Ondan yaxşı qardaş yox idi – II HİSSƏ
Cəlil müəllim Uzunqulaq Kamalla üzbəüz oturmuşdu, hərdən könülsüz-könülsüz bir qurtum çay içirdi, o daha ətrafındakı adamlara fikir vermirdi, hamamın da, çayın da ləzzəti tamam qaçmışdı. Cəlil müəllim fikirləşirdi ki, Kamalın, əlbəttə, heç bir təqsiri yoxdur, adını nahaq yerə Uzunqulaq qoymayıblar ki! Amma onun doğma qardaşı nə səbəbə Kamala qoşulmalıdır, nə səbəbə Cəlil müəllim kənar adamların yanında belə söhbətlərə qulaq asmalıdır, 28 axı bu adamların arasında xeyirxahları ilə yanaşı, heç şübhəsiz, onun rüsvayçılığına ürəkdən sevinən adamlar da vardı. Sonra o xatırladı ki, qardaşı neçə dəfə qonşuları özlərinə güldürmüşdü; gərgin vəziyyət, ağır fikirlər yenidən qayıtdı. Cəlil müəllim bilirdi ki, bütün günü bu vəziyyətdən yaxa qurtara bilməyəcəkdir.
Cəlil müəllim qeyri-iradi özünə də, Kamala da çay süzürdü. Kamal, başlarını itirənə kimi içəndən sonra Simurqla şəhər bağına yelləncəyə minməyə
getmələrindən danışmağa başlayanda, Cəlil müəllim istehzalı-istehzalı gülümsündü. Məxsusi
onunla görüşmək üçün stoluna yaxınlaşan tanış adamların əlini sıxdı, mürəbbənin içinə düşmüş
arını çıxardıb atdı, fikirləşdi ki, bu arı, heç şübhəsiz, onun pətəklərinin arılarındandır. Cəlil müəllim arının tələf olmasına heyifsiləndi. Onun eşitdikləri və gördükləri indi yenidən solmuş, anlaşılmaz olmuşdu, yaddaşında ləngimirdi, iz salmırdı.
Cəlil müəllim bu lüzumsuz söhbətə mənasına fikir vermədən qulaq asır, eyni zamanda da özü
tamam başqa şeylər xatırlayırdı, bu xatirələrdə nə Uzunqulaq Kamala, nə də bu yaxın vaxtlardan13bəri baş verən əhvalatlara yer vardı. Atası öləndən sonra bütün ailənin dərdi-sərini çəkdiyi günlər, anasının və iki kiçik qardaşının – Simurqun və Tahirin, Cəlilin üstünə düşdükləri ağır müharibə
günləri birdən gəlib gözünün qabağında durdu. Anasının qətiyyən savadı yox idi, arvad
mikrobiologiya institutunda laborantlığa düzəldi, onlar qonşulara belə deyirdilər, amma əslində
o, süpürgəçilik eləyirdi, dovşan və it qəfəslərini yuyub təmizləyirdi. Maaşı çox az idi, ancaq
əvəzində, hərdən institut işçilərinə, elmi məqsədlər üçün istifadə edilmiş, sonra da öldürülmüş, yemək üçün yararlı, ziyansız olan bir şaqqa dovşan əti verirdilər... Elə bu vaxtlar Cəlil müəllim məktəbi atmağa məcbur oldu, səhərlər o, vağzalın qabağındakı meydanda qəzet satırdı, sonra evlərə məktub, qəzet aparırdı, günün ikinci yarısında isə şəhərin o başına, Budaqov bazarına
gedir, burada dənə-dənə papiros, qənd, iris və başqa şeylər satırdı, bu şeyləri ona başsız qalmış
ailəyə rəhmdillik eləyən, yazığı gələn uzaq qohumları, mağaza müdiri verirdi. Arıqlamış, həmişə aclıq çəkən, amansız Bakı günəşinin altında qapqara yanmış Cəlilin bircə arzusu vardı: böyüyüb babat qazanmağa başlayan kimi anasını o ağır işdən çıxartmaq, kiçik qardaşlarına savad vermək və uzaq qohumlarının, mağaza müdirinin yaxşılığından çıxmaq. Elə bütün arzularına da 29
çatacaqdı. Amma müharibənin lap axırlarına yaxın kiçik qardaşı – Tahir öldü. Çox yatmadı, ancaq bir qarın ac, bir qarın tox keçinməkdən üzülmüş bədən üz vermiş yeni bəlaya – boğma
xəstəliyinə dözmədi. Tahirin ölümü ananı yaman dərdə saldı, arvad yorğan-döşəyə düşdü,
öskürməyə başladı, bu qayda oğlunun ölümündən sonra, ta ömrünün axırına kimi daha
düzəlmədi. Cəlil ilk dəfəydi ki, yaxın adamının ölümünü görürdü, ona görə də bu fəlakətin, bu
itkinin dəhşətini uzun müddət unuda bilmədi. Atası uzaqda, cəbhədə ölmüşdü, odur ki, qardaşının ölümünə qədər, o cür sağlam, gülərüz, deyib-gülən adamın bu dünyadan köçməsinə inana bilmirdi. Amma qardaşının ölümündən sonra inandı.
Müharibə qurtarandan sonra işlər yavaş-yavaş yoluna düşməyə başladı – Cəlil bir müddət də
poçtalyon işlədi, sonra onu “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif etdilər, rabitə idarəsində qüsursuz işlədiyini qeyd elədilər, iki il də keçəndən sonra isə, köhnə müdir təqaüdə çıxanda, Cəlil rabitə şöbəsinin müdiri oldu. Gəncliyinin haradan gəlib, haraya getdiyindən heç xəbər də tutmamışdı, ancaq buna heyifsilənmirdi də, qazandığını ötən illərin hamısına dəyişməzdi.
Qardaşı Simurq məktəbdə oxuyurdu, ancaq hər halda abırlıbaşlı ailə uşağı kimi oxuyurdu. Cəlil
müəllim qardaşının və anasının əyin-başına yaxşı baxırdı, abırlı geyinirdilər, özü də son dərəcə
təmiz dolanırdı, işdən və evdən savayı ayrı yer tanımırdı. İşinə, vəzifəsinə münasibəti çox ciddi idi, buna görə də rəislərinin yanında yaxşı gözdə idi, ona tapşırılmış rabitə şöbəsinin işi dəfələrlə fəxri fərmanla qeyd edilmiş, şöbənin işçiləri, o cümlədən Cəlil müəllimin özü də pul mükafatı və
qiymətli hədiyyələr almışdılar. O öz balaca təsərrüfatına da möhkəm uymuşdu.
Bomboz asfalt döşənmiş həyəti yavaş-yavaş güllü-çiçəkli, bostanlı bağa çevirmişdi, Cəlil müəllim həyətdə bir balaca toyuq-cücə yeri də düzəltmiş, bura bir neçə hind toyuğu, firəng toyuğu salmışdı. Qardaşını da özünün çox xoşladığı işə alışdırmağa başladı, ona ağac calamağı, meynə kəsməyi öyrədirdi. Simurq bu işlərin hamısını asanlıqla, oynaya-oynaya eləyirdi, onu ciddi, ağlı başında olan böyük qardaşından fərqləndirən də elə bu idi. Məktəbdən qayıdandan sonra qardaşı sinif yoldaşları ilə birlikdə, əlində səbət küçələrə düşüb peyin yığırdı. Bu peyinlə Simurq və Cəlil müəllim bağlarını gübrələyirdilər. İlk vaxtlar qardaşı küçələri dolanıb peyin yığmağa utanırdı, Cəlil müəllim bir gün bunu duyub, sakit-sakit onu başa saldı ki, burada elə bir utanmalı, biabırçı şey yoxdur, sonra da öz sözünü təsdiq eləmək üçün bir bazar günü Simurq və onun dostları ilə birlikdə Quba yoluna getdi. O vaxtlar avtomobil nəqliyyatı seyrək idi, buradan tez-tez hərbi arabalar, faytonlar, kəndli arabaları keçirdi, asfaltın üstünə bol əyani və göz qabağında olan
eksponatlar tökülürdü, bu eksponatları təzə-təzə səbətə yığıb bağının torpağını gübrələyən
işgüzar və müdrik adam materiyanın bir şəkildən başqa şəklə düşməsi, başqa cürə desək,
əsrarəngiz və əbədi təbiətdə dövretmə prosesinin sürətləndirilməsində bilavasitə iştirak edə
bilərdi.
