədirdi. Küləkli havada küçələri qəhvəyi duman bürüyür, ağacların yarpaqlarına, həyətlərdə sərilmiş paltarların üstünə qapqara, əl vuran kimi yayılan lopa-lopa qurum yağırdı.

Ancaq heç kim gileylənmirdi, görünür, adamlar tüstü və quruma kompensasiya qanununun labüd
nəticəsi kimi baxırdılar, bu qanuna görə insan əvvəl-axır hər bir yaxşı şeyin əvəzini verməlidir. Hər bir ağlı başında olan adam da (bu rayonun sakinlərinin əksəriyyəti isə bu dərrakənin sahibləri
idilər) yaxşı başa düşürdü ki, iki və üçotaqlı nömrələri olan, divarlarına döşəmədən tam tavanına kimi çəhrayı və zərif mavi rəngdə mərmər döşənmiş, ümumi salonunda hovuzu və uzanacaqları, yüksək ixtisaslı kisəçiləri, eləcə də səhərin gözü açılandan ta gecə yarısına kimi lumulu, ətirli çay verilən çayxanası olan qədim hamamın müqabilində tüstü və qurum çox cüzi şeydir. Vaxt gəldi ocaqxanada odluğu dəyişdirdilər, mazutdan qaza keçdilər. İndi hamamın bacasından ağır-ağır, dalğalana-dalğalana şəffaf qızmar hava çıxırdı, sürətli texniki tərəqqi dövründə yaşayan işgüzar 11 adamlara qismət olmuş neçə-neçə əlavə nemətlərdən birini də dərhal qiymətləndirməyə və
ondan istifadə etməyə qabil təşəbbüskar məhəllə uşaqlarının əli və iradəsi ilə bacanın üstünə
yönəldilən çərpələnglər bu istiyə düşəndə qıc olmuş kimi qıvrılır və yanırdı.

Cəlil müəllimin həyəti hamama, onun pəncərəsiz arxa divarına bitişik idi. Həyət məhəllədə ən
abad həyətlərdən hesab olunurdu, Cəlil müəllimin səyi sayəsində tamam yaşıllaşmış, səliqə-sahmana salınmışdı; onun şəhərin həyəti olduğunu bilməyən adam, elə güman eləyə bilərdi
ki, bu həyət Abşeronun dəniz səmtlərində salınmış üzümlü, əncirli, hələ üstəlik çalışqan və
səriştəli “torpaq sahibləri”nin nar və qara tut da əkdikləri bağlardan biridir. Cəlil müəllim yay günü
səhər hələ ala-toranlıqdan həyətinin ortasında dayanıb, dilxor-dilxor qazanların səsinə qulaq
verirdi, ona elə gəlirdi ki, bu gün qazanların səsi onu fikrini cəmləşdirməyə, gecə gördüyü yuxunu
yadına salmağa qoymur.

Hərdən yadına düşən, heç cür hafizəsində bir yerə toplaşmaq istəməyən təsəvvürlərdən anlayırdı ki, gördüyü yuxu qarmaqarışıq, pis yuxudur, ancaq yenə də Cəlil müəllim onu yadına salmaq istəyirdi, heç cür bu əzablı arzunun öhdəsindən gələ bilmirdi.

O, həyəti dolandı, talvardan düşmüş meynəni fikirli-fikirli qaldırıb yerinə qoydu, quşların bir
salxım üzümü dimdikləyib, tamam zay elədiklərini görüb dilxor-dilxor başını buladı, sonra da bir
neçə ləklik, uzunluğu beş, eni dörd metr bostana yaxınlaşdı. Burada Cəlil müəllim ilin fəsillərindən
asılı olaraq soğan, pomidor, turşəng, vəzəri, eləcə də cürbəcür gül-çiçək əkirdi.
Onun mülahizəsinə görə, birbaşa ləkdən yığılıb süfrəyə qoyulan göyərtinin cana ayrı faydası vardı, elə bostanda işləməyin, torpaqda ayaqyalın gəzməyin də insana çox xeyri vardı – gün ərzində
bədənə toplaşan elektrik enerjisi ayağın altından torpağa axırdı. Bir tanış feldşer ona demişdi ki,
şəhərdə yaşayan adamın orqanizmində xeyli elektrik yığılır və asfalt elektriki keçirmədiyi üçün bu enerji onun canından çıxmır.

Bu söhbət Cəlil müəllimə yaman təsir eləmişdi, indi o, tez-tez bu elektrikin onun kürək nahiyəsində və başında möhkəm, ağır yumruq kimi düyünlənib, bütün əsəblərini sıxdığını çox
aşkar duyurdu. Bunu Cəlil müəllim bütün günü aydın hiss eləyir, ona görə də axşamlar mütləq
çəkmələrini çıxarıb, bostana gəzməyə düşür, 12 ayaqlarını torpağa basdırır, hər dəfə ağır
gərginliyin qumluğa necə axdığını hiss eləyib yüngülləşirdi. Ancaq Cəlil müəllimin ağıllı iş görüb
heç vaxt fikirlərini açıq deməyən arvadının və qızının mülahizəsinə görə, onun orqanizmindən heç bir elektrik-filan çıxmırdı, hətta əgər həyətdəki bostanın torpağına müəyyən miqdar enerji axırdısa da, onun canında o qədər elektrik, yaxud hələ elmə məlum olmayan başqa enerji
formaları qalırdı ki, bu enerji bütün Bakı bostanlarına və əkinlərinə artıqlaması ilə bəs eləyərdi.

Bostanı dolanmaq çox çəkmədi, torpaq kifayət qədər nəm idi, ləkləri o, həmişə axşamlar, gecə
suvarırdı. Həyətin dib tərəfindəki tut ağacının yanına gəldi. Bu qollu-budaqlı tut ağacının altına iki arı pətəyi qoyulmuşdu. Cəlil müəllim bu pətəklərlə fəxr elədiyi kimi, bütün şəhərdə bunlardan savayı arı pətəyi yox idi; hər halda hələ indiyə kimi heç kim ona Bakıda bir başqasının da arı saxladığını deməmişdi.

O, pətəklərin ahəngdar uğultusuna qulaq verdi, arılar yuxudan ayılmışdılar, amma pətəkdən
bayıra çıxmırdılar. Hələ çox tez idi, yarıaçılmış yuxulu çiçəklərin ləçəkləri şehli idi, arılar ani səhər
soyuğunun ötüb-keçməsini, ilıq havanı, nəm torpaq və ağac qabığı, bal və çiçək ətri, ilıq insan
nəfəsi duyulan havanı, onlara həyat gətirən havanı gözləyirdilər...