Cəlil müəllim məhəllədə çox oxumuş adam sayılırdı, ancaq dünya ədəbiyyatı deyilən möhtəşəm binanı təşkil eləyən bütün kitablardan – bir zamanlar yer üzündə yaşamış insanların heç biri hələ ömrü boyu bu binanın bütün mərtəbələrini və otaqlarını gəzib dolaşa bilməmişdir – onun payına çox az şey düşmüşdü – bircə kitab, Azərbaycan nağıllarını oxumuşdu, amma məmnuniyyətlə oxumuşdu.
Ömründə oxuduğu bu bircə kitabı Cəlil müəllim hər ilyarım-iki ildən bir yenə də oxuyurdu,
nağılların bəzilərində onu çox maraqlı süjet cəzb eləyirdi, bəzilərində vüsal yollarında şər
qüvvələrin və cadugərlərin iyrənc fitnə-fəsadlarını dəf eləməyə çalışan sevgililərin düşdüyü
vəziyyət onu kövrəldirdi. Zəngin və rəngarəng yumorun təsirindən ucadan qəhqəhə çəkib
gülürdü. Arzu-kamlarına çatmış, bir-birinə qovuşmuş, adətən bir sarayda, yaxud cənnət bağında, qızıl balıqlar üzüşən hovuzun qırağında məhəbbətin səfasını görən sevgililər təsvir olunan yerləri – çox yekrəng, bəsit təsvirləri oxuyanda, qıpqırmızı olur və hiss ediləcək dərəcədə həyəcanlanırdı.
Ən çox da onu heyran qoyan bu kitabdakı müdriklik və aydın, gözəl nəticə, ibrət dərsi idi, nağılların hamısının axırında bütün şər qüvvələr öz cəzalarını alırdılar, namuslu, zəhmətsevən, səmimi, valideynlərinə, yaxın adamlarına və dostlarına xeyirxahlıq eləyən adamlar isə çəkdikləri zəhmətin və sevgilərinin mükafatını artıqlaması ilə alırdılar, xalq, yaxud ədalətli hökmdarlar onları layiqincə qiymətləndirir, uca tuturdular; onlar ictimai və dövlət pilləsində yüksəkliklərə qalxırdılar, ancaq
burada da yollarını azmır, təmiz vicdanla dolanırdılar.
Cəlil müəllim sadə, asan başa düşülən ifadələrlə, özü dərk elədiyi kimi, Simurqa izah elədi ki, peyin
ağacların və başqa bitkilərin boy atması üçün son dərəcə zəruri şeydir. Simurq və onun
yoldaşları peyin yığmaqla faydalı və lazımlı iş görürlər, hər cür zəhmətin şərəfli olduğunu başa
düşməyib, onları ələ salan adamlara isə fikir verməyinə dəyməz, çünki onlar – Simurqu və onun yoldaşlarını ələ salmağı özlərinə rəva görən adamlar ləyaqətsiz insanlardır, hətta demək olar ki, axırı itmiş adamlardır, onları yalnız səmimi tövbə, peşmançılıq xilas edə bilər.
Həyatının bu dövründə Cəlil müəllim, heç şübhəsiz, xoşbəxt adam idi. Bir azca onu anasının
səhhəti narahat eləyirdi, müharibə illərinin ağır itkilərindən sonra arvad özünə gələ bilməmişdi,
son dərəcə dindar olmuşdu, hər gün oğlanlarının canına dua oxuyurdu.
Cəlildən ötrü dəli-divanə idi, fərəhindən yerə-göyə sığışmırdı, oğlu işdən qayıdana kimi rahatlıq
tapmırdı, dözə bilmirdi. Cəlil evdə olmayanda adı dilindən düşmürdü, tərifləyib göylərə qaldırırdı.
Deyirdi ki, dünyada hər şeyi var, heç bir şeyə ehtiyacı yoxdur, ancaq Cəlilin evləndiyi günü, bir də Simurqun məktəbi qurtardığını görsəydi, yüz yaşayardı.
Ana bu xoş günü də gördü, bir abırlı ailəyə elçiliyə getdi. Cəlil adaxlandı, qız qəşəng idi, cehizi də
vardı. Bir sözlə, qaydasında, hamı necə, o da elə idi. Leyla yaxşı evdar qadın, yaxşı arvad idi,
qayınanasına gəldikdə isə, ona yaxşı gəlin yox, mehriban, qayğıkeş qız olmuşdu, Məryəm xanıma
əlindən gələn hörməti eləyirdi, əldənayaqdan gedirdi, qarıya – iki istəkli, ehtiramlı oğulun anasına qulluq göstərməyə, xoşuna gəlməyə çalışırdı. Gizlətməyin nə mənası, ilk vaxtlar məqsəd doğrudan da bu idi, elə Məryəm xanımın da əvvəllər işi-gücü yalnız gəlinə göz qoymaq idi: “Görək nə yuvanın quşudur”. Sonra isinişdilər, bir-birlərini ürəkdən sevdilər; gəlinqayınana arasında belə şey az-az olar. Bir-birlərindən aralı olmasalar da, bir evdə yaşasalar da, hər səhər görüşəndə
ürəkdən şad olurdular; gəlinlərini evlərinə gətirdikləri vaxtdan ta o qara günə kimi. Məryəm xanım bu dünyadan köçənə kimi, tək bircə gün də bir-birlərindən ayrılmamışdılar.
Qonşular da Cəlil müəllimin ailəsini hamıya nümunə göstərirdilər. Cəlil müəllim məhəllədə ən hörmətli adamlardan biri olmuşdu, hətta qonşu məhəllədə yaşayan prokuror Həsənov da bir az özünü yığışdırmalı, hər il keçirilən qeyri-rəsmi rayon birinciliyində fəxri yeri Cəlil müəllimə verməli olmuşdu.
Qardaşı Simurq da onu məyus eləmədi, indi yaxşı oxuyurdu, hətta məktəbdən qayıdandan sonra
kitabxanaya da getməyə başlamışdı, Cəlil müəllim onun bu hərəkətini təqdir eləyir, haqlı olaraq
belə mülahizə yürüdürdü ki, kitabxanaya getməyin adama heç bir ziyanı ola bilməz.
Cəlil müəllim hiss eləyirdi ki, qardaşı onu sevir, onunla fəxr eləyir. O da Simurqun hündürboy,
qəşəng oğlan olacağını fikirləşəndə ürəyi sevincdən dağa dönürdü, qonşu evlərin qızları onun qardaşına çoxdan, az qala hələ yeddinci sinifdə oxuduğu vaxtlardan oğrun-oğrun baxırdılar. Bu vaxtlar Cəlil müəllim çox yaxşı qazanırdı; onun mülahizəsinə görə, onlar çox firavan dolanırdılar, pulları hər şeyə çatırdı, hətta dar gün üçün də bir az arxaya ata bilirdilər. Hər həftənin axırında Cəlil müəllim Simurqa cib xərcliyi verirdi. Simurq özü istəməyəndə də verirdi. Cəlil
müəllim özünün Simurq yaşda olanda nə müsibətlər çəkdiyini xatırlayırdı, ona görə çalışırdı ki, qardaşının günü xoş keçsin, kino pulu da, dondurma pulu da verirdi, elə verirdi ki, Simurq ürəyi istəyəndə bir yoldaşını da kinoya dəvət eləyə bilsin, açığını desək, Cəlil müəllim qardaşına bir də ona görə pul verirdi ki, canından çox istədiyi kiçik qardaşının nazı ilə oynamaq xoşuna gəlirdi.
Cəlil müəllim bilirdi ki, qardaşı parka rəqsə gedir, ancaq onu qınamırdı, məzəmmət eləmirdi.
Fikirləşirdi ki, cavanlıqdır, böyüyər, özü başa düşər ki, mənasız, axmaq işdir, bəlkə də
pozğunluqdur. Bu münasibətlə Cəlil müəllim qardaşına bircə kəlmə də deməmişdi, inanırdı ki,
Simurqun damarlarında axan qan yaxşı qandır, atasının qanıdır, qoymaz yolunu azsın. Cəlil özü,
ta evləndiyi günə kimi, tək bircə qadının da qoluna girməmişdi, qoluna girmək nədir, qadınla
təkbətək, üz-üzə dayanmamışdı. Yayda, onuncu sinfi bitirdikdən sonra, Simurq axşamlar tez-tez evə gec gəlməyə başlayanda, Cəlil müəllim başa düşdü ki, işə müdaxilə eləməyin vaxtıdır. Demək olar, gecəni səhərə kimi yatmadı, sübh çağına yaxın qardaşının addım səslərini eşitdi, tələsik yataqdan qalxdı və elə bu cür, alt paltarında, darvazaya tərəf, qardaşının qabağına getdi. O səhər Simurqun sifəti qəribə olmuşdu, baxışı elə həmin baxışdı, gözlərində yorğunluq vardı, ancaq necə məsud idi, elə bil çıraq yanırdı, üzündə, nədənsə şişmiş al-qırmızı dodaqlarında isə indiyə kimi Cəlil müəllimin öz qardaşının üzündə görmədiyi qəribə bir təbəssüm dolaşırdı.