Arılara Cəlil müəllimin çox böyük məhəbbəti vardı. Hər dəfə bu zəhmətsevən, fədakar canlılara
tamaşa eləyəndə o, özündə bir sevinc duyur, mütəəssir olurdu. Söhbət vaxtı dostluqdan və ağıllı davranışdan tutarlı misal çəkmək lazım gələndə Cəlil müəllim mütləq arılardan söz salırdı. O, qəti bu qənaətə gəlmişdi ki, əgər insanlar arılardan bir-birlərinin xatirinə canlarından keçmək xasiyyətini mənimsəyə bilsəydilər, çox şey qazanardılar. O, qarşılıqlı hörmətdən, paxıllığın ziyanından danışanda da arılardan söhbət salırdı. Həmişə də arıları xatırlaması çox inandırıcı olur, yerinə düşürdü. Ancaq söhbət insanların nanəcibliklərindən düşəndə, həmişə belə söhbətlərdən sonra, özü düzgün həyat yolu tutduğu üçün bir razılıq hissi duyan Cəlil müəllim, arılara isnad eləyə bilmirdi. Amma o, ümid edirdi ki, pətəklərin, yaxud tək-tək arıların həyatına göz qoymaqla bir vaxt arı ailələrində ən dəhşətli qüsura – nanəciblik mərəzinə mübtəla varlıqların olmadığını da inandırıcı surətdə sübut eləyən səciyyəvi xüsusiyyətləri tapacaqdır.

Bu müşahidələrdən o, gələcək söhbətlərində istifadə etmək, onları rövnəqləndirmək istəyirdi,
Cəlil müəllim belə söhbətlərə ehtiyac duyurdu və fürsət düşən kimi onu başlamağa hazır idi.
Nə isə bir başqa qarışığı olan qara, qoyun iti eyvanda, pilləkənin qabağında, balaca döşəkçənin üstündə yatmışdı, Cəlil müəllim başının üstündə dayananda it gözünü açdı, yuxulu-yuxulu baxdı və təzədən yatdı.

Cəlil müəllim asta-asta eyvana qalxdı, mətbəxə keçdi, soyuducudan bir parça içalat çıxartdı, xırda-xırda boşqaba doğradı, üstünə çörək də əlavə elədi və götürüb təzədən həyətə qayıtdı. İt
tənbəltənbəl qalxdı, boşqaba yaxın gəldi. Cəlil müəllim çox istəyirdi ki, it ona quyruq bulasın. İt iki
ağıza boşqabı təmizlədi, sonra elə buradaca qoyulmuş tasdan bir az su yaladı və təzədən uzandı.

Cəlil müəllim ona bir təpik vurdu, it həmişəki kimi zingildədi və kənara sıçramaq istədi, ancaq
kəndir qoymadı. Cəlil müəllim qapısına gətirəndə bu, körpə küçük idi, ilk vaxtlar o, küçüyə süd
verirdi, bir müddət keçəndən sonra isə ona bazardan ət, içalat almağa başladı.

Cəlil müəllim iti təmiz saxlayırdı, iyrənsə də canını dişinə tutub, həftədə bir dəfə çimdirirdi.
İtin tərbiyəsinə o, çox fikir verirdi, Cəlil müəllimin fikrinə görə, məqamında, haqqına sərt olurdu.
Nahaq yerə döymürdü, döymək lazım gələndə isə – küçük ev-eşiyi batıranda, yaxud gecəyarısı
hürəndə, Cəlil müəllim onu məhz iti döymək üçün hazırlanmış şallaqla döyürdü, özü də elə
döyürdü ki, onurğa sütunu, yaxud başqa bir sümüyü zədələnməsin. Layiq olanda mütləq
mükafatlandırırdı – tumarlayır, konfet verirdi. Böyütdü. Tək-tək adam itə belə qulluq eləyərdi,
özü də bu cür qatışıq, cinsi naməlum itə! Cəlil müəllimə ən çox yer eləyən o idi ki, it onun
qapısında böyümüşdü, onun yalını yeyib az qala canavar böyüklükdə olmuşdu, amma onu sahib
yerinə qoymurdu.

Cəlil müəllimin həyətə girdiyini görəndə it qaçıb kolluğa soxulurdu, ondan uzaq dolanırdı,
gözlərini Cəlil müəllimə zilləyir, qəmgin-qəmgin baxırdı. Heç kim də bunu görmürdü. Nə ev
adamları, nə də qonum-qonşular. Kimin nə işinə qalmışdı ki, həyət iti kimə necə baxır, həyət-
bacanı yaxşı qoruyurmu, kifayətdir!
Amma Cəlil müəllimə ağır gəlirdi: it hamıya şırmanır, ancaq onu görən kimi tamam dəyişirdi.

Cəlil müəllim dünən axşam iti tutub 14 bağlamışdı, bütün günü açmamışdı. İstəyirsən bütün günü
səhərdən axşama nə yal ver, nə də bir tikə çörək, təki burax getsin Cəlil müəllimin qardaşının
həyətinə. Beş-altı dəfə Cəlil müəllim özünü elə tutmuşdu ki, guya itin harada olduğunu bilmir. O,
fit də çalmışdı, səsi gəldikcə: “Bozdar, Bozdar!” da çağırmışdı, ancaq it ona fikir də verməmişdi.
Heç elə bil onu çağırmırdılar. Axırda Cəlil müəllim oğlunu onun dalınca göndərməli olmuşdu.
Hələ məsələ bununla qurtarsa, dərd yarı idi, rüsvayçılıq orasıydı ki, uşaq onu evə tərəf çəkirdi, it də ayaqlarını yerə dirəyib dartışırdı, az qalırdı xaltası boğazından çıxsın, elə bil ki, evə yox, diri-diri dərisini soymağa aparırdılar. Cəlil müəllim iti möhkəm şallaqladı ki, daha özgənin qapısına
dadanmasın. Bozdar qəzəbli-qəzəbli mırıldayırdı, ancaq tutmurdu, qorxurdu. Cəlil müəllim isə
istəyirdi ki, Bozdar onu tutsun, onda bəlkə də döyüb öldürərdi, özü də lap ədalətli iş tutmuş olardı.

Cəlil müəllim itə bir təpik də vurub, evə, şeylərini götürməyə getdi – hamamın lap yaxşı vaxtı idi.
Bayaq arılara tamaşa eləyərkən duyduğu xoş əhvali-ruhiyyədən, sakitlikdən indi heç bir əsər-
əlamət qalmamışdı. “İtin həyətin o biri tərəfinə qaçmağının səbəbi məlumdur, qəsdən, mənim
acığıma aldadıb qapılarına dadandırırlar, bunların hamısı o ləçərin işidir, başqa it olsa, əlinə
dəyənək alıb qapıdan qovardı, amma bunu mənim qanımı qaraltmaq üçün aldadıb aparır”.

Şalvarı pilləkənin ortasında dikəlmiş mıxa ilişdi, Cəlil müəllim ayağını zərblə atanda balağının köbəsi tikiş yerindən cırıldı. Cəlil müəllim hiss elədi ki, bütün varlığını kimə və nəyə qarşı yönəldiyi məlum olmayan dumanlı, mənasız bir hiddət bürüyür. Dişlərini qıcayıb evə girdi, çəkici götürüb bayıra çıxdı, mıx görünən pillənin üstündə dayandı. Bazar gününün sübhçağına, bu tamam səssiz-səmirsiz sakitliyə yaraşmayan, dəhşətli, qulaqbatırıcı çəkic zərbəsi eşidildi. Birinci zərbədən sonra ikinci zərbə guruldadı...