Simurqun köynəyinin yaxası düymələnməmişdi,
möhkəm, qüvvətli sinəsi tamam açıq qalmışdı.
Əvvəl Cəlil müəllim qət elədi ki, Simurq evə sərxoş gəlib, bu fikirdən ürəyi düşdü, sonra diqqətlə
baxanda boynunda iki yerdə tünd-qırmızı ləkə gördü, burnuna yüngülcə, çətin duyulan ətir dəydi, başa düşdü ki, Simurq sərxoş deyil. Cəlil müəllim bilmədi ki, buna sevinsin, ya sevinməsin. Gözünü zilləyib bir xeyli qardaşının üzünə baxdı, tək bircə dəfə baxdı, amma bu baxışda çox şey vardı.
Simurq utanıb başını aşağı saldı, ağzını açıb bircə kəlmə də demədi, talvara, anasının axşamdan
saldığı yerə tərəf getdi. Həmin səhərdən sonra Simurq daha bayırda çox ləngimədi, bircə dəfə də
evlərinə saat on ikidən gec gəlmədi. Cəlil müəllim də həmin səhəri ona heç vaxt xatırlatmadı, bir
kəlmə də demədi, onlar yenə axşamlar bağda işləyirdilər, işlərini qurtarandan sonra isə oturub
nərd oynayırdılar, çay içirdilər. Bütün rayonda, bəlkə də bütün şəhərdə heç kimin Cəlil müəllimin
qardaşından üzüyola yaxşı qardaşı yox idi.
Cəlil müəllim Simurqun həm ən yaxın dostu, həm mehriban böyük qardaşı, həm də səxavətli,
nazikqəlbli atası idi, ona görə ki, Simurqun ondan yaxın dostu yox idi, başqa qardaşı yox idi, atası
isə Simurqun yadına gəlmirdi, atası cəbhəyə gedəndə Simurqun iki yaşı təzəcə tamam olmuşdu.
Simurq Cəlil müəllimi nadir hallarda adı ilə çağırardı, adam arasında isə, özündən on iki yaş böyük qardaşına lazım olduğu kimi, hörmətlə “ağa dadaş” deyərdi.
Ailədə hamının kefi kök idi, işləri yoluna düşmüşdü. Özünün və ailəsinin yaxşı adını adamların gözündə ucaltmaq, qorumaq üçün əlindən gələni eləyən Cəlil müəllim də xoşbəxt idi.
Həmin yay Simurq tibb institutuna girirdi. İmtahanların hamısını verdi, heç birindən kəsilmədi, elə qiymətləri də pis deyildi, yaxşı qiymətlər almışdı. Qəbul etmədilər. Müsabiqədən keçmədi. Cəlil müəllim rektorun qəbuluna getdi, nazirliyə müraciət etdi, ancaq heç bir şey çıxmadı, köməyi olmadı. Cəlil müəllim nazirliyin binasından çıxdı, bir də imtahan vərəqinə baxdı, qiymətlərin hamısı dörd idi, tək bircə üçü vardı, sonra onu cırıq-cırıq elədi. İşə bir bax, ikicə baldan ötəri adamı instituta qəbul eləmirlər! Bu iş heç cürə Cəlil müəllimin ağlına batmırdı – adamların başına hava gəlib, nədir? Uşaq on il oxuyub, arzusu həkim olmaqdır, iki alan da deyil, imtahanların hamısını verib, amma qəbul eləmirlər. Nədir, nədir, ikicə balı çatmır!
Cəlil müəllim Simurqun qiymətini kəsəndə əli titrəməyən müəllimləri tanımadığına çox
heyifsilənirdi. Cəlil müəllim bu 34 adamlardan soruşardı ki, insanların taleləri ilə bu cür
başdansovdu məşğul olmağa onlara kim ixtiyar verib? Axı elə üzünə baxan kimi görünür ki, Simurq dərrakəli, bilikli oğlandır, yox əgər dərhal görə bilmirsənsə, onda qarşında dayanıb, bir də soruş. Cəlil müəllim dilxor-dilxor fikirləşdi: bilet nədir, üç sual yazılmış bir parça kağız?
Adamdan bir soruş ki, kimsən, hansı ailədə böyüyüb tərbiyə almısan, məgər atasız böyümək asan işdirmi, hər şeyi soruş, bil, sonra fikirləş gör nə qiymət vermək olar. Yox, əgər kefin yoxdursa,
dilxorsansa, söhbət eləməyə həvəsin yoxdursa, onda heç imtahan götürməyə getmə, bir az
bulvarda gəziş, fikrin dağılsın, axı sən insan taleyi həll eləyirsən!
İnstituta girə bilməməsi Simurqa qardaşı qədər ağır təsir etməmişdi, o, Cəlil müəllimə bacardığı
kimi təskinlik verir, onu başa salırdı ki, bu il tibb institutunda hələ indiyə kimi görünməmiş
müsabiqə olub, əsasən yalnız imtahanların hamısından beş qiymət alanları, bir də bir, yaxud iki beş alanların bir qismini qəbul eləyiblər, özü də bunları az qala hamının, elə Simurqun özünün də
ərizə verdiyi müalicə fakültəsinə yox, sanitar, yaxud pediatriya fakültəsinə götürüblər. Çox başa
saldı, söz verdi ki, bütün ili möhkəm hazırlaşacaq, imtahanların hamısından beş alıb, gələn il hər
necə olur-olsun instituta daxil olacaqdır. Köməyi olmadı, Cəlil müəllim təskinlik tapmırdı. On
gündən sonra isə hərbi komissarlıqdan kağız gəldi. Simurqu əsgərliyə çağırdılar. Cəlil müəllim
qardaşını yola salmaq üçün Biləcəriyə getdi, ömründə birinci dəfə, onun mülahizəsinə görə, böyük qardaşa, ailə başçısına yaraşan təmkinini pozdu.
Simurqu bərk-bərk bağrına basıb, bir neçə dəfə öpdü, amma kiçik qardaşının yanında gözlərinin
yaşarması lap biabırçılıq oldu, heç ona yaraşan iş olmadı, özü də qardaşına qoşulub ağlayan17Simurqla yanaşı, vaqonun qabağında dayandıqları müddət ərzində heç cür özünü ələ ala bilmədi, hətta ona hərbi qulluqda karına gələ biləcək bir məsləhət-filan da verə bilmədi.
Simurq getdi, ev elə bil boşaldı. Simurqun yeri yaman görünürdü.
Məktubu tez-tez, günaşırı gəlirdi. Cəlil müəllim vaxtlıvaxtında cavab yazırdı, həyatda hər şey kimi
bu işə də ciddi yanaşırdı, başı nə qədər qarışıq olur-olsun, hər məktubuna cavab yazırdı, az qala
hər məktubun da axırında mütləq soruşurdu ki, bəlkə Simurqa pul, yaxud başqa bir şey lazımdır.
Simurq maraqlı məktublar yazırdı, Cəlil müəllimin yalnız adlarını eşitdiyi müxtəlif yerləri təsvir
eləyirdi.
Əvvəlcə məktublar Ukraynadan gəlirdi. Simurq zərfin içinə Lvovun, Çernovitsanın və başqa
şəhərlərin mənzərəli şəkillərini qoyurdu. Simurq yazırdı ki, burada, orduda şoferlik kursunu
qurtarıb, indi hissədə qulluq eləyir, bu hissə haqda yazmağa, bir hərbiçi kimi, onun ixtiyarı yoxdur.
Simurq “Döyüş və siyasi hazırlıq əlaçısı” nişanı ilə təltif olunanda Cəlil müəllim bütün dostlarını və
qohumlarını, eləcə də həmişəki kimi, uzaq qohumlarını – mağaza müdirini dəvət eləyib, qonaqlıq verdi, yaxşılığı itirməyən Cəlil müəllim müharibə dövründən bəri bu mağaza müdirinə daim qayğı göstərir, xüsusi hörmət eləyirdi. Sonra məktublar xaricdən gəldi, özü də əvvəlki vaxtlara nisbətən xeyli seyrəldi, Cəlil müəllim qardaşından incimirdi, başa düşürdü ki, orduda qulluq eləmək zarafat iş deyil, adamın məktub yazmağa da vaxtı qalmır. Özü müntəzəm məktub yazırdı, evdə olub-keçənlərin, işindəki və məhəllədəki yeniliklərin hamısını yazırdı. Müntəzəm, hər ay o, tinlərindəki əmanət kassasına gedir, Simurqun adına on, bəzən də on beş manat pul qoyurdu.
Cəlil müəllim yadından çıxartmırdı ki, ondan savayı bu dünyada Simurqun arxası yoxdur. Ordudan qayıdandan sonra ilk vaxtlar, ələlxüsus əgər instituta oxumağa getsə, yaxud cavanlıqdır, birdən evlənmək fikrinə düşsə, ona pul lazım olacaqdır. Bir o qədər də hər ay Cəlil müəllim öz adına əmanət kassasına pul qoyurdu – ailəli adam gərək gələcəyini də fikirləşsin, uşaqları haqda düşünsün. Bu vaxt Cəlil müəllimin iki uşağı vardı, oğlu Simurq əsgər gedəndən sonra, orduda qulluğunun ikinci ili doğulmuşdu. Uşaqlarını Cəlil müəllim ərköyün böyütmürdü; onların özlərinin xeyri üçün sərt rəftar eləyirdi, çünki başa düşürdü ki, ərköyün böyüyən uşaqların axırı bir şey olmur. Söz ola bilməz. Cəlil müəllim uşaqlarını istəyirdi.
Qızı, yaxud balacası xəstələnəndə ürəyi qana dönürdü, ancaq bu istək Cəlil müəllimin Simurqa
olan istəyinin müqabilində heç bir şey idi, heç müqayisəyə gəlməzdi. Nə anası, nə də arvadı buna görə onu qınamırdılar, çünki bilirdilər ki, hələ özünün ata kölgəsinə ehtiyacı olduğu vaxtlarda
Simurqu o böyüdüb boya-başa çatdırıb, qayğısını o çəkib, buna görə də Simurqu bir növ özünün
ilki, böyük oğlu hesab eləyir, böyük övladını isə ata uşaqlarının hamısından çox istəyir.
Bu qaydada da, Simurqu gözləyə-gözləyə yaşayırdılar. Pis dolanmırdılar. Cah-cəlalları yox idi. Cəlil müəllim zəhmətlə qazandığı pulu havaya sovuran adamlardan deyildi, ancaq hər şeydən də özünə korluq verməzdi, nə abırlı-başlı geyinmək, nə də yeməkiçmək sarıdan.
Tez-tez qonaqları olurdu, özləri də qonaq gedirdilər.
Əgər Cəlil müəllimi arvadı ilə bir yerdə ad gününə, yaxud toya çağırsaydılar, heç vaxt xəsislik
eləməzdilər, ad-sanlarına, mövqelərinə layiq hədiyyə aparırdılar. Simurq əsgərlikdən qayıdan ilin yayında isə, Cəlil müəllim özü də gözləmədən çoxdan arzuladığı bir şeyi həyata keçirmək qərarına gəldi – ailəsini də götürüb Kislovodska getmək fikrinə düşdü.
Bəlkə də bu çoxdan mürgüləyən fikrin oyanıb fəallaşmasına və təlatümə gəlməsinə səbəb
Simurqun göndərdiyi məktublar və Cəlil müəllimin görmədiyi şəhərlərin təsvirləri, mənzərə
şəkilləri olmuşdu, ancaq ola da bilərdi ki, səbəb heç bu deyildi! Kim bilir?
Yəni indiyə kimi elə bir mütəfəkkir, yaxud alim olubmu ki, insanın ağlına gələn, misal üçün, indi
qəflətən Cəlil müəllimin beyninə düşən fikir kimi qəribə, o qədər də xas olmayan fikirlərin nədən
törəndiyini dəqiq deyə bilsin? O, qoca yaşında anasının da xatirini xoş eləmək istəyirdi. Evlərində
atasının – əməkdar neftçi-briqadir Bayram bəyin bir neçə şəkli vardı, bu şəkilləri möhkəm
qoruyub saxlayırdılar. Şəkillərdən biri atasının və anasının lap cavanlıq vaxtlarında çəkilmişdi,
əyinlərində indi adama qəribə gələn, müharibədən əvvəl geyilən kostyum qayanın üstündə dayanmışdılar, qayanın altından enli, dayaz şırnaq axırdı, duruluğundan belə görünürdü ki, bulaq suyudur. Şəklin lap aşağı tərəfində, qara qayanın üstündə yazılmışdı: “Büllur şırnaq. Kislovodsk”.
Anası çox söhbət eləmişdi, Cəlil müəllim əzbər bilirdi ki, toydan sonra atası və anası Kislovodska
getmişdilər, bilirdi ki, dünyada Kislovodskdan gözəl yer yoxdur. O zaman düşdükləri evi anası
ömürlük yadında saxlamışdı, qabağında meyvə bağı olan bu evi o dönə-dönə, bütün təfsilatı ilə
təsvir eləmişdi, hətta küçənin adını da unutmamışdı, əcaib adı vardı – Rebrovaya balka. Hər dəfə də bütün bunları danışanda dirçəlir, elə bil ki, cavanlaşırdı. Hər danışanda da heyifsilənirdi ki, Cəlil müəllimə Kislovodsk kimi gözəl yeri görmək qismət olmadı, görünür, sadəlövhlüyündən, yaxud fikri dağınıqlığından ana nəzərdən qaçırırdı ki, Cəlil müəllimin bütün dünyada, hətta Sovet İttifaqında gəzmədiyi, görmədiyi yeganə şəhər yalnız Kislovodsk deyil. İndiyə kimi o, heç yerdə olmamışdı, doğulduğu gündən bu vaxta kimi Bakıdan kənara çıxmamışdı. Onu çoxdan həsrətində olduğu Kislovodski görmək arzusuna çatdıran, arvadının və uşaqlarının dünyagörüşünün artmasına səbəb olan bu səfər, həm də mehriban və qayğıkeş övlad olan Cəlil müəllimə anasının könlünü açmaq, onu sevindirmək imkanı verirdi.
Götür-qoy eləyib, Cəlil müəllim bu qənaətə gəldi ki, kurorta getmək – bu məhəllədə əlamətdar
və nadir hadisə idi – qonşuların yanında onun nüfuzunu qaldırardı. Cəlil müəllim ailəsini kurorta
aparmaq qərarını qardaşına yazdı, Simurqsuz getməli olduqlarına heyifsiləndi. Məktubun axırında Cəlil müəllim yola, gedib-qayıtmağı sərf olunacaq vaxtı da hesablayıb, Simurqun məktubların Kislovodsk poçtamtına göndərməli olacağı tarixi dəqiq göstərdi.
Cəlil müəllim əmindi ki, Kislovodska getmək xəbərinin Simurqa və uşaqlarına yaxşı, tərbiyəvi təsiri olacaqdır, əvvələn, vicdanla çalışan, özünü faydalı əməyə həsr eləyən adamın həyatda nə cür
imkanlara malik olduğunu əyani surətdə görəcəklər, ikincisi də bu hadisə xatirələrində Cəlil
müəllim kimi xudbinlikdən çox-çox uzaq bir ailə başçısının onlara göstərdiyi əlavə bir qayğıkeşlik
və xeyirxahlıq nümunəsi kimi qalacaqdı.
Həmişəki kimi, özü və yaxın adamları barədə fikirləşəndə, Cəlil müəllim kövrəldi və onların
hamısına – qardaşına, arvadına və uşaqlarına daha artıq mehribançılıq etməyi, alicənab olmağı
qət elədi, yəni fikirləşdi ki, düşüncəsizlik üzündən törəyən səhvlərin üstünü vurmasın, onlarla
münasibətində inandırma və nümunələr üsulundan istifadə etsin, əmrsiz və göstərişsiz ötüşsün, halbuki, heç şübhəsiz, bir ailə başçısı kimi, böyük kimi, Cəlil müəllimin əmrlər, qəti tapşırıqlar verməyə haqqı vardı, nəhayət, onlar öz varlıqları, indi olan və hələ gələcəkdə də olacaq bütün yaxşı şeylər üçün bu adama borclu idilər.
Dünyagörmüş, təqaüdə çıxana qədər uzun müddət ekspeditor və əmtəəşünas kimi bütün ölkəni gəzib dolaşmış Ağasəmədlə çayxanada əməlli-başlı məsləhətləşəndən sonra, Cəlil müəllim on gün qabaqdan qatara, kupeli vaqona bilet aldı. Ağasəməd dedi ki, yayda yumşaq vaqonda getməkdən də axmaq iş yoxdur, çox isti olur, hələ isti olsa yenə dərdyarıdı, müharibədən bir az əvvəl, yayda, axırıncı dəfə Tbilisidən Bakıya qayıdanda yumşaq vaqonda taxtabitilərin əlindən gecə səhərə kimi gözünü yuma bilməmişdi.