Zərbələrarası fasilə yatanlara yəqin ki, əslində olduğundan daha uzun gəlirdi. Ola bilsin, bəziləri
bir il qədər uzun gələn bu ani müddət ərzində fikirləşmişdilər ki, zəlzələ oldu, tozanaq qopdu,
atom bombası atıldı, ola da bilərdi ki, ikinci zərbə həmin adamın yaddaşından bu təsəvvürü
silmişdi, amma onun yerində çapıq qalmışdı, bu çapıq sağalana və gələcəkdə tamam itib-gedənə
kimi o, dönə-dönə səksənib yuxudan dik atılacaq, canını yapışqan kimi soyuq tər 15 basacaqdı...
Cəlil müəllim mıxı döyəcləyir, daha dərin vurmaq istəyirdi; çəkiclə döyüşməkdən taxta çalalanmış,
mıxın başı az qala tamam itmişdi, amma Cəlil müəllim hələ də var gücü ilə onun başına-başına
vururdu. Hər dəfə vuranda da ona elə gəlirdi ki, tanış kəmsavad feldşerin sirli, əsrarəngiz
nəzəriyyə qanununa görə hirs yavaş-yavaş onun xirtdəyini, sinəsinin taxtaya dönmüş sol tərəfini,
çiynini buraxır və gərginləşmiş qoluna, keyimiş biləyinə, isti ovcuna axır, oradan da çəkicin başına tökülür.

Səs ətraf məhəllələri götürmüşdü, hər zərbədən sonra da havaya dairə-dairə səs dalğaları qalxır,
havalanıb sürətlə ətrafa yayılırdı, zərbələr yeyinləşir və bir-birinin ardınca qalxan dalğalar nəhəng tor yaradırdı: bu torun lap aşağısında, lap mərkəzində bu gözəl yay səhəri yuxudan hamıdan tez qalxmış bir adam oturmuşdu. O, qanrılıb arxasına baxmasa da, qardaşının külfətinin vahimə içində həyətə töküldüyü hiss edir, görürdü; o bilirdi ki, əgər çevrilib geri baxsa, seyrək yaşıllığın, canlı hasarın arxasından təəccüb və çaşqınlıqla baxan qardaşının üzünü görəcək.

Cəlil müəllim geri qanrılmadı, başını qaldırıb öz evinin qapısına baxdı, alt köynəyində qapının
ağzında dayanmış arvadı ilə gözgözə gəldi, çəkici yerə qoydu, arvadına salam verdi və təmiz alt
paltarı yığılmış hamam çamadanını götürmək üçün sivişib onun böyründən içəri keçdi.
Əlində çamadan otaqdan bayıra çıxdı, arvadına dedi:

– Pilləni bərkidirdim. Pilləsiz pilləkən çox xatalı şeydir. Elə bilirdim ki, öz pilləkənimin pilləsinə mıx
vurmağa ixtiyarım var. Özü də lap vaxtında vurmuşam, səhər-səhər. Günortaya kimi yatmağa vərdiş eləyən adamların yuxudan nə vaxt qalxacaqlarını gözləyə bilmərəm. Olmaya səs-küy salıb kimi isə narahat eləmişəm?

Arvadı tələsik dedi:

– Yox, yox, mən onsuz da ayılmışdım.

Cəlil müəllim pilləkəni endi, sonra arvadına tərəf döndü:

– Mən iki saata gəlirəm, sən, arvad, bağışla məni. Tamam yadımdan çıxmışdı, səhər hələ indi açılır.
Taqqıltı yəqin otaqda da eşidilirmiş. Hə?

Arvad dedi:

– Eybi yoxdur, sən mıxa bir-iki çəkic vurmaqla heç kimə heç nə olmaz! Nəhayət, ömründə bir dəfə sənin də öz evində bir şey eləməyə haqqın var. Cəlil müəllimin soyuq barmaqları hələ də yumulub açılırdı, bir də sağ gözü səyriyirdi, yanağının dərisi, sağ gözünün altı tez-tez dartılırdı.

Küçə çox seyrəklik idi, gediş-gəliş yox idi, bazar günləri dalandar da yuxudan həmişəki vaxtdan
gec oyanırdı. Cəlil müəllim özözünə fikirləşirdi ki, əgər həmişə, bütün il boyu, günün hər vaxtı hava
bax, elə bu cür, bu səhər çağı kimi gözəl, sərin, küçələr həmişə seyrəklik olsaydı, yaxşı olardı, yoxsa tünlüyün, basabasın nə xeyri! Qarışıqlıq olur, itələşmə düşür, adam əsəbiləşir.

O, müharibədən əvvəlki gözəl günləri xatırladı, o vaxt Bakıda indikindən qat-qat az camaat vardı,
hamı da bir-birini tanıyırdı.

Adamlar küçədə qabaq-qabağa gələndə mütləq salamlaşırdılar, özü də əvvəl kiçik salam verirdi.
Hamı bir-birinə hörmət eləyirdi, doğrudur, hərdən ağızlaşanlar da olurdu, ancaq belə şeylər az-az
idi.

İndiki küçə ilə o vaxtın küçəsini heç müqayisə etmək olmazdı. Amma hamam heç dəyişməmişdi, elə necə vardı, o cür də qalmışdı, salonun ortasındakı hovuz da həmin hovuz idi, ancaq qızıl balıqlar salmışdılar. Bəlkə elə əvvəllərdə balıq vardı? Yaddaşı yavaş1yavaş xarab olurdu.
Divardakı şəkil – qış vaxtı meşə bulağının başında, qarın içində dayanıb xumar-xumar baxan, rəngbərəng Hollandiya kaşısından düzəldilmiş maral şəkli də həmin şəkil idi. Əvvəllər olduğu kimi, indi də buradan tünd həna ətri, qarışıq xəfif kif iyi gəlirdi.

Kassir Rəxşəndə gülümsüyə-gülümsüyə onun salamını aldı, dinməz-söyləməz ona dürgəklənmiş, üstündən də ensiz kağızla qurşaqlanmış iki mələfə və bir qəlib də göy sabun uzatdı. Rəxşəndə əvvəlcə Cəlil müəllimdən arvadının, oğlunun kefini soruşub dedi:

– Hüseyni yarım saatdan sonra göndərərəm.

Cəlil müəllim bir zamanlar gördüyü həmin gözəl qadına çox az oxşayan Rəxşəndənin üzünə,
əvvəlki görkəmi dəyişmiş yanaqlarına, nazik xətt kimi çəkilmiş qaşlarına, ətlənmiş sallaq buxağına,
üzünün solmuş dərisinə baxırdı.

O, otuz ikinci nömrəyə gedə-gedə də bu qadın haqqında fikirləşirdi; Rəxşəndə həmişəki kimi ona
yenə də bu hamamdakı ən yaxşı nömrəni vermişdi.