Belə qərara gəldilər ki, ümumi plaskartlı vaqonda getmək Cəlil müəllimə yaraşmaz. Ona görə də
kupeli vaqonun üstündə dayandılar, doğrudur, Ağasəməd özü bu vaqonda getməmişdi,
müharibədən əvvəl bu cür vaqonlar yox idi, ancaq Ağasəməd dedi ki, o, bəzi adamlar tanıyır,
onların sözünə arxayın olmaq, inanmaq olar, ailəsi ilə birlikdə kurorta rahat, basabassız-filansız
getmək istəyən adam üçün kupeli vaqondan yaxşısı yoxdur.
Evin açarını yola düşəndə Cəlil müəllim ən yaxın qonşuları neftçi Kərimə verdi. Onu çox əziyyətə
salmamaq üçün Cəlil müəllim həyətdəki su kranının rezin borularını çəkib bağa və bostan ləklərinə qoydu, indi bağı və bostanı əməlli-başlı suvarmaqdan ötrü hər axşam kranı yalnız axıra kimi açmaq və düz qırx beş dəqiqədən sonra bağlamaq kifayət idi. Cəlil müəllim xronometraj aparmış, bağ-bostanın suvarılma müddətini dəqiq müəyyən etmişdi.
Cəlil müəllimin ailəsi yerbəyer olan kupe doğrudan da çox rahat idi. O, pardaqlanmış taxta
yatacaqları, parıldayan plastik çəkilmiş divarları razılıqla süzdü, kefin istəyən kimi yandırmaq,
gurlaşdırmaq, yaxud yatanda zəiflətmək mümkün olan işığı yoxladı, gözü balaca nərdivana
sataşan kimi onun nədən ötrü olduğunu başa düşdü, saz olub-olmadığını yoxladı. Kupeni gözdən keçirəndən sonra o, birinci növbədə yerləri bölüşdürdü, aşağı yerləri anasına və dörd yaşlı oğlu ilə arvadına verdi, yuxarı yerləri isə özünə və qızına götürdü. Sonra saatına baxdı, qatarın yola düşməsinə hələ xeyli, yarım saata qədər vaxt qaldığını görüb, perrona, vaqonla üzbəüz bufetə qaçdı və on şüşə mədən suyu aldı ki yolda çiy su içməsinlər; yay vaxtı idi, hər cür yoluxucu xəstəlik ola bilərdi. Qatar tərpənənə kimi, Cəlil müəllim tualetə girdi, paltarını dəyişdirdi, təzə mil-mil pijamasını geydi, yola çıxmamışdan qabaq məxsusi kurortda geymək üçün aldığı yumşaq idman ayaqqabılarını ayağına keçirtdi. Bir müddət, hava tamam qaralana kimi, dəhlizdə dayandı, sonra kupelərinə girdi. Bu vaxt Məryəm xanım Kislovodskdan danışırdı, Cəlil müəllim sevindiyindən cuşa gəlmiş anasının üzünə baxıb, bir də məmnuniyyətlə fikirləşdi ki, səfərə çıxmaqları anasına çox yaxşı təsir eləyib və Allah qoysa, səhhətinə də xeyri dəyəcək. Məryəm xanım nə isə bir “Xram vozdux”dan, onun dörd dövrəsindəki yamyaşıl, kölgəli talalardan, 39 həmin bu “Xram vozdux”da, baş vermiş, Cəlil müəllimin bütün təfsilatı ilə bildiyi bir əhvalatdan söz salmışdı, ancaq Cəlil müəllim heç cür baş aça bilmirdi ki, bu “Xram vozdux” özü restorandır, yaxud “Xram vozdux”da restoran var. Musiqili, rəqsli axşamlardan birində onun mərhum atası burda çox uzaq qohumu polkovnik Mehmandarova, çar ordusunda qulluq eləyən, ancaq inqilab dövründə Qızıl Ordu
tərəfə keçən, sonralar isə ilk sovet generallarından biri olan həmin polkovnik Mehmandarova rast gəlir.
Məryəm xanım əhvalatı demək olar ki, tamam (ömründə bircə dəfə həmin axşam gördüyü
generalın onu iki dəfə tanqo oynamağa dəvət etməsini, Bayram bəyin də generalın indi rəhmətə
getmiş arvadı ilə oynamasını) danışıb qurtarana kimi Cəlil müəllim qulaq asdı, sonra ədəblə
anasının sözünü kəsib, xatırlatdı ki, şam yeməyinin vaxtıdır. Cəlil müəllim ona görə belə elədi ki, bu əhvalatın gerisini, sonra onların şampan şərabı və musiqiçiləri də götürüb, hamılıqla iki faytona doluşduqlarını, səhərə kimi gəzməyə getdiklərini, mərhum atasının həmin gün möhkəm sərxoş olmasını və özünü çox qəribə aparmasını, evdə də Məryəm xanımın onu çox çətinliklə dilə tutub yatağa salmasını yaxşı bilirdi. Cəlil müəllim əhvalatın bu hissəsinin uşaqların yanında, xüsusilə on yaşlı qızının yanında danışılmasını lazım bilmirdi.
Gecə o, sakit və möhkəm yatdı, səhərə yaxın tək bircə dəfə kupedə hər şeyin qaydasında olub-
olmadığını yoxlamaq üçün ayıldı və demək olar ki, dərhal da təzədən yuxuya getdi, yuxuya gedənə
kimi bircə onu fikirləşə bildi ki, bütün olub-keçənlərin hamısı həqiqətdir və bir gündən sonra o, Kislovodskda olacaqdır. Cəlil müəllim özünü çox yaxşı hiss eləyirdi, ürəyi sakit idi.
Kislovodskda vağzalda uzun müddət taksi gözləməli oldular.
Anası dedi ki, o vaxtlar onlar gələndə qatardan ayaqlarını yerə qoyan kimi, faytonçular onları
araya aldılar, az qaldılar ki, şey-şüyün üstündə dava-dalaş salsınlar, hərə onları öz faytonuna
çəkməyə çalışırdı. Nəhayət, taksi gəldi, Cəlil müəllim kurorta gələnlərə otaq verilən kontora
sürməyi buyurdu, məlum oldu ki, kontor lap yaxında, vağzalın böyründə imiş. Burada Cəlil
müəllim dedi ki, ona Rebrovaya balka küçəsindəki evlərdən birində otaq lazımdır. Cəlil müəllim
anasının xətrini xoş eləmək istəyirdi. Söz ağzından çıxan kimi, bir qadın ona yaxınlaşdı, dedi ki, o elə Rebrovaya balka küçəsində 40 olur, bir təmiz və işıqlı, hər cür rahatlığı olan, iki pəncərəsi bağa baxan otaq kirayə verir.
Cəlil müəllim evin sahibini maşına dəvət etdi, onlar yola düşdülər. Məryəm xanım şoferin yanında əyləşmişdi, qatardakı kimi həyəcanlı, şən idi. O, aramsız deyirdi ki, mütləq aparıb bütün görməli, gəzməli yerləri uşaqlara göstərəcəkdir, iqtidarı olmasa da, birtəhər aparıb göstərəcək. Sonra yavaş-yavaş həyəcanı keçdi, süstləşdi, birdən tamam susdu, diqqətlə qələbəlik, maşınların sel kimi axışdığı tərtəmiz, yaraşıqlı küçələrə, mərtəbələri başdan-başa şüşəli, balkonlu, işıqlı evlərə tamaşa eləməyə başladı. Sonra o, oğluna tərəf qanrıldı, Cəlil müəllim onun üzündə çaşqınlıq və hətta qorxu gördü.
– Cəlil! – Məryəm xanım soruşdu. – Biz hara gəlmişik?
Cəlil müəllim:
– Kislovodska! – dedi.
– Yox, – Məryəm xanım etiraz elədi. – Bura Kislovodsk deyil.
Cəlil müəllim fikirləşib dedi:
– Çox dəyişib, ona görə sənə elə gəlir. Sən Bakıda da heç yerə çıxmırsan, əgər çıxsan, onda
görərsən ki, elə ora da çox dəyişib.
Başdan-başa yeni küçələr salınır. Hər yerdə bu cür sürətlə tikirlər. İndi Rebrovaya balkaya çatırıq, hər şey dərhal yadına düşər. – O, anasının kefini açmaq üçün zarafat eləmək istədi. – Onda inanarsan ki, biz Kislovodskdayıq. Soçidə deyilik.