Rəxşəndə Cəlil müəllimdən on iki-on dörd yaş böyük idi. Bu hamamda isə qırx ilə yaxındı işləyirdi.

On beş yaşında gəlmiş və elə o vaxtdan da burada qalmışdı.

Əvvəllər anasının, çox usta kisəçi Dilbazi xanımın əlinin altında işləyərdi. Dilbazi xanım qadınlar
arasında hər cür çıxıqları tez və rahat salmaqda, üz almaqda ad çıxartmışdı, onun aldığı üzə də bir
də nə tük gələr, nə də yeri-izi bilinərdi, sifətin dərisini vaxtından on il, hətta bəzən on beş il
keçəndən sonra da zərif, təravətli saxlamağın sirlərinə vaqif idi. Elə dərman bilirdi ki, başa
çəkəndə tük sıx gəlir və saçın rəngi çox xoş olurdu, bədənin bütün gecəni açılmış qönçə kimi ətir saçması, səhərlər gözlərin aydın, duru olması, göz qapaqlarının şiş görünməməsi üçün nə etmək
lazım olduğunu bilirdi. Qız köçürən olanda isə gəlini toy günü mütləq Dilbazi xanım çimdirər,
hazırlayardı. Hələ toya xeyli qalmış qızın anası, xalaları Dilbazinin yanına gələr, danışardılar, qısası, Dilbazi cana qulluq sənətindən çox şey bilir, çox şey bacarırdı. Qızına o, çox şey öyrətmişdi, anası Rəxşəndəni də özü kimi usta eləmək istəyirdi, ancaq əcəl möhlət vermədi.

Dilbazi xanım qəfil öldü; iki yaxın müştərisini çimdirib qurtarmışdı, onlar axırıncı dəfə ilıq suyun
altına girib çıxmışdılar, indi isti sal mərmərin üstündə dirsəklənib ailə işlərindən, oradan-buradan söhbət eləyirdilər, birdən gördülər ki, Dilbazinin başı sinəsinə sallanıb. Deyirdilər ki, Dilbazi qənirsiz gözəl olub, elə Rəxşəndə də anasına oxşayır. Rəxşəndə kisəçilik eləyirdi, yaşa dolandan sonra isə onu qabağa çəkmişdilər, direktor olmuşdu, eyni zamanda kassiri də əvəz eləyirdi. Ancaq o, daimi müştərilərinə və onların qızlarına həmişə güzəştə gedirdi, direktor olsa da, onlara özü qulluq eləyirdi. Cəlil müəllim Rəxşəndəni birinci dəfə sadəcə Cəlil olanda, dörd yaşında görmüşdü. Anası onu özü ilə hamama aparmışdı. O, Cəlili duşun altına qoydu və tapşırdı ki, bir neçə dəqiqə orada dayansın. Sonra Rəxşəndə gəldi, duşun altından Cəlil onun qapını arxasınca necə çəkdiyini, birinci otaqda,
paltar soyunulan yerdə xələtini çıxarıb, lüt içəri girdiyini gördü; lüt qadın görməmişdi. O, duşun
altına dayanıb, bu qadına dörd gözlə baxırdı.
Rəxşəndə əlini Cəlilin yaş başına çəkib dedi:

– Ay Allah, nə qəşəng uşaqdır!

Sonra anası duşun altına girdi. Rəxşəndə isə mərmər uzanacağın qırağında əyləşib, ayaqlarını
araladı, Cəlili dizlərinin arasına aldı və gözlərini bərk-bərk yummağı tapşırıb, başına bir neçə
dəfə sabun çəkdi.

Hər dəfə başına sabun çəkəndə Rəşxəndə suyun çox isti olub-olmadığını soruşur, Cəlil də hər dəfə
səsi titrəyə-titrəyə “yox” deyirdi, bundan sonra Rəxşəndə isti, Cəlilə ləzzət verən suyu onun başına töküb, sabun köpüyünü yuyur, suyu tökəndən sonra əlini onun üzünə çəkir, əlini tasdakı təmiz suya salıb yaxalayır, gözünü yuyurdu.

Hər dəfə Rəxşəndə çimdirəndə onu qəribə bir həyəcan bürüyürdü, bu həyəcan hissi ömürlük
onun canında qalmışdı. Rəxşəndənin təndürüst, gəmirici kimi bədəni, qar kimi ağappaq nazik dərisi, ətli-canlı budları da onun ömürlük yadında qalmışdı.

Cəlil onun paçasının arasına rahat yerləşirdi. Cəlilin yadında onun yumru dizləri də qalmışdı, bu
dizlər harasına dəymişdisə, dərisi onun istisini ömürlük saxlamışdı. Sonralar anası daha onu özü ilə hamama aparmadı. Evdə vannada çimdirirdi.
Arvad hamama həftədə bir dəfə onsuz, qonşu qadınla gedirdi. Cəlil anasına yalvarırdı, hətta neçə dəfə ağlamışdı da, ancaq bir şey çıxmadı, anası sözündən dönmədi.

– Sən daha yekə oğlan olmusan, – dedi, – bundan sonra hamama atanla gedəcəksən.

Bir az böyüyəndən sonra Cəlil neçə dəfə hamamın damına dırmaşmış, gözlərini ümumi qadın şöbəsinin üstündəki balaca açıq pəncərədən içəri zilləmişdi. Çılpaq qadınlar ağappaq buxarın içində o tərəf-bu tərəfə gəzişir, bir-birlərini səsləyir, gülüşürdülər, bütün bunların hamısı birbirinə qarışır və Cəlilin qulağına nə isə həyəcanlı, qəribə bir uğultu gəlirdi, hər dəfə də sanırdı ki, bu hədsiz gözəl qadın fiqurları arasında Rəxşəndəni görür, hər dəfə ürəyi şirin qüssədən sıxılırdı, axı bu qədər hündürlükdən, buxarın, sel kimi axan suyun içində, yüz şamlıq lampanın tutqun işığında adam seçmək mümkün deyildi, buna görə də o, bir müddətdən sonra qadınlardan az-çox Rəxşəndəyə oxşayan birisini bələdləyir, bütün axşamı gözlərini o qadından çəkmirdi. Cəlil xəyalında həmin qadının dizlərinin arasına girir, ona qısılır, başına tökülüb üstündən axan suyun istisini hiss eləyir, xoşhallanırdı. Yenə onu izah edilməsi mümkün olmaya heyrət və əzginlik bürüyürdü.

Bir axşam o yenə günbəzdə oturub, rütubət qarışıq isti hava, ətir və xına qoxusu, Rəxşəndənin
bədəninin ətri gələn pəncərəyə qısılıb, gözləri ilə onu, daha doğrusu, bu axşam xəyalında
Rəxşəndə ilə eyniləşdirdiyi qadını axtarırdı.
Cəlil pəncərənin üstündən sallanıb, hamamın içinə baxırdı, indi o, yaxşı bilirdi ki, içəridən baxanlar onu görmürlər, yavaş-yavaş bədənini şirin əzginlik bürüyürdü, ancaq birdən kiminsə qəflətən, möhkəm-möhkəm çiynindən yapışdığını hiss elədi.

Cəlil heç vaxt belə qorxmamışdı, onun dili tutuldu, əl-ayağı soyudu, qurudu. Əllər onu Rəxşəndədən ayırdı, arxası pəncərəyə tərəf çevirdi. Cəlil qarşısında yekəpər, bütün məhəllədə çox
güclülüyü ilə ad çıxartmış və məhəllə qeyrəti, ədəb-ərkan məsələlərinə dair mübahisələrdə bir
sözü iki olmayan hamamçı Akifi gördü.
Akif dəli olmuşdu, bu qəşəng, zərif üzlü oğlan nədənsə indi pişik fəsiləsindən olan bir yırtıcı
heyvana bənzəyirdi, Cəlil, yəqin ki, qəflətən yırtıcı heyvanla üz-üzə gəlmiş əliyalın adamın keçirə
biləcəyi dəhşətli bir hiss keçirirdi.

– Sən bir təsəvvür elə,
– Akif çətinliklə danışırdı, – sən bircə gözünün qabağına gətir ki, orada, hamamda sənin anan, bacın, yaxud arvadın çimir, ağzından süd iyi gələn düdəmənin, alçağın biri də pəncərədən içəri baxır. Bu küçədə hələ indiyə kimi belə hadisə olmayıb. Ancaq səninlə danışmağın xeyri yoxdur, sən özün nəsən ki, nə də başa düşəsən?! Bura bax, yalvarıram sənə, çıx get, yoxsa əlim gicişir, boğazını üzərəm. Cəlil sonralar xatırlaya bilmirdi ki, bu vaxt o doğrudanmı huşunu itirmişdi, yaxud ona elə gəlirdi. Ancaq yaxşı yadındaydı ki, Akif qolundan yapışıb onu damdan düşürmüşdü, sonra darvazalarının qabağındakı skamyanın üstündə bir xeyli onunla yanaşı oturmuşdu, özü də əlini onun çiyninə qoyub, mehriban-mehriban danışırdı.

Akif ona demişdi: Cəlilin tutduğu iş kişi üçün çox böyük rüsvayçılıqdır, əgər bu əhvalatdan xəbər
tutsalar, Cəlil ömürlük bədnam olar, hər kəsin də gələcəkdə küçədə onun anasına, yaxud bacısına,
yaxud da neçə illərdən sonra arvadına, ya qızına sataşmağa haqqı olar, ona görə ki, bu cür biabırçı
hərəkətlər heç vaxt yaddan çıxmır.

Akif dedi: o, Cəlilin təqsirindən keçir, ona görə ki, Cəlil nə iş tutduğunu başa düşməyib və elədiyinə
ürəkdən peşmandır.

Akif söz verdi ki, bu əhvalatı heç kimə danışmayacaq və sözünə də əməl elədi.
Sonra Akif onun kefini soruşdu, Cəlil vəziyyətinin düzəldiyini desə də, başı hərlənirdi, ayaqlarını
güclə sürüyürdü. Həmin gün Cəlil öz Rəşxəndəsini son dəfə gördü.
Bir il keçmiş Akif Rəşxəndə ilə evləndi, onların üç uşağı oldu, sonra müharibə başlananda Akifi
cəbhəyə apardılar, iki ay ötmüş Rəxşəndə onun qara kağızını aldı.

Rəxşəndə üç il keçəndən sonra ikinci dəfə, neft dükanının bir gözü kor müdirinə ərə getdi.
Dükançının o nəyinə aşiq olmuşdu, bu məsələ bütün rayon camaatı üçün bir müəmma idi, ancaq
onlar mehriban dolanırdılar, Rəxşəndənin Akifdən olan uşaqlarına da atalıq öz uşaqları kimi
baxırdı, hamısını bir gözlə, doğma kimi görürdü.
Cəlil müəllim müharibədən sonra evləndi, bundan əvvəl mümkün olmamışdı: atası ölmüşdü,
külfət onun əlinə baxırdı. Cəlil müəllimə bir uzaq qohumlarını nişanladılar, dedilər ki, evdar qızdır,
savadı da var, musiqi məktəbini bitirib. Qız qəşəng, qanışirin idi, amma həddən ziyadə arıqdı,
boyda elə Cəlil müəllimlə bir bərabərdə olardı, hələ bəlkə bir az da ondan uzun idi. Toy gününə
kimi onlar cəmisi ikicə dəfə görüşmüşdülər. Birinci gecə, əvvəllər valideynlərinin yataq otağı olan
otaqda ikilikdə qalanda, qız ağzını açıb bircə kəlmə də danışmır, Cəlil müəllimə qorxa-qorxa
baxırdı.

Onların bir qızı oldu və neçə illər keçəndən sonra bir gün arvadı oturub yazı yazan qızının üzünə
zəndlə baxıb, heyrətlə dedi:

– Doğrudan da oxşayır! Cəlil, qulaq as, gör nə deyirəm, ancaq sən elə fikirləşmə ki, başım tamam xarab olub, qızımız Rəxşəndəyə, hamamın müdirinə yaman oxşayır. Lap mat qalmalı işdir. Birinci Tahirə xanım hiss elədi, dedi ki, qızın Rəxşəndəyə oxşayır, lap elə bil özüdür ki, durub. Tahirə xanım, sən demə, Rəxşəndəni gəncliyində yaxşı tanıyırmış. Rəxşəndə bu gün o illərinin şəklini gətirmişdi, hamımız təəccüb qaldıq: mənim qızımdı ki, durmuşdu!

Rəxşəndə özü isə ağladı da. Düz deyirəmmi, qızım, elə bil sənin şəklindi, hə? Sən bir möcüzəyə
bax!

Qız ürəyinə nə isə fikirləşib gülümsündü və başını tərpətdi.

Cəlil müəllim təəccübləndi:

– Elə şey ola bilməz, – dedi. O, tutulduğunu hiss eləyir, ona görə də əsəbiləşirdi. – Sizə elə gəlir. –
O, diqqətlə qızının üzünə baxdı. Rəxşəndəyə azacıq da olsa oxşamadığını görüb, inamla 21
gülümsünə-gülümsünə dedi. – Sizə elə gəlib. Bekarçılıqdan. Axı qızımız nə səbəbə Rəxşəndəyə
oxşaya bilər?

– Oxşasa da burada elə bir pis şey yoxdur, Rəxşəndə çox yaxşı adamdır. Heyif ki, sən ona, Cəlil, yaxşı bələd deyilsən, çox yaxşı qəlbi var, indinin özündə də gözəldir, özü də ömrü boyu çox
abırlı-həyalı dolanıb, heç kim onun haqqında pis söz deyə bilməz.