Tamam çaşbaş qalan anasının tanış küçəni görüb sakitləşməsi üçün Cəlil müəllim maşını iki dəfə
Rebrovaya balkanın başından ayağına, ayağından başına sürdürdü. O, hətta şoferə buyurdu ki, maşını bir dəqiqəliyə anasının o səfər gələndə düşdüyü evin qabağında saxlasın, Məryəm xanım bu evi elə müfəssəl təsvir eləmişdi ki, nömrəsi də Cəlil müəllimin yadında
qalmışdı.
– Bu da sənin Rebrovaya balkan, – Cəlil müəllim dedi. – Sən, bax, bu evə düşmüsən.
Məryəm xanım:
– Bura Kislovodsk deyil, – dedi. Anasının birdən-birə dəyişmiş, qocalıq, üzgünlük duyulan səsi Cəlil
müəllimi sarsıtdı. – Şəhər bu cür dəyişə bilməz, heç bir şey bu dərəcədə dəyişə bilməz, həmişə bir
şey qalır. Buranın havası da indi başqadır, axı mən o havanı xatırlayıram. Mən sənə deyirəm
ki, bu başqa şəhərdir, adını nə qoyurlar qoysunlar. Burada hər şey başqa cürdür. Mənim hər şey
yaxşı yadımdadır, sənki, mənim yaddaşıma bələdsən. Bu küçənin Rebrovaya balkaya, rəhmətlik atanla düşdüyümüz küçəyə heç oxşarı da yoxdur. Hər nə deyirlər desinlər, sən mənim sözümə inan.
Dilxor olmuş Cəlil müəllim şoferlə köməkləşib şeyləri evə yığdı. Otaq doğrudan da, böyük və işıqlı idi, bura bir paltar şkafı, bir stol və üç çarpayı qoyulmuşdu. Çarpayılardan biri ikiadamlıq idi. Qıza ev sahibəsi açılıb-yığılan çarpayı verdi. Cəlil müəllim ensiz çarpayıların birini kənara sürüdü və yenə də ev sahibəsinin gətirdiyi şirmanı qabağına qoyub, öz çarpayısını qalan otaqdan ayırdı.
Ev Cəlil müəllimin xoşuna gəldi. Bəlkə də ona görə xoşuna gəlmişdi ki, onun Bakıdakı evinə çox
oxşayırdı: demək olar ki, quruluşları da eyni cürə idi; kürsülü dörd otaq, dörd dövrəsi enli eyvan;
hamam otağına da onun evindəki kimi, Leninqrad su qızdırıcısı qoyulmuşdu. Bircə fərqi vardı, bu
evin üstünə qırmızı kirəmit döşənmişdi, taxta çardağı da vardı. Cəlil müəllim fikirləşdi ki, o da
evinin damını bu cür düzəltdirsəydi, pis olmazdı, bu cür dam, qara qır basılmış yastı damdan daha
yaxşıdır, yayda evin içini istidən saxlayar. Belə qərara gəldi ki, Simurq qayıdandan sonra eləyərlər.
Çardaq da kara gələr – pətəkləri ora qoyar, arıların xoşuna gələr, həm hündür, həm də külək
tutmayan yer.
Cəlil müəllim anasının kefini açmaq üçün çox səy göstərirdi. İlk günlər işi-gücü anasını da götürüb,
haqqında çox eşitdiyi yerləri gəzmək oldu. Gəldikləri günün ertəsi, səhər-səhər “Xram vozdux” a getdilər. Cəlil müəllim anasının söhbətlərindən belə başa düşmüşdü ki, bu, şəhərdən kənar, meşəlik bir yerdir. Özü də düşünürdü ki, nə isə qeyri-adi, qəribə bir şey görəcəkdir, nə görəcəyini heç vaxt aydın təsəvvür eləməmişdi, ancaq hər halda bunun səliqə ilə adicə akasiya, ya yasəmən ağacları əkilmiş, xiyabanlarına asfalt döşənmiş adi şəhər bağında açıq eyvanlı təzə restoran olduğunu heç ağlına da gətirməzdi.
“Xram vozdux”a çatıb taksidən düşəndə Məryəm xanım dedi:
– Yaxşı yerdir. – O, hamının xətrini xoş eləməyə çalışan, elə bu səfərə də əslində, anasına görə
çıxmış oğlunun ümidlərini doğrultmadığından özünü müqəssir kimi hiss eləyirdi. – Uşaqlara
oynamağa yer də var.
Cəlil müəllim köksünü ötürdü və arvadının üzünə baxdı, arvadı da ona baxdı. O, maşından
düşəndə az qalmışdı anasına təntənəli surətdə desin ki, neçə il keçəndən sonra, nəhayət, yenə də həmin “Xram vozdux”un yaxınlığındadır, indi bu sözü deməməsinə sevindi, yüngüllük duydu.
Onların oturduqları yerdən, eyvanda qoyulmuş stolun arxasından, günəşin şüalarında əriyən
seyrək duman içində, bütün şəhər görünürdü. Pis mənzərə deyildi, ancaq Dağüstü parkdakı
“Dostluq” restoranından baxanda adamı heyran qoyan Bakı panoraması hara, bura hara! Heç
müqayisəyə gəlməzdi. Elə xörəklər də burada, “Xram vozdux”da “Dostluq”dakından qat-qat pis
idi, ofisiant gələndən sonra isə məlum oldu ki, heç siyahıda sadalanan xörəklərin də əslində,
yarısından çoxu yoxdur.
Nəzakətli ofisiant onları inandırırdı ki, səhər verilməyən xörəklərin hamısı axşam mütləq olur.
Ancaq narşərablı, üstünə narın doğranmış reyhan səpilmiş osetrin kababını Bakıda kefin istəyən
vaxt, axşam da, istəsən lap səhər-səhər də yemək mümkün olduğunu yaxşı bilən Cəlil müəllim
yavaş-yavaş öz-özünə fikirləşdi ki, başqa şəhərlərdən gələnlər özləri bilərlər, amma bakılı üçün Kislovodsk bir elə yer deyil.
Başqa görkəmli yerləri də gəzdilər, heç biri də onları o qədər açmadı. Bu səyahətlərdə Məryəm
xanım arabir elə bil ki, bəzi şeyləri xatırlayırdı, ancaq daha vəcdə gəlmirdi, sevinmirdi. Cəlil
müəllim ona inanmırdı, möhkəm şübhələnmişdi ki, anası rəhmdilliyinə görə onu tamam dilxor,
pərt eləmək istəmir. Sonra bu səyahətlərdən yorulmuş, üzülmüş anası və dərhal onun sözünə
qüvvət verən arvadı, Cəlil müəllimdən xahiş elədilər ki, onlara dinclik versin, qoysun otursunlar
evdə, ona görə ki, şəhəri kifayət qədər gəzmişdilər, elə bir qəribə şey yox idi, adicə şəhərdi.
İndi Cəlil müəllim naharını eləyəndən sonra, külfətini evdə qoyub, demək olar ki, bütün günü
şəhəri dolanırdı. Uşaqları bağda ev sahibinin uşaqları, öz yaşıdları ilə oynayırdılar, ev sahibi ilə
dostlaşmış arvadlar isə səhərlər bazara gedir, sonra da ev işləri ilə məşğul olurdular.
Cəlil müəllim əvvəlcə poçta girib, Simurqdan məktub olubolmadığını soruşur, sonra parka gedirdi, ya da elə-belə küçələri gəzirdi. Soraqlaşıb, ayrıca nömrələri olan hamamın yerini öyrəndi, oradan çox hiddətlənmiş qayıtdı, bir də Kislovodskda hamama getməyə tövbə elədi. Duş
qoyulmuş nömrələr çox kiçik idi, soyunmaq yeri darısqaldı, özü də buradan çox pis, karbol turşusu
iyi gəlirdi.
Günlər ötürdü, evi, bağı üçün qəribsəmiş Cəlil müəllim gündəlik gəzintilərini davam etdirirdi.