Nömrədə mərmər divarlardan və uzanacaqdan buğ qalxırdı, görünür, onları elə Cəlil müəllimin
qabağınca qaynar suynan yumuşdular.
Cəlil müəllim soyundu, şalvarını, çesuça pencəyini səliqə ilə qarmaqlardan asdı, sonra ikinci otağa
keçdi və isti suyun altına girdi. İyirmi beş-otuz dəqiqədən sonra altı taxta səndəllərini taqqıldada-taqqıldada Hüseyn gəldi. Qabaq otaqda soyundu və əlində tas içəri girdi, tasda şal parçadan tikilmiş kisə, hamam lifi, sabun və
şüşə şampun vardı. Cəlil müəllim bədənini suyun altında isladıb, kisə çəkilməyə hazırlaşana kimi, Hüseyn otağın küncündəki mərmər uzanacağı qaynar su və sabunla bir də təmiz-təmiz yuyub sildi, rezin balıncı üfürüb doldurdu, uzanacağın baş tərəfinə qoydu. Hüseyn Cəlil müəllimi diqqətlə süzüb dedi:

– Deyirəm daha bəsdir. Gəl uzan, mən də Allahı çağırım, başlayım işimə.

Cəlil müəllim uzanacağa tərəf gəldi, üzüqoylu hamar, isti mərmərin üstünə uzandı. Həmişəki kimi canında bir rahatlıq duydu. Bu hamamdan savayı elə bir yer yox idi ki, o özünü orada bu cür yaxşı, sakit hiss eləsin.

Hüseyn möhkəm, qüvvətli əlləri ilə onun oynaqlarını ovmağa başladı.

– Arıqlamısan, – Hüseyn köksünü ötürdü. – Əsəbisən. Bütün bəlalar əsəbdən törəyir.
Hüseyn oynaqları bir də ovmağa girişdi, birinci dəfəkinə nisbətən daha ağır-ağır ovdu, hər fəqərə
sümüyünü mükəmməl, tək-tək əlləşdirdi, oynaqları ovub qurtarandan sonra barmaqlarını,
əllərini, ayaqlarını, pəncələrini qanırmağa başladı, Cəlil müəllim əllərində, ayaqlarında gizilti, xoş
bir ağrı hiss eləyirdi. Hüseyn onun oynaqlarını elə qanırırdı ki, sümükləri bəndlərindən şaqqıldayır,
ona ləzzət verirdi, elə bil ki, bədənini hissə-hissə sökürdülər və hər hissəsini nə isə gümrahlıq,
təravət verən ecazkar, həyatverici bir məhlula salırdılar, nəhayət, bədənin hissələri təzədən
yerinə qoyulurdu, yüngülləşirdi, sağlamlaşırdı, cavanlaşırdı.

Hüseyn onun boynunu ovurdu, peysərindəki çətinliklə seçilən qırışları elə qeyzlə dartışdırırdı ki,
deyirdin indicə bu dəqiqə əzələlərini sümüklərindən ayıracaqdır. Barmaqlarını asta-asta qulaqlarının dalına döyür, çənəsinin altını, buxağını elə ovxalayırdı ki, elə bil bircə saniyə, bircə millimetr də ötsə, çənəsini qopardıb kənara atacaqdı, sonra o, uzun-uzadı, sığallayırmış kimi,
onun çiyinlərini və boynunu ovdu.

Nazik dərinin altında əzələlər sürüşür, oynayırdı. Cəlil müəllim ürəyində fikirləşdi ki, bu illər
ərzində elə Hüseyn özü də qocalıb, doğrudur, yaxşı kisə çəkir, yaxşı ovuşdurur, onu şəhərdə heç
kimlə müqayisə eləmək olmaz, ancaq hər halda, əvvəlki kimi ovuşdura bilmir, şövqlə ovuşdurmur,
o güc qalmayıb...

– İndi yadıma gəlir, – Hüseyn köksünü ötürdü, – qabaqlar səni dizimlə necə ovuşdurardım.
Yadındadırmı? İndi elə bilirəm ki, tab gətirə bilməzsən. Hüseyn adamı ovuşdurduğu yerdə birdən vəcdə gəlir, sıçrayıb kürəyinə qalxır, dizləri ilə ovuşdururdu. Cəlil müəllim bunları xatırlayır və təəccüb qalırdı: “Ona mən necə tab gətirirdim?
Görünür, təkcə Hüseyn yox, elə mən də qocalıram”.

Hüseyn suyun altına girdi, kisəni əlinə taxıb Cəlil müəllimin üstünə düşdü. Kisə çəkəndə Hüseyn
heç vaxt söhbət eləməzdi, bu çox incə, xüsusi diqqət tələb eləyən iş idi, Hüseyn bu vaxt yalnız,
Cəlil müəllim kimi çox mötəbər müştəriləri ilə bəzən iki-üç kəlmə kəsərdi. Əsl söhbətə Hüseyn, o da çox hörmət elədiyi adamlarla, sabun çəkəndə başlayardı. Hüseyn hər bir dərrakəli adamla söhbət eləyə bilərdi, nəzmdən yaxşı başı çıxırdı, şeir pərəstişkarı və xiridarı sayılırdı, dini
söhbətlərdən də çəkinməzdi, hər cür əxlaq və ədəb-ərkan məsələlərinə dair özünün möhkəm fikri vardı, daxili və xarici siyasətin bütün incəliklərinə bələd idi, eləcə də bu dünyanın güclü
adamlarının hansı gizli vasitələrin köməyi ilə böyük işlər gördüyünü də bilirdi.

O, ikinci beyti deyib, Cəlil müəllimə arxası üstə çevrilməyi buyurdu.
Hüseynin xoş səsi vardı, şeiri avazla, ifadəli, hiss ilə oxuyurdu.

Cəlil müəllim dedi:

– Sağ ol, yaşa, ay Hüseyn, ikinci beyt məni yaman tutdu, lap kövrəldim, birinci beyt də qiyamətdir,
ancaq ikincisi qiyamətdi, misilsiz incidir, bütün aləmi güzgü kimi əks etdirən misralardır.
Füzuli şairlər şairidir!

Hüseyn mükəddər-mükəddər dedi:

– Eh! İndinin şairlərindən kimi mən onunla yanaşı qoya bilərəm?! Heç kimi. Sözüm yoxdur, hərdən yaxşı şairlər olur. Ancaq dahiləri yoxdur...

Hamam dəsgahı qurtarmaq üzrə idi. Hüseyn onun başına sabun çəkdi.

– Qulaq as, gör nə deyirəm, dünən bura bir cavan oğlan gəlmişdi. Moskvadan gəlib, Cümşüd məndən xahiş elədi, dedi ki, bu moskvalı mənim dostumdur, ona hörmət elə, mənim xatirimə. Bakı hamamının ləzzətini ona göstər. Nədən danışırdım? Hə, o cavan oğlan dedi ki, bu yaxınlarda Finlandiyada, bir də İsveçrədə olub, deyir ki, o yerlərdə hamamı ağacdan tikirlər; çiməndə özünü buğa vermək üçün yer də olur. Adamlar çimirlər, sonra özlərini buğa verirlər, bir sözlə, eynən bizim malakan hamamı kimi, ancaq oralarda hamamı ağacdan tikirlər, bizdə isə daşdan tikirlər, qalan şeylər isə tamam başqa cürdür: adamlar özlərini buğa verəndən sonra qaçıb qara, buz kimi suya girirlər. Eşidirsən? Abırlı-başlı adamdı, yalançıya
oxşamırdı. Yenə Cümşüd sözünə qüvvət verdi, dedi ki, özüm çimmişəm, özüm qara girmişəm. Bu
barədə sənin fikrin nədir?