Gözünün qabağına gətirirdi ki, o, əzilmiş kərpic tökülmüş qırmızı cığırlı, üstüörtülü, ağ sütunlu
tağlı köşkdə simfonik orkestrin axşamdan ta gecə yarısına qədər qatmaqarışıq, başa düşmək
mümkün olmayan musiqi çaldığı zəhləsi gedən bu parkda yox, öz küçələrindədir, özünü gah
qonşuları ilə söhbət eləyən, gah bağda işləyən, yaxud da hamamdan sonra çayxanada oturmuş
təsəvvür eləyirdi. Cəlil müəllim dəstə-dəstə bütün günü boş-bekar veyllənən adamlara göz qoyur,
onların Kislovodska nəyə gəldiklərini başa düşməyə çalışırdı. Cəlil müəllim mədən suyunun bir dərdə dərman ola biləcəyinə, şəfa verəcəyinə inanmasa da buraya müalicəyə gəlmiş adamı yenə birtəhər başa düşərdi. Amma qalanları... Sağlam adamlar yad şəhərin küçə və parklarında veyl-veyl gəzişirdilər, guya bunu orada, gəldikləri yerdə eləmək mümkün deyildi. Bir soruşan lazımdı ki, heç bir şeyə ehtiyacı olmayan adamların (aşkar görünürdü ki, bunların əksəriyyəti elə bu cür adamlardır) vurub dünyanın o başına getmək, dörd otaq sahibi Cəlil müəllimin elədiyi kimi, üç-üç, dörd-dörd bir otağa təpilmək nəyinə lazımdır? Daim bu barədə düşünən Cəlil müəllim yavaş yavaş belə qənaətə gəldi ki, buraya Allah bilir, nə görmək arzusu ilə gələn, amma istədiklərini tapa bilməyən bu adamların hamısı, sadəcə müxtəlif mülahizələrə görə vaxtından qabaq qayıdıb getməyi namünasib bilirlər, kimisi qabaqcadan verdiyi ev kirayəsinə heyifsilənir, kimisi qonşularından utandığı üçün qayıdıb gedə bilmir, kimisi də, ola bilsin ki, qatara bilet tapmır... Qısası, Cəlil müəllim əmindi ki, Kislovodska gələnlərin əksəriyyəti cəmisi bir neçə gün qalandan sonra çıxıb gedirlər, saysız-hesabsız dəstələr isə ona görə azalmır ki, hər gün yeni-yeni sadəlövh adamlar gəlirlər.
Əgər küçə qonşuları olmasaydı (vaxtından əvvəl qayıtmaq səfəri dərhal və ömürlük onların
gözündə inflyasiyaya uğradar, qiymətdən salardı) o, fikirləşmədən yola düşərdi. Simurqa teleqram vurardı ki, daha nahaq yerə bura məktub yazmasın, poçtamtda da xahiş eləyərdi ki, işdir
əgər o, yola düşəndən sonra məktub gəlsə, Bakıya göndərsinlər. Çirkin əkizlər kimi bir-birinə oxşayan günlər ona bir ilə qədər uzun gəlirdi. Elə axşamlar da onun kimi. Cəlil müəllim adəti üzrə axşamlar parka gəzməyə çıxırdı, bu gəzintilər Bakıdakından fərqli olaraq ona ləzzət vermirdi, orada Cəlil müəllim addımbaşı tanışa rast gəlirdi, özünü lazımlı və mötəbər adam kimi hiss eləyirdi.
O nəyə görə isə, heç bir əsassız-filansız “Qızıl güllər xiyabanı” deyilən xiyabanla getdi və ortasında tər çiçəklərdən düzəldilmiş təqvim olan talaya çıxdı. Təqvimin ağ çiçəklərdən düzəldilən
hissəsinin, ayın günləri göstərilən hissəsinin hər gün dəyişməsi bu talanı babat göstərirdi, demək
olar ki, cansıxıcı və mənasız gəzinti vaxtı bir az adamın ürəyi açılırdı. Cəlil müəllim bu əyani və çox etibarlı dəlili, yola düşmək vaxtının bir gün də yaxınlaşdığını görəndə xoşhal oldu və parkın yuxarı hissəsinə gedən cığırla addımladı. Məqsədsiz-filansız addımladı. Hara gəldi getmək xatirinə addımladı. Evə qayıtmaq istəmirdi, arvad-uşaq çoxdan yatmışdı. Toranlıqda basırıq kol-kosluqdan yaxşı seçilməyən səslər, boğuq gülüşmə gəlirdi. Cəlil müəllim bilirdi ki, əgər cığırdan çıxsa, bir neçə dəqiqədən sonra mütləq skamyaya, cüt-cüt oturub öpüşən adamlara rast gələcəkdir, skamyanın ensiz hamar səthi biribirindən cəmisi bir neçə santimetr aralı beş, yaxud altı sahəyə bölünmüşdü, bu bir neçə santimetrlik bitərəf zona hər qonşu sahənin sahibinə çox güclü müstəqillik və
sərbəstlik hissi aşılayırdı. Cəlil müəllim rişxəndlə gülümsündü, fikirləşdi ki, bu adamların skamyanın üstündə bir-birinə qısılıb, öpüşmək xatirinə vaxt itirib, pul xərcləyib, yır-yığış eləyib, qatar, yaxud təyyarə ilə bu qədər yolu gəlməyinə dəyərmi, bunu elə öz şəhərlərində də eləyə bilərdilər, təki adamın həvəsi olsun!
Havadan zərif ətir iyi gəlirdi, aydınlıq yay gecəsində ilıq meh nə isə tanış olmayan çiçəklərin ətrini gətirəndə, adamlar qəflətən qəribə həyəcan keçirməyə başlayırdılar. Cəlil müəllim çiçəklərin ətrini duyur, amma heç cür onların adını xatırlaya bilmirdi. O, fikirləşdi ki, yəqin tütün çiçəyinin ətridir, ancaq tez qərarından daşındı, tütün hələ yarım aydan sonra çiçəkləyəcəkdi.
Cəlil müəllim yorulub yay kinoteatrının qabağındakı talada, skamyanın üstündə oturdu. Onun yanında bir adam əyləşdi, işıq zəif olsa da, Cəlil müəllim Bakıdakı qonşusunu, prokuror Həsənovu tanıdı. Onlar səmimi görüşdülər. Doğrudan da yad şəhərdə adam həmyerlisinə, üstəlik də ziyalı, hörmətli adama rast gələndə çox şad olur. Prokurorun kefi çox yaxşı idi, ondan şərab və kabab iyi gəlirdi. Həsənov dedi ki, kinoteatrda olan arvadının və oğlunun qabağına gəlib.
– Arvad üçüncü dəfədir ki, bu filmə baxır – “Yaqut bilərzik” filminə. Hər dəfə də baxanda ağlayır.
Mən də vaxtımı boş keçirməmişəm, bir yoldaşımla bura, kababxanaya getmişdim. İndi də uşaqları
evə ötürmək istəyirəm. Görəsən kino tez qurtaracaq? Kimdən öyrənmək olar?
– Cəlil müəllim dedi ki, yəqin tez qurtarar, sonra da Həsənovdan soruşdu ki, çoxdanmı
Kislovodskdadır? Buralar necədir, xoşuna gəlirmi?
Prokuror dedi:
– Cənnətdir, əsl cənnət. Bir həftədən sonra Bakıya, cəhənnəm kimi istiyə qayıtmalı olacağım
yadıma düşəndə məni tər basır. Axı mən hər il bura gəlirəm, istirahət üçün ən münasib yerdir,
həm havası gözəldir, həm vaxt keçirməyə yer var, mən hələ ərzağını demirəm, hamısı təzə...
Cəlil müəllimə elə gəldi ki, Həsənovun nə dediyini yaxşı başa düşmədi.
– Bura sizin xoşunuza gəlir?
– Bəs necə! – prokurorun gözü kəlləsinə çıxdı. – Yoxsa məzuniyyətimi götürüb bura gələrdimmi?
Mən bütün ili işim də elə işdir ki, başım, beynim tamam şişir, bütün ili gözləyirəm ki, məzuniyyət
vaxtım tez gəlsin, qaçım Kislovodska. Necə bəyəm, bura sizin xoşunuza gəlmir? – prokuror
soruşdu, Cəlil müəllimin sualı onu əndişəyə salmışdı.
– Niyə ki, – Cəlil müəllim ikibaşlı cavab verdi, o, ürəyini tamam açmamağı qət elədi. – Kislovodskın öz üstünlükləri var, Bakının da öz üstünlükləri.
– Bağışlayın məni, əşi, nə üstünlükbazlıqdır, – prokuror hövsələsiz- hövsələsiz onun sözünü
yarımçıq kəsdi. – Bakı, bu barədə heç danışıq ola bilməz, gözəl şəhərdir. Orada yaşamaq da,
işləmək də yaxşıdır, ancaq ildə bir dəfə kənara çıxmaq mütləq lazımdır, getmək üçün də
Kislovodsk ən münasib yerdir. Hə, odur, deyəsən, bizimkilər gəlirlər, – prokuror kinoteatrdan
çıxan adamların arasında arvadını və oğlunu gördü. – Salamat qalın! Kislovodsk barədə isə bir
ayrı vaxt söhbət eləyərik, ümidvaram ki, fikrinizi dəyişdirə biləcəyəm.
– Onlar xudahafizləşdilər, prokuror arvadının qoluna girib, yan xiyabanlardan birində gözdən itdi, Cəlil müəllim onun arxasınca baxıb, acı-acı gülümsündü.
Bu axşam Cəlil müəllim parkda həmişəkindən çox ləngidi. O, prokurorla aralarında olan söhbəti
ən xırda təfərrüatına qədər yadına salır, amma heç cür özünü ələ ala bilmirdi. “Gör necə riyakarlıq eləyir, – Cəlil müəllim dilxor-dilxor fikirləşdi, – nədən ötrü, kimin qabağında riyakarlıq eləyir? Kislovodsk onun xoşuna gəlir! Sözə bir bax, kurortsuz keçinə bilmir. Bakını bəyənmir. Eh!” Cəlil müəllim dilxor-dilxor tüpürdü və evə yollandı. Yolda qəti qənaətə gəldi ki, prokuror riyakarlıq
eləyir, çünki hamı onu ağıllı adam kimi tanıyırdı, ağlı başında, işini bilən...
Cəlil müəllim söhbətdə yalançılıq, riyakarlıq dərəcəsinə alçalmadığına, fikrini heç bir şeylə büruzə vermədiyinə görə bir də sevindi, ürəyində özü-özünü təriflədi. Üstəlik də o, belə qərara gəldi ki, Kislovodskda olacağı günlərdə və gələcəkdə də Bakıda, prokurordan gen gəzməlidir, çünki ikiüzlü adamdı, tanış-bilişin gözündə qalxmaq üçün abırlı adamlara yaraşmayan əməllərdən istifadə eləyir.
Cəlil müəllimin öz evinə qayıdanda keçirdiyi həyəcanı və ürək çırpıntılarını heç bir sözlə təsvir
etmək mümkün deyil. Qocalandan sonra adət-ənənələrə ciddi riayət eləyən Məryəm xanım, onlar kənardan içəri keçən kimi: “Həmişə evimizdə-eşiyimizdə, ailəmizlə bir yerdə”, – deyəndə Cəlil müəllim ata-babalarımızın bu qədim kəlamının müdrikliyini, ondakı sevinci ömründə birinci dəfə hiss elədi.
O, bağda hər ağacı yoxladı, heç nə onun nəzərindən yayınmadı. Cəlil müəllim evinin kənarından içəri keçəndə, ona hansı hisslərin hakim kəsildiyini deyə bilməzdi. Bəlkə də bu hisslər, uzun qışdan sonra uzaq qürbət ölkədən doğma yuvasına qayıtmış köçəri quşun keçirdiyi hisslərə bənzəyirdi, orada günəş istisi də bol idi, aydınlıq gecələr də şaxtasız keçirdi, dən məsələsi də pis deyildi – hər daşın altında soxulcan, qurd, hər yarpağın dalında böcək vardı, amma heç bir şey ürəyinə yatmırdı, doğma deyildi, nə yuva tikmək istəyirdi, nə də ailə qurmaq. Ona görə də qan qaynayanda, doğma torpaq köçə haylayanda qürbəti qətiyyən heyifsilənmədən tərk eləyirdi. Yalnız vətəndə onun qırışığı açılır və həmişə məlahətli olmasa da, həmişə hədsiz bəxtiyarlıqdan şövqlə, ürəkdən oxuyurdu.
Cəlil müəllim götür-qoy eləməyi xoşlamırdı, lakin əgər bu an yanında bir söz qanan adam olsaydı,
çox ola bilsin, ona deyərdi ki, yenidən evinə qayıtdığı üçün o xoşbəxtdir; o, başa düşmüş və bu gün qəti hiss eləmişdi ki, bu evdən, bu küçədən başqa heç bir yerdə xoşbəxt ola bilməz və başqa sayaq yaşaya bilməz. Ancaq söz qanan, belə bir ilhamlı, ülvi dəqiqədə açıq söhbətə layiq, özünə tay o adamı haradan tapasan?!
O, tək-tənha həyatda addımlayırdı, elə-belə, heç bir məqsədsizfilansız, yuxuda durub gəzən adam
kimi gəzir və heç cür başa düşə bilmirdi ki, bütün bu gördüklərindən və hətta əlini vurduqlarından
əlavə daha hansı şey onun bütün varlığına sakitlik və inam aşılayırdı.
Uzun müddət başa düşə bilmədi, yalnız onu evə, qonaqların yanına səsləyəndə birdən başının
üstündəki hamam qazanlarının uğultusunu, ahəngdar, sakit uğultunu eşitdi. Cəlil müəllim öz-
özünə güldü və gülümsünə-gülümsünə evə gələn qonaqlarla görüşməyə getdi.
Qonaqlar səfərdən qayıtması münasibətilə ona “xoş gəlmisən” deməyə gəlmişdilər. Söhbət
gecədən xeyli keçənə qədər uzandı.
Kislovodsk haqqında Cəlil müəllim ehtiyatla danışırdı, nə tərifləyir, nə də pisləyirdi, öz fikrini
söyləməkdən çəkinirdi, bu qərəzsiz söhbətdə o, bol-bol faktlardan istifadə eləyirdi. Bircə yerdə
özünü saxlaya bilmədən, qərəzli səslə dedi ki, “Narzan” orada yerində, adamın ürəyini bulandıran isti bir sudur, o, Kislovodskda qəsdən bir neçə dəfə, günün müxtəlif vaxtlarında, pavilyonlarda bu suyun dadına baxmağa getmişdi, bir qurtum içən kimi adamın ağzında pis tam verir, əhvalı pozulur.
Kislovodskdan sonra, söhbət Cəlil müəllim burada olmayan müddətdə olub-keçmiş əhvalatlardan
düşdü. Çox əhvalatlar olmuşdu, odur ki, söhbət uzun çəkdi, ancaq Cəlil müəllim danışanlara
həvəslə qulaq asırdı, darıxmırdı. Əsas yeniliyi də danışdılar – üzbəüz evdə yaşayan qonşuları Rəşid
Nəcəfzadə mənzilini dəyişib, Sumqayıta köçmüşdü, orada bir müəssisəyə işə girmişdi.
Dedilər ki, Cəlil müəllimin burada olmamasına Rəşid yaman heyifsilənirdi, məsləhətləşmək istəyirdi, ancaq sonra özü qərara gəldi, ona görə ki, oturub onu gözləyə bilməzdilər, özü də orada Bakıdakından qatqat yaxşı qulluq təklif eləyiblər, texnik ola-ola görünür, stajını nə- 48 zərə alıblar, mühəndis vəzifəsinə götürüblər, yaxşı maaşı var. Dəyişməyə də yaxşı mənzil düşüb, təzə evdə. Ancaq bu xeyir xəbərlərə qulaq asandan sonra qonşular susub pərt halda bir-birlərinin üzünə baxanda Cəlil müəllim hiss elədi ki, nə isə bəzi şeyləri ondan gizlədirlər, ya özlərinə ağır gəlir, ya da onun qanını qaraltmaq istəmirlər. Cəlil müəllim xahiş elədi ki, sözlərinə davam eləsinlər, qonşular da ona dedilər ki, Rəşidin mənzilinə köçən taksi şoferi Manaf, qonşulardan heç kimin xoşuna gəlmir, açığı, o bura köçən gündən, məhəllədə gün-güzəran yoxdur. Bu adamın nə abırı var, nə də həyası. Az qala hər gün içib keflənir, sonra da ya tində dayanıb gəlib-gedənə sataşır, adamın zəhləsini tökən şeylər danışır, ya da evə gedir, arvadı ilə dava-dalaş salır, özü də elə iyrənc, abırsız söyüşlər söyür ki, onu heç yaramaz xuliqan da bilməz. Özü də axşamlar, hətta gecələr, yayda, qapı-pəncərənin açıq vaxtı, həm arvadlar eşidir, həm də uşaqlar. Hələ bu harasıdır, ən dəhşətlisi budur ki, arvadı ləçər də söyüş söyməkdə, həyasızlıqda ərindən geri qalmır – zəhlətökən cır səsi dörd məhəllə o tərəfə gedir. Görünür, o da əri tərbiyə alan tövlədə tərbiyə alıb. Nə öz böyük qızlarından abır-həya eləyirlər, nə də qonum-qonşudan.