– Mən bu barədə nə deyə bilərəm ki? Məgər dünyada azmı dəlilər var? Bəlkə də yalan danışır, axı Cümşüd özü kimdir ki! Bakıya gəldiyi cəmisi on il ola, ya olmaya, üstəlik də mən hələ indiyə kimi Asamandan bircə nəfər də abırlı adam çıxdığını görməmişəm. Odur ki, onun dostları da, təsəvvür eləyirəm, necə adamlar olar. Ancaq orası da var ki, doğru da ola bilər.

– Doğrudur, doğrudur, – Hüseyn dedi, – mən həmişə adamın doğru, ya yalan danışdığını duyuram. O oğlan bir söz də deyirdi! – Hüseyn astadan pıqqıldadı. – Dünəndən bunu heç kimə danışa bilmirəm. Xəcalət çəkirəm. Mən o oğlana dedim: düzünü de, zarafat eləyirsən? Neçə dəfə
soruşdum, paltarını tamam geyib qurtarandan sonra axırıncı dəfə bir də soruşdum, o da hər dəfə
“vicdan haqqı doğru sözümdür” deyirdi, hələ and da içirdi. Elə o cür də çıxıb getdi. Qəribə işdir.

– Nə deyirdi ki?

– Üz vurma, Cəlil, demərəm. Sən axı bilirsən, mən Allah adamıyam.

– Mənə deyə bilərsən, yaxşı bilirsən ki, dedinmi, elə buradaca qalasıdır, ağzımdan çıxmaz.
Hüseyn dinməzcə Cəlil müəllimin başına sabun çəkirdi.

Cəlil müəllim dedi:

– Hə, dillənsənə!

– Bilirsən nə deyir? – Hüseyn, nəhayət, ürəkləndi. Deyir ki, orada kişi də, arvad da hamı bir yerdə
çimir. Bir hamamda, bir otaqda, hamısı da lüt, bir-birlərinin kürəyini sürtürlər. Ucdantutma!

Hüseyn dolçadan su töküb başının sabununu yuyanda Cəlil müəllim az qalmışdı boğulsun.
Cəlil müəllim nəfəsini dərib:

– Həyasızlar! – dedi. O, ürəkdən hiddətlənmişdi.
– Daha insanlarda abır-həya deyilən şey
qalmayıb. Elələrini öldürmək lazımdır ki, başqaları – cavanlar da onlardan ibrət götürməsin.
Həyasızlıqdan söhbət salanda Cəlil müəllimin yadına qardaşı düşdü və kefi tamam pozuldu. – Tfu! İnsanların həyasızlıqlarının həddi-hüdudu yoxdur!

Hüseyn hirsli-hirsli dedi:

– Məni başqa şey düşündürür, fikirləşirəm ki, bəs bunların hökuməti hara baxır? Onların uşaqlarından nə çıxar? Hamısını həbsxanaya basmaq lazımdır. Ancaq göz olmaq lazımdır ki, kişiləri bir yerə salsınlar, qadınları da başqa yerə. Sən nə fikirdəsən, Cəlil?

– Qozbeli qəbir düzəldər. Sən elə bilirsən ki, onları həbsxanaya basmağın köməyi olacaq? Mən
əlimin içi kimi bilirəm ki, elələrinə heç nə kömək eləməz. İnsanın ki, abırı-həyası olmadı, onu
dünyada heç kim və heç nə düzəldə bilməz. Sən mənim sözümə inan!

O, qardaşını xatırladığına peşman olmuşdu, hamamın ləzzəti tamam qaçdı, hətta hirsindən
gicgahları da atırdı. Heç kimə də açıb heç nə danışa bilməzdi, axı hər qabağına çıxana doğma
qardaşından giley-güzar eləməyəcəkdi ki! Rüsvayçılıq olardı! Danışmasa da bir gün ürəyi tab gətirməyəcək, partlayıb tikə-tikə olacaq. Əgər həmişə sussa, dərdini heç kimə deməsə, bir gün ağzından qapqara qan açılacaqdı.
Çayxana da elə burda, hamamın həyətində idi. Səhər tezdən olsa da, stolların hamısının
dövrəsində adam vardı, bir stolda da nərd oynayırdılar. Cəlil müəllim çayxananın o başına, lap divarın dibinə qoyulmuş stola tərəf getdi, gedə-gedə başı ilə çayçıya işarə elədi.
Bu çayxananın binasını qoyan mərhum Məmmədəlinin oğlu Əziz Cəlil müəllimə yaxınlaşıb kamal-ehtiramla salam verdi, tələsik, onsuz da təmiz, köhnəlikdən və çay tökülməkdən qaralmış palıd stolun üstünü bir də yaş əsgi ilə sildi. Cəlil müəllimin qabağına bir çaynik və iki də stəkan-
nəlbəki qoydu, biri Cəlil müəllim üçün, biri də bərayi-ehtiyat, birdən Cəlil müəllim həmişəki kimi
birisini stoluna dəvət eləyə bilərdi.

Cəlil müəllim bir stəkan tünd, məxməri çay süzdü, fikirləşdi ki, gedəndə gərək müştərilərin
yanında bu cür çaya görə Əzizə təşəkkür eləsin. Keçən bazar günü aşkar hiss olunurdu ki, çayı
dəmə qoyanda, odun üstündə çox saxlamışdılar, ona görə də Cəlil müəllim narazı getmişdi:
Amma bugünkü çay qiyamət idi. Həmişəki kimi, birinci stəkanı Cəlil müəllim nəlbəkiyə töküb, bir
az soyuyandan sonra tələsik içdi, dərhal da təsirini hiss elədi, çay elə bil ki, başında, əmgək
sümüyü ilə beyin arasında olan nazik, duman kimi pərdəni əridib yox elədi.

İndi qazanların ahəngdar uğultusu və başının üstündəki meynə yarpaqlarının xışıltısı altında onu
fikir-xəyala sövq eləyən və Cəlil müəllimə xoş gələn xatirələr şüuruna asanlıqla yol tapırdı. Cəlil
müəllim ikinci stəkanı arxayın içdi. Təri soyuduqca alnı buz kimi olurdu. Təzə müştərilər, gələnlərin əksəriyyəti qonşular və tanışlardı, mütləq ona salam verirdilər, o da yarım saat əvvəl hamamda olduğu kimi, həyatdan həzz alır, onun dolğunluğunu və xoş sabitliyini, bir də bu
həyatda özünün lazımlı adam olduğunu hiss eləyirdi.

Sonra aralıda, nərd oynanılan stolun arxasında mübahisə düşdü və oyunçular yaxında
əyləşənlərin məsləhətlərinə əhəmiyyət vermədən, Cəlil müəllimə yaxınlaşdılar, narahat elədikləri
üçün dönədönə üzr istəyib, xahiş elədilər ki, bir nərd taxtasına nəzər salsın, Cəlil müəllim ağır-ağır nərdə yaxınlaşdı, bir anda mübahisəni həll elədi və elə həmin bu çayxanada, rəhmətlik
Məmmədəlinin sağlığında, onun özünün başına gəlmiş eyni ilə bu cür bir əhvalat danışdı.
Hamı ona diqqətlə qulaq asırdı, oyunçular dinməz-söyləməz onun kəsməti ilə razılaşdılar.
Çayxanada əyləşənlərin, əksəriyyəti təcrübəli nərdçi sayılan adamların arasından, mübahisəni həll etmək üçün onu seçmələri Cəlil müəllimə çox xoş gəldi. Oyun qurtardı, qalib gələn oyunçu Cəlil
müəllimə əyləşib oynamağı təklif etdi, ancaq oynamaq istəmədi. Çayxanada nərd oynamağı o,
adamların burada pulla da oynadıqlarını eşitdiyi gündən tərgitmişdi, əvvəllər burada belə şeylər
olmazdı. O, nərdi ancaq bir yerə qonaq gedəndə, yaxud da, öz evində oynayardı, özü də abırlı,
ləyaqətli adamlarla oynayardı.

Belə adamlarla hərdənbir o, “bir şeydən” də – naringidən, yaxud, deyək ki, qovundan, lap uzaq
başı lotereya biletindən oynayardı, hər tası üç biletdən. Puldan isə o, ömründə oynamamışdı.
Cəlil müəllim öz stoluna yanaşdı, yığışıb getmək istədi, ancaq birdən fikrini dəyişdi, oturub təzə
çaynikdən bir stəkan da çay süzdü.

Cəlil müəllim çayxanadan həmişə çətinliklə çıxırdı.
İkinci çaynikdən elə birinci stəkanı içirdi ki, şofer Kamal gəldi, bu Kamalı elektrik montyoru işləyən
ləqəbsiz Kamaldan ayırmaq üçün hamı Uzunqulaq Kamal deyirdi. Ləqəbi ona hələ uşaq
vaxtlarında, həmişə ağzı pərtovluq elədiyinə görə vermişdilər. Əslində gəncliyində ona elə Eşşək
Kamal deyirdilər, amma sonralar, o vaxtdan bəri xeyli yaşa dolduğuna görə, hörmət eləyib bir az
ədəblə – Uzunqulaq deyirdilər; özü də söhbət düşəndə arvad-uşağının da yanında belə deyirdilər.

Yaxın dostları onu üzünə də belə çağırırdılar, bunun müqabilində o da hər dəfə gülə-gülə onlara dişinin dibindən çıxanı deyir, söyürdü.
Cəlil müəllimin hüzurunda Uzunqulaq Kamal artıq-əskik danışmağı özünə rəva görməzdi, ancaq hər halda, Kamal əvvəl icazə alıb, sonra da onunla üzbəüz əyləşəndə, Cəlil müəllim dilxor oldu.

Ona da çay süzdü. Kamal dirsəkləri ilə stolun yarısını tutub, fısıldayafısıldaya, hortuldada-
hortuldada çay içir və ucadan deyirdi ki, yay çox gözəl fəsildir, amma bircə böyük qüsuru var,
yayda heç yerdə xaş tapmaq olmur. Cəlil müəllim fikirləşirdi ki, əgər bayaq, Kamal gəlməmişdən
bir az əvvəl çıxıb getsəydi, çox qiyamət olardı, indi çayxanada əyləşənlərin bir qismi elə güman
eləyə bilər ki, Cəlil müəllim Kamalla söhbət eləyir, yaxud da, Allah eləməmiş, çayxanaya elə
Kamalla bir yerdə gəlmişdir, tez durub getmək isə yaxşı düşməzdi.

– Amma əvəzində keçən bazar günü bəsdi deyincə tıxmışıq. Rzanın zirzəmisində. Rza elə bu cür də dedi: “Ay uşaqlar, bu axırıncı xaşdır, növbəti xaş altı aydan sonra olacaq” – biz də möhkəm girişdik! Hərəmiz iki boşqab. Həm də and olsun, əgər yalan deyirəmsə, iki gözümdən olum, adama bir litr araq vurduq. Özü də necə araq! Xalis tut arağı, mənə Zaqataladan göndərmişdilər – od vurursan, gömgöy alov qalxır! Belə arağı...

Qonşu stollarda əyləşənlərin Kamalın axmaq və nalayiq danışığına diqqətlə qulaq verdiklərini
duyub, Cəlil müəllim onun sözünü yarımçıq kəsdi:

– Axı ziyandır.

Kamal təəccüb qaldı:

– Kimə?

– Canınıza ziyandır, – Cəlil müəllim Kamalın ağzından az-çox münasib bir söz çıxmasını gözləyirdi ki, bu sözdən yapışıb ədəbərkanla xoşagəlməz söhbətə son qoymaq mümkün olsun. O, Kamalın xatirinə dəymədən hər şeyi, adicə bir fürsəti bəhanə eləyib xudahafizləşməyə və çıxıb getməyə hazır idi, Kamal, əlbəttə, hörmətə layiq adam deyildi, ancaq indi o, Cəlil müəllimin stolunun kənarında oturmuşdu, bu səbəbdən də onun müəyyən dərəcə hörmətə qanuni haqqı vardı.

– Ziyanı yoxdur, ziyanı yoxdur, – Kamal onu sakitləşdirdi, – bizim Bakı arağını içmək ziyandır, Allah bilir onu nədən çəkirlər, kimisi deyir ki, çürümüş kartofdan, kimisi də deyir ki, neftdən çəkirlər. Amma o araq yox, qiyamət şey idi – şeh kimi şəffaf, gül-çiçək ətri gəlirdi, heyf ki, qurtardı. Hərəmiz bir litr vurduq, amma olsa yenə də içərdik. Üç adam oturmuşduq – mən, montinli Firuz, bir də sənin qardaşın Simurq. İkinci şüşədən sonra Firuz, namusuma and olsun, elə getdi ki, Rzanın zirzəmisinə yatırtmalı olduq, mən də, sözün düzü, keflənmişdim, amma Simurq, mən bunu Simurq sənin qardaşın olduğuna görə demirəm, özün yaxşı bilirsən: mən pisi də, yaxşını da deməkdən çəkinən adam deyiləm, əgər Simurqun haqqında pis fikirdə olsaydım, açıqca sənin üzünə deyərdim. Ancaq bir şey demək istəyirəm: Simurq qiyamət adamdır, adam yox, şirdir! Əjdaha kimi içir! İçir, amma nə keflənir, nə də ağlını itirir. Mən Simurqun yolunda canımdan da keçərəm. Simurq qiyamət oğlandır, çox qiyamət oğlandır. Bilirsənmi, mən indi and içəndə, onun canına and içirəm, onun, bir də öz uşaqlarımın canına, Simurq mənim ən yaxın, ən yaxşı dostumdur